|
|
|
|
#119(343)
|
 |
Ermənistanı ABŞ-ın "qara siyahısı"na salmalıyıq
Kamil Səlimov: "ABŞ-ın hazırladığı 27 terror təşkilatının
siyahısına erməni terrorçularının adının salınmasına çalışmalıyıq"
|
Dünən Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə "Erməni terrorizmi və Azərbaycan" mövzusunda "Dəyirmi masa" keçirildi. QAT sədri Akif Nağı öz çıxışında bildirdi ki, Ermənistan ən böyük terror dövlətidir: "Bu gün terror beynəlxalq təşkilatların diqqət mərkəzində olduğu üçün Ermənistanın terrorçu dövlət olmasını dünya ictimaiyyətinə çatdırmalıyıq."
A.Nağıdan sonra çıxış edən hüquq elmləri doktoru Kamil Səlimov Əfqanıstandakı antiterror əməliyyatlarının quru qoşunları vasitəsilə aparılmamasının zəruri olduğunu dedi: "Çünki Əfqanıstan dağlıq ölkədir. Əfqanıstan müharibəsində rusların başına gətirilənlər eyni ilə Amerikanı gözləyir. Ermənistanın təcavüzkar dövlət olmasına baxmayaraq, on ilə yaxındır Azərbaycan bunu dünya dövlətlərinə sübut edə bilmir. Beynəlxalq qurumların heç biri Ermənistanı təcavüzkar dövlət kimi tanımaq istəmir. Ermənilər inkar etsələr də, Dağlıq Qarabağda onların qoşunları yerləşdirilib".
K.Səlimovun sözlərinə görə, Qarabağı ermənilərdən azad etmək üçün ilk növbədə onları dünyada terrorçu kimi tanıtmaq lazımdır: "ABŞ-ın hazırladığı 27 terror təşkilatının siyahısına Dağlıq Qarabağda məskunlaşan erməni terrorçularının adının salınmasına çalışmalıyıq. ABŞ Qarabağdakı erməni terrorçularına öz büdcəsindən 20 milyon dollar vəsait ayırıb. Ermənilərin israr etmələrinə baxmayaraq, heç bir dövlət Dağlıq Qarabağ Respublikasını müstəqil dövlət kimi tanımayacaq".
"Klassik"dən 20 qumbara tapılıb
Dünən polis AXCP (klassiklər) qərargahında axtarış aparıb
|
Dünən saat 14.00-da Xətai rayon Polis İdarəsinin bir qrup əməkdaşı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (klassiklər) qərargahında axtarış aparıb. Bu xəbəri partiyanın mətbuat xidmətinin əməkdaşı Rafael Zülfüqarlı verib.
Qərargahda axtarış aparan polislər öz hərəkətlərini onunla izah edib ki, ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları AXCP Nəzarət-Təftiş Komissiyasının üzvü Nizami Ələkbərovun üstündən 20 ədəd əl qumbarası götürüblər. R.Zülfüqarlının sözlərinə görə, hazırda N.Ələkbərov Xətai rayon Polis İdarəsində saxlanılır.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda qanunsuz silah saxlama maddəsiylə cinayət işi açılıb. İşin istintaqını müstəntiq Mahir Xəlilov aparır. Dünən artıq N.Ələkbərovun ilk dindirilməsi olub. Etibarlı mənbələrdən aldığımız məlumata görə, onu Gəncə prospektindəki 95 saylı binanın qarşısında şübhəli şəxs qismində saxlayıblar. Polisin onu saxlamasına səbəb isə həmin binanın sakinlərindən birinin anonim zəngi olub. Beləki, həmin gün N.Ələkbərov əlində çanta binanın ətrafında vurnuxmağa başlayıb. Hətta bir neçə dəfə binanın zirzəmisinə də daxil olub. Bunu görən sakinlərdən biri ondan şübhələndiyindən polisə məlumat verib. Axtarış zamanı N.Ələkbərovun çantasında qumbaralar aşkar edilərək, götürülüb.
AMİP Qərbi azərbaycanlıları itirir
Belə getsə, partiya Şadman Hüseynlə də vidalaşmalı olacaq
|
AMİP Siyasi Şurasının üzvü Şadman Hüseynin qətiyyətlə AXCP ilə sazişə qarşı çıxması "milli-istiqlalçılar" arasında ciddi narahatlığa səbəb olub. Çoxlarında belə qənaət formalaşıb ki, AMİP-in siyasi kursuna qarşı çıxan "partiya veteranı" artıq müstəqil fəaliyyətə qərar verib. Artıq Şadman Hüseynin partiyadan gedəcəyi də, istisna olunmur.
Ən azı o səbəbdən ki, partiyada bu tipli çıxışlar edən bəzi funksionerlərin aqibəti bir qayda olaraq yaxşı sonluqla nəticələnməyib. Vaxtilə AMİP-in əsas siyasi fiqurları sayılan Firudin Cəlilov, Həsən Bayramoğlu, Elşad Musayev, Nazir Əhmədli və digərləri də əsasən, mətbuatdakı çıxışlarının "qurbanı olublar". Belə ki, Etibar Məmmədov həmişə partiyadaxili məsələlərin mətbuatda müzakirəyə çıxarılmasına qarşı olub. Onun bu fərdi prinsipləri ucbatından partiya funksionerlərinin əksəriyyətinin KİV-ə münasibətində ciddi psixoloji kompleks yaranıb. Təsadüfi deyil ki, AMİP funksionerlərinin, xüsusən də partiya sədrinin iradəsi əleyhinə mətbuatda açıq çıxışlar edilməsinə nadir hallarda rast gəlinib. Etibar Məmmədovun şəxsi xarizması indiyə qədər partiya daxilində kiminsə yüksək iddialarla çıxış etməsinə imkan verməyib. Sədrin yeritdiyi siyasətə qarşı çıxan AMİP funksionerləri isə onlar üçün müəyyənləşdirilmiş "sərhədi" aşdıqlarına görə sərt şəkildə cəzalandırılıblar. Həm də bəzi müxalif partiyalardan fərqli olaraq AMİP-də müavinləri də, Siyasi Şura üzvlərini də məhz sədr müəyyənləşdirir. Odur ki, partiya funksionerləri siyasi aqibətlərini hər an müəyyənləşdirə biləcək Etibar Məmmədovun nədə düz, nədə səhv olduğunu açıq söyləməkdən çəkinirlər.
Hərçənd Şadman Hüceyn mətbuatdakı son çıxışları ilə bu baryeri aşmaq istiqamətində ciddi addım atıb. Belə ki, o, partiyanın bloklaşma siyasətinə üstünlük verməsinin yolverilməz olduğunu deyir və AXCP ilə müttəfiqliyin AMİP-ə ziyan vuracağını bildirir. Partiya funksionerinin fikrincə, bu saziş sadəcə, cəmiyyətdəki imici korlanmış AXCP "islahatçılar"ının siyasi reabilitasiyasına kömək edəcək.
Təsdiqini tapmış məlumatlara görə, AMİP sədri AXCP ilə bağlı aparılan danışıqları, imzalanacaq sazişin mahiyyətini son günlərədək Siyasi Şura üzvlərindən gizli saxlayıb, daha dəqiqi, onlara hesabat verməyi lazım bilməyib. Şadman Hüseyn də mətbuata açıqlamasında sənəddən bixəbər olduğunu deməklə Etibar Məmmədovun son addımlarına dolayı narazılığını ifadə edib. Məlumatlara görə, Şadman Hüseyn AMİP Siyasi Şurasının bir neçə gün əvvəl keçirilən iclasında da AXCP ilə sazişin əleyhinə çıxıb. Əli Kərimlinin səmimiliyinə inanmadığını deyən Ş.Hüseyn prezidentliyə vahid namizədin bəri başdan müəyyənləşdirilməyəcəyi təqdirdə bu izdivacın uğursuzluğa düçar olacağını iddia edib.
Ümumiyyətlə, isə, birinci dəfə deyil ki, Şadman Hüseyn
AMİP-in strateji kursuna qarşı çıxır. Partiyadan sızan məlumatlara görə, o, indiyə qədər də bir çox məsələlərdə Etibar Məmmədovla razılaşmayıb. AMİP-in cari ilin yanvarında keçirilən təkrar parlament seçkilərində boykot mövqeyi seçməsi də Şadman Hüseynin ürəyincə olmamışdı. O, maliyyə imkanlarına görə seçilən Vaqif Musayevin AMİP-in proporsional siyahısında ikinci yerə salınmasını da etirazla qarşılamışdı. Bundan başqa, hələ AMİP-in Binəqədi rayonunda yerləşən qərargahının həyəti dövrələnərkən, Şadman Hüseyn Etibar Məmmədovdan qərargahı "üzüsulu" təhvil verməyi, şəhərin mərkəzinə köçməyi təklif etmişdi. Və bununla bağlı fikir ayrılığı yaranmışdı.
Partiya "veteranı"nın AMİP-dən kənarda Qərbi azərbaycanlıların müdafiəsi ilə məşğul olacaq yeni təşkilat yaratmasından sonra isə onun fəaliyyətinə qarşı müəyyən şübhələr oyanıb: "Qərbi Azərbaycan" Beynəlxalq Cəmiyyəti üçün kirayələnmiş qərargah iş şəraitinə görə AMİP-in yeni qərargahından heç də geri qalmır. Üstəlik, Siyasi Şura üzvü AMİP-dəki narazılıqlara rəğmən, təkrar seçkilərdə iştirakını istisna etmir və "kimsə qarşımı ala bilməyəcək" deyir.
Müşahidəçilər partiyada baş verənləri mərkəzdənqaçma meyllərinin güclənməsi kimi izah edirlər. Son vaxtlar partiyadan istefa verənlərin əslən Ermənistandan olması AMİP-in sabit elektoratı sayılan Qərbi azərbaycanlıların bu partiyaya etimadının kəskin şəkildə zəiflədiyinə sirayət edir. Partiyada sözügedən bölgənin ən nüfuzlu nümayəndələrindən sayılan Şadman Hüseynin narazılıqlarının hələlik təmkinlə qarşılanması heç də təsadüfi deyil. Bəzi AMİP-çilərin fikrincə, Şadman Hüseynə qarşı hər hansı kampaniya partiya üçün ciddi fəsadlar törədə bilər.
Bununla belə, çox güman ki, təkrar seçkilərdə iştirak barədə qərarı Şadman Hüseynə"baha başa gələcək". Çünki onun
"milli-istiqlalçı" qiyafəsində seçkilərə qatılması AMİP-in müxalifətdəki nüfuzunun sarsılmasına səbəb ola bilər.
AMİP rəhbərliyi kimliyindən asılı olmayaraq seçkidə iştirak edənlərə münasibətin sərt olacağını bildirib. Aşkar görünür ki, Etibar Məmmədov daxildəki narazılıqların təhlükəli həddə çatmaması üçün yenə də repressiv addımlardan yararlanmaqdan çəkinməyəcək.
|