Xəbərlər xətti

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Əyləncə
Kriminal
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#118(342)
Minlərlə cəsəd tapılmayacaq

Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinin xarabalıqları altında qalan minlərlə adamın cəsədi tapılmayacaq. Bu barədə çərşənbə axşamı şəhər meri Rudolf Culiani bildirib. Məlumatı "France-Presse" agentliyi yayıb. Onun sözlərinə görə, hazırda xilasetmə işləri uçqun altından daha çox cəsədin çıxarılmasına yönəlib. Culiani həmçinin xatırladıb ki, terror aktları qurbanlarının qohumları itkin düşənlərin həlak olmuş kimi tanınması proseduruna başlanmasına razı olub-olmayacaqları barədə məsələni həll etməlidir. Ölüm haqda şəhadətnamə, əsasən, maliyyə məsələlərinin tənzimlənməsi üçün lazımdır. Xatırladaq ki, bəzi ekspertlərin fikrincə, yaranmış vəziyyətdə Culiani şəhər meri postunun müddətini uzada bilər. Çərşənbə axşamı həmçinin məlum olub ki, son məlumatlara görə, itkin düşənlərin sayı 6 min 347 nəfərdir. Nyu-Yorkda uçqun altından 287 nəfərin cəsədi çıxarılıb. Onların 224-ü tanınıb.

Ermənistan dövlətçiliyini itirir

Ermənistanda üç siyasi qüvvə - Xalq Partiyası, "Anrapetutyun" (Respublika) və Milli Birlik Partiyası prezident Robert Köçəryanın impiçmentini gerçəkləşdirmək üçün əhali arasında imza toplamağa başlayıb. Təşəbbüs qrupunun üzvləri ölkənin hansı bölgələrində imza toplandığına aydınlıq gətirmirlər və bunun həmin bölgələrin əhalisinə təzyiqlərlə nəticələnə biləcəyindən ehtiyatlandıqlarını bildirirlər. Sabah isə "Anrapetutyun" Ermənistan paytaxtında prezident əleyhinə mitinq keçirəcək. Partiyanın imzaladığı bəyanatda deyilir ki, "Robert Köçəryanın hakimiyyətdə qalması ölkənin inkişafını təhlükə altına alır və Ermənistan yavaş-yavaş dövlətçiliyini itirir".

Baş nazir Moskvaya gedir

Azərbaycanın baş naziri Artur Rəsizadə MDB ölkələri hökumət başçılarının terrorizmlə mübarizə məsələlərinə həsr olunmuş yığıncağında iştirak etmək üçün bu gün Moskvaya yola düşür. Yığıncaq sentyabrın 28-də keçiriləcək. Xatırladaq ki, görüşün təşəbbüsçüsü Rusiya prezidenti Vladimir Putindir. Görüş zamanı hökumət başçıları MDB ölkələri ərazisində terrorizmlə mübarizə tədbirlərinin gücləndirilməsinə dair bir sıra təklifləri və sözügedən ölkələrin bu istiqamətdə siyasətini müzakirə edəcək.

Bələdiyyələr də vergi alacaq

Dünən Milli Məclisin Regional məsələlər daimi komissiyası "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanun layihəsini birinci oxunuş üçün müzakirə edib. Qanun layihəsi bəldiyyə tərəfindən vergi və ödənişlərin tutulmasının ümumi əsaslarını, bələdiyyələrin maliyyə qurumları ilə bələdiyyə vergi tədiyyəçiləri arasında iqtisadi münasibətləri tənzimləyəcək, onların hüquq və vəzifələrini müəyyən edəcək.

Baş redaktor prokurorluğa çağırılıb

Sentyabrın 26-da "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlinski və müxbir S.Nəsibli Respublika Prokurorluğuna çağırılıb və onlara rəsmi xəbərdarlıq edilib. Bu barədə Daxili İşlər və Respublika Prokurorluğunun mətbuat xidmətlərinin birgə yaydığı açıqlamada bildirilir. Xəbərdə deyilir ki, prokurorluğun bu addımı atmasına səbəb qəzetin bugünkü sayında "Terakt v Zaqatalax imeyut rossiyskie korni" başlıqlı məqalənin dərcidir. Məqalədə "Kütləvi informasiya vasitələri haqqında" qanunun 10-cu maddəsinin tələblərinə zidd olaraq həqiqətə uyğun olmayan xəbərlər yayılıb.

Rostov-Bakı qatarı relsdən çıxıb

Sentyabrın 25-də Moskva vaxtı ilə saat 21.00-da Azərbaycanın Rostov-Bakı sərnişin qatarı Şimali Qafqaz dəmir yolunun "Meçetinskaya" və "Ataman" stansiyaları arasında yoldan çıxıb. Lokomotiv və beş vaqon (baqaj və dörd sərnişin vaqonu) relsdən çıxıb. Bu barədə TURANa Azərbaycan Dəmir Yolu İdarəsindən bildiriblər. Mənbənin məlumatına görə, dörd sərnişin yüngül yaralanıb. Lakin Rusiyanın məlumatına görə, 11 nəfər xəsarət alıb. Zərərçəkənlərə tibbi yardım göstərilib. Rusiya qəzanın səbəblərini araşdırır. İlkin məlumatlara görə, buna səbəb "dəmir yollarının nasazlığıdır". Nasazlıq aradan qaldırıldıqdan sonra bu gün Moskva vaxtı ilə saat 5.27-də sərnişin qatarı Bakı istiqamətində yoluna davam edib. Zərər çəkmiş vaqonlar Rusiya vaqonları ilə dəyişdirilib. Qatar sentyabrın 27-də Bakıda olacaq.

"Ulus"çulara "xuliqanlıq" maddəsi verildi

Sentyabrın 25-də Səbayel rayon Polis İdarəsi "Ulus" qəzetinin təsisçisi Yaqub Abbasovun və qəzetin redaktor müavini Surxay Qocayevin işi üzrə ittihamı CM-in 221-ci maddəsilə (xuliqanlıq) dəyişib. Qeyd edək ki, bu il iyulun 14-də Abbasov və Qocayev həbs edildikdən dərhal sonra həmin maddə ilə təqsirli biliniblər. Lakin sonra müstəntiq bunu CM-in 127-ci maddəsilə (qəsdən yüngül bədən xəsarəti yetirmə) dəyişib və beləliklə, istintaq yenidən ilkin ittihama qayıdıb. İttihamın təkrar dəyişməsinə səbəb bu il iyulun 5-də qəzetin keçmiş əməkdaşı Aybəniz İlqara bədən xəsarəti yetirilməsi barədə ekspertiza rəyidir. Xatırladaq ki, məhz bu fakt üzrə "ulus"çulara qarşı cinayət işi qaldırılıb. İstintaqın fikrincə, sözügedən şəxslər A.İlqarı mənəvi və fiziki təhqir edib.

Artur Rəsizadə Moskvaya gedir

Sentyabrın 28-də Moskvada MDB ölkələrinin hökumət başçıları şurasının növbəti iclası keçiriləcək. Bu barədə Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda imzalanacaq 17 sənədə qəbul edilzcək. Bundan başqa hökumət rəhbərləri ABŞ-da baş vermiş terror aktları ilə bağlı bəyanat imzalayacaqlar. Qeyd edşək ki, səfərdə Azərbaycan nümayəndə heyətinə baş nazir Artur Rəsizadə rəhbərlik edəcək. Qeyd edək ki, əvvəlcə iclasın Aşxabadda keçirilməsi planlaşdırılsa da, ABŞ-dakı terror hadisəsindən sonra təhlükəsizlik baxımından Moskva seçilib.

Həştərxan - Bakı- Nouşəhr bərə xətti açılacaq

Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması çərçivəsində Həştərxan - Bakı- Nouşəhr bərə xəttinin açılması planlaşdırılır. Bu barədə Xəzər Dəniz Gəmiçiliyi İdarəsindən (XDGİ) verilən məlumata görə, həmin məsələ ətrafında XDGİ və Həştərxanın Olya limanının rəhbərləri arasında danışıqlar aparılır. Hazırda Olya limanında avtomobil bərə terminalının tikintisi başa çatmaq üzrədir.

İstehlak zənbilinin dəyəri 218 min 930 manatdır

Azərbaycan Həmkarlar Konfederasiyasının verdiyi məlumata görə, 2001-ci ilin avqust ayında respublikada 1 nəfər üçün aylıq istehlak zənbilinin dəyiri 218 min 930 manat təşkil edib. Avqusta 1 nəfərin yaşayış minimumu orta hesabla 330 min 760 manat, işləyənlər üçünsə 400 min 220 manat olub. Bundan başqa təşkilatın hesablamalarına görə, ölkədə orta aylıq əməkhaqqı 255 min 400 manat təşkil edib. Qeydiyyatdan keçmiş işsizlərin sayı ölkə üzrə 47 min 132 nəfərdir. Onların 5 min 10-nu işsizliyə görə müavinət (25 min 236 manat) alır.

"KASCO-RCP" Azərbaycanı tərk etmir

Yasamal rayonunda yerləşən iri müəssisə və təşkilatların zibilin daşınmasına görə, Çexiyanın "Kasco-RCP" şirkətinə borcu 700 milyon manat təşkil edir. Bu barədə məlumat verən şirkətin baş direktoru Vlastislav Rujiçka bildirib ki, borcluların sırasında Bakı Dövlət Universiteti (55 milyon manat), Yasamal Rayon Xalq Təhsili Şöbəsi (231 milyon manat), Cəhiyyə Şöbəsi (151 milyon manat), Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsi (150 milyon manat), Dövlət Dillər Universiteti (13 milyon manat), Dəri-zöhrəvi Dispanserinin (9,5 milyon manat) adını çəkmək olar. Bundan başqa zibilin təmizlənməsinə görə bir sıra supermarketlər də borcu ödəməkdən boyun qaçırırlar. Baş direktorun sözlərinə görə, bu cür hallar "Kasco-RCP"-nin gələcəkdə respublikaya yatırmaq istədiyi xarici investisiyaların qarşısına səd çəkir. Vlastislav Rujiçka bildirib ki, fəaliyyətə başladığı gündən şirkət zərərlə işləyir. Baş direktor onu da deyib ki, son 3 ildə "Kasco-RCP" Azərbaycana 1 milyon 500 min dollar həcmində investisiya yönəldib.

Gürcüstandakı azərbaycanlılar AzTV-ni daha yaxşı izləyəcəklər

Rabitə Nazirliyi qonşu Gürcüstanda soydaşlarımızın yaşadığı ərazilərdə Azərbaycan milli televiziyasının 1-ci proqramının keyfiyyətli yayımını təmin etmək üçün lazımi tədbirlər həyata keçirir. Bu məqsədlə nazirliyin "Teleradio" İstehsalat Birliyinin mütəxəssisləri tərəfindən Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində proqram qəbulu "Nokia" tipli peyk qəbuledicisi vasitəsilə olmaqla 2Vt çıxış gücünə malik "ELEKTRONİKA" tipli TV vericisi quraşdırılaraq istifadəyə verilib. Yeni avadanlığın istismara verilməsi nəticəsində Bolnisi rayonunun Kəpənəkçi, Ağalar, İncəoğlu, Mığırlı və digər yaşayış məntəqələrində Azərbaycan televiziyasının 1-ci proqramının keyfiyyətli yayımı təmin olunub.

İrandan humanitar yardım gəlir

Yaxın günlərdə İmam Xomeyni adına İmdad Cəmiyyəti vasitəsilə Azərbaycana humanitar yardım gətiriləcək. Bu barədə İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, 216 ton həcmində olan humanitar yük ərzaq məhsullarından ibarətdir. Humanitar yardımın tərkibinə 70 ton un, 80 ton düyü, 35 ton yağ, 25 ton makaron və 6 ton çay daxildir. Sözügedən humanitar yük qaçqın, məcburi köçkün, şəhid ailələri və digər imkansızlar arasında paylanacaq.

Azad Nəqliyyatçılar Birliyi ləğv ediləcək?

Respublika Prokurorluğu Azərbaycan Azad Nəqliyyatçılar Birliyinin fəaliyyətində qanun pozuntuları aşkar edib. Bu səbəbdən də prokurorluq təşkilatın ləğv edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib. Qanun pozuntularının nədən ibarət olması hələ ki, açıqlanmır. Məsələ ilə əlaqədar məhkəmə baxışı oktyabrın 9-da keçiriləcək.

Çətənə kolları yandırılıb

DİN-dən aldığımız mə`lumata görə Goranboy Rayon Polis İdarəsinin əməkdaşları rayonun Qaradağlı kəndi ərazisindən çəkisi 32 kq olan 293 ədəd çətənə kolunu aşkarlayıb məhv ediblər.

Silah tapılıb

Hüquq-mühafizə orqanlarının Naxçıvan şəhərində apardıqları reydlər zamanı 1 ədəd ov tüfəngi, 1r ədəd qumbara, 99 ədəd patron və daraqlar aşkar ediblər. Neftçala rayonundan isə 1 ədəd "Valter" tipli tapança, 1 ədəd qumbara və 47 ədəd avtomat patronu tapıblar.

Avtomaşın alovlandı

Ötən gün Tovuz rayonunda yanğın hadisəsi qeydə alınıb. Rayonun M.Musayev küçəsində Mehman Fərzad oğlunun idarə etdiyi "VAZ-2102" markalı 66 LE 601 dövlət nömrə nişanlı avtomaşın yanıb. Sürücü xəsarət almayıb.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd