Şərh

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Mədəniyyət
Əyləncə
Kriminal
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#119(343)
Gözə kül üfürənlər
Ambisiyalarını mövcud statusları ilə uzlaşdıra bilməyən "sabiqlər" Azərbaycanın Avropa Şurasındakı fəaliyyətindən niyə narazıdırlar? Bu suala ilk növbədə onlar özləri cavab verməlidirlər

Avropa Şurası Nazirlər Komitəsinin son qərarı təkcə Azərbaycanda deyil, Ermənistanda da ciddi rezonans doğurub. Xatırladaq ki, bu qərar Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyevanın AŞ NK-yə verdiyi sorğuya cavab olaraq qəbul olunub. Bu il mayın 10-11-də Strasburqda keçirilmiş AŞ Nazirlər Komitəsinin 108-ci sessiyasının yekun kommunikesində Ermənistan XİN başçısı Vardan Oskanyan dövlətlərin ərazi bütövlüyünün qeyd-şərtsiz və qarşılıqlı hörmət şəklində tanınmasına dair paraqrafı xüsusi qeydlə imzalamışdı.
Orada vuğulanırdı ki, Dağlıq Qarabağ münaqişəsi tamamilə həll edilməyənədək Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edəcək. Əslində erməni nazirinin hərəkəti qeyri-adi deyildi. Hələ SSRİ tərkibində olarkən Ermənistan Ali Soveti Dağlıq Qarabağın ilhaqına dair qərar çıxarmışdı. Həmin qərara görə, Ermənistan Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi təsbitləyən hər hansı beynəlxalq sənədə imza atmamalıdır.
Lakin beynəlxalq hüququn aliliyini qəbul etmək barədə öhdəliklər götürən Ermənistan artıq aqressiv xarici siyasətini bu cür açıq şəkildə davam etdirə bilməz və o üzdən mövqeyini müxtəlif hüquq postulatları ilə ört-basdır etməyə çalışır. AŞ NK sessiyasının kommunikesində də Ermənistan mövqeyini belə "əsaslandırıb" ki, guya beynəlxalq normalarda millətlərin öz müqəddəratını təyinetmə hüququ dövlətlərin ərazi bütövlüyü prinsipinə bərabər şəkildə, heç bir ierarxiya ardıcıllığı gözlənilmədən təmin olunur. Ermənistanın iddiasına görə, bu vəziyyət Dağlıq Qarabat ermənilərinin öz müqəddaratını təyinetmə hüququnu tamamilə sərbəst şəkildə tətbiq etməyə imkan verir. AŞ NK-nın Azərbaycan parlamentarının sorğusu ilə bağlı qəbul etdiyi qərar da rəsmi Yerevan tərəfindən bu cür təhrif edilir. Erməni KİV-inə müsahibəsində Vardan Oskanyan bildirib ki, NK-nın son qərarı onu tamamilə qane edir. Çünki orada millətlərin öz müqəddaratını təyinetmə hüququ qeyd-şərtsiz təsbit olunub və bu, Dağlıq Qarabağ tənzimlənməsində ermənilərin istəyinə uyğundur. Təbii ki, beynəlxalq hüquq praktikasında prinsip və müddəaların xeyli dərəcədə amorf olmasından hər dəfə sui-istifadə edən Ermənistan yenə spekulyativ siyasət yeridir. Beynəlxalq sənədlərdəki boşluqlar zaman-zaman fərqli təhriflərə yol açır və bu faktdır. Odur ki, Ermənistanın avantüralarını faş etmək üçün Azərbaycanın hüquq mütəxəssislərinin, politoloqlarının rolu xüsusilə zəruridir. Amma gerçəkdə bunu müşahidə edirikmi?
Artıq iki ildir ki, ictimai rəydə "sabiqlər" kimi tanınan Vəfa Quluzadə, Eldar Namazov və Tofiq Zülfüqarovun son günlər bu məsələ ilə bağlı açıqlamaları diqqətdən yayına bilməz. Ən azı ona görə ki, uzun müddət iqtidarda mühüm dövləti post tutmuş bu şəxslər erməni diplomatiyasının xislətini və problemin mahiyyətini dərindən bilirlər. Məsələn, onlar yaxşı bilirlər ki, beynəlxalq hüquq praktikasında millətlərin öz müqəddaratını təyinetmə hüququ yalnız aşağıdakı hallarda müstəqil dövlət qurmaqla müşayiət oluna bilər: millətlər müstəmləkə rejimindən xilas olarkən, federasiyalar (konfederasiyalar) dağılarkən və dövlətin bir hissəsinin müstəqil olmaq istəyi könüllülük əsasında reallaşırsa. Bu variantların heç birinin Dağlıq Qarabağdakı aqressiv separatizmə hüquqi zəmin olmadığı da aydındır. O da şəksizdir ki, beynəlxalq müstəvidə ermənilərin avantürist siyasətinin qarşısını almaq üçün uzunmüddətli və ardıcıl iş aparılmalıdır. Ermənistanın Azərbaycana təcavüz etdiyini və Qarabağdakı işğaçılığın milli müqəddarat məsələsi ilə pərdələndiyini beynəlxalq sənədlərdə birmənalı təsbitlənməyin hələlik real olmadığı da "sabiqlər"ə hamıdan yaxşı bəllidir.
Şübhəsiz, AŞ NK-nın qərarı bu istiqamətdə addım sayılmalıdır. Ermənistan uzunmüddətli "Lissabon presendenti"ndən sonra Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini birbaşa olmasa da etiraf edib. AŞ NK-nın Ermənistanın da imza atdığı qərarının 5-ci bəndində qeyd olunur ki, Şura üzvlərinin beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü dəstəklənməlidir. "Sabiqlər" bu qərarı ermənilərin xeyrinə olan sənəd kimi təfsir edirlər. Vəfa Quluzadənin sözlərinə görə, Ermənistanın bu sənədə imza atması formal və deklarativ bir addımdır və bundan sonra Dağlıq Qarabağ üzrə danışıqların "Azərbaycanın tərkibində muxtariyyət" formulu üzrə aparılacağını düşünmək gülüncdür. Zənnimizcə, məsələyə belə primitiv tərzdə yanaşıb gülməkdənsə (kimə gülürük?), əldə olunmuş kiçik nəticəni daha sanballısına realizə etmək lazımdır. Amma yox. V.Quluzadə kinayə ilə qeyd edir ki, AŞ-nin qəbul etdiyi qərarların real icra mexanizmi yoxdur və biz Strasburqda, digər təşkilatlarda qətnamələrin qəbulu ilə heç nəyə nail olmayacağıq. Halbuki cənab Quluzadə 2-3 il öncə Azərbaycanın beynəlxalq təşkilatlarda əldə etdiyi ən kiçik nəticənin də Qarabağ uğrunda siyasi-diplomatik qələbəyə xidmət etdiyini, diplomatik uğurun məhz damla-damla əldə edildiyini daima vurğulayırdı. Bəs indi dəyişən nədir? Bu barədə azacıq sonra...
Hələliksə bir xatırlatma. Bu gün AŞ-nin qərarına kinayə edərək "Belə çıxır ki, 10 ildə diplomatiyamız ancaq buna nail olub?" sualını verən Quluzadə istefayadək belə danışmırdı. Beş il öncə "Lissabon sənədi"nin kompromis qərar olsa da, əhəmiyyətli nəticə olduğunu geniş təbliğ edən sabiq müşavir indi Avropa Şurasında əldə olunmuş analoji nəticəyə nədənsə kinayə ilə baxır. Nədəni məlumdur.
Məsələ qərarların, əldə olunan nəticələrin mahiyyətində deyil, formal tərəfindədir. Quluzadə yalnız özünün də iştirakı ilə əldə olunmuş nəticələri ağızdolusu tərifləməyi xoşlayır. Digər iki "sabiq" də Strasburqda əldə olunan nəticəni topa tutmağa başlayıb. Eldar Namazovun qənaətinə görə, belə nəticə əldə etməkdənsə, heç Avropa Şurasına sorğu verməmək daha yaxşı olardı. Görəsən, onda nə yaxşı olacaqdı. Cənab Namazov bunu izah etmir. Halbuki iqtidarda təmsil olunanda "Siyasət mümkün olanı reallaşdırmaq bacarığıdır və ən kiçik nəticə də real dəyərləndirilməlidir" tezisi təkrarlamağı xoşlayırdı. Ən maraqlı məqam isə keçmiş XİN başçısının mövqeyi ilə bağlıdır. AŞ NK-nın 24 sentyabr tarixli qərarını səhərisi günü Tofiq Zülfüqarov "Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən istənilən sənəd Qarabağ tənzimlənməsindəki siyasətimizin xeyrinədir" ("Exo" qəzeti, 26 sentyabr sayı) deyə qərarı pozitiv dəyərləndirmişdi. Lakin bir gün sonra mövqeyini tərsinə dəyişdi. Görəsən niyə? Bəlkə dostu Namazov konstruktivliyinə görə onu möhkəm məzəmmət edib...
AŞ NK-nın qərarını həddən artıq şişirdib əsassız bəlağətə varmağa ehtiyac yoxdur. Amma onu qərəz və subyektivizmə tuş gətirmək də lazım deyil. Bəli, qərar Azərbaycanı tam qane edə bilməz. Çünki orada Ermənistanın işğalçılığını təsbitləyən və Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tövsiyə edən hansısa müddəa yoxdur. Amma bu, indilik mümkün olanın realizəsidir. Qərarda vurğulanır ki, millətlərin öz müqəddəratını təyinetmə hüququ dövlətlərin ərazi bütövlüyünə dair normalar əsasında təmin olunmalıdır, torpaq əldə etmək məqsədilə gücdən istifadə qəbuledilməzdir və ondan irəli gələn nəticə qanuniləşə bilməz (5-ci paraqraf). Deməli, Ermənistan işğalın nəticələrini heç vaxt rəsmiləşdirə bilməyəcək. Azərbaycanın beynəlxalq müstəvidəki fəaliyyəti ermənilərin analoji imkanları ilə müqayisədə hələ zəifdir.
Səbəbləri də ümumən bəllidir. Lakin o da etiraf olunmalıdır ki, son vaxtlar Azərbaycan bu istiqamətdə nəzərəçarpan nəticələrə nail olur. Onların sanbalını artırmaq vacibdir. Əgər dövlət postundan istefa verib Azərbaycanın xarici siyasətinə, diplomatiyasına xidmətdən uzaqlaşmışsızsa, qərəzli olmaq lazım deyil. Sizin edə bilmədiyinizi (bacarmadığınızı) indi başqaları daha perspektivli və uğurlu şəkildə həyata keçirir. Bunu etiraf etməyi bacarmaq gərəkdir. "Sabiqləri" dövlət işindən heç kim zorla ayırmadı. Onlar özləri getdilər. Hesab etdilər ki, onların gedişi ilə Azərbaycanın xarici siyasəti "batacaq" və hər yerdə onların yeri görünəcək. Amma belə olmadı. Azərbaycanı xarici siyasətinin uğuru addım-addım təmin olunur. Böyük ambisiyalarını indiki "müstəqil ekspert" statuslarına yaraşdıra bilməyənlər isə korporativizmə yuvarlanıblar. Bu hər zaman qınaq doğuracaq bir davranışdır. Gözə kül üfürmək lazım deyil. Cılız ambisiyalar naminə eqoistlik etmək hələ heç kimə başucalığı gətirməyib. Gözləri yaxşı açıb ətrafı realist qavramaq gərəkdir.

Buş Çeçenistana xəbərdarlıq etdi

ABŞ prezidenti ilk dəfə olaraq bəyan edib ki, Çeçenistanda Üsəma ben Ladenlə əlaqəsi olan adamlar döyüşür. ABŞ prezidenti çeçenlərdən "Əl-Qayda" təşkilatının üzvləri ilə əlaqələri dərhal və qeyd-şərtsiz kəsməyi tələb edib.
ABŞ prezidenti xəbərdarlıq edib ki, beynəlxalq terrorizmə qarşı yönələcək tədbirlər planının ilk zərbə hədəfi Üsəma ben Ladenin yaratdığı "Əl-Qayda" təşkilatı olacaq və tanınmamış Çeçenistan rəhbərliyi, hərbi elita bu məsələdə mövqeyini birdəfəlik müəyyənləşdirməlidir. Ağ Ev nümayəndəsi Bauçer deyib ki, Aslan Məshədovun danışıqlara hazır olması və sülh danışıqları aparmaq üçün ABŞ-a nümayəndələr göndərmək fikrini açıqlaması bu sahədə atılan pozitiv fakt sayıla bilər. Bu arada Üsəma ben Ladenin fanatik mühafizəçiləri arasında 70 çeçen könüllüsündən ibarət qrupun olması haqda xəbərlər yayılıb.
Çeçenistan prezidentinin nümayəndəsi AFP agentliyinə verdiyi müsahibəsində bildirib ki, bu sahədə "heç bir problem yoxdur", belə ki, İçkeriyanın "Əl-Qayda" ilə əlaqələri yoxdur. Prezidentin nümayəndəsi deyib ki, Xəttabın haçansa ben Ladenlə görüşməsi və ya onunla əlaqə yaratması istisna deyil, amma bunu "Əl-Qayda" ilə münasibətlərin olması kimi dəyərləndirmək olmaz.
Buş, Putinin çeçen yaraqlılarına silahları təhvil vermək üçün 72 saat vaxt verməsini də müsbət qiymətləndirib. Yeri gəlmişkən, artıq üç sutkalıq möhlət başa çatıb və bu vaxtadək üst-üstə cəmi yeddi nəfər könüllü olaraq silahlarını federal hökumətin bu məqsədlə yaratdığı xüsusi komissiyaya təhvil verib. Rusiyanın bundan sonra hansı tədbirlərə əl atacağını söyləmək çətindir. Hələliksə, Putinin köməkçisi Sergey Yastrjembski müddətin başa çatmasından sonra hərbi əməliyyatların sərtləşdirilməyəcəyini deyib.

Papa mənim nəyimdi ki?
Ermənilər indi də xristian dünyasını parçalayırlar

Ermənistanın hakim elitası Roma katolik kilsəsinin başçısı İkinci İohann Pavelin Yerevan ziyarətindən məmnun qalsa da, sıravi vətəndaşlar onun sülhməramlı missiyasını birmənalı qarşılamayıb.
Ermənilər pontifikin insani keyfiyyətlərini yüksək dəyərləndirirlər, digər tərəfdən papanın yad dinin (?) nümayəndəsi olduğu üçün müqəddəs atanın Ermənistana gəlişinə sırf dövlətlərarası münasibətlər kontekstindən yanaşırlar. Yerevandakı müqəddəs Sergiy kilsəsinin ruhanisi keşiş Tertiraiz etiraf edib ki, cəmi 3 gün bundan əvvəl Yerevanı tərk etmiş Rusiya patriarxı İkinci Aleksiyin Ermənistanı yad etməsi sadə insanlar tərəfindən daha maraqla qarşılandı, nəinki Roma papasının erməniləri qonşularına qarşı dözümlü olmağa çağırışı. Tertiraizin dediklərindən: "Aleksiy mənim üçün doğma insandır. Erməni və rus xalqları arasındakı dostluq sarsılmaz və əbədidir. Bəs papa mənim nəyimdir?" Ermənilərin insanlara yanaşma tərzində təəccüblü bir şey yoxdur. Tarixən erməni kilsəsi dinə, imana qulluq etmək əvəzinə, erməniləri çirkin siyasətlə məşğul olmağa sövq edib. Tarixə ekskurs etsək, hələ ötən əsrin əvvəlində görkəmli rus etnoqrafı və tədqiqatçısı özünün "Qafqaz" adlı kitabında yazırdı ki, "Biz provoslavlara Azərbaycan müsəlmanları daha yaxındır, nəinki "əzabkeş" xristian-ermənilər".
Ermənilərin diplomatik gedişilərinə baxmayaraq, Vatikanın "The Tablet" qəzetinin redaktoru Erməni apostol və Roma katolik kilsələrinin vahid dini mərkəz ətrafında birləşməsi ehtimalını irəli sürüb. Belə bir məqamı da nəzərdən qaçırmaq olmaz ki, Ermənistanın ingilisdilli internet saytları Papanın səfərini Yerevanın diplomatik qələbəsi kimi qiymətləndirirlər, lakin rusdilli saytlar keşiş Tertiraizin ifadələrinə daha çox yer ayırır. Bunun da nəyə xidmət etdiyini aydınlaşdırmaq yəqin ki, çətin deyil.
Ola bilsin ki, Vatikanın dövlət başçısının Yerevandan əvvəl Tbilisiyə baş çəkməsi, xəbis ermənilərin ürəyincə olmayıb. Görəsən papanın bundan xəbəri varmı?

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd