İdman

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Əyləncə
Kriminal
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#118(342)
İlk dəfə Azərbaycan çempionu
18 yaşlı şahmatçılar arasında dünya çempionu Zeynəb Məmmədyarova ölkə birincisi oldu

Şahmat üzrə növbəti ölkə çempionatında qadınların turnirinə yekun vurulub. Təxminən 1 il əvvəl 18 yaşınadək şahmatçı qızlar arasında dünya çempionu adını qazanmış beynəlxalq üsta Zeynəb Məmmədyarovanın ilk dəfə ölkə birincisi olub.
Sumqayıt təmsilçisi Z.Məmmədyarova reytinq balı 2265-dir. Bu, cari yarışlarda çıxış edən 3 beynəlxalq usta (özü, E.Əliyeva və M.Şükürova) və 2 FİDE ustası (P.İsmayılova və E.Atakişiyeva) arasında ən yüksək göstəricidir.
Birincilikdə əla start götürən Zeynəb dalbadal 7 qələbədən sonra, çempionluğa inddialı Elmira Əliyeva ilə görüşdə ilk xal itkisinə məruz qalıb. Lakin dəfələrlə ölkə birinciliyinin qalibi ilə qarşılaşmada qazandığı yarım xal Z.Məmmədyarovanın ilk dəfə Azərbaycan çempionu adını qazanması üçün yetərli olub. Ölkə birinciliyinin yeni qalibi sonuncu turda Aytən Ağayevaya qalib gələrək yarışları major notlarla bitirib.
Kişilərin turnirində isə yarışlar hələ davam edir. Doqquz turdan sonra Vüqar Həşimov və Şəhriyar Məmmədyarov hərəyə 7 xal toplayaraq, 1-2-ci yerləri bölüşürlər. Üçüncü pillədəki Rəsul İbrahimovun 6 xalı var. Bu gün keçiriləcək 10-cu turda V. Həşimov Fərid Abbasovla (4 xal), Ş. Məmmədyarov Vüqar Bayramovla (5,5 xal) və R. İbrahimov Rəşad Babayevlə (3,5 xal) qarşılaşacaqlar. Kişilər arasında ölkə çempionatı sabah başa çatır.

25-ci dəfə keçirilən xatirə turniri
Yubiley yarışlarını Avropa Cüdo Federasiyasının nümayəndələri də izləyəcək

Sabah Bakı İdman Sarayı cüdo həvəskarlarını yenidən bir araya gətirəcək. Sentyabrın 28-də bu idman arenasında hələ keçmiş SSRİ dövründə populyar olmuş cüdo turnirlərindən biri - iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun xatirəsinə həsr olunmuş ən’ənəvi beynəlxalq turnirin növbəti startı veriləcək. 1975-ci ildən mütəmadi keçirilən xatirə turniri artıq 25-ci dəfədir təşkil edilir.
Azərbaycan Cüdo Federasiyasının baş katibi Zahir Məmmədov cari yarışlar barədə məlumat verərkən bildirdi ki,turnirdə iştirak etmək istəyənlərin sayı xeyli artıb: Türkiyə, İran, Dağıstan, Özbəkistan və Gürcüstanın müvafiq qurumlarından təşkilatçıların ünvanına rəsmi ərizə daxil olub. Lakin son anda Rusiya komandasının turnirə qatılmayacağı məlum olub. Səbəb sadədir - son dövrlər dünyada baş verən hadisələrdən ehtiyatlanan valideynlər övladlarını uzaq ölkələrə hətta yarışlara göndərməyə qorxurlar. Z.Məmmədov bununla belə Omsk şəhərindən iki rusiyalı qadın cüdoçunun turnirdə çıxış edəcəyi ehtimalının olduğunu söylədi. Təşkilatçı ölkə kimi Azərbaycan cari turnirdə dörd komanda ilə təmsil olunacaq. Z.Məmmədovun bildirdiyinə görə, ölkəmizin gənclərdən ibarət seçmə komandasının əksər üzvünə turnirdə qüvvəsini sınamaq imkanı yaradılıb. Yeri gəlmişkən, H.Aslanovun xatirə turniri ilə eyni vaxtda Dağıstanda tanınmış idmançı Murad Kazanbiyevin də şərəfinə cüdo üzrə beynəlxalq turnir keçiriləcək: Bakı və Mahaçqala iki turnir çərçivəsində idmançı mübadiləsini həyata keçirəcəklər.
H. Aslanovun xatirə turnirinə Avropadan da qonaqların gələcəyi gözlənilir. Federasiyanın nümayəndəsi ilə söhbətimizdə onların kimliyini dəqiqləşdirə bilməsək də, səfərlərinin başlıca məqsədini öyrəndik. Bu barədə Z.Məmmədov dedi: - Avropa Cüdo Federasiyasından kimin gələcəyini yarışın açılış günü biləcəyik. Səfərdə əsas məqsəd gələcəkdə Bakıda Avropa səviyyəli yarışlar keçirmək üçün şəraitin olub-olmamasını aydınlaşdırmaqdır.
Sonda qeyd edək ki, ölkəmizin hazırda üç ən güclü idmançısı - Rəsul Səlimov, Elçin İsmayılov və Elxan Rəcəbli turnirdə iştirak etməyəcəklər. Bu cüdoçular oktyabr ayında Moskvada keçiriləcək qran-pri yarışlarına hazılaşdıqları üçün turnirdə iştirakdan azaddırlar.

Aslan bürünc medalla qayıtdı

Yevpatoriyada (Ukrayna) 64 xanalı dama üzrə gənclər və yeniyetmələr arasında Avropa birinciliyi başa çatıb.
Çempionatda ölkəmizin iki nümayəndəsi - Kənan Sadıqov və Aslan Aslanlı qüvvələrini sınayıb. 91 damaçının çıxış etdiyi və İsveçrə sistemi üzrə keçirilən turnirdə A.Aslanlı uğurla yarışıb: yarımfinalda məğlub olsa da, 3-cü yer uğrunda görüşdə qalib gələn Aslan qitə çempionatının bürünc medalını qazanıb. Kənan isə yarışları 8-ci pillədə bitirib.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd