|
|
|
|
#120(344)
|
 |
"Başa bəla" "Bakıelektrikşəbəkə"
354 min 315 obyektə xidmət göstərən bu strukturu idarəçiliyə götürən tapılacaqmı?...
|
Məlum olduğu kimi Almaniyanın "Siemens" şirkəti "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətini idarəçiliyə götürməkdən boyun qaçırıb. Sözügedən strukturun Türkiyənin "Barmek Holdinq" şirkətinə veriləcəyi ilə bağlı yayılan informasiyalardan sonra əhali bir növ təşvişə düşüb. Narahatçılığın əsas səbəblərindən biri də elektrik enerjisinin tariflərinin artırılacağı ilə bağlı səslənən fikirlərdir. Digər tərəfdən, bu vaxta qədər enerjidən geninə-boluna istifadə edib, sonda da nəzarətçi ilə sövdələşib az bir vəsaitlə canını qurtaran əhlalini də qınamaq olmur. Əsasən də qış aylarında evini qızdırmağa çalışan vətəndaşlar həddən-ziyadə elektrik enerjisi istehlak etmək məcburiyyətində qalır. Nəticədə, üst-üstə toplanan vəsaiti ödəmək iqtidarında olmurlar. Bu zaman onların köməyinə nəzərətçilər gəlir. Elələri də var ki, ümumiyyətlə, enerji haqqını ödəməkdən boyun qaçırırlar. "Pulum yoxdur, vur öldür". Həmin şəxsin enerjisini kəsməyin də əhəmiyyəti yoxdur. Elektriki çağır və naqili birləşdir. Vəssalam, şüttamam...
"Siemens"
niyə geri çəkildi?
2000-ci il noyabrın 28-də "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin uzun müddətli idarəçiliyə verilməsi üzrə müsabiqənin nəticələri yekunlaşır. Müsabiqədə 6 şirkət- "AES Parkshot Noldings B.V." (Hollandiya), "Azərelektrik" (Türkiyə-Şimali Kipr birgə müəssisəsi, "ETZ Praha a.s." (Çexiya), "Barmek Holdinq A.Ş." (Türkiyə), "Stadtwerke Leirzig" və "Siemens" (Almaniya) iştiarak edir. Qeyd edək ki, tender komissiyasının işində məsləhətçi rolunu "Artur Andersen" şirkəti oynayıb.
2001-ci ilin mart ayında Almaniyanın "Siemens" şirkəti tenderin qalibi elan edilir. Şirkətin tenderə etdiyi təkliflərə görə, "Siemens" 25 il ərzində "Bakıelektrikşəbəkə"nin inkişafına 770 milyon dollar vəsait yönəltməli idi. Həmin məbləğin 139,26 milyon dolları ilk 5 il üçün nəzərdə tutulmuşdu. Bu dövr ərzində Almaniya şirkəti paytaxtın elektrik şəbəkəsini tam modernləşdirmək, texniki itkiləri azaltmaq və buraxılan enerjiyə görə, vəsait yığımını artırmaq barədə öhdəlik götürmüşdü.
Xatırladaq ki, "Bakıelektrikşəbəkə"nin Səhmdar Cəmiyyətə çevrilməsi və idarəçiliyə verilməsi ilə əlaqədar prezident sərəncamı 2000-ci il iyunun 14-də imzalanıb.
2001-ci ilin avqustunda Azərbaycan hökuməti "Siemens"in "Bakıelektrikşəbəkə" ilə bağlı idarəçilik hüququnu geri aldı. Bu barədə məlumat verən iqtisadi inkişaf naziri Fərhad Əliyev bildirir ki, belə bir addımın atılmasının əsas səbəbi, güzəştli kateqoriyaya aid istehlakçılarla bağlı ölkə hökuməti ilə şirkət arasındakı fikir ayırılığıdır.
"Siemens" güzəştlilərin elektrik enerjisi ilə təmin edilməsi üçün ayrılacaq dotasiyalarla bağlı hökumətdən zəmanət tələb edirmiş. Bundan başqa tələb edilən zəmanətlərdən biri də, büdcədən maliyyələşməyən müəssisələrin borclarının ödənilməsi olub. Bundan əlavə, "Siemens"in digər tələbi hazırda fiziki şəxslərə 1 kilovat saatı 96 manata satılan elektrik enerjisinin 110 manatadək artırılması imiş. Lakin hökumət tarifləri 2004-cü ildə artırmağı təklif edib. Bu kimi səbəblərdən "Siemens" "Bakıelektrikşəbəkə"dən imtina edib. Belə bir vəziyyətdə "Siemens"i də, ölkə hökumətini də anlamaq elə də çətin deyil.
Əgər şirkət hər hansı bir obyekti idarəçiliyə götürürsə, deməli yönəltdiyi vəsaitin müqabilində oradan gəlir əldə etməlidir. Əgər şirkət satdığı enerjinin pulunu toplaya bilməyəcəksə, onda bütün bu işlərə nə hacət?
Hökuməti də başa düşmək olar. Elektrik enerjisinin dəyərinin artırılması, güzəştlərin ləğvi ölkədə sosial vəziyyəti daha də gərginləşdirə bilər. Bir fakta diqqət yetirək.
"Azərenerji" Səhmdar Cəmiyyətinin istehsal etdiyi elektrik enerjisinin təqribən 35 faizi "Bakıelektrikşəbəkə"yə satılır. Əslində bu satış yox, borca verməkdir. Təkcə bu ilin avqust ayında "Azərenerji" "Bakıelektrişəbəkə"yə 35 milyard manatlıq elektrik enerjisi verib. Onun cəmi 8 milyard manatını geri almaq mümkün olub. Bir maraqlı faktı da nəzərinizə çatdıraq ki, avqust ayında "Azərenerji" SC-nin respublika üzrə buraxdığı (97,9 milyard manatlıq) elektrik enerjisinin cəmi 20,3 faizi (19,8 milyard manat) yığılıb.
Kanadalılarla
eyni yerdə gedirik
İqtisadi inkişaf naziri Fərhad Əliyev bildirib ki, hazırda güzəştli təbəqəyə verilən elektrik önerjisinin haqqının ödənilməsi məsələsi üzərində danışıqlar gedir. Təkcə Bakıda onların sayı 113 min nəfərdir. Nazirin sözlərinə görə, hazırda güzəştlilər tərəfindən istifadə edilən enerjinin orta həcminin müəyyənləşdirilməsinə cəhd edilir. Bu isə o qədər də asan məsələ deyil. "Bizdə olan faktlara görə, 1 güzəştli qaçqın ailəsi ayda 1 Kanada ailəsinin istehlak etdiyi qədər elektrik enerjisindən istifadə edir. Qeyd edək ki, eletrik enerjisi istehlakı üzrə Kanada dünyada 1-ci yerlərdən birini tutur. Nazir bildirir ki, ona görə də, məsələnin həlli iki istiqamət üzrə aparılacaq. Ya dövlət güzəştlilərə pul kompensasiyaları ödəyəcək, ya da həmin təbəqənin istifadə etdiyi enerjinin pulu dövlət büdcəsindən ödəniləcək.
Lakin hər bir halda güzəştlilərin istifadə etdikləri elektrik enerjisinin limiti müəyyənləşdiriləcək.
Hazırda "Bakıelektrikşəbəkə" 354 min 315 obyektə xidmət göstərir. SC-nin nizamnamə kapitalı təqribən 35 milyon dollardır.
ANS-in yaydığı məlumata görə, "Azərenerji" SC ilə əldə edilmiş razılaşmaya əsasən "Barmek Holdinq" enerjinin 1 kilovatını Əlavə Dəyər Vergisi nəzərə alınmadan 71 manatdan satın alacaq. Həmçinin, istehlakçılar kateqoriyasının da artırılması nəzərdə tutulub. Yəni büdcə, sənaye və ticarət müəssisələri sırasından sonuncular ayrıca kateqoriyaya aid ediləcək. Bu o deməkdir ki, əgər əvvəllər ticarət sferası enerjinin hər kvt saatını 154 manatdan ödəyirdisə, indi bu sahədə enerji haqqının 250 manatadək qaldırılması nəzərdə tutulur. Qalan tariflər, o cümlədən əhali üçün müəyyən edilmiş tariflər dəyişdirilməyəcək. Tariflərin 3 il sabit saxlanması barədə razılıq əldə edilib. Məlumatda o da bildirilir ki, "Barmek Holdinq" "Bakıelektrikşəbəkə"ni oktyabr ayından başlayaraq 3 ay ərzində yerli şəbəkə əməkdaşları ilə birgə idarə edəcəkdir. 2002-ci ilin yanvar ayından isə isə bütün funksiyalar "Barmek Holdinq"in ixtiyarına keçəcək. Yuxarıdakı məlumat qeyri-rəsmi xarakter daşıdığından hələ müqavilədə nələrin nəzərdə tutulacağı barədə qabaqcadan fikir söyləmək çətindir.
"Barmek Holdinq"in prezidenti Hüseyn Arabulanın sözlərinə diqqət çəkək: "Biz layihəyə öz vəsaitlərimizi yatırmaq niyyətindəyik. Əgər əlavə kredit resurslarının cəlb edilməsi lazım gələrsə də onun həcmi elə də böyük olmayacaq.
İri məbləğli kreditlərin cəlb edilməsi isə elektrik enerjisinin qiymətinin artırılmasına gətirib çıxarır. Lakin tariflərin tənzimlənməsi İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətindədir".
İqtisadi İnkişaf Nazirliyindəki mənbələrin verdiyi məlumata görə, "Barmek Holdinq" xidmət göstərilən obyektlərin hər birində elektron elektrik şitləri quraşdırmaq niyyətindədir. Pulunu ödəməyən istehlakçılara verilən enerji həmin şitlər vasitəsilə kəsiləcək. Lakin qısa vaxt ərzində bütün bu işlərin həyata keçirilməsi ağlabatan deyil. Çünki ən azı 3 minə yaxın obyektdə şitlərin quraşdırılması üçün xeyli vəsait tələb olunur. Buna isə nə vaxt var, nə də imkan.
Qeyd edək ki, sentyabrın 29-da Hüseyn Arabulanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri gözlənlir. "Barmek Holdinq"lə müqavilə imzalanarsa belə onun həyata keçirilməsinə təminat vermək çətindir. Ən azı "Siemens"lə bağlı təcrübəmiz əsasında bunu deyə bilərik.
Odur ki, bu xəmirin hələ çox su aparacağı ilə bağlı ehtimallar irəli sürməyə tam haqqımız çatır.
|