|
|
|
|
#120(344)
|
 |
|
MDB-nin dayaqları
möhkəmlənir
|
Transmilli terrorizm təhlükəsi MDB-də də qüvvələri səfərbər etməyə məcbur edir. Lakin bu zəruri prosesdə Rusiyanın göstərdiyi aşkar təşəbbüskarlığı da gözdən qaçırmaq olmaz.
MDB hökumət başçılarının dünən Moskvada keçirilən toplantısında beynəlxalq terrorla mübarizə məsələsi ön yeri tutub. Beynəlxalq müstəvidə terrora qarşı başlanan geniş kampaniya fonunda bu müzakirələr tamamilə məntiqi sayılmalıdır. Postsovet məkanı xeyli vaxtdır ki, transmilli terrorçuluğun və müxtəlif ekstremist cərəyanların hədəfindədir. Digər tərəfdən, "qara internasional"ın miqyası və geniş imkanları onunla təkbaşına mübarizəni sadəcə perspektivsiz edir və dünya Amerikanın timsalında bunu bir daha gördü. Odur ki, MDB ölkələri də terrorizmlə mübarizəyə töhfə vermək niyyətindədirlər. Burada iki məqam vurğulanmalıdır. Birincisi MDB subyektlərinin bilavasitə Birləşmiş Ştatların başladığı kampaniyada iştirakı ilə bağlıdır. Artıq MDB-nin bütün üzvləri bu yöndə müsbət mövqelərinin bildiriblər. O cümlədən Azərbaycan da Amerikanın həyata keçirəcəyi əməliyyata informasiya, infrastruktur təminatı (hava məkanı, aerodromlar və s.) ilə yardım etməyə hazırdır.
MDB baş nazirlərinin dünənki iclasında qəbul edilən birgə bəyanatda beynəlxalq müstəvidə terrorizmlə mübarizənin əlaqələndirilməsinin zəruriliyi önə çəkilir. Eyni zamanda bəyanatda xüsusi olaraq vurğulanır ki, beynəlxalq miqyaslı antiterror əməliyyatları mütləq BMT Nizamnəməsinə uyğun aparılmalı və beynəlxalq hüquq normalarına riayət edilməlidir. Sənəddə beynəlxalq terrorizmin maliyyə qaynaqlarının kəsilməsi və fəaliyyətində terrorçuluq elementləri olan bütün ekstremist qruplara qarşı mübarizənin vacibliyi qeyd olunur. Bəyanatda bildirilir ki, terrorla mübarizə üzrə mərkəz BMT Təhlükəsizlik Şurası olmalıdır. Sənəddə belə əlaqələndirici qurumun nümunəsi olaraq MDB-nin Antiterror Mərkəzi göstərilir.
Qeyd etmək lazımdır ki, cari ildən fəaliyyətə başlayan Mərkəzin yaradılması bilavasitə Rusiyanın təşəbbüsüdür. Moskva bu qurumu yaratmaqla ilk növbədə özünün Çeçenistanda apardığı "aniterror əməliyyatına" digər MDB üzvlərinin praktik dəstəyini qazanmaq istəyirdi. Mərkəzin Əsasnaməsində MDB məkanında bir neçə ölkənin birgə antiterror əməliyyatı aparmasına dair bənd var. Rusiya bu hüquqi öhdəliklə Azərbaycanı və Gürcüstanı Çeçenistandakı hərbi kampaniyaya cəlb etməyə çalışırdı. Amma hər iki ölkə sözügedən bəndə xüsusi qeydlə qoşulub. Azərbaycan bu cür əməliyyatlarda dövləti maraqlarını və suverenliyini nəzərə alaraq iştirak edəcəyini bəyan edib. Antiterror Mərkəzinin digər fəaliyyət istiqaməti Mərkəzi Asiyadır. Mərkəzinin çevik müdaxilə kontingentinin qərargahı da Bişkekdə yerləşir. Qeyd edək ki, bu kontingent MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsinə (KTM) əsasən formalaşdırılıb. Həmin müqavilədə MDB-nin 12 üzvündən 6-sı (Rusiya, Belorus, Ermənistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan) təmsil olunur.
Moskva toplantısı barədə yayılan xəbərlərə əsasən, cari situasiyada KTM-də təmsil olmayan ölkələr də qismən bu müstəviyə meyllənirlər. Əsas motiv isə sərhədləri terror təhlükəsindən daha sanballı qorumaqdır. Hələlik söhbət hava sərhədlərinin birgə mühafizəsindən gedir. Dünən MDB hökumət başçıları bu məsələni müzakirə etsələr də konkret razılıq əldə olunmayıb. Hökumət başçıları məsələni MDB dövlət rəhbərlərinin sammitinə (noyabrda keçiriləcək) saxlayıblar. Lakin ümumi atmosfer belədir ki, MDB-nin vahid hava hücumundan müdafiə sisteminin yaradılması 2002-ci ildə reallaşacaq. Beynəlxalq terrorun yeni spesifikası (aviasiya terroru) bu sistemi zəruri edir. Azərbaycanın məsələyə rəsmi münasibəti bəlli olmasa da, əksər ekspertlər onun müsbət olacağı qənaətindədir. İstefada olan aviasiya generalı, MM-in deputatı Vladimir Timoşenkonun sözlərinə görə, bu sistemə qoşulmaq Azərbaycana praktik dividendlər (texniki təchizat, informasiya mübadiləsi və s.) verəcək. Azərbaycan bu sistemə qoşulmaqla özünün suverenlik prinsiplərinə xələl gətirməyəcək. Çünki hava məkanını özü qoruyacaq.
Bununla belə, aşkar görünür ki, beynəlxalq terror təhlükəsinin MDB məkanında yaratdığı situasiyadan ən çox bəhrələnməyə çalışan Rusiyadır. Moskvanın təşəbbüskarlıq göstərir ki, o, yaranmış vəziyyətdə MDB-nin dayaqlarını möhkəmlətmək və bu müstəvini özünün geosiyasi iddialarının xidmətinə qoymaq istəyir. Moskva MDB Antiterror Mərkəzinin maliyyəsinin tən yarısını da üzərinə götürüb. Hər halda Rusiyanın konkret motivlərinin konturları tədricən özünü büruzə verəcək.
Şimal Alyansının üzvü general Əbdürrəşid Dustumun başçılıq etdiyi qüvvələr Məzari Şərif şəhərini ələ keçirmək üçün bütün gücündən yararlanmaq niyyətindədir.
Bir gün öncə strateji cəhətdən mühüm məntəqə sayılan Məzari-Şərifin Dustumun dəstələrinin əlinə keçməsi haqda xəbərlər yayılsa da, dünən bu məlumatlar təkzib edilib. Hazırda döyüşlər Məzari-Şərifin bir neçə kilometrliyində gedir. Alyans qüvvələri şəhər ətrafındakı bir neçə strateji yüksəkliyi ələ keçiriblər.
Dustumun tabeliyi altında 15-20 min nəfər əsgər var. Məzari-Şərif isə Talibanın 7-8 minlik mühafizə dəstələrinin müdafiəsi altındadır. Taliban qüvvələri daha yaxşı silahlanıb və vaxtaşırı olaraq aviasiyanın güclü dəstəyindən istifadə edir. Dustum dünənki çıxışında deyib ki, onun dəstəsində geyim və atıcı silah qıtlığı var, buna baxmayaraq, əsgərlər yüksək döyüş ruhunu itirməyiblər. Yalnız Məzari-Şərif yaxınlığında gedən döyüşlərdə Talibanın 200 əsgəri öldürülüb, bir o qədər talib əsir düşüb və ya qarşı tərəfin sıralarına qoşulub. Səudiyyə Ərəbistanı mətbuatı yazır ki, Dustumun uğurlu əməliyyatları Taliban rəhbərliyi arasında güclü ajiotaj yaradıb. Xəbər verilir ki, Molla Məhəmməd Ömər Qəndaharı tərk edərək Gilmənd bölgəsindəki Baqran şəhərinə qaçıb. Burada Talibanın güclü dayaqları, o cümlədən hava hücumundan müdafiə sistemləri və böyük su ehtiyatı var.
Şimal Alyansı Kabil istiqamətində də hücumlara başlayıb. Buradakı əməliyyatlar isə uğursuzluqla nəticələnib. Alyans qüvvələri əvvəlcə strateji baxımdan əhəmiyyətli təpələri ələ keçirsələr də, sonradan geri çəkilməli olublar. Taliban paytaxta aparan əsas yola nəzarəti bərpa edib.
|
Avropa Birliyi
ATƏT-ə təzyiq göstərəcək?
|
Dünən "Xalq" mətbuat mərkəzində ölkəmizdə işgüzar səfərdə olan Avropa Birliyi direktorlar üçlüyünün (Belçika, İsveç, İspaniya) mətbuat konfransı keçirildi. AB-də sədrlik missiyasını yerinə yetirən Belçika nümayəndəsi Filip Nivenhyuz başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan rəsmiləri ilə apardığı siyasi məsləhətləşmələri yüksək qiymətləndirdi.
O dedi ki, sonuncu məsləhətləşmələr o zamankı sədrin - İsveçin xarici işləri naziri xanım Linkin bu il fevral ayında bölgəyə səfəri çərçivəsində aparılıb. Hazırda AB-yə Belçikanın xarici işlər naziri Lui Mişel sədrlik edir. 2002-ci ilin yanvar ayından etibarən isə quruma İspaniya sədrlik edəcək. Təşkilatın idarəetmə institutu barədə məlumat verən Filip Nivenhyuz üçlüyün məhz bu prinsiplə fəaliyyət göstərdiyini önə çəkdi. Onun sözlərinə görə, Belçikanın Azərbaycanda diplomatik nümayəndəliyinin olmaması səbəbindən həmin missiya İtaliya səfirliyinə həvalə olunub.
Azərbaycan və AB arasında münasibətləri 1999-cu ildə qüvvəyə minmiş əməkdaşlıq və tərəfdaşlıq haqqında saziş tənzimləyir. Belçikalı diplomatın sözlərinə görə, Prezidentin İcra Aparatında, xarici işlər və milli təhlükəsizlik nazirliklərində keçirilən görüşlərdə əsas etibarilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Avropa Birliyinin mövqeyi, Azərbaycandakı siyasi proseslər və beynəlxalq terrorizmin bütün təzahürlərini dəf etmək üçün birgə səylərin birləşdirilməsi məsələsi diqqət mərkəzində olub.
F.Nivenhyuzun fikrincə, Ermənistan-Azərbaycan münaqişəsinin uzanması hər iki ölkənin Avropanın siyasi-iqtisadi məkanına inteqrasiya olunmasına mane olur, iqtisadi inkişafın qarşısını alır. Cənab Nivenhyuz avropalı həmkarları kimi növbəti dəfə tərəflərin kompromisə gəlməsinə, sülh danışıqlarının davam etdirilməsinə tərəfdar olduğunu bir daha təsdiqlədi. Nivenhyuz "Bizim Əsr" müxbirinin "Avropa Birliyi sülh prosesinə konkret olaraq hansı töhfələri verə bilər və "kompromis" dedikdə nəyi nəzərdə tutursunuz?" sualına dəqiq cavab vermədi: "AB danışıqların ATƏT çərçivəsində aparılmasına tərəfdardır. Hər şey həmsədrlərin iradəsindən asılıdır. Razılığa və kompromisə ilk növbədə münaqişə iştirakçılarının özü gəlməlidir. AB rəhbərliyi tərəfləri qane edən razılaşmanın əldə olunması məqsədilə hətta Minsk Qrupunun həmsədrlərinə, yumşaq desək, təzyiq də göstərməyə hazırdır".
Nivenhyuzun sonuncu cümləsi jurnalistlərin heç bir reaksiyasına səbəb olmadı. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Rusiya və ABŞ Avropa Birliyinin üzvü deyil. Sual olunur: bu halda təzyiq necə həyata keçiriləcək? Belçikalı diplomat sonda onu da bildirdi ki, əgər Ermənistan-Azərbaycan münaqişəsi öz həllini taparsa, Avropa Birliyi müharibədən zərər çəkmiş ərazilərdə reabilitasiya proqramları üçün qrant ayıracaq. "Bizim sizə dəstəyimiz yalnız texniki əməkdaşlıq çərçivəsində ola bilər". Yeri gəlmişkən, oktyabrın 30-da Lükseburqda AB-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclası keçiriləcək.
|
Vaşinqton fürsəti əldən verir
|
ABŞ-ın beynəlxalq terrorizmlə mübarizə planları daha sönük mərhələyə qədəm qoyur. Siyasi sövdələşmələr, hərbi emissarların müxtəlif ölkələrə səfərləri, çoxsaylı razılaşmalar fəal hərbi əməliyyatlar planını kölgədə qoymağa başlayır. Və ən maraqlısı budur ki, sövdələşmələrin sayı artdıqca, zəif nöqtələr - ikibaşlı dəstək vədləri də artır, Əfqanıstana qarşı həyata keçiriləcək əməliyyatlara etiraz çıxışları güclənir. Buş hökuməti uduzmuş kimi görünür - 11 sentyabrdan sonra ötən hər gün "yüz ölç, bir biç" prinsipini izahedilməz bir astagəlliyə çevirir.
Dünən Yaponiya mətbuatı xəbər verib ki, Kitty Nawk gəmisi Hind Okeanında bir qədər var-gəl etdikdən sonra yenidən öz çıxış məntəqəsinə qayıdıb. Artıq iki həftədir ki, Pakistandan Əfqanıstana yeridilmiş Xüsusi Hərəkt Qrupları (XHQ) komandoları Üsəma ben Ladenin yerini dəqiqləşdirə bilmirlər. Qarşı tərəf isə döyüşə tam hazırdır - Taliban rejiminin son bəyanatlarında bildirilir ki, hökumət artıq 400 min nəfərlik müdafiə dəstələri yaradıb.
Amma ABŞ-ın itirdiyi əsas şey hərbi imkanlar deyil - hər halda onun Kitty Nawk kimi gəmiləri və Əfqanıstana yağdırmaq üçün sazladığı raketləri çoxdur. Vaşinqtonun itirdiyi əsas şey fürsətdir. Faciənin baş verdiyi ilk günlərdə ABŞ-ın cavab əməliyyatlarını dəstəkləyən dövlətlərin əksəriyyəti geriyə doğru addımlar atıb. Srağagün İslamabadda başa çatan Pakistan-ABŞ danışıqlarından sonra Müşərrəf hökuməti bəyan edib ki, Pentaqon əsgəri Pakistana gəlməyəcək. Halbuki, sentyabrın 14-də İslamabad özü plasdarm təklif etmişdi. ABŞ mövqelərinin fəal müdafiəçisi Hindistan da geriyə doğru addım atıb - faciənin baş verdiyi ilk saatlarda Hindistan ərazilərini ABŞ əsgərlərinin Əfqanıstana yürüşü üçün çıxış məntəqəsi kimi təklif edən Vəcpayi indi əməliyyatların BMT rəhbərliyi altında keçirilməsini istəyir. Dünən isə Ərəb Ölkələri Liqası bildirib ki, qurumun üzvləri ABŞ əməliyyatlarında heç bir səviyyədə iştirak etməyəcəklər. Avropa Ərəb Liqası Avropa və ABŞ-da baş qaldıran antimüsəlman çıxışlarından narazı qaldığını bəyan edib.
Xülasə, bütün dünyanın terrorizmə qarşı birləşməsi ideyaları humanitar fəlakət və sivilizasiyalararası konflikt haqqında xəbərdarlıqlarla əvəzlənməyə başlayır. Belə çıxır ki, ilk saatlarda əsas dövlətlərdən hava və məkan "torpaqbasdı"sına izin almış ABŞ mövqelərini itirməkdədir.
|