İc siyasət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Əyləncə
Kriminal
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#118(342)
AMİP-AXCP sazişi pozulur

AMİP-lə AXCP "islahatçılar" qanadının saziş imzalanması üçün apardığı danışıqlar günbəgün uzanır. Artıq AXCP (islahatçılar) sədri Əli Kərimli də bildirir ki, sazişin imzalanmaması tərəflərin müəyyən strateji məsələlərdə anlaşa bilməməsi ilə bağlıdır. Halbuki, indiyədək həm AXCP, həm də AMİP səlahiyyətliləri sazişin yubanmasının sadəcə texniki məsələrlə bağlı olduğunu söyləyirdilər. Hətta sazişin imzalanacağı tarixin belə, hər iki partiya sədri arasında dəqiqləşdirildiyi iddia edilirdi. Amma Əli Kərimlinin son açıqlaması AMİP və AXCP yetgililərinin bu iddialarını alt-üst etdi.
Bu günə kimi Əli Kərimlinin Etibar Məmmədovun vahid namizədliyini qəbul etməsi, hətta onun dilindən bu barədə iltizam alınması ilə bağlı təsdiqlənməmiş məlumatlar yayılırdısa, artıq digər tərəfdən AXCP sədri də iddialarını ortaya qoymağa başlayıb: "Əgər dünən hesab edirdimsə, Etibar Hüsənli prezident seçkisində məndən şanslıdır və özümü onu müdafiə etməyə hazır bilirəmsə, sabah, əgər şanslı olacamsa, E.Hüsənli də mənim namizədliyimi qəbul etməyə özündə güc tapmalıdır". Əli Kərimlinin ilk dəfə olaraq iddialarını bu qədər açıq şəkildə qabartması əslində o deməkdir ki, deyilənlərdən fərqli olaraq vahid namizəd məsələsində anlaşma əldə edilməyəcək. Ən azından ona görə ki, mərhum AXCP sədri, eks-prezident Əbülfəz Elçibəyin vahid namizədliyini qəbul etməyən Etibar Hüsənli onun müavininin, ən əsası da özündən yaşca kiçik partiya sədrinin namizədliyini qətiyyən dəstəkləməyəcək. AXCP sədri isə Hüsənlinin namizədliyini dəstəkləməyəcəyinə işarə verir. Beləliklə, Əli Kərimlinin bu açıqlaması o deməkdir ki, saziş nəinki kağız üzərində, ümumiyyətlə, adi bir ideya şəklində qalacaq. Üstəlik, Əli Kərimli açıq şəkildə deyir ki, sazişdə vahid namizəd məsələsi ilə bağlı razılaşdırılmayan məqamlar var: "Əgər mən Etibar Hüsənlinin prezidentliyə namizədliyini qəbul etsəydim, elə AMİP-çi olardım. Mən eyni zamanda AXCP-nin də maraqlarını müdafiə etmək əzmindəyəm". AXCP sədri həm də saziş layihəsinin 6-cı maddəsində (Prezident seçkilərində partiyalar vahid namizədlə iştirak etmək niyyətini bəyan edərək seçki ərəfəsində hər iki tərəfin məqbul saydığı üsullarla daha çox şanslı namizədi müəyyənləşdirir və vahid namizdlə çıxış edir- V.A) nəzərdə tutulan şərtləri AXCP-nin təklif etdiyini deyib. Əli Kərimli AMİP rəhbərliyinin yalnız bu variantı qəbul edəcəyi təqdirdə müttəfiqlik sazişinin imzalanacağını söyləyib. Əks halda o, sazişin imzalanmayacağına eyham vurub. AMİP-AXCP sazişinin imzalanmayacağı artıq ona görə inandırıcı görünür ki, Əli Kərimlinin bu açıqlamaları bir çox "islahatçı" funksionerin Müsavatla əməkdaşlıq təklifləri ilə eyni vaxta təsadüf edir.
AMİP sədrinin müavini Əli Əliyev də müttəfiqlik sazişinin imzalanmasının səbəblərindən birinin vahid namizəd məsələsi olduğunu təsdiqlədi. Əliyev Əli Kərimlinin prezidentliyə iddia etməsini normal qarşılayır: "Vahid namizəd məsələsi hələ ki, konkretləşməyib. Partiya sədrinin müavini kimi deyə bilərəm ki, Əli Kərimlinin nə deməsindən, sazişin imzalanıb-imzalanmamasından asılı olmayaraq növbəti prezident seçkisində AMİP-in öz namizədi olacaq. Nə qədər ki, saziş imzalanmayıb və partiyaların vahid namizədi müəyyənləşməyib, Əli Kərimlinin bu açıqlamalarını normal qarşılamaq olar".
Əli Kərimli artıq vahid namizədin ilkin seçki yolu ilə müəyyənləşməsini istəyir. Və deyir ki, seçkinin nəticəsinə görə, kim daha çox şanslı olsa, vahid namizəd də o seçilsin. AMİP isə bu varianta hələlik üstünlük vermir. Əli Əliyev hesab edir ki, ilkin seçki o qədər də uğurlu seçim deyil: "Bundan Bolqarstanda istifadə ediblər. Və təcrübə də göstərib ki, həmin ilkin seçki hakimiyyətin açıq dəstəyi ilə keçirilir. Bu seçkilərin nəticələri isə şübhəlidir. Amma müəyyən yollar axtarılıb tapıla bilər. Yaxşı olardı ki, bu məsələnin yox, aradakı anlaşılmazlıqların götürülməsi üzərində düşünülsün".

"Bumeranq effekti"
"Qarabağ" mövzusunda yürüş-mitinq keçirməyə hazırlaşan ADP-ni yaxşı aqibət gözləmir

Sentyabrın 29-da yürüş-mitinq keçirmək niyyətində olan ADP rəhbərliyinin müxalif düşərgədən yetərincə siyasi və mənəvi dəstək ala bilməməsi aşkar sezilir. Dəstək bir yana, bəzi müxalif partiyalar ADP-nin bu addımını müəyyən radikal gedişlərlə "siyasi divident" qazanmaq istəyi kimi izah edirlər. Söhbət təkcə "demokratlar"la münasibətləri tamamilə korlanmış "islahatçılar"dan getmir. İndiki şəraitdə yürüş mitinqin keçirilməsi Müsavatyönlü Demkonqres tərəfindən də təqdir edilmir. Müsavat Partiyası sıravi üzvlərinə də həmin aksiyalarda iştirakı məqsədəuyğun saymayıb. Eləcə də AMİP rəhbərliyinin mitinqə münasibəti ürəkaçan olmayıb. "Milli istiqlalçılar"ın fikrincə, zəif sosial bazaya malik ADP-nin "qiyam"ını asanlıqla yatıran hakimiyyət müxalifət üzərindəki siyasi dominatlığını daha da gücləndirə bilər.
Qısası, ADP-nin birgə mitinq təkliflərindən usanan müxalifət bu partiyanı bir növ sınaq qarşısında qoyub. "Demokratlar"ın mitinq keçirmək üçün zəruri sosial bazaya və təşkilatçılıq təcrübəsinə malik olmadığını iddia edən bəzi müxalif partiyalar sentyabrın 29-da keçiriləcək aksiya fonunda bunu bir daha ortaya qoymaq istəyirlər. Onların qənaətinə görə, ADP təkbaşına keçirəcəyi yürüş-mitinqə az sayda iştirakçı çıxarmaqla növbəti fiaskoya uğrayacaq. Aşkar görünür ki, rəqibi qeyri-bərabər döyüşə təhdid etməklə sıradan çıxarmaq taktikası müxalif düşərgədə yenidən işə düşüb.
Aksiyanın uğursuzluqla nəticələnəcəyi həm də digər arqumentlərlə izah olunur. Müxalifətin mühüm qanadının ADP-nin mitinq niyyətinə mənfi münasibəti, şübhəsiz, ictimai rəyə təsirsiz keçinməyəcək və aksiyanın effektini daha da azaldacaq. ADP-nin indiyə qədər polislə qarşıdurmaya getməklə yürüş-mitinqin rezonansını artırmaq cəhdi bir qayda olaraq effekt verməyib. Əksinə, bu cür siyasi kataklizmlər mitinqin ictimai rəydə doğurduğu mənfi asossiasiyanı daha da gücləndirib.
Başqa tərəfdən, aksiyanın keçirilməsi üçün "Qarabağ" şüarı seçilib ki, hazırda bu şüarla keçirilən aksiya bumeranqa çevrilərək ADP-nin özünə zərbə vura bilər. "Demokratlar"ın ümummilli problem ətrafında siyasi spekulyasiya cəhdində ittiham olunması heç də təsadüfi deyil. Guya Qarabağdan ötrü yanan ancaq bunlardır və digərlərini problem qətiyyən maraqlandırmır. "Demokratlar"ın hazırki addımları istər-istəməz bu cür ritorik təsir bağışlayır. Və aksiyaya dolayısıyla "rəqiblər əleyhinə təbliğat" çalarları verir. Məsələnin digər tərəfi də var ki, bəzi partiyalar haqlı olaraq hazırda Qarabağ mövzusunda aksiyaların keçirilməsi üçün motiv olmadığını bildirirlər. Müsavat başqanı İsa Qəmbərin Milli Müqavimət Hərəkatının toplantısındakı çıxışında iqtidarın danışıqlar prosesində güzəştə gedilməyəcəyi barədə bəyanatına istinad etməsi, bu mənada, diqqəti çəkməyə bilməz. İ.Qəmbərin dolayı etirafı deməyə əsas verir ki, iqtidarın Azərbaycanın ərazi bütövlüyü məsələsində geri çəkilməyəcəyinə artıq müxalifətin də şübhəsi qalmayıb. Nəzərə alsaq ki, son vaxtlar bəzi nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən payız sessiyası hələ yekunlaşmayan AŞPA da Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir, bu halda, ADP-nin Qarabağ mövzusunda keçirdiyi aksiya, yumşaq desək, cəlbedici görünmür. Xüsusən də elə bir şəraitdə ki, ABŞ-da baş verən teraktlardan sonda dünyanın siyasi mənzərəsindəki köklü dəyişikliklər Azərbaycanın problemlə bağlı mövqelərini gücləndirib. Fövqəlgüc dövlətlərinin diqqətinin terrorizmlə mübarizəyə yönəldiyi bir vaxtda ADP-nin keçirdiyi aksiyanın beynəlxalq ictimai rəyə hesablanmış effekti də olmayacaq.
Bəzi siyasi qüvvələr milli maraqlar baxımından danışıqlarla bağlı durumun qəsdən şişirdilməsini və zərurət olmadığı halda Qarabağ mövzusunda aksiyaların keçirilməsini düzgün saymırlar. Hesab olunur ki, bu, milli ruhu öldürür və ictimai rəyə mənfi təsir göstərir: məsələn, kimlərdəsə belə yanlış qənaət formalaşır ki, Qarabağla bağlı vəziyyət kritik olduğu halda bütün siyasi qüvvələr susmağa üstünlük verir.
Hazırda ADP-nin israrla mitinq keçirmək cəhdləri, çox güman ki, daha çox partiyanın üzləşdiyi depressiya ilə bağlıdır. Radikal addımlarla yenidən hakimiyyət dairələrinin "hədəfi"nə düşmək istəyən "demokratlar" bu yolla müxalif düşərgədəki reytinqlərinin artacağını güman edirlər. Amma deyəsən, onların bu cəhdi də uğursuz olacaq: "demokratlar"la "söz güləşi"nə çıxmış bəzi Müsavat funksionerləri açıq şəkildə bildirirlər ki, iqtidara qarşı "ən radikal" partiya olduğu barədə imitasiya yaratmağa çalışan ADP növbəti uğursuzluğa düçar olacaq: belə ki, bu yolla müxalif düşərgədə eks-spiker barəsində güclənməkdə olan mənfi rəyi dəyişmək mümkün olmayacaq. Onların fikrincə, müxalif düşərgəyə asanlıqla transfer olunan Rəsul Quliyev müxalifət liderlərinin ictimai rəydəki imicinə xələl gətirən təsiredici personaya çevrilib. Və məhz bu amil bundan sonra aparıcı liderləri Rəsul Quliyevlə müəyyən məsafə saxlamaq zorunda qoyacaq.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd