|
|
|
|
#118(342)
|
 |
Yurdunun oxuyan ürəyi...
Unudulmaz sənətkarımız Bülbülün xatirəsinə
|
Bu gün Bülbülün anım günüdür. Milli professional vokal məktəbimizin banisi, folklorumuzun ilk tədqiqatçılarından biri, SSRİ xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı Murtuza Məşədi Rza oğlu Məmmədov sentyabrın son günlərindən birində dünyasını dəyişib. Sənətinin, istedadının, işgüzarlığının ona qazandırdığı bir adla - Bülbül adı ilə milli musiqi tariximizdə öz səhifəsini açan, yeni bir mərhələnin əsasını qoyan sənətkarın xatırlanan günüdür. Əslində, o, həmişə yadımızdadır, qulaq yaddaşımızdan qəlb yaddışımıza ötürülmüş ecazkar səsi, milli mədəniyyətimizin inkişafına köklənmiş elmi, yaradıcı fəaliyyəti onu zamanından asılı olmayaraq, həmişə unudulmaz edib.
Bülbül yaradıcılığa Gəncədən başlayıb. O, 1920-ci ildə Gəncənin musiqi və teatr aləminin inkişafı ilə məşğul olan ilk mədəniyyət xadimlərimizdəndir. Onun səhnədə ilk çıxışının tarixi isə bir qədər də əvvələ gedir. M.C.Əmirovun 1916-cı ildə tamaşaya qoyulmuş "Seyfəlmülk" operası Bülbülün səhnə həyatının başlanğıcında durur. Sonralar o, 1920-ci ildə yaranan Birləşmiş Dövlət Teatrının opera truppasının solisti olur. Yaradıcılığının ilk illəri çox gözəl məqamlarla, işbirlikləri ilə sıralanır. Dahi Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", Z.Hacəbəyovun "Aşıq Qərib" operaları onun yaradıcılığında mühüm yer tutur.
1921-ci ildə o, Azərbaycan Konservatoriyasına qəbul edilir. 1927-ci ildə buranı uğurla başa vurduqdan sonra o təhsilini davam etdirmək üçün İtaliyanın Milan şəhərinə göndərilir. Bu, Bülbülə milli və dünya musiqi sənətlərinin uğurlu sintezini yaratmaq imkanı verir. O, İtaliyada Avropa opera sənətinin incəliklərinə daha dərindən bələd olur. Bülbülün bu ölkə ilə tanışlığının nəticəsi idi ki, sonralar o, İtaliya - SSRİ dostluq cəmiyyətinin üzvü olur və bu ölkələrin qarşılıqlı əlaqələrinin genişlənməsi və inkişafı üçün uğurlu fəaliyyət də göstərir. Onun bu xidməti "Qaribaldi" nişanı ilə təltif edilib.
Təhsilini tamamlayıb Bakıya qayıtdıqdan sonra Bülbül elmi vokal üslubu ilə italyan vokal məktəbi ənənələrini üzvi şəkildə birləşdirir, rus və Avropa mədəniyyətinin bu sahədəki ənənlərinin sintezi və milli vokal məktəbimizin ənənlərinin tədqiqi ilə məşğul olur.
Musiqi tariximizdə "simfonik muğamlar"ın yaranması da Bülbülün adı ilə bağlıdır. Azərbaycan milli musiqi sənətində hadisəyə çevrilmiş, qeydi-şərtsiz onun korifeyləri sırasına düşmüş Bülbül folklor musiqimizin tədqiqinin də əsasını qoyub. 1932-ci ildə Bülbül Zaqafqaziya məkanında ilk dəfə olaraq, xalq musiqisini araşdıran elmi-tədqiqat kabineti yaradır. O, folklorumuzun bir araya yığılmasında, tədqiqində və nəşrində 25 il fəaliyyət göstərib, təşəbbüskar və təşkilatçı kimi. Opera və səsyazma studiyaları, not yaradıcılığı, solo ifa sinfi, Azərbaycanda ilk dəfə olaraq, musiqi festivalının keçirilməsi, ümumittifaq vokal konfransları, aşıqların 1938 və 1961-ci illərdəki qurultayları və s. Bülbülün xidməti sayəsində baş tutub. Bülbül həm də Azərbaycan xalq mahnılarının toplanması ilə məşğul olub. Onun redaktəsi ilə 1938-ci ildə "50 Azərbaycan el mahnısı", 1956-cı və 1958-ci illərdə "Azərbaycan xalq mahnıları" kitablarını dərc etdirib.
Yaradıcılığa xalq müğənnisi, xanəndə kimi başlayan Bülbül nəinki milli, eləcə də, Şərq və dünya vokal sənətinin ustadı səviyyəsinə çatdı. Bülbül Şərq ifa tərzindən Avropa məktəbinə keçən və Azərbaycanda öz məktəbini yaradan ilk vokalçıdır. Elə bir məktəb ki, o, tək Azərbaycan mədəniyyətində deyil, Yaxın və Orta Şərq mədəniyyətində də əsaslı bir təkana səbəb oldu. Müğənni və aktyor, müəllim və musiqişünas-alim, novator olan Bülbül milli sənətimizi inkişaf etdirəcək, dünyaya tanıtdıracaq bütün yeniliklərin milli musiqimizdə tətbiqinə can atan Azərbaycan musiqiçilərimizdəndir.
Bülbülün simasınada isə milli vokal sənətimiz təkrarolunmaz, əvəzsiz istedad, öz yaradıcılığı ilə yeni bir mərhələnin başlanğıcını qoyan görkəmli sənətkarını tapdı.
Bu yazıya tək musiqi tariximizdə deyil, incəsənətimizin və mədəniyyətimizin bütün sahələrində ehtiramla yad edilən sənətkarımızın xatirəsinə həsr edilmiş bir şeri də əlavə etmək istərdik. Gözəl şairimiz Çingiz Əlioğlunun bir neçə il bundan əvvəl Bülbülə ithaf etdiyi bu misralar zamanından asılı olmayaraq, həmişə onun xatirəsinə işıq salan bir körpü olacaq. Təsadüfi deyil ki, bu xatırlatmamız elə bu şerin bir misrası üzərində köklənib.
Bülbül
Bəslərdi könlündə, həssas qəlbində
Neçə xoş arzunu, diləyi Bülbül.
Ötərdi xalqının toy-düyünündə
Yurdunun oxuyan ürəyi Bülbül!
Köksünə güc verən uca dağlardı,
Səsində bu elin eşqi çağlardı!
Quşlar nəğməsinə qanad saxlardı,
Yolundan edərdi mələyi Bülbül!
Dəyişib dünyasın çox da haçaqdı,
Bülbül o bülbüldü, bağ da o bağdı!
Bu gün də yaşayır, bu gün də sağdı, -
Aldatdı ölümü, fələyi Bülbül!...
"Xəzər caz blyuz" və
"Festival menecementliyi"
Cahangir Səlimxanov hər iki tədbirin
paytaxtımızın mədəni həyatında əsl hadisə olacağını deyir
|
Yaxın vaxtlarda Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun təşəbbüsü ilə Bakının mədəni həyatında daha bir canlama müşahidə olacaq. Bir müddət öncə gerçəkləşən "Keçmiş əsrdən yeni musiqi" festivalı, yəqin ki, xatirinizdədir. İndi isə "Xəzər caz blyuz" festivalının sorağı eşidilməkdədir. Üstəlik, noyabr ayında "Festival menecementliyi" seminarı keçiriləcək. Bütün bunlar haqqında ətraflı məlumat almaq üçün Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun incəsənət və mədəniyyət üzrə proqramlar direktoru Cahangir Səlimxanova müraciət etdik.
- Hollandiyada fəaliyyət göstərən qeyri-dövlət təşkilatı - "American voice" son illər Azərbaycanda bir neçə layihə həyata keçirib. Qurumun Amerika musiqisinin təbliğinə həsr etdiyi (Azərbaycanın gənc ifaçıları ilə birgə gerçəkləşdirilib) sonuncu layihəsi, xüsusən, böyük uğur qazandı. Bunu görən təşkilatçılar Bakıda çaz festivalı keçirmək qəarına gəldilər. Hal-hazırda hazırlıq işləri görülür. Yəqin bilərsiniz, festival aprel ayında olacaq, özü də "Xəzər caz və blyuz" adlanır.
"Festival menecementliyi" seminarının ideyası da məhz bu ərəfədə, festivala hazırlıq dövründə yarandı. "Festival menecementliyi" mövzusunda keçiriləcək seminar çox maraqlı olacaq. Ən azı ona görə ki, buna ciddi tələbat var. Fikir vermisinizsə, son illər bir çox insanlar bu sahə ilə maraqlanırlar, onunla məşğul olmağa səy göstərirlər. Təəssüf ki, maraqlananların əksəriyyətinin peşəkarlığı şübhə doğurur. Ceminarın keçirilməsində də əsas məqsəd menecmentlik barədə ətraflı məlumat vermək, bu sahə ilə maraqlananların peşəkarlığını artırmaq və onlarda təşkilati qabiyyəti formalaşdırmaqdır. Məruzələri amerikan və alman mütəxəssisləri söyləyəcəklər. Seminarın əsas xərclərini Amerikanın Bakıdakı səfirliyi öz üzərinə götürüb. Açıq Cəmiyyət İnstitutu Yardım Fondu isə seminarın təşkilati məsələləri ilə məşğul olacaq. O cümlədən, həm də caz festivalına qatılacaq iştirakçıları müəyyənləşdiririk. Yaxın zamanlardan etibarən onlara bu haqda məlumat verəcəyik. Caz festivalının və "Festival menecementliyi" seminarının gerçəkləşməsi üçün lazımı iş şəraiti yaratmaq da bizim öhdəmizədir.
"Festival menecementliyi"
seminarında toxunulacaq əsas mövzuları bir qədər dəqiqləşdirərdik. Hansı məruzələr dinləniləcək?
- Seminar aparıcılarının hər biri bu sahədə zəngin təcrübəyə malik olduğuna görə məhz fərdi iş prinsiplərindən söhbət açacaqlar. Hansı prinsiplərlə işləyiblər, son nəticədə nəyə nail olublar... Seminar aparıcıları tək bununla kifayətlənməyəcəklər, iştirakçılarla təcrübə də keçmək istəyirlər; məqsəd onları festival menecementliyinə daha fəal cəlb eləməkdir. Özü də seminar iştirakçılarının tədbirə öz layihələri, ideyaları ilə qatılmalarına şərait yaradacaqlar. Güman ki, bu, seminarın nəticələrinin effektini artıracaq. Çünki iştirakçılar həm nəzəri, həm də təcrübi yönümdən öyrənəcəklər. Özü də təcrübi yönüm məhz onların öz layihələrinin əsasında olacaq. Seminar aparıcıları iştirakçıların irəli sürdüyü proyekti müzakirəyə çıxırıraq gerçəkləşdirəcəklər. Bu zaman Bakı mühitinin özünəməxsusluğu da nəzərə alınacaq.
Belə məlum olur ki,
seminarın ardınca Bakının mədəni həyatında bir canlanma müşahidə olunacaq. "Festival menecementliyi" seminarı çərçivəsində daha bir neçə layihə gerçəkləşəcək.
- Seminardan sonra aparılacaq təcrübi məşğələlər caz festivalı çərçivəsində olacaq. İştirakçılar könüllü olaraq, öz ideyalarını caz festivalının gedişatında gerçəkləşdircəklər. Məncə, bu hamı üçün əlverişlidir. Axı caz festivalı bir-iki nəfərin sayəsində ərsəyə gələn deyil. Hər bir işi də haqq ödəyərək, həyata keçirmək imkan xaricindədir. Belə olduğu təqdirdə festivalın xərcləri nəzərə çarpacaq dərəcə də artar, bu da işimizə əngəl törədər. Seminar iştirakçıları öz proyektləri ilə caz festivalının təşkilati işlərinə qatılacaqları təqdirdə, həm özləri təcrübə keçəcəklər, həm də ümumi işimizi irəli aparacaqlar. Görün neçə illərdir, Bakıda caz festivalı keçirilmir. Bu, mən deyərdim, ən arzuolunan və gözlənilən mədəni hadisədir. Hərgah onu siz düz tapmısınız. Seminardan sonra mədəni həyatımızda bir canlanma müşahidə olunacaq. Belə ki, eşitdiyimizə görə, bir neçə maraqlı festival layihəsi üzərində iş gedir. Sorağını aldığımız bu layihələr bizi maraqlandırıb. Fikrimiz var, o layihə müəlliflərini seminara dəvət edək. Həm öz layihələri barədə danışsınlar, həm də bu sahənin qabaqcılları olan seminar aparıcılarının fikirlərndən faydalansınlar. Bu layihələrdən bir neçəsinin adını da çəkə bilərəm. "Foto həftəsi", sonra gənc özfəaliyyət teatrlarının beynəlxalq festivalını görəcəksiniz.
Cahangir müəllim,
menecerlik sənətinin yaranma tarixi hansı dövrə təsadüf edir? Və bu sahədə öncül olan Qərbin qayda-qanunları necədir?
- Hardsa, bu sənət 70-ci illərdə formalaşıb. Təəssüf ki, mən bu haqda ətraflı danışa bilməyəcəm. Bir onu deyim ki, uzun illər hər hansı bir sahədə inzibatçılıq xüsusi sənət kimi qəbul olunmadığından, bizdə bu sənət hələ tam qavranılmır. Ayrı cürə desək, bir şəxs ən müxtəlif sahələrin inzibatçı postunda əyləşə bilərdi. Təbii ki, indi ayrı-ayrı sahənin özünəməxsusluğu tamamilə diqqətdən kənarda qalıb. Müasir zamanda isə bu, yolverilməzdir. Xüsusən də, incəsənət və mədəniyyət sahəsində peşəkar, ixtisaslı menecerlər tələb olunur. Təəssüf ki, ölkəmiz bu sahədə çox geridə qalıb. Keçmiş postsovet məkanında, eləcə də, Şərqi Avropa ölkələrində artıq bu proses başlayıb: ali təhsil ocaqlarında menecer fakültələri açılıb. Azərbaycanda da bu proses getməlidir. Bir qurum kimi bu prosesin inkişafına təkan verməyə çalışırıq.
Ümumiyyətlə, hal-hazırda
bu proessin gedişatı barədə nə demək olar?
- Azərbaycanda bu sahə yeni olduğundan ümumiləşdirmə aparıb, nəyi isə qiymətləndirmək mümkün deyil. Yanlışlığa yol verə bilərəm. Bir o dəqiqidir ki, tələbat var. Və hamı başa düşür ki, beynəlxalq əlaqələri qurmaq, dünyaya çıxmaq, eləcə də, ölkə daxilində ictimai marağı cəlb eləmək üçün bu sahənin mütəxəsislərinə ehtiyac var. Əlbəttə, söhbət peşəkarlardan gedir. Menecementlik mədəni siyasətin tərkib hissəsidir. Yerigəlmişkən, onu da deyim ki, çox zaman "mədəni siyasət" sözü insanarda çaşqınlıq yaradır. Belə bir fikir mövcuddur ki, "mədəni siyasət" sözü mədəniyyət anlamından uzaqdır, siyasi yönümlü bir tendensiyadır. Qərb ölkələrinə bu münasibət artıq kökündən dəyişib. Güman ki, gec-tez bizdə də belə olacaq.
"Xəzər caz blyuz"
festivalına kimlər qatılacaq və hansı şərtlər əsasında?
- İndidən bu barədə heç nə deyə bilmərəm. Noyabrın əvvəli festivalın təşkilatçıları Bakıya gələcəklər. Yəqin ki, o vaxt bu sualın cavabı da aydınlaşar.
|