|
|
|
|
#119(343)
|
 |
"Səni tərənnüm edirəm, doğma Azərbaycanım"
Görkəmli sənətkarımız Rəşid Behbudovun xatirə gecəsi keçiriləcək
|
Xəbər verdiyimiz kimi, oktyabrın 13-də "Respublika" sarayında əvəzsiz sənətkarımız Rəşid Behbudova həsr olunmuş təntənəli gecə keçiriləcək. Görkəmli sənətkarın xatirə gecəsində yolu çoxdan bəri gözlənilən 12 diskin təqdimat mərasimi də gerçəkləşəcək.
Xatırladaq ki, "Səni tərənnüm edirəm, doğma Azərbaycanım" adı altında toplanan albomlar bir neçə il öncə Behbudovlar ailəsinin təşəbbüsü sayəsində Türkiyənin yüksək standartlara cavab verən səsyazma studiyalarının birində lentə alınıb.
Bu disklərin təqdimat mərasiminin hansı səbəbdən keçirilməməsinə dönə-dönə toxunduğumuzdan, sadəcə, "keçmiş olsun" deməklə kifayətlənirik. Bu qədər ləngimədən sonra, nəhayət ki, disklərin təqdimatı ən yüksək səviyyədə gerçəkləşəcək.
Hal-hazırda tədbirə hazırlıq görülür. İşin gedişatı barədə bizə məlumat verən Behbudovlar ailəsinin üzvü bildirdi ki, tədbirin rejissoru Eldar Quliyev olacaq. Musiqi tərtibatına isə bəstəkar Səyavuş Kərimi baxacaq. Aparıcılıq missiyası isə Rəşidə Behbudova ilə Müslüm Maqomayevin üzərinə düşəcək.
Behbudovlar ailəsindən onu da söylədilər ki, tədbir zamanı daha iki təqdimat gerçəkləşəcək. Belə ki, "Azərbaycan mədəniyyətinin dostları" fondu "Azərbaycan irsi" jurnalının bir nömrəsini bütünlüklə Rəşid Behbudova həsr edib. Eyni zamanda Rəşid Behbudovun bir diskini də çıxarıb.
Ələvə edək ki, tədbir zamanı korifey sənətkarımızın foto- sərgi də açılacaq. Hazırlanmasına Tahir Tahirovun, Ağarəhim Əliyevin rəhbərlik edəcəyi bu sərgidə Rəşid Behbudovun 200-ə yaxın fotosu toplanacaq. Tədbirin təşkilatçıları ölkəmizin mədəniyyət nazirliyi, "Azərbaycan mədəniyyətinin dostları" fondu və "Rəşid Behbudov" fondudur.
Ölümünü çəkən rəssam
Müslüm Abbasovun fərdi sərgisi açılıb
|
Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycanın görkəmli fırça ustalarından olan istedadlı rəssamımız Müslüm Abbasovun fərdi sərgisi açılıb. Məlumat üçün əvvəlcə rəssam haqqında bildiklərimizi bölüşək.
Müslüm Abbasov Bakıda fəhlə ailəsində anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında davam etdirib. Rəssam yerli, eləcə də beynəlxalq müsabiqələrdə uğurlu iştirakının nəticəsi olaraq, 1989-cu ildə Azərbaycanın incəsənət xadimi adına layiq görülüb.
Dünyanın müxtəlif qalereyalarında - Almaniyada Lüdviqin şəxsi qalereyasında, Tretyakov qalereyasında, Amerikada, İsveçdə, Türkiyədə və digər ölkələrin sərgi salonlarında əsərlərinin fərdi nümayişi keçirilib. Mərhum sənətkarımız Bakıda doğulduğundan şəhərin memarlıq abidələrinə, tarixinə, küçələrin görkəminə, minarələrə yaxşı bələd idi. Bu, onun sərgilənən əsərlərindən də duyulur. Sərgidə 90 əsər nümayiş etdirilirdi. Bunlara Abşeron lövhələri, mənzərələr, natürmortlar daxildir. Dini mövzularda çəkdiyi "Axirət məhkəməsi", "Könüllü özünü qurbanetmə" "İbrahimin doğulması" əsərləri də, mövzuya yanaşma tərzinin özünəməxsusluğu ilə diqqəti cəlb edir. Maraqlı və özlüyündə bir qədər də qəribədir ki, rəssam hətta öz həyatının sonunu göstərən əsərini də çəkib. Sərginin qrafika bölməsində isə mərhum sənətkarımız, əsasən, Şərq poeziyasının klassik nümayəndələrinin - Firdovsinin, Nizaminin, Fizulinin obrazını yaratmağa çalışıb. Sərgi rəssamın dünyagörüşünün də qəribə, adət etmədiyimiz çalarlarından xəbər verir. Belə ki, müəllif əsərlərində məişət əşyalarını heyvan şəklində, heyvanları, xüsusən də bayquşları insan şəklində təsvir edib.
Sonda əlavə edək ki, Müslüm Abbasovun əsərləri indiyədək Böyük Britaniya, Moskvada Şərq xalqları muzeyi, Almaniyanın qalereyaları, Yaponiya, Türkiyə muzeyləri tərəfindən alınıb.
Sərgi bir həftə davam edəcək.
|