|
|
|
|
#118(342)
|
 |
XXI
m.nur@azeurotel.com
|
Firqə
yaddaşı
Firqələrdə tarixçi-alimlər çoxdur.
Və bunların əksəriyyəti Moskva nəşriyyatlarının istehsal etdiyi kitabxanaların kitabını oxuyub. Şəxsən mən hesab edirəm ki, özünə görə, bu kitabxanalar, dünyanı yarıya böləsi olsan, yarısının düşüncəsini (ən azı elmi savadını) formalaşdırdığına iddia edə bilər. Bu kitabxanaların yetişdirdiyi (xüsusilə humanitar fənlər üzrə) insanlar tamamilə haqlı olaraq dünyanı başqa cür gördüklərini (və təsəvvür etdiklərini) israr edə, bəlkə də dünyanı başqa cür qurmaqda təşəbbüs göstərə bilərdilər...
Biz Moskva kitabxanələrindən çıxmışıq.
Bütün ölkələrdə və cəmiyyətlərdə olduğu kimi bizdə də siyasi mübarizə yaddaşı var. Fikir verin, bir çox müxalif firqələrə tarixçilər rəhbərlik edir: humanitar sahənin adamları. İndi dünyanın başqa cür qurulması üçün bu kişilər oxuduqları kitabları və tarixi məqamları yadlarına salır və fəaliyyət göstərirlər. Məncə lap çox yadlarına salırlar: bəzən bütün bu qəbildən olan yadasalmalar intuitsiyanı korşaldır.
Firqə rəhbəri hər zaman gələcək barədə düşünməyi bacarmalıdır. O, tarixlə oynamağı bilmirsə, ondan nə firqə rəhbəri çıxar ki... O, axarın içiynən elə axmalıdır ki, axara qarşı üzməyi heç ağlına da gətirməsin. Sıfır perspektiv də onun iradını sındıra bilməz: burda tarixi yox, fərdi yaddaş mühümdür.
Firqə rəhbərlərinin çoxu adətən yarıyuxulu olur.
Hər gün, günorta saat on ikiyə yerindən qalxan tarixçilər sizcə, tarixi proseslər barədə nə düşünə bilər: tutaq ki, ABŞ-da terrorizm xofu: firqə rəhbəri ilk olaraq üçüncü dünya müharibəsinin başlanacağı barədə düşünür. Amma bu müharibənin rəngi, fəlsəfəsi, perspektivləri... yenə də ABŞ-da oturanlara bəlli olur və çox zaman da dumanlı Albionun lordları, möhtəşəm Nyu-Yorkun bossları arasında sirr olaraq qalır...
Sirr qalırsa, bəs bizim firqə rəhbərləri daha hansı sirri açmaq qüdrətinə malik olurlar? Axı deyilənə görə, ABŞ terror şoku həm də Şərqlə-Qərbin yığılıb-qalmış sirlərini üzə çıxartmalıdır. Mədəniyyətlərin tarixi gücü görsənməli, bir çox həqiqətlər yenidən isbat olunmalıdır. Burda firqə tarixçilərinin məqam qəlibləri işləməyəcək. Burda gələcəyə toxuna bilmək məqamı var: yarıxulular testdən keməsələr heç nə...
Hər halda kitabxanalara bir də nəzər yetirmək pis olmazdı: tarix hər zaman köhnədir və özünə hədsiz hörmət tələb edəndir...
M.Nur
|
|
Günün axarı
|
Dünyada o qədər gözəl işlər var ki... Bunların arasında adına "siyasət" deyilən əməlin olmamasının səbəbini hələ kiminsə bir düz-əməlli izah etməsini eşitməmişəm.
"Yaman çirkli işdir" - bu əməldən xeyir görən də belə deyir, görməyən də... Özü də, nədənsə, müstəqil dövlətdə yaşayandan sonra siyasətin bu səciyyəvi xüsusiyyətini anlamağa başlamışıq. Görünür, uzun illər boyu siyasətdən uzaq olmağımızın nəticəsidir... Bilmirəm, vaxtilə bizləri bu çirkin əmələ yaxın buraxmayan mərhum sovet hökumətinə rəhmət oxumalıyıq, ya yox?.. Hər halda ötən 10 ildə müstəqilliyimizin zövq-səfasını heç nə "siyasət" qədər korlamayıb. Oxucularımın bu mülahizəni "siyasi savadsızlıq" sayacaqlarına heç şübhəm yoxdur: necə yəni dövlət olsun, siyasət olmasın?.. İradım yoxdur, olsun, daha doğrusu, olmalıdır. Amma sağlamından, təmizindən...
Məmləkətimizin siyasi həyatının sanitar-gigiyenik vəziyyəti barədə rəy söyləmək fikrinə düşməyim təsadüfi deyil.
Uzun müddət şər, yalan, böhtan, həqarət kimi natəmiz mübarizə vasitələrinə üstünlük verən siyasətçilərimizin, axır ki, sivil metodlara üz tutacağını cəmiyyətimizin mənim kimi sıravi üzvləri çoxdan gözləyir. Cəmiyyətin özünün mənəvi-əxlaqi özəyinin möhkəmlənməsində, hər cür aşınmalara müqavimət göstərmək qabiliyyəti qazanmasında bu amilin rolu böyük olardı. Nə yazıq ki, bu proses çox ağır gedir, çox çətin gedir... Bu mənada iqtidar-müxalifət münasibətlərində qarşılıqlı hörmət demirəm, heç olmasa, dözümlülüyün, ən yaxşı halda, razılığın təzahürlərini görmək biz sıravilər üçün əməlli-başlı təsəllidir. Təsəllidir ki, siyasi burulğanlar yatır, münasibətlər sağlam məcraya yön alır...
Bu günlər Avropa Şurası Parlament Assambleyasının sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin fəaliyyəti hamımızın diqqətindədir. Xalqımızı düşündürən, narahat edən məsələlər, arzularımız, istəklərimiz bu nüfuzlu beynəlxalq məclisdə qətiyyətlə car çəkilir. Avropa parlamentarları Azərbaycanı ürəklə dəstəkləyirlər. Nümayəndə heyətimizin başçısı İlham Əliyevin erməni terrorizmini ifşa edən çıxışı yüksək qiymətləndirilir. Özü də bu qiyməti Strasburqda onunla bir komandada olan müxalifətçilərimizin dilindən eşitmək xüsusilə diqqətçəkicidir.
Bilmirəm, sabah-birisi gün hansısa müxalifət partiyasının qəzetində Qulamhüseyn Əliyevi və ya Rəfael Hüseynovu bu qiymətə görə qınayan, onları "iqtidarla işbirliyində" günahlanlandıran, Strasburqda görülən fədakar işin dəyərini azaltmağa çalışan, onu "növbəti eyforiya" adlan tapılacaq, ya yox? Ancaq bilirəm ki, müxalifət düşərgəsində olmasına baxmayaraq həqiqəti, gerçəyi görməyi, dilə gətirməyi bacarmaq elə sağlam, təmiz siyasət nümunəsi sayılmalıdır. Məncə, bu nümunələr nə qədər çox olsa, siyasi mübarizəni siyasi müharibəyə çevirmək istəyənlərin oxu daşa dəyər, siyasətimiz çirkdən yavaş-yavaş təmizlənər.
Təmiz sözümdür...
Elşən Əlioğlu
|
Suallı künc
|
Dünyanın
"ayaq"larını
kəsməyin
|
İstənilən müstəvinin dayanıqlığı minimum üç istinad nöqtəsini zəruri edir. Bu, ibtidai həndəsinin aksiomatik tezislərindən biridir. Onun təsdiqi ilə günlük həyatımızda da hər an rastlaşırıq. Məsələn, oturduğumuz stulun, yaxud arxasında əyləşdiyimiz stolun heç olmasa üç "ayaqı" olmalıdır. Onlardan bircəcəyi çatışmasa, nəyin baş verəcəyini uşaq da bilir. Stol (stul) da yığılacaq, biz də...
"Soyuq müharibə"dən sonra dünyanın (geo)siyasi balansını təmin edən "ayaq"larından biri "kəsildi". Qüvvələr nisbətindəki tarazlıq pozuldu, dünya birqütblüyə doğru sürüşməyə başladı. Bu tendensiyanı yüksək əhval-ruhiyyə ilə qarşılayanlar çox oldu. Çoxillik ideoloji qarşıdurmaya, ayırıcı divarlara, hərbi-siyasi cəbhələşməyə son qoyulduğunu zənn edib papağını göyə atanlar Qərbə sitayiş ruhlu optimizmə qapıldılar. Onlar əmin idilər ki, bu sürüşmə dünyanı demokratiyanın, sülh, təhlükəsizlik və ədalətin təntənəsinə doğru aparır.
Dünyanın alternativsiz gücü və dayağı olduğuna iddia edən Amerika da bu əminliyi durmadan təbliğ edirdi. Qərbdə dəbdə olan "furşet" ziyafətlərində "təkayaqlı" stollara öyrəncəli olan amerikalılar düşünürdülər ki, elə dünya da bir anlamda nəhəng ziyafət masasıdır və onu da bu cür ayaqda saxlamaq olar. Amma hədsiz özünəarxayınlıqdan irəli gələn pafos gec-tez reallıq hissini kütləşdirir. Amerika da buna düçar oldu.
Beynəlxalq müstəvini özündən başqa bütün dayaqlardan məhrum edib təkqütblü dünya düzəninin memarı olacağını düşünən Amerika zərbəni gözləmədiyi yerdən aldı. Çünki qlobal layihələr üzərində baş sındırmaqla dünyanın üzərini alan qorxunc kabusun gerçək miqyasını gözardı etmişdi. Terror qiyafəsindəki təhlükə artıq dünyanın olan-qalan yeganə qütbünü hədəf alıb. Nyu-Yorkdakı əkiz qüllələri dağıdan zərbə demokratik dünyanın sütununu da sarsıtdı...
Xeyli vaxt əvvəl Amerikanın ünlü adlarından olan Samuil Hontinqton kulturoloji tədqiqatlarında dünyanı səkkiz qütbə ayıranda fövqəldövlət əhalisinin böyük hissəsi ona gülmüşdü ki, nə səkkiz, canım, biz heç iki-üç qütb olmasına da razı deyilik. Dünyanın bir qütbü, bir qapısı, bir dayağı və bir hakimi olmalıdır. 1990-cı illərin əvvəlindən etibarən təxminən belə oldu. ABŞ dünyanın demokratik üsul-idarə ilə tənzimlənməsinin məsuliyyətini təkbaşına üzərinə götürdü.
Bu yük dünya miqyaslı geosiyasi çarpışmalardan çıxan Amerikanın çiyinləri üçün də ağır oldu. 11 sentyabr şokundan sonra Vaşinqton bunu açıq etiraf etməyə başlayıb. Nəinki iri dövlətlərdən, hətta Kapitoli zirvəsindən görünməz olan xırda ölkələrdən də özünə dəstək istəyir. Azərbaycan da bu sıradadır. Halbuki həmin Kapitolidə əyləşən harın konqresmenlər doqquz ildən bəri Azərbaycanı qərəzlərinə tuş gətirərək problemlərimizi görməməkdədir.
Bunula belə, Azərbaycan böyük dövlətə yardım göstərməyə hazır olduğunu bildirib. Çünki Amerikanın indi öz dərisində hiss etdiyini biz çox-çox öncədən hiss etmişik. Amma bu kampaniyanın da öncəkilər kimi birqütblü olmasını istəmirik. Əgər dünyada terrora qarşı müharibə elan edilibsə, o, "qara internasional"ın bütün həlqələrini əhatə etməlidir. Əks təqdirdə ayrı-seçkilik və dolayı maraqlardan qaynaqlanan "Onu vurmaq olar, bunu isə yox" prinsip(sizliy)i yenə bumeranq effekti doğuracaq. İndi olmasa da, bir müddət sonra mütləq "ikili standartlaşdırma"nın nəticəsi ortada olacaq. Manhettendəki nəhəng dəmir-şüşə-beton qalağı kimi.
Dünyaya bir qütb kifayət etmir. Çünki alternativlik təminatı yoxdur. Dünyaya iki qütb də gərək deyil. Çünki nəticə etibarilə "soyuq müharibə"yə, ideoloji, sistemlərarası qarşıdurmaya, yeni "Berlin divarına" gətirəcək. Dünyaya çoxqütblü inkişaf və dayanıqlıq sistemi lazımdır. Amma bir şərtlə... Bu sistemdə hər kəsin haqqı tanınsın, haqsızlığın cavabı isə gecikməsin. Deyəsən, çox təntənəli alındı. İnanılası deyil? İnanmaq istərdik.
Vügar Orxan
|
Teatral freskalar II
|
ODDAMDI
(vətəndaş qarabala)
|
QORXMAZ ƏLİLİ kimi bir aktyor hələm-hələm ələ düşməz. Yeganədir. Heç kimə bənzəmir. Ondan dübarə bir daha olmayacaq. Azərbaycan teatr mədəniyyətinin köklərinə, gələnəklərinə öz emosional dünyasının hüsnü etibarı ilə bu qədər yaxın başqa bir cavan aktyor mən tanımıram. Təziyələrdə şəbih də çıxardar, ağ geyinib sinə də vurar, mərsiyə də deyər, meydanlarda məsxərəbazlıq da eliyər, cildini dəyişib onu, bunu lağa da qoyar, toyxanalarda sərpayı da olar, meyxana da söylər, üstəlik, bir ağız segah da oxuyar. Bu Qorxmaz belə Qorxmaz: isdedadının bir tərəfində Hüseyn Ərəblinskinin, o biri tərəfində isə Mirzağa Əliyevin sənət ənənəsinin "möhür"ü var. Yəni, mən Qorxmaz Əlilini Azərbaycan aktyorlarının indiki yox, keçmiş "qızıl nəsli"nə mənsub bilirəm. Bu adam da öz sələfləri kimi anadan aktyor doğulub, sonradan öyrənmə deyil.
Amma çifayda. Qorxmazın milli teatr mədəniyyəti üçün gördüyü işin çəkisi misqalca. Neyləyəsən, zəmanənin üzü qara olsun, Qorxmaz məcburdur ki, halal paradan ötrü estrada səhnəsində gecə-gündüz çalışsın, mikrofon götürüb çoxsaylı müğənnilərə qoşulsun, özünü "konfransye" adlandırsın, teleekran qarşısında torba qarışdırsın, camaatla loto oynasın, baməzəlik eləsin, lətifə danışsın. Mən demirəm ki, bu, pisdir. Qətiyyən. Vaxtın tələbidir: nə tövr çalırsa, eləcə də rəqs edirik. Ancaq bunların hamısı suya yazılar: məqamı ötüşdümü, unudulub gedər.
QARABALANI təsvir etməyə nə ehtiyac? Məhəllə uşağıdır, bir az qədeşdir, bir az quşbazdır, bir az qəhrəman. Qollu-qüvvətlidir, pəhləvansayağı çiyinləri var. Düz oğlandı, kişixasiyyətdi. Di gəl ki, tez-tez nadinclik eliyir. Od parçasıdır, gözlərindən cin çıxır. Arabir cüvəllağı, vələdüzna da olur. Bakının isti gilavarı kimidir QARABALA.
Qorxmaz güclü energetik təsirə malik aktyordur. Səhnədə aqressivdir, diktatordur; dayandığı yerdəcə "qaynaşır"; impulsivdir, özgəsinə mafar vermir; sanki harasa tələsir, sözləri becid bir-birinə calayıb mətnin ifadələrindən "güllə-baran" düzəldir. Və sonucda tamaşaçını elə çaşdırır ki, seyrçi anlamaq cəhdindən vaz keçib başlayır öz-özünə gülümsəməyə. Bu an aktyorun mimikaları "donur", üzü "daşlaşır", baxışları mənasızlaşır və küt, həpənd bir kimsəni bildirir. Qorxmaz Əlili yumorunun, zarafatının təminatçısı məhz bu əksliyin sintezidir.
Rejissor Orson Uelsin "Vətəndaş Keyn" bədii filminin qəhrəmanı Amerikanın özünün simvolik obrazı idi. Hər bir vətəndaş doğma ölkəsinin mikroşəklidir. QARABALA Bakı şəhərində yaşasa da, dərisinin rənginə, dözüm və tənbəlliyinə görə ərəblərə, mərdliyinə və kobudluğuna görə türklərə, iştahasına və əhli-kefliyinə görə farslara, plastika və ritm duyğusuna görə qafqazlılara, bicliyinə görə yəhudilərə oxşadılır.
Cəfər Cabbarlı və Məmməd Əlili dostluğunun kölgəsi həmişə Qorxmazın başı üstündə. Mənəvi dayaq, əxlaq kodeksi, etik normalar və qadağalar cədvəli, estetik meyar. Bu dostluğun vərəsəliyində bulunmağın çətinliyi onun şərəfinə bərabər. Bəlkə elə mən də bu faktın cazibəsinə, poeziyasına uyduğumdan QORXMAZ ƏLİLİNİ CABBARLI TEATRININ ƏN MƏHRƏM AKTYORU qismində görürəm. Artıq uzun müddətdir ki, Oddamdı, Əbu Übeyd, Mirzə Səməndər, Şərif, Hacı Əhməd, İmamyar "məlul-məlul dayanıblar" Milli Dram Teatrının səhnəsində Qorxmazın yolunu gözləyirlər. Bəs Hacı Qara, Molla İbrahimxəlil, Məstəlişah, Şeyx Nəsrullah, Hacı Qənbər necə olsun, yahu? Eh, gidi dünya, fərqinə varan kimdi? Nə yerlər həmin yerlərdi, nə də adamlar. Qorxmaz Əlili isə Azərbaycan aktyorlarının "qızıl nəsli"nin sonuncu nümayəndəsi, N.Zeynalova sənətinin cizgiləri işarır. Amma və lakin... əlimizdən nə gəlir ki? Əyyam başqa, teatr qayğılı, seyrçilər şövqsüz, sənətçilər nagüman... Qorxmaz da estrada üfüqlərində əli torbalı.
A.Talıbzadə
|
 |
|
| |
|
|