|
|
|
|
#119(343)
|
 |
|
Günün axarı
|
Ən gözüaçıq müşahidəçilər, ən müdrik ekspertlər, ən uzaqgörən analitiklər atalarımız olub. Bizə hikmətli kəlamlar, zərbül-məsəllər, rəvayətlər, lətifələr qoyub gedən kişiləri deyirəm... Yoxsa indikilər?
Kimləri nəzərdə tutuğumu yaxşı bilirsiniz. Axı hər gün qəzet səhifələrində, televiziya ekranlarında surətlərini görməyə, rəylərini oxumağa, mülahizələrini eşitməyə adət etdiyimiz adamların sayı o qədər də çox deyil. Nəinki son beş-on ilin oturuşmuş qələm sahibləri, hətta çiçəyi burnunda müxbirlər belə çox yaxşı bilirlər ki, "gündəm"in hansı məsələsinə kimdən "münasibət almaq" olar. Ekspertlərin əksəriyyətinin öz "ampuluası", öz "yönümü" var: belələri həm ixtisasının çərçivəsini tapıb, həm də siyasi söykənəcəyini müəyyənləşdirib... Müxalifətə işləyənlər bilirlər ki, sual hansı məsələdən olur-olsun, iqtidarı ittiham edəcəklər. Söz və fikir tədarüklərini buna uyğun tutur, ifadə vasitələrində yalnız tünd rənglərə üstünlük verirlər. Hər bir məsələyə "babam mənə kor deyib, gəlib-gedəni vur deyib" prinsipi ilə yanaşır, hər şeyi "öz arşınları" ilə ölçürlər. Özü də bu kateqoriyadan olan ekspertlər "ictimai fəaliyyət" hesabına güzəran keçirdiklərindən və təbii bekarçılıqdan rəy bildirməyə, mülahizə söyləməyə çox səxavətlidirlər. Məsələn, ölkədə kriminal durumun gərginləşdiyi vaxtlarda polis ekspert Mahmud Hacıyevin hər sözü tutya olur... Şəxsən mən Daxili İşlər Nazirliyinin nümayəndələrindən çox ona inanıram. Bilirəm ki, Mahmud müəllimin rəyi nə qədər həyəcanlıdırsa, ölkədə kriminal durum bir o qədər sakitdir. Yəni o kişinin sözünün rəngi sayadır...
"Müstəqil mövqe" nümayiş etdirən ekspert və təhlilçilər də var. Belələri, yönümüdən asılı olmayaraq, bütün nəşrlərin müxbirlərinə "çörək" (yəni qonorar) verirlər. Özü müstəqil olmaq elə şeydir ki, bu gün bir cür deyirsən, sabah başqa cür...
Yenə öz təəssüratımı deyəcəyəm və bir həmkarımın giley-güzarına istinad edəcəyəm. Uzun illər diplomat işləmiş, xeyli vaxt millət vəkili olmuş, üç-dörd rəbərə müşavirlik etmiş və nəhayət indi tam müstəqil politoloq kimi biz qələm əhlinin sevimlisinə çevrilmiş Vəfa Quluzadə son vaxtlar hamını çaşdırıb. O yüksək posta əyləşib dövlətimizin xarici siyasətini həyata keçirəndə bir söz deyirdi, sonralar başqa şeylər danışmağa başladı. Mən o vaxtlar hətta elə bilirdim ki, "Qarabağı almışıq" xəbərini bu gün-sabah xalqın qulağına pıçıldayan ilk iqtidar mənsubu Vəfa müəllim olacaq. Postdan düşəndən sonra da bir müddət dedi ki, xarici siyasət kursumuz düzdür. İndi də tamam başqa fikirdədir. Dünən bir həmkarım Vəfa müəllimin qarasına xeyli danışdı. Dedi ki, qulaqlarıma və gözümə inana bilmirəm, doğurdanmı, müstəqillik adamı belə dəyişdirirmiş?..
İndi müstəqil ekspert axtarırıq ki, bu suala cavab tampaqda dadımıza yetsin.
Elşən Əlioğlu
|
Şəhər söhbəti
|
Şəhəri təzə bir xəbər dolaşdı: gələn ildən polislər də avtobus pulu, "bağça pulu" ödəyəcək...
Birincinin nə demək olduğunu hamı əlüstü başa düşdü. Yəni, əvvəl bir çox adam, o cümlədən, müəllimlər, qəzetçilər avtobusda pulsuz gedib-gəlirdilər. Sonra onlardan bu güzəştlər alındı. Bircə əldən düşmüş pensiyaçıya, bir də
qolu zorlu polisə avtobusa pulsuz minməyə hökumət söz demədi. Onların güzəştləri qaldı. İndi isə polisə də güzəşt yoxdur. Ancaq gələn ildən tək polis yox, hərbçi də yol pulu verməli olacaq. Ümumiyyətlə isə hamıdan, lap pensiyaçıdan da bundan sonra yol pulu alınacaq.
Bu belə. "Bağça pulu"nun isə nə demək olduğu gec aydınlaşdı. Demə, polislərin uşaqları ayrıca bağçada tərbiyə alırmış və guya bunun xərci də hökumətdən çıxırmış... İndi hökumət heç kəsə fərq qoymur və bütün vətəndaşların bərabər olduğunu bəyan edir. Yəni ayrıseçkilik qurtardı...
Həm də deyirlər ki, tək yol pulunda yox, heç nədə və heç kəsə güzəşt edilməyəcək.
Bu da belə. İndi "bağça pulu" bir yana, camaat deyəsən, ən çox polisin yol pulu verəcəyinə sevinir. Çünki heç kəs polisin pul xərclədiyini görməyib. Yeri düşəndə polis dükandan da nəyi isə pulsuz-filansız qoltuğuna vurub.
Hələ küçə ticarətçilərindən yığılan "payok"ları demirəm... İndi camaat hər gün polisin necə "xərcə" düşəcəyini ləzzətlə seyr edəcək. Axı indiyədək polis yol pulu verməyib avtobusdan necə şəstlə düşüb getməsi camaata toxunurdu... Hamıynan plan davası eləyən sürücünün də polisə haqqı nədir söz desin? Ancaq məktəb uşağı, yaxud pensiyaçı pulsuz düşəndə nələr baş vermirdi? Sürücünün gücü uşağa, bir də pensiyaçıya çatıb. Bəlkə də onları söyüb hirsini soyutmaqdan başqa çarəsi olmayıb...
Ancaq sürücülər yolda pensiyaçı görəndə də yan sürür, yola polis çıxanda isə könülsüz də olsa avtobusu saxlayırdılar. Pensiyaçı da vardı ki, əlində 500 manatı tutub sürücüyə xoş görünmək istəyirdi. İndi pensiyaçının sürücüdən, sürücünün də pensiyaçıdan canı qurtardı. Sürücünün polisdən də canın qurtardı. Eləcə də hər gün bu "haqq-hesablar"dan təngə gələn bütün sərnişinlər rahat olacaq. Ancaq camaatı bir məsələ düşündürür: polis yol xərcini nəyinsə hesabına kompensasiya edə bilər - qol onda, güc onda. Bəs, pensiyaçının yol pulunu kim verəcək?
Elçin Bakılı
|
Pərdəarxası
|
Az qala şüara dönmüş bir el sözümüz var. Həqiqətpərəstlər də, yalançılar da, bir sözlə, ellikcə hamı onu tez-tez işlədir: "Acı həqiqət şirin yalandan yaxşıdır".
Əsla! Bu bizim növbəti yalanlarımızdan başqa heç nə deyil. Ətrafdakıları buna inandırmaq üçün mübaliğəyə əl atıb, Səməd Vurğunun
"Günəşi örtsə də qara buludlar
Yenə günəş adlı bir qüdrəti var", - deyənlərsə həqiqət anlamından daha çox uzağa düşürlər.
Ümumiyyətlə, "həqiqət" sözünün özü də son dərəcə sürüşkəndir. Hərənini dünyagörüşü, xarakteri, insani dəyərləri müqabilində öz həqiqəti var. İndi gəl əsl həqiqəti, gerçəkliyi sonala. Saysız-hesabsız həqiqətlər içində nəyin doğru olduğunu bilmək çox müşkül məsələdir.
Ancaq kim nə deyir desin, həqiqəti bilməmək yaxşıdır. Çünki həqiqət deyilən mətləb çox zaman uydurulmuş olur. Və bu uydurulmuşa həqiqət yox, xülya sözü yaraşır. Xüsusən də qələm əhli özlərinin yaxın düşmədikləri mətləbləri həqiqət kimi bizlərə sırıyırlar.
Elə ona görə də əsl həqiqəti bilməməyimiz həm özümüzə sərf edir, həm də onlara.
...O şairin (mübaliğəyə yol verməmək üçün ayrı söz demirəm) uzun illər oxucusu olmuşam. Bir onu deyim ki, sevilən qələm əhlindəndir. Yaradıcılığı ilə MƏNi bir-birinə zidd deyil. Amma bir əmması var. Bir o şairin ürəyi belədir, bir də yazdıqları. Mühitini, həyat tərzini, dostlarını, yaxınlarını, bir sözlə, ətrafını, sadəcə, tanımaq lazım deyilmiş. Bu, hələ ən yaxşı versiyadır. Bəzən qələmlə ürəyin yolu da düz gəlmir. Əyilməsə də sınan müsahibimin ətrafı o şeriyyətdən, duyğulardan, təmizlikdən, sadəlikdən çox-çox uzaqdır. Sanki o, bataqlıq içindədir.
Onun həyatına acıyıram. Səhhəti yaxşı olmadığından söhbətmiz də alınmır. Qəzet üçün materialı nəzərdə tuturam.
Elə-belə isə söz-sözü çəkir, ən müxtəlif mövzulara toxunur. Heç birinin də mətləbinə varmır. Çünki bu dəqiqə onu heç nə maraqlandırmır. Adı-sanı, qələmi qibtə doğuran müsahibimin tək bir arzusu var: sakit yaşamaq.
"Onlar insan deyil",- deyir. Təbii ki, peşə marağımı boğub soruşmuram. Çünki bilirəm ki, pis vaxtda qapısını döymüşəm. Yoxsa bir günlük müsafirə nə söz demək olar? Onsuz da kimləri nəzərdə tutduğu məlumdur. Söhbətimizin axarı dəyişir; işıq payı bir az çoxalır.
"Bu dünyada ən gözəl, müqəddəs, xeyirli iş, bilirsən, nədir?" sualının cavabını özü verir: "İnsanları sevmək".
Bu görüşdən sonra onun yazdıqlarına inanmayacağam. Başa düşürəm ki, o, çox zaman gerçəkliyə göz yumub, xülyalarını, arzularını qələmə alıb. Oxucusunu inandırıb ki, həyat budur. Aldanan oxucuya da yaşamaq elə asan gəlib ki...
İndi bu həqitəti bilmək mənə lazım idi?
S.Rəhimova
|
 |
|
| |
|