İş günü

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Mədəniyyət
Əyləncə
Kriminal
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#119(343)
"Eurorean Tobacco - Baku"da qalmaqal
Müəssisənin rəhərliyi ittihamların əksinə olaraq, heç bir qanunsuzluqla məşğul olmadıqlarını bəyan edir

Xəbər verildiyi kimi, "Eurorean Tobacco - Baku" Açıq Tipli Səhmdar Cəmiyyətinin (keçmiş Bakı tütün fabriki) bir qrup səhmdarı ilə müəssisənin rəhbərliyi arasında qalmaqal yaranıb. Şikayətçilərin sözlərinə görə, fabrik rəhbərliyi istehsalın real göstəricilərini 2 dəfə azaldır. Səhmdarlar bunun əsasında isə onlara divident verməkdən imtina etmək məqsədinin dayandığını iddia edirlər. Səhmdarların söylədiyinə görə, "Eurorean Tobacco - Baku" il ərzində 5 milyard ədəd siqaret istehsal edir, ancaq statistik göstəricilər tərtib olunarkən bu rəqəmlər azaldılır. İxrac adı altında buraxılan malların respublika ərazisini adlamadığını söyləyən səhmdarlar fabrikə aksiz markası ilə də bağlı ittihamlar irəli sürüblər. Onlar "Eurorean Tobacco- Baku"nun aksiz markası olmayan siqaretlər buraxdığını və eyni nömrələrdən, istehsal tarixi 1999-cu il göstərilən aksiz markalarından istifadə etdiklərini söyləyirlər.
Xatırladaq ki, "Eurorean Tobacco - Baku" tütün fabriki 1999-cu ildə Bakı Tütün Fabrikinin bazasında yaradılıb. Tender yolu ilə keçirilən müsabiqədə "Sorex" firması qalib gəlib. Fabrikə 49,8 milyon dollar investisiya qoyulub və hazırda 22 adda siqaret istehsal olunur.
İnformasiya agentliklərinin yaydığı məlumata görə, dünən şikayətçilər fabrikin qarşısında etiraz piketi keçirəcəkdilər. Lakin dünən saat 16 radələrinə qədər orada piketçilərdən heç kimi müşahidə edə bilmədik. Şikayətçilərin mövqeyi aydın olduğundan, əks tərəflə - "Eurorean Tobacco - Baku"nun mətbuat xidmətinin rəhbəri Şair Abdullayevlə və idarə heyətinin sədr köməkçisi İlham İbrahimovla görüşdük. İlham İbrahimovun sözlərinə görə, onlarda etiraz aksiyasının keçirilməsi ilə bağlı heç bir məlumat yoxdur.
Sədr köməkçisi ümumilikdə fabrikdə 650 nəfərin çalışdığını və 250-300 nəfər imtiyazlının ayda 170 min manat məvacib aldığını bildirdi. Ş.Abdullayevin sözlərinə görə, səhmdarların sayı 817 nəfərdir. Mətbuat xidmətinin rəhbəri qeyd etdi ki, dünən səhmdarların 5 nəfəri ilə fabrik rəhbərliyi söhbət edib. Ş.Abdullayev bildirdi ki, 90 nəfərə yaxın səhmdarın fabrikə qarşı irəli sürdüyü bütün ittihamlar saxtadır və heç bir əsası yoxdur. Onların rəhbərliyə şifahi və yazılı şəkildə müraciət etmədiklərini qeyd edən mətbuat xidmətinin rəhbəri bu yaxınlarda iclas keçirməyə hazırlaşdıqlarını bəyanladı. O bu məqsədlə səhmdarların ünvanlarının dəqiqləşdirildiyini, iclasla bağlı əvvəlcədən onlara teleqram vurulacağını dedi. Ş.Abdullaynv 90 nəfər səhmdarın mətbuata müraciətini tələskənlik kimi qiymətləndirdi. "Əgər bizə müraciət etsəydilər, onların şikayətlərinə baxılmasaydı bu addımı atardılar". Fabrikin açıq tipli səhmdar cəmiyyəti olduğunu vurğulayan Ş.Abdullayev bu məsələlərin əvvəlcə rəhbərlik səviyyəsində həllinin gərəkliyini vurğuladı. İ.İbrahimovun sözlərinə görə, fabrik ötən müddət ərzində mənfəət əldə edə bilmədiyindən səhmdarlara divident də verə bilməyib. O, əldə olunan qazancın fabrikin yenidən qurulması üçün alınan 60 milyon dollar kreditin və digər yatırımların qaytarılmasına sərf olunduğunu və bunun üçün uzun müddət vaxt tələb edildiyini bildirdi: "Fabrikin tikintisi iki ilə planlaşdırılsa da, 4 aya təhvil verildi. Bu çox böyük məbləğdə vəsait hesabına başa gəlib". O, divident qalmaqalının kimlərəsə lazım olduğunu vurğulayaraq, keçirəcəkləri iclas zamanı bütün sənədlərin səhmdarların qarşısına qoyulacağını bildirdi. "Divident illik olur. Auditorların fabrikdə apardıqları yoxlamaların nəticəsinə görə, ötən il fabrikin mənfəəti olmayıb. Bu ilin sonunda auditorlar yoxlama aparacaq. Aksionerlər nəticədən asılı olaraq, nəyəsə iddia edə bilərlər" deyən İ.İbrahimov gəlirlə mənfəət anlayışları arasında böyük fərq olduğunu dedi. Ş.Abdullayev ixracla bağlı bildirdi ki, indiyə qədər 8,54 milyon dollar dəyərində MDB ölkələrinə, Türkiyəyə, Monqolustan, Pakistan, Birləşmiş Ərəb Əmirliklərinə və digər dövlətlərə siqaret ixrac olunub. Dövlət büdcəsinə 94 milyard manatdan çox vəsait ödənilib.
Ş.Abdullayev bildirdi ki, fabrikin durumu ildə 50-60 ton tütün doğrayıb satmağa imkan vermədiyindən, bu rəqəm 40 tonu keçə bilmir. Ona görə də aksionerlər istehsal olunan siqaretlərin sayını şişirdirlər. Aksiz markası olmayan siqaretlər buraxdıqlarını bildirən mətbuat attaşesi bu malların xaricə ixrac olunduğunu və qanunvericiliyə uyğun olaraq onlara aksiz markası vurulmadığını bildirdi. Köhnədən qalma eyni nömrəli aksiz markalarından istifadə etməklərinin səbəbini isə belə izah etdi ki, həmin markalar dövlət tərəfindən sifariş olunub və nə ədər sifariş edilibsə istifadə edilməlidir. O, bununla bağlı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Maliyyə Nazirliyinin xəbəri olduğunu söylədi. Yeni adda siqaretlərin istehsalını ictimaiyyətdən gizlətmədiklərini bildirən Ş.Abdullayev 2-3 gün əvvəl "Bakı" və "Bakı Treydinq" adlı siqaretlərin satışa çıxarıldığını söylədi.
Ş.Abdullayev dedi ki, lazım gələrsə, səhmdarların fabrikin rəhbərliyinə qarşı yönəldilmiş ittihamları ilə əlaqədar məhkəməyə müraciət edəcəklər. "Çünki orada udulmamalı bir şey yoxdur".
Mətbuat xidmətinin rəhbərinin fikrincə, KİV-ə çıxarılan bu əsassız ittihamlar uzun müddət fabrikdə işləyən, indi isə işsiz qalanların qəlblərindəki kinin təcəssümüdür.

Türkiyə Azərbaycandan borcunu tələb edir
Qədri Ecvet Tezcan: borcun silinməsindən söhbət belə gedə bilməz

Yaxın vaxtlarda baş nazirin müavini Abid Şərifovun başçılıq etdiyi hökumət nümayəndə heyəti Türkiyəyə yola düşəcək. Səfərdə əsas məqsəd 1994-cü ildə Türkiyə Eksimbankının Azərbaycana ayırdığı kreditlərin taleyi ilə bağlı danışıqların davam etdirilməsidir. Bu barədə məlumat verən Türkiyənin respublikamızdakı səfiri Qədri Ecvet Tezcan bildirib ki, səfər əvvəlcə sentyabrın sonlarına planlaşdırılsa da, çox güman ki, həmin səfər oktyabrın əvvəlindən tez olmayaraq baş tutacaq.
Burada səfərin müddəti elə də böyük rol oynamır. Əsas odur ki, müzakirə edilən məsələlər üzrə razılıq əldə olunsun. Qeyd edək ki, danışıqlarda Eksimbanka olan borcla yanaşı, digər məsələlər də müzakirə olunacaq. Onların arasında Türkiyənin müəssisələrində emal olunmaq üçün Naxçıvandan meyvə və tərəvəzlərin alınmasıdır.
Naxçıvandakı problemi həll etmək üçün Türkiyə tərəfinin iştirakı ilə daha geniş müzakirələrin keçirilməsi planlaşdırılır. Naxçıvandan alınacaq kənd təsərrüfatı məhsulları - xüsusilə üzümlə bağlı sazişin imzalanması üçün sənədlərin hazırlanması tələb olunur.
Bu məsələdən çıxış etsək, onda Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfərinin yubadılmasını yaxşılığa yozmaq olar. O ki qaldı Azərbaycanın Türkiyəyə olan borcuna, bununla bağlı səfir bildirir ki, ən əvvəl həmin borcun mövcudluğunu etiraf etmək lazımdır, sonra onun qaytarılması mexanizmini müəyyənləşdirəsən. Qədri Ecvet Tezcan hesab edir ki, borcun silinməsindən söhbət belə gedə bilməz. Sadəcə, borcun restrukturlaşdırılması və qaytarılma müddətinin 10-20 il uzadılması barədə razılığa gəlmək olar.
Çünki Azərbaycanın təkcə Eksimbanka olan 74 milyon dollardan əlavə, 1992-ci ildən Türkiyənin Naxçıvana verdiyi elektrik enerjisi ilə bağlı 50 milyon dollardan artıq borc yığılıb qalıb.
Maliyyə Nazirliyindəki mənbələrdən əldə olunan məlumata görə, son vaxtlar Türkiyə 1994-95-ci illərdə Azərbaycana verdiyi 20 milyon dollar dəyərində taxılla bağlı iddia ilə çıxış edir. Türkiyənin belə bir siyasət yeritməsi həmin dövlətdə baş vermiş maliyyə böhranı ilə əlaqədardır. Mənbə bildirir ki, əgər əvvəllər Eksimbanka olan borcun 48 milyon dollarının silinməsi və yerdə qalan hissənin restrukturlaşdırılması ehtimalı var idisə, indiki böhran şəraitində bu da mümkün deyil. Əgər Türkiyə hökuməti buna getsə də həmin dövlətin parlamentinin həmin qərarı ratifikasiya edəcəyi ehtimalı çox azdır. Yalnız ona ümid etmək olar ki, gələcəkdə həmin kreditləri Bakı-Tbilisi-Ceyhan və "Şahdəniz" layihələrinin reallaşacağı zaman qaytarmaq mümkün olacaq.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd