|
|
|
|
#118(342)
|
 |
Çoxmərtəbəli binaların
tikntisi dayandırılır
Layihələri meriya ilə razılaşdırılmayan, heç bir geoloji-seysmik analiz
aparılmadan inşa edilən bu nəhəng tikililər təhlükədən sığorta olunmayıb
|
Bakı Şəhər İcra Hakimiyyətindən aldığımız məlumata görə, 1999-2001-ci illər ərzində Bakı şəhərində tikilən kooperativ binaların heç birində tikinti sahəsində olan texniki şərait tam hazır olmadığından, dövlət komissiyası tərəfindən qəbul edilməyib. Sözügedən binalarda daxili kommunikasiya xətləri, su və kanalizasiya sistemləri və s. nəzərə alınmayıb. Məhz bu səbəbdən belə vəziyyətdə olan binalara sakinləri yerləşdirmək qeyri-qanuni sayılır. Hal-hazırda Bakı Şəhər İcra Hakimiyyətinin memarlığa nəzarət departamenti 6 yaşayış-tikinti binaları inşa edən kooperativlərin sənədləri üzərində yoxlama aparır.
Bundan başqa meriyadan bildirirlər ki, Hacıbala Abutalıbovun göstərişinə əsasən paytaxtda inşa edilmiş bir sıra çoxmərtəbli binaların tikintisi dayandırılıb. Bunların sırasında Bakı Dövlət Sirkinin yaxınlığında, Mətbuat prospektində və s. yerlərdə inşa edilən və tikintisi dayandırılmış binalar da var. Mənbə bildirir ki, həm tikintisi dayandırılmış, həm də başa çatdırılmış binaların əksəriyyətinin layihələri meriya ilə razılaşdırılmayıb. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, kooperativ binaların tikilməsi 1980-cı illərin sonunda, 1990-cı illərin əvvələrində, dövlətin belə layihələrə buraxdığı kredit tükəndiyindən dondurulmuşdur. Çünki bu kreditlər binaların tikilməsində xərclənən vəsaitin smeta dəyərinin 70 faizini təşkil edirdi.
Hamı tikir...
Hazırkı Bakı böyük tikinti meydanını xatırladır. Hamı tikir. Hətta inşşaatdan başı çıxmayanlar da qollarını çırmayıb.
Demək olar ki, Bakıda aktiv fəaliyyət göstərən inşaat firmalarının əksəriyyətini Türkiyə şirkətləri təşkil edir.
Azərbaycan prezidenti Heydər Əliyevin 4 oktyabr 1997-ci il 637 saylı "Xüsusi icazə tələb edən fəaliyyət növlərinin təsdiqi haqqında" sərəncamına əsasən tikinti fəaliyyəti lisenziya əsasında aparılır. Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri Azər Xanlarovun verdiyi məlumata görə, tikinti fəaliyyətinə verilən lisenziyanın qiyməti 6 milyon manatdır. Azər Xanlarov onu da deyir ki, lisenziyalaşmadan ayda dövlət büdcəsinə təqribən 120-200 milyon manat vəsait daxil olur.
Tikinti fəaliyyəti ilə məşğul olmaq istəyənlər qarşısında dövlət tərəfindən irəli sürülən tələblər demək olar ki, bir növ liberal xarakter daşıyır. Lakin bu tələblərdə sovet bürokratizminin qoxusu hiss olunur. Lisenziya almaq üçün müraciət edənlərə xeyli miqdarda sənəd toplamaq tələbləri irəli sürülür.
Onların içərisində mövcud olan arayışlardan birinə nəzər yetirək. Məsələn, tikinti işiylə məşğul olan şirkətdən işlərin keyfiyyətinə nəzarət edəcəyi barədə arayış tələb etməyin nə mənası var? Təbii ki, müraciət edən 1 deyil, 21 arayış təqdim edə bilər ki, o işləri keyfiyyətlə yerinə yetirəcək. Amma kim inamla söyləyə bilər ki, Bakının mərkəzində yağışdan sonra əmələ gəlmiş çoxsaylı göbələklər kimi ucaldılmış yeni yaşayış binaları uçmayacaq. Bu məsələnin bir tərəfi.
Bakı qəliz şəhərdir
1998-ci ildə Xəqani küçəsində Türkiyənin "Landmark" şirkəti tərəfindən yeraltı qarajın inşası zamanı yaxınlıqdakı bina az qaldı ki, uçsun. Camaat qorxudan axşamlar evlərində gecələmək istəmirdilər. Bunun məsuliyyətini isə heç kim üzərinə götürmədi.
Tikinti fəaliyyətinə verilən lisenziyalarla bağlı vəziyyətin analizi deməyə əsas verir ki, Azərbaycan məmurları bir çox sənəd-sünədləri imzalayarkən belə vacib sahə olan tikinti fəaliyyətinə nə vaxt və necə nəzarət etmək barədə heç düşünmürlər də.
Nəzəri cəhətdən Bakıda tikinti işi aparmaq çətindir.
Ona görə ki, geoloji nöqteyi-nəzərdən Bakı dünyada ən qəliz paytaxtlardan biridir.
Əvvəla, Bakı Xəzərin sahilində yerləşdiyindən yeraltı su axınlarına daha da yaxındır. Həmçinin, şəhər ərazisində göllər mövcuddur ki, onların geoloji proseslərə təsirini nəzərdən qaçırmaq olmaz. Və nəhayət, şəhər düzənlikdə deyil, bir neçə yamacda salınıb ki, bu vəziyyəti daha da çətinləşdirir. İlkin tədqiqat aparılmadan tikinti işlərinə başlamaq acı nəticələrə gətirib çıxara bilər.
Bizim tikinti bazarını "işğal" etmiş Türkiyə şirkətləri görəsən ucaltdıqları binanın yerləşdiyi ərazinin detal geoloji və seysmik analizini aparırlarmı? Götürək elə Türkiyənin "Bayholdinq" şirkəti tərəfindən Mehdi Hüseyn küçəsində, Şəhidlər Xiyabanının yaxınlığında inşa eldilmiş 4 binanı. Bu bina demək olar ki, beton və şüşədən ibarətdir. Yasamal rayonu ərazisində yerləşmiş "Qanlı-göl"dən axan yeraltı sular həmin yamacda inşa edilmiş bu binalırın altından keçir. Bəs görəsən bu cür təhlükəli ərazilərdə tikinti işi aparanlar qruntun, yeraltı suların və s. analizini götürüblərmi? Deyəsən, yox. Çoxlarına sirr deyil ki, Türkiyə şirkətləri bu cür tədbirlərə pul xərcləmək həvəsində deyillər. Əvvəla ona görə, ki, bu şirkətləri məcbur edəcək qanun yoxdur. İkincisi, onlar İtaliyada, İngiltərədə, yaxud ABŞ-da deyil Azərbaycanda tikinti işi aparırlar.
Mehdi Hüseyn küçəsində, Milli Bankın, Nəriman Nərimanovun heykəlinin yaxınlığında və s. yerlərdə inşa edilmiş binaların təhlükəli olması bir yana, onlar həm də şəhərin arxitektur quruluşuna xələl gətirirlər. Nəticədə şəhər əməlli başlı eybəcərləşir.
Baş memar
hara baxırmış?
Görəsən, Bakının baş memarı Elbəy Qasımzada təkcə Mehdi Hüseyn küçəsindəki o 4 "eybəcər"in layihəsinə imza atarkən nə fikirləşirmiş? Görəsən, şəhərin baş memarı bu cür problemləri həll etmək istəyində bulunmursa, onda Memarlıq və Şəhərsalma İdarəsinin vəzifəsi nədən ibarətdir?
Ölkə prezidenti Heydər Əliyev Milli Bankın açılışında iştirak edərkən demişdi ki, Bakının arxitektur ansamblını, şəhərin baş planını pozan eybəcər binaları görəndə onun ürəyi ağrayır. Bəli, prezident baş memarın da əvəzinə fikirləşir, paytaxtın necə görünməsi barədə də düşünür.
Ancaq deyəsən bilavasitə bu işə cavabdeh şəxsləri insanların təhlükəsizliyi, şəhərin arxitektur quruluşu deyil, tamamilə başqa şeylər düşündürür.
Görəsən, türkiyəli inşaatçıların hünərləri çatardımı ki, Azərbaycanda tikdiklərini hər hansı bir Qərb ölkəsində də həyata keçirəydilər. Qərbdə bu cür eybəcər tikintilər ani olaraq dayandırılır. Çünki həmin ölkələrdəki inşaat prosesini dəqiq və amansız qanunlar tənzimləyir.
Bu qanunlardan biri də sığorta sahəsinə aiddir.
Bizdə isə bu sahədə qəribə qanunvericilik fəaliyyət göstərir. Bizim qanunvericilərimizin məntiqindən belə çıxır ki, üçüncü şəxslərə yalnız avtonəqliyyat sahibləri ziyan vura bilər.
Kərpic
düşsə başına...
Götürək elə haqqında danışdığımız tikinti firmalarını. Əgər hər hansısa binanın uçması nəticəsində yaxınlıqda yerləşən evlərdə yaşayanlara ziyan dəyərsə, bu vəziyyətdə zərər çəkənlərlə nə etməli? Tikinti firması iləmi haqq-hesab çəkməli? Axı hələ bilinmir proses nə qədər vaxt davam edəcək və onun sonu nə ilə nəticələnəcək? Yaxud başqa məsələyə diqqət yönəldək. Tikinti işləri aparılarkən fəhlələrdən birinin ehtiyatsızlığı ucbatından kərpic yoldan keçənin başına düşdü. Bu zaman rəsmi şəkildə 100 min manat maaşa imza atan fəhləmi ödəyəcək ziyanı?
Sivil ölkələrdə üçüncü şəxs qarşısınlda məsuliyyətini sığorta etməyən şirkət tikinti fəaliyyəti ilə məşğul ola bilməz. Bizdə isə tərsinədir.
Budur, ev hazırdır. Və vətəndaşlar güc-bəla ilə topladıqları vəsaiti xərcləyib özlərinə mənzil alırlar.
İllər keçir və heç bir analiz aparılmadan tikilən bina birdən-birə uçur. Nəzərə alsaq ki, həmin vaxta kimi binanı inşa edən firma da məmləkətimizi tərk etməyə imkan tapıb, onda görəsən biz bu məsuliyyətsizləri harada axtaraq?
Bakıda inşa edilən yaşayış binalarında mənzillər ucuz deyil. Hər kvadrat metri 500 dollar və daha yuxarı. Bəs görəsən zərəri kim ödəyəcək?
Olmuş bir hadisə ilə söhbətimizi tamamlayaq. Bakıya təşrif gətirmiş bir ingiltərəli inşaatçı görəndə ki, Azərbaycanda inşaat şirkətlərinin tikinti işlərində məsuliyyətini sığorta etməsi barədə qanun yoxdur, şoka düşmüşdü. Bax, budur paytaxtda məsuliyyətsizcəsinə aparılan tikinti işlərinin əsl qiyməti.
Azərbaycanın inşaat bazarındakı qeyri-sağlam vəziyyət dövlət strukturlarını ciddi düşündürməlidir. Çünki belə getsə, belə getməyəcək...
|