|
|
|
|
#120(344)
|
 |
Erməni mühakimə edilir
O, Dadaş Qasımovu qətlə yetirməkdə ittiham olunur
|
Bu il mayın 12-də Bakıda erməni milliyyətindən olan Artur Rudolfoviç Markarovun həmvətənimiz Dadaş Qasımovu qətlə yetirməsi barədə məlumat vermişdik. Xatırladaq ki, o, sənədləri saxtalaşdıraraq, Əziz Rudolf oğlu Ağayev adına pasport alıb. Bu adla Bakıda yaşayan və respublikamızın ərazisini tez-tez tərk edən Artur Markarov yaxalanarkən üstündən bıçaq və tiryək də tapılıb.
İttihamnaməyə görə, A.Markarov bu il mayın 12-də, saat 21 radələrində Suraxanı rayonu 5-ci Mədən küçəsindəki 105 saylı evdə cinayət törədib. O, anası Alla Ağayevanın qonağı olan Dadaş Qasımovla yeyib-içəndən sonra onun həyatına qəsd edib. Cinayətkar mərhuma ağır bədən xəsarətləri yetirərək, üç gün ona su və yemək verməyərək evində saxlayıb və qapını arxadan kilidləyib. Mayın 15-də Dadaş Qasımovun ayılmadığını görən Artur onu sürüyə-sürüyə yaşadığı evin yaxınlığındakı 693 və 358 saylı neft buruqlarının arxasına atıb. Həmin əraziyə nəzarət edən 31-ci Polis Bölməsinin əməkdaşları D.Qasımovu huşsuz vəziyyətdə taparaq, xəstəxanaya aparıblar. Lakin yaralının başına qan sızdığından o xəstəxanada ölüb.
A.Markarov istintaq zamanı bildirib ki, o, 1991-ci ildə Ukraynaya köçüb. Anası Bakıda qaldığından bu ilin mayında saxta sənədlə respublikaya gəlib. Anasının Nailə, Olqa, Yana, Natalya adlı qadınları başına toplayaraq, kef məclisləri təşkil etdiyinin şahidi olub. Belə məclislərin birində o, atasının köhnə tanışı Sevdalı vasitəsilə D.Qasımovla tanış olub. Hadisə baş verən gün o tanışları ilə birlikdə toyunun 11 illiyini qeyd edib. Məclisdə könlünə musiqi dinləmək düşdüyündən qadınlara kaset tapmağı tapşırıb. Arturun kobud davranışından inciyən Natalya və Nailə məclisi yarımçıq tərk ediblər. Hirsini D.Qasımovun üstünə tökən Artur ondan da evi tərk etməyi tələb edib. Anası və Olqa Dadaşı müdafiə etdiklərindən qadınları da döyərək, mənzildən qovub. Sonra yenidən qonaqla mübahisə etməyə başlayıb. Dadaşa ağır bədən xəsarətləri yetirən Artur onu mənzilin giriş qapısına gətirərək, başına bir neçə yumruq zərbəsi endirib. Dadaş yıxılarkən başı dəmir seyfə dəyib və huşunu itirib. Bundan sonra D.Qasımovu öz çarpayısına uzadan Artur tutulacağından qorxduğu üçün həkimə müraciət etməyib.
Cinayətkarın mühakiməsi Ağır Cinayətlərə Dair İşər Üzrə Məhkəmədə aparılır.
|