Xəbər

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Mədəniyyət
Əyləncə
Kriminal
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#119(343)
Ermənilərə sərt cavab
AŞ Nazirlər Komitəsinin sədri Ernest Volç: "Dağlıq Qarabağda etnik təmizləmə aparmış separatçı rejimin keçirdiyi seçki heç vaxt qanuni sayıla bilməz"

Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Azərbaycan heyətinin məqsədyönlü fəaliyyəti qarşısında aciz qalan Ermənistan deputatları revanş götürməyə cəhd ediblər. Dünən axşam AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Səməd Seyidovun "Lider TV"yə verdiyi məlumata görə, erməni heyətinin başçısı Ovanes Ovanesyan AŞ Nazirlər Komitəsinə sorğu ilə müraciət edərək sentyabrın 5-də Dağlıq Qarabağda keçirilmiş "yerli özünüidarə orqanlarına seçkilərin" niyə qeyri-legitim sayılmasına cavab istəyib.
Xatırladaq ki, AŞ rəhbərliyi xüsusi bəyanatla çıxış edərək Dağlıq Qarabağdakı separatçı rejimi bu seçkiləri keçirməməyə çağırmışdı. Ermənistan bu faktla razılaşmayaraq payız sessiyasında həmin münasibəti dəyişəcəyinə əmin idi. Lakin AŞ Nazirlər Komitəsinin ermənilərə cavabı sözügedən bəyanatdan daha sərt oldu. Komitənin fəaliyyətdə olan sədri, Lixtenşteynin xarici işlər naziri Ernest Volç sorğuya cavab olaraq bəyan edib ki, həmin seçkilər heç bir halda qanuni sayıla bilməz. Nazirlər Komitəsi sədri öz fikrini üç mühüm səbəblə əsaslandırıb. Birincisi, Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhali oradan tamamilə qovulduğuna görə bu seçki legitim hesab oluna bilməz. İkincisi, Dağlıq Qarabağ Azərbaycanın tərkibində olduğuna görə oradakı bütün seçkilər də Azərbaycanın mərkəzi seçki orqanı tərəfindən təşkil olunmalıdır. Nəhayət, üçüncüsü, münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar getdiyi bir vaxtda bu seçkilərin keçirilməsi sülh prosesinə əngəl törədir. AŞ Nazirlər Komitəsi sədrinin bəyanatı Assambleyada ciddi rezonans doğurmaqla yanaşı, bu mötəbər qurumda Azərbaycanın mövqeyinin gücləndiyini bir daha sübutladı. S.Seyidovun bildirdiyinə görə, sessiyada Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərə riayət etməsinə dair hesabat da müsbət dəyərləndirilib. Hesabatda vurğulanır ki, Azərbaycan AŞ qarşısında öhdəliklərinə vaxtlı-vaxtında yerinə yetirir və demokratik inkişaf yolunda ardıcıl iş aparır.

Ben Ladeni rus mafiyası silahlandırır
ABŞ kəşfiyyatı bu barədə sensaion məlumat alıb

ABŞ kəşfiyyat orqanlarının əldə etdiyi sensasion məlumata görə, Üsəma ben Laden və onun "Əl-Kaeda" terrorçu qruplaşmasının üzvləri rus mafiyasından kütləvi qırğın silahları komponentləri alır. Bu barədə "The Washington Times" qəzetinin müxbiri Billa Qertsin məqaləsində bildirilir.
Onun məlumatına görə, ben Laden ruslardan kimyəvi, bakterioloji və nüvə silahları istehsalı üçün materiallar alıb. Terrorizmlə mübarizə üzrə mütəxəssis, ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Larri Conston "Washington Times"a müsahibəsində bildirib ki, "Əl-Kaeda"nın rus mafiyası ilə ilə əlaqələri narkobiznesdən başlayıb. Öncə ruslar ben Ladendən ucuz əfqan tiryəki almaqla məşğul olub. Getdikcə bu əməkdaşlıq inkişaf edib və rus cinayətkar qruplaşmaları ben Ladenin təşkilatlarına silah, sonra isə kütləvi qırğın silahları komponentləri göndərməyə başlayıb. Qəzetin məlumatına görə, Rusiyadan Əfqanıstana göndərilən zəhərli maddələr sərhəddə böyük problem yaratmır.
Bildirilir ki, Səudiyyə terrorçusu Əfqanıstan ərazisində zəhərli maddələr istehsalını təşkil etməyə cəhd göstərir. Bundan başqa, mənbənin məlumatına görə, ben Ladenin Əfqanıstanda gizli nüvə silahı laboratoriyası var. Bir neçə ildir ki, bir nömrəli terrorçunun adamları uran əldə etməyə çalışır, lakin xüsusi xidmət orqanları onların buna nail ola bilmədiyini qeyd edir.
1998-ci ildə Rusiya xüsusi xidmət orqanları ben Ladenin nəzarətində olan Pakistanın bir firmasına uran satışına cəhdin qarşısını alıb.

Parlament gülləbaran edildi
İsveçrədə yerli qanunverici orqana silah basqın nəticəsində 11 deputat öldürülüb

İsveçrənin Zuq kantonunun yerli qanunverici orqanına edilən silahlı basqın nəticəsində 14 nəfərin öldürüldüyü bildirilir.
Cinayəti törədən Sürix sakininin psixi cəhətdən sağlam olmadığı ehtimal edilir. Avtomatik mexanizmli bir karabin, dörd tapança və bir neçə qumbara ilə silahlanmış, polis uniforması geyinmiş qatil qurbanlarını parlamentin iclas salonunda haqlayıb. O salona girərək deputatları söyüb, bir jurnalistlə əlbəyaxa olub, daha sonra zaldakılara karabindən atəş açmağa, qumbara atmağa başlayıb. Döyüş sursatı tükənəndə qatil intihar edib. Cinayətkarın üstündən tapılan kağızın araşdırılması göstərir ki, qatil bu addımı onun şikayət ərizəsinə baxmayan parlamentarların əlindən bezdiyi üçün atıb. Paytaxt Berndə bildiriblər ki, öldürülənlərdən 11-i yerli parlamentar, 3-ü isə hökumət nümayəndəsidir. Bomba partlayışı hadisə yerində yanğına səbəb olub.

Çin Ermənistanı məyus edib
Rəsmi Pekin Yerevana silah-sursat satışını qadağan edib

"Biz Çinin Ermənistana silah satması faktını Azərbaycan mətbuatı həmin məlumatı yayandan 4 ay əvvəl aşkarlamışdıq. Bunu öz imkanlarımız hesabına dəqiqləşdirdik və Çinin Ermənistana nə qədər, hansı növ silah satmasının müəyyənləşdirdik. Hətta silahların nə cür, hansı reyslə Ermənistana göndərildiyini də bilirdik". Azərbaycanın Çindəki keçmiş səfiri Tamerlan Qarayev son açıqlamasında belə dedi.
Keçmiş səfirin sözlərinə görə, həmin məlumatı dəqiqləşdirəndən dərhal sonra rəsmi Bakıya xəbər veriblər: "Hətta həmin silahların kataloqunu belə, əldə edib onu Azərbaycana göndərdik. Təbii ki, Çinin Azərbaycana silah satması bizi narahat etməyə bilməzdi. Elə buna görə də, rəsmi Pekin səviyyəsində görüşlər keçirib narahatçılığımızı onlara bildirdik. Hətta bir nəfər zarafatla dedi ki, bu, bazardır, istəyirsinizsə, sizə də sataq. Amma sonra onlar Azərbaycana dost münasibət bəslədiklərini bir daha sübut etdilər. Sonra bizə məlumat daxil oldu ki, dövlət rəhbərliyi səviyyəsində iclas çağırılıb və qəti şəkildə tapşırıq verilib ki, Ermənistana həmin silahların satışı qadağan edilsin. Və belə də oldu. Təsəvvür edin ki, Ermənistanın aldığı həmin silahlar artıq "metalloma" (metal tullantısı - C) dönüb".
Müdafiə nazirinin keçmiş müavini, polkovnik İsa Sadıqov Çinin bu addımının beynəlxalq normalara uyğun olduğunu dedi. Onun sözlərinə görə, Çində silah satışı ilə ayrı-ayrı şirkətlər, iri kampaniyalar məşğul olur: "Mümkündür ki, rəsmi Bakı Ermənistanın Azərbaycanla müharibə vəziyyətində olması ilə bağlı məsələ qaldırandan sonra rəsmi Pekin belə bir göstəriş versin. Əgər bu, həqiqətən də Tamerlan Qarayevin dediyi kimidirsə, mən bunu ürəkdən alqışlayıram. Bu, çox uğurlu bir hadisədir".

Qürbətin yolu açıq...
Keçən il Azərbaycandan 9967 nəfər mühacirət edib

Dünən "Nyatt Par" otelində Beynəlxalq Miqrasiya Təşkilatının (BMT) Azərbaycanda miqrasiyanın araşdırılması və tənzimlənməsinə dair hesabatının prezentasiyası keçirilib.
Gürcüstan dağlarında özlərinə sığanacaq tapan çeçen döyüşçüləri ətrafında yaranmış gərgin durum istənilən anda hərbi əməliyyatların bərpasına rəvac verə bilər. Qiyamçı Abxaziya rəhbərliyi iddia edir ki, gürcülər çeçenləri himayə etməyin müqabilində, onları abxazlarla üz-üzə qoymaq istəyirlər.
Azərbaycanda BMT missiyasının başçısı Yost van der Alst bildirib ki, son vaxtlar miqrasiya mühüm problemlərdən birinə çevrilib. Əsasən bu, tənzimlənməyən, gizli miqrasiyaya aiddir. O qeyd edib ki, Azərbaycanın öz qanunvericilik aktlarına miqrasiya məsələlərilə bağlı müvafiq dəyişikliklər etməsinin vaxtı çatıb. Öz növbəsində Azərbaycanda BMT milli milli proqramının rəhbəri Aydın Şirinov bildirib ki, 1991-97-ci illərdə ölkəni leqal şəkildə 272 min nəfər tərk edib. Onun sözlərinə görə, bu günədək Azərbaycanda miqrasiyanın səviyyəsi yüksək qalır. Gedənlər əsasən 20-40 yaş arasında olanlardır. Emiqrasiyanın əsas səbəbi siyasi deyil, etnik motivlər, iqtisadi problem xarakterlidir. 2000-ci ildə Azərbaycandan 9967 nəfər mühacirət edib.
BMT-nin apardığı sorğunun nəticələri göstərib ki, kənd yerlərində yaşayan əhali arasında da miqrasiyaya maraq artır. Azərbaycan vətəndaşları əsasən qərb ölkələrinə getməyə üstünlük verir. Sorğu iştirakçıları yaşamaq üçün münasib olan 39 ölkədən Almaniya, Niderland, Türkiyə və ABŞ-a daha çox üstünlük verib. A.Şirinovun sözlərinə görə, Azərbaycanda tənzimlənməyən miqrasiya problemi ölkə hökumətini narahat edir, sözügedən hesabat isə konkret tövsiyələri təklif nəzərdə tutur.
Təqdimat mərasimində çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri İlham Rəhimov hesabatın bir neçə bəndi ilə razılaşmadığını bildirib. O, Azərbaycanda genişmiqyaslı korrupsiya olması və hüquq sisteminin qeyri-effektivliyi barədə müddəaları tamamilə əsassız sayıb.

VBP-ni ofisdən kim çıxarır?
Bu məsələdə "siyasi motiv" axtaranlar yanılıblar

Sabir Hacıyevin rəhbərlik etdiyi Vətəndaş Birliyi Partiyasının (VBP) qərargahı ilə bağlı məsələ "siyasi" deyil, iqtisadi məsələdir. Dünən "Turan" agentliyinin məlumatlı mənbələrə istinadən yayıdığı xəbər də bunu təsdiqləyir.
Xəbərdə bildirilir ki, VBP-nin paytaxtın Ə.Ələsgərov küçəsində icarəyə götürdüyü ikimərtəbəli möhtəşəm bina sahibkar Fazil İsrafilovun mülkiyyətinə aiddir. Yasamal rayonu məhkəməsindən verilən məlumata görə isə, hazırda F.İsrafilov Amerikanın "21-st Century Surrly Corr.-Intersect" şirkətinin iddiası əsasında aparılan işdə cavabdeh qismində çıxış edir. ABŞ şirkəti sahibkarın 1998-1999-cu illərdə ondan aldığı ətə görə yığılan 947 min dollar məbləğində borcu ödəməkdən boyun qaçırdığını iddia edir. İddia ilə bağlı işə baxan hakim F.İsrafilovun və onun ailəsinin bütün əmlakına həbs qoyub. Bu siyahıda isə VBP-nin icarə etdiyi bina da var. Deyilənə görə, hazırda VBP-nı qərargahdan məhz F. İsrafilov polisin gücü ilə çıxarmaq istəyir ki, sonra da həbs altında olan binanı satsın. "Turan" məsələyə aydınlıq gətirmək üçün F.İsrafilovla da əlaqə saxlayıb. O öz növbəsində deyilənləri "qurama" adlandırıb və qeyd edib ki, həmin bina heç zaman VBP-yə icarəyə verilməyib. "Bu bina fiziki şəxsə icarəyə verilib, həmin adam isə müqavilənin şərtlərini pozaraq, oranı VBP-yə verib," - deyən F.İsrafilov ofisi satmaq istəmədiyini, həmçinin icarə müddətinin başa çatmasına isə hələ bir ay qaldığını bildirib. Sahibkar Yasamal məhkəməsində Amerika şirkətinin ona qarşı apardığı prosesi uydurma adlandırıb və ədalətin tezliklə qələbə çalacağını vurğulayıb..
F.İsrafilovun sözlərinə görə, "hazırkı icarə müqaviləsini imzalayan şəxs Yasamal Polis İdarəsinin 27-ci bölməsinə müraciət edərək, VBP-nin həmin ofisdən çıxarılmasına yardımçı olmağı xahiş edib."

"907-ci düzəliş" ləğv edilə bilər...
Mübariz Qurbanlı: "Senator Sen Braunbekin qaldırdığı təşəbbüs ABŞ Konqresində dəstəklənəcək"

Əfqanıstanda antiterror əməliyyatlarına başlamaq niyyətində olan ABŞ-ın Hindistan və Pakistana qarşı sanksiyaları götürməsi siyasi dairələrdə birmənalı qarşılanmayıb. Bəzi analitiklərin fikrincə, rəsmi Vaşinqtonun xarici siyasətində müşahidə olunan dəyişikliklər "Azadlığı Müdafiə aktı"na 907-ci düzəlişin ləğvini də istisna etmir.
Bu arada isə ABŞ-dakı "Erməni Milli Komitəsi" təşvişlə Azərbaycan diasporasının bu istiqamətdə fəallaşdığı barədə xəbər yayıb. Bildirilir ki, Əfqanıstanda keçiriləcək antiterror əməliyyatlarında ABŞ-a öz köməyini təklif edən rəsmi Bakı bunun müqabilində üzləşdiyi sanksiyanın aradan qaldırılmasına çalışır. Eyni zamanda, məlumatlarda bildirilir ki, uzun illər "907-ci düzəliş"in ləğvi təşəbbüsü ilə çıxış edən senator Sen Braunbek yenidən bu məsələnin üzərinə qayıdıb. Və təklif yaxın zamanlarda yenidən Konqresin müzakirəsinə çıxarıla bilər.
YAP icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da bu fikirdədir ki, artıq rəsmi Vaşinqton "907-ci düzəliş"in qüvvədə saxlanılmasının Azərbaycana qarşı ədalətsizlik olduğunu başa düşür: "Çünki təcavüzə məruz qalan, ərazisi işğal olunan Ermənistan yox, bizik. Təbii ki, biz müharibə apardığımız dövlətlə bütün kommunikasiya sistemini kəsməliydik".
Mübariz Qurbanlının fikrincə, Sen Braunbekin "907-ci düzəliş"in ləğvi ilə bağlı təklifi ABŞ Konqresində də dəstəklənəcək: "Senator Sen Braunbek Azərbaycana bu məsələdə əvvəllər də dəstək verib. Təəssüf ki, onun bir neçə müddət əvvəl tarixi "İpək Yolu"nun bərpası ilə bağlı hazırladığı qanun layihəsi erməni lobbisinin təsiri ilə Konqresdə lazımi qədər səs almadı. "907-ci düzəliş"in ləğvi üçün o zaman cəmi 20 səs çatmadı. Ancaq ABŞ-da baş vermiş hadisələr Konqresdə erməni lobbisinin təsiri altına düşənləri bir növ oyatdı. Konqresmenlər başa düşürlər ki, ikili yanaşmalar ABŞ-ın bölgədəki nüfuzuna, dünya siyasətinə mənfi təsir göstərir. Ona görə də "907-ci düzəliş"in ləğvi Konqresdə dəstəklənəcək".

Dağıstan baş naziri Bakıya gəlir

Dağıstan Bakıdakı nümayəndəliyindən alınan bilgiyə görə, oktyabrın 3-4-ü Dağıstan Respublikası hökumət başçısı Xizri Şixsaidovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir. Azərbaycan tərəfin dəvətilə həyata keçirilən səfər zamanı X.Şixsaidovu Dağıstanın bir sıra nazirlik nümayəndələrinin müşayiət edəcəyi bildirilir.
Bakıdakı təmaslar çərçivəsində Azərbaycan Rusiya və Dağıstanın maraqlarını əks etdirən ikitərəfli münasibətlər, iqtisadi, mədəni əlaqələr, şimal sərhədlərimizdəki vəziyyət, axtarışda olan cinayətkarların qarşılıqlı təhvili və s. məsələlərin müzakirə olacağı gözlənilir. Səfərin proqramı bu günlərdə dəqiqləşdiriləcək.

Rumıniyaya səfər noyabrda baş tutacaq

Azərbaycan səfirinin Rumıniyaya rəsmi səfəri, çox güman ki, noyabrın ikinci yarısında baş tutacaq. "Media-Press" bu xəbəri Rumıniyanın ölkəmizdəki səfiri Təhsin Cəmilə istinadən yayıb. Onun sözlərinə görə, səfər zamanı aparılacaq danışıqlarda Azərbaycan neftinin Rumıniya ərazisindən nəqli məsələsinə də baxılacaq. Səfir həmçinin bildirib ki, "İkiqat vergiqoymanın ləğvi haqqında" və "İnvestisiyaların qorunması və həvəsləndirilməsi haqqında" hökumətlərarası sazişlər imzalanmaya hazırdır. Rumıniya ilə Azərbaycan arasında siyasi əlaqələrin uğurla inkişaf etməsinə baxmayaraq, ticarət-iqtisadi əməkdaşlığın səviyyəsi hələ arzu olunan səviyyədə deyil. Ötən il iki ölkə arasında əmtəə dövriyyəsi 5 milyon dollardan az olub. Halbuki Rumıniya ilə Gürcüstan arasında əmtəə dövriyyəsinin həcmi 50-60 milyon dollara çatır.

Tərtərdə monitorinq keçiriləcək

Sentyabrın 28-də Ermənistan-Azərbaycan münaqişəsinin təmas xəttində ATƏT-in növbəti monitorinqi keçiriləcək. Bu dəfə monitorinq Tərtər rayonunda olacaq. ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik monitorinqdə erməni tərəfdən iştirak edəcək. Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

"Əlikram Hümbətov cəzasını almalıdır"
Çingiz Qənizadə: "Cəmiyyətdə elə bir yanlış fikir formalaşır ki, siyasi məhbuslar mütləq evində olmalıdır"

Avropa Şurası Parlament Assambleyasından (AŞ PA) Azərbaycana növbəti xoş xəbər gəlib. Qurumun növbəti açıqlamasında göstərilir ki, Azərbaycanda qanunvericilik və insan hüquqları sahəsində ciddi irəliləyişlər əldə edilib, Konstitusiyaya və qanunlara insan hüquqlarını əks etdirən bəndlər salınıb:
- Məndə olan məlumata görə, Avropa Şurası Nazirlər Komitəsinin qərarında göstərilir ki, Azərbavycanda üç siyasi məhbus var. Onlar siyahıda Əlikram Hümbətov, Rəhim Qazıyev və İsgəndər Həmidovun adını göstərib.

Əksinə, Gültəkin Hacıyeva Strasburqdan məlumat verib ki, insan hüquqları, qancunvericilik sahəsində irəliləyişlər AŞ-ni qane edib.

- Açığı, AŞ-nin Azərbaycanda insan hüquqları, ümumiyyətlə, vəziyyətlə bağlı açıqlamasını hələ oxumamışam. Ona görə də deyə bilmərəm ki, həqiqətən də belə bir sənəd olub, ya yox. Hesab edirəm ki, onlar bu irəliləyişlər deyəndə əfv fərmanlarını nəzərdə tuturlar. Ola bilər ki, bu, irəliyə doğru bir addım kimi göstərilsin.

Bayaq bildirdiniz ki, AŞ Azərbaycanda siyasi məhbusların olduğunu deyib və konkret olaraq Əlikram Hümbətovun və s. adını çəkib. Ümumiyyətlə, Əlikram Hümbətovu siyasi məhbus kimi qəbul edirsiniz?

- Bu, bizim tanıyıb-tanımamağımızdan asılı deyil. Beynəlxalq norma var və bunun əsasında da həm AŞ, həm də BMT fəaliyyət göstərir. Orda da yazılır ki, fərdin əməllərində siyasi motivlər varsa, o, siyasi məhbus sayılır. Amma siyasi məhbus o demək deyil ki, həmin şəxs mütləq azadlıqda olmalıdır. Elə ola bilər ki, biri siyasi məhbusdur və ömürlük həbs cəzasına məhkum edilib. Söhbət həmin siyasi məhbusların azadlığa çıxması uğrunda hüquq müdafiə təşkilatlarının mübarizə aparıb-aparmamasından gedir.

Əlikram Hümbətovla bağlı suala cavab vermədiniz...

- Bəli, mən onu siyasi məhbus hesab edirəm. Çünki o, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına cəhdlər göstərib, ərazi toxunulmazlığımıza qəsd edib. Bundan sonra o, qondarma Talış Muğan Respublikasını elan etdi. Hətta Əlikram Hümbətov qondarma TMP-ni Rusiya ilə birləşdirmək istəyirdi. Amma bununla belə, mən heç vaxt Əlikram Hümbətovun azadlığa buraxılması üçün mübarizə apara bilmərəm. Sadəcə olaraq biz istəyirik ki, layiqli cəzasını çəkdiyi zaman ona qarşı qanunsuz hərəkətlərə yol verilməsin.

Siyasi məhbus siyasi baxışlarına görə həbs edilən şəxslərə deyilir. Amma Əlikram Hümbətovun əməllərində sırf cinayət tərkibi var.

- Düzdür, o, siyasi baxışlarına yox, cinayət əməllərinə görə həbs edilib. Amma əməlin tərkibində müəyyən siyasi motivlər var. Biz istəyirik ki, Rəhim Qazıyevin məhkəmə prosesi keçirilsin. O, məhkəmədə özünü müdafiə edə bilməsə, məhkəmə belə hesab etsə ki, həqiqətən də onun əməllərində cinayət tərkibi var, onda gedib cəzasını çəkməlidir, çox da ki, siyasi məhbusdur. Bundan sonra heç kim deyə bilməz ki, o, azadlığa buraxılmalıdır. Və yaxud, biri gəlib Bakıda metro partladırsa və özünü siyasi məhbus sayırsa, kim onu müdafiə edə bilər? Bizim bəzi hüquq müdafiəçilərimiz tam araşdırma aparmadan fikir söyləyirlər. Və buna görə də cəmiyyətdə elə bir fikir formalaşır ki, siyasi məhbuslar mütləq evində olmalıdır. Xeyir, siyasi məhbus cinayət törədibsə, əməlində cinayət tərkibi varsa, o, mütləq həbsxanada olmalıdır, cəzasını çəkməlidir. Heç kim onu müdafiə edə bilməz. Hesab edirəm ki, Əlikram Hümbətov cinayətkardır və cəzasını almalıdır. Hesab edirəm ki, bütün bu məsələlərə görə, AŞ Azərbaycana qarşı mövqeyində müəyyən dəyişklik edə bilər.

Gələn ay Azərbaycan prezidentinin növbəti əfv fərmanı imzalayacağı gözlənilir. Növbəti siyahıya tanınmış məhbuslardan kiminsə adı salınıb?

- Biz belə qərara gəlmişik ki, bu məsələdə konkret ad çəkməyək. Çünki həmin məhbusların ailə üzvləri sonra bizə müraciət edib deyir ki, əvvəlcədən ad çəkdiyimizə görə, filankəsləri azadlığa buraxmadılar, hətta həbsxanada müəyyən təzyiqlər oldu. Ona görə də bu dəfə konkret ad çəkməyəcəyik.

Sizcə, Avropa Şurası ilə əməkdaşlıq insan hüquqlarının qorunması baxımından Azərbaycana nə verə bilər?

- Bu əməkdaşlıq Azərbaycana çox şey verəcək. Azərbaycanın AŞ-yə üzv olması üçün qanunlarda müəyyən müsbət dəyişikliklər edildi. Biz demokratik əsaslara söykənən qanunların qəbul edilməsi üçün öz təkliflərimizi verdik, müxtəlif görüşlər keçirdik. Nəticədə də qanunlarda xeyli dəyişikliklər oldu. O baxımdan hüquq müdafiə təşkilatları Azərbaycanda hüqui və demokrtik cəmiyyətin qurulmasına, insan haqlarına hörmət edilməsinə xeyli təsir göstərə bilib.

Sizcə, bir-birini ən ağır məsələlərdə ittiham edən hüquq müdafiə təşklitlarının rəhbərlərindən Hüquqi və demokrtik cəmiyyətin qurulmasında, insan haqlarına hörmət edilməsində nə gözləmək olar? Arzu Abdullayeva ilə Yeyla Yunusu nəzrədə tuturam...

- Bu, çox acı və təəssüf doğuran haldır. 20 gün əvvəl Arzu Abdullayeva, Leyla Yunus və Novella Cəfərova da daxil olmaqla üzdə olan hüquq müdafiə təşkilatlarının rəhbərlərini öz ofisimə topladım. Və sırf mətbuatdan kənar və tam qapalı şəraitdə birliyə və həmrəyliyə nail olmaq üçün görüş keçirdik. Çox təəssüf ki, mənim həmin səyim nəticəsiz qaldı. Görüşün üstündən bir müddət ötməmiş Arzu xanımla Yeyla Yunus bir-birini ittiham etməyə başladılar. Hətta siyasi məhbusların siyahısının hazırlanmasında da bu təşkilatların arasında ciddi fikir ayrılığı var idi. Hazırkı reallıq belədir ki, bir qrup hüquq müdafiəçiləri Leyla Yunusun, başqa bir qrup isə digərinin yanındıdır. Bunlara təəssüflənirəm. Qüvvələr yekdil olanda bizim hazırladığımız sənədlərin təsiri daha güclü olur. Təsəvvür edin, elə olub ki, beynəlxalq təşkilatların nümayəndləri də bunu bizə irad tuturlar. Onlar bilmirlər ki, bizim, yoxsa, Leyla və ya Arzu xanımın hazırladığı siyahı daha doğrudur.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd