|
|
|
|
#120(344)
|
 |
Sonra gec olacaq
İlham Əliyev: "Sülh danışıqları
sonsuzluğadək davam edə bilməz"
|
Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyev dünən Ermənistanın "Aravot" qəzetinə geniş müsabihə verib.
Millət vəkili müsahibədə Azərbaycanın beynəlxalq müstəvidə, o cümlədən Avropa Şurasında sülhpərvər və ədalətsevər siyasətinin nəticə etibarilə uğur qazanacağını, Ermənistanın təcavüzkarlığının isə ifşa olunacağını bir daha vurğulayıb. İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa Şurasının Dağlıq Qarabağ tənzimlənməsində fəal iştirakına nail olmaqla heç də ATƏT-in bu prosesdən kənarlaşmasına çalışmır. Onun sözlərinə görə, ATƏT Minsk Qrupu real nəticəyə nail olmasa da, prosesdə fəal iştirak edir və indiyədək sülhün əldə edilməməsinin başlıca günahkarı isə Ermənistandır: "Odur ki, biz Avropa Şurası müstəvisində Ermənistanın təcavüzkarlığını dünyanın diqqətinə çatdırmaq istəyirik. Sülh prosesi ilə nə qədər çox təşkilat yaxından məşğul olsa, dünya ictimaiyyəti də Azərbaycanın prosesdə ədalətli mövqe tutduğunun daha yaxından şahidi olacaq". İlham Əliyev bildirib ki, Ermənistan Azərbaycana qarşı təcavüzünü nə qədər ört-basdır etməyə çalışsa da, buna müvəffəq olmayacaq: "Ermənistan hər vəchlə çalışır ki, münaqişənin həlli bir tərəfə qoyulsun və Azərbaycanla Ermənistan müxtəlif səviyyəli regional əməkdaşlığa başlasın. Lakin siz bilməlisiniz ki, nə qədər ki, münaqişə tamamilə həll olunmayıb, Azərbaycan bu əməkdaşlığa getməyəcək". İlham Əliyev qeyd edib ki, Azərbaycan heyəti Dağlıq Qarabağ münaqişəsinin AŞPA-nın ümumi toplantısında müzakirə edilməsi üçün 50-dən artıq imza toplayıb və bu müzakirələrdən sonra Avropa Şurası
Ermənistana və Azərbaycana göndərilmək üçün xüsusi qrup təşkil edəcək. Həmin qrupun aparacağı yoxlama isə real vəziyyəti və kimin kim olduğunu sübuta yetirəcək.
İlham Əliyev bildirib ki, Ermənistanın apardığı siyasət onun təkcə regionda deyil, beynəlxalq aləmdən də təcrid olunması ilə nəticələnəcək: "Bu gün Ermənistan təcavüzkarlığı üzündən regiondakı iri iqtisadi layihələrdən kənarda qalıb. Siz realist olmalısınız. Vaxt gələcək bunun acısını dadacaqsınız, amma onda gec olacaq". Millət vəkili qeyd edib ki, Azərbaycan heç vaxt güc mövqeyindən çıxış etməyib. Konflikti də müasir dünyadakı şəraitə uyğun olaraq sülh yolu ilə həll etmək istəyir. "Lakin Ermənistan anlamalıdır ki, onun aqressivliyi üzündən nəticəsiz sülh danışıqları sonsuzluğa qədər davam edə bilməz. Nə vaxtsa bu məsələyə son qoymaq üçün biz başqa yolu seçməli olacağıq. Azərbaycan ərazisinin bir qarışının da işğal altında qalması ilə heç vaxt barışmayacaq. Odur ki, məsləhət görərdim ki, erməni cəmiyyəti və Ermənistanın rəhbərliyində olan şəxslər bu perspektiv barəsində ciddi düşünsünlər" deyə İ.Əliyev vurğulayıb.
Məhbusların əfvi təqdir olunur
AŞ baş katibi Valter Şvimmer Azərbaycan hökumətinin gördüyü tədbirləri məqbul sayıb
|
Dünən Avropa Şurası (AŞ) baş katibi Valter Şvimmer Azərbaycanda KİV-in vəziyyəti və insan hüquqları ilə bağlı xüsusi bəyanatla çıxış edib.
AŞ-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, AŞ baş katibi bir neçə mətbuat orqanı barədə başlanmış istintaq işini yaxından izləmək niyətindədir. V.Şvimmer xüsusi olaraq vurğulayıb ki, AŞ istintaq prosesinə müdaxilə etmək niyyətində deyil. Onun fikrincə, Azərbaycan hakimiyyəti fikir azadlığına və müstəqil jurnalistikaya təminat verməlidir.
Baş katib Avropa Şurasının tövsiyəsinə uyğun olaraq "siyasi məhbus" sayılan şəxslərin əfv olunması və onların cinayət işinə yenidən baxılması yönündə Azərbaycan hökumətinin gördüyü tədbirləri təqdir edib.
Şvimmer qeyri-hökumət təşkilatlarına istinadən ölkədə "siyasi məhbuslar"ın olduğunu bildirib. O deyib ki, Heydər Əliyevin bu yaxınlarda bir sıra şəxsi əfv etməsi "düzgün istiqamətdə" atılmış ilk addımdır.
Şvimmer xatırladıb ki, 2001-ci ilin yanvarında Azərbaycan AŞ-yə qəbul olarkən "hüquq müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi şəxslərin azad olunması və ya onların işinə yenidən baxılmasına dair" ödhəlik götürüb. Belə məhbuslar sırasında İsgəndər Həmidov, Əlikram Hümmətov və Rəhim Qazıyevin adları çəkilir.
AŞ baş katibinin fikrincə, Azərbaycanın müstəqillik əldə etməsinin 10-cu ildönümü (18 oktyabr 2001-ci il) ərəfəsində "Avropa Şurasına üzv ölkəyə yaraşmayan problemlərin qəti həlli üçün çox gözəl imkanlar var".
Moskvada Azərbaycan
ilmləri həftəsi keçiriləcək
Tədbir müstəqilliyimizin 10-cu ildönümünə həsr edilib
|
Oktyabrın 1-dən 4-nə qədər Moskvada Azərbaycan filmləri həftəsi keçiriləcək. Tədbir ölkəmizin müstəqilliyinin 10-cu ildönümünə həsr edilib. Tədbiri Azərbaycan Kinematoqrafçılar İttifaqı Rusiyada yaşayan soydaşlarımızla birlikdə keçirir.
Tədbir çərçivəsində Moskvanın "Dom Xananonkov" kinoteatrında Hüseyn Mehdiyevin "Özgə vaxt", Yavər Rzayevin "Sarı gəlin", Vaqif Mustafayevin "Hər şey yaxşı olacaq", Şamil Əliyevin "Təsadüfi görüş", Rasim Ocaqovun "Təhminə" və Rüstəm İbrahimbəyovun "Çalışqan insan", "Xalqlar dostluğu" və "Etimad telefonu" filmləri göstəriləcək.
"Redaktorlar Birliyi qeyri-ciddi qurumdur"
Qənimət Zahidov: "Bu qurumun bütün qəzetlərin adından çıxış etməsi düzgün deyil"
|
"Azad Söz" Jurnalistlər Birliyinin sədri Qənimət Zahidov Redaktorlar Birliyinin fəaliyyətindən narazıdır.
"Bizim ƏSR"ə açıqlamasında bunun səbəbləri barədə danışan Zahidov redaktorların bütün jurnalistlər adından çıxış etməsinin yolverilməz olduğunu deyib. O, bu səbəbdən də redaktorların təşəbbüsü ilə aparılan heç bir kampaniyada iştirak etmədiyini bildirib: "Əvvəllər müəyyən fasilələrlə Redaktorlar Birliyinin iclaslarında iştirak etmişik. Bu zaman bir məsələnin şahidi oldum ki, onlar mətbuatın yönəldici qüvvəsi kimi çıxış etmək istəyirlər. Ancaq biz hesab edirik ki, bir-iki qəzet redaktorunun bütün qəzetlərin, jurnalistlərin adından çıxış etməsi düzgün deyil. Ən azı ona görə ki, həmin qurumda bütün qəzetlər təmsil olunmur. Eyni zamanda, orada çıxarılan qərarların bütün mətbuatın adından cəmiyyətə təqdim olunması istər hüquqi, istərsə də mənəvi baxımdan düzgün deyil".
Qənimət Zahidov bəzi jurnalist təşkilatlarının Redaktor Birliyi ilə əməkdaşlığını da təqdir etmir. Onun fikrincə, bəzi təşkilat rəhbərləri redaktorlarla işbirliyindən özlərinin "reklamı" üçün istifadə edirlər: "Kənar müşahidəçi kimi redaktorların çıxardığı qərarlar mənə qeyri-ciddi təsir bağışlayır. Bunun bir səbəbi də odur ki, bizim jurnalistlər hadisələrə münasibətdə bir qədər passivlik göstərirlər. Fikrimcə, jurnalist təşkilatlarının redaktorlarla işbirliyi qurması onların öz nüfuzuna xələlə gətirir. Çünki jurnalist təşkilatı redaktorlar təşkilatı kimi yaranmayıb və qeydə alınmayıb. Biz çalışırıq ki, daha çox jurnalistlərlə işbirliyi quraq. Bəzi jurnalist təşkilatlarının Redaktorlar Birliyi ilə əməkdaşlığa can atmasının iki səbəbi var. Birincisi, bu cür fəaliyyət göstərmək daha asandır, ikincisi, bundan kimlərsə "özünüreklam" vasitəsi kimi istifadə edirlər".
"Azad Söz" Jurnalistlər Birliyinin sədri hesab edir ki, bir çox hallarda Redaktorlar Birliyinin iclaslarının qapalı keçirilməsi jurnalistlərin informasiya almaq hüququnun pozulmasına gətirib çıxarır: "Tutduğu vəzifədən asılı olmayaraq zəruri informasiyanı gizlədən şəxslərə mənim münasibətim pisdir. Bunu söz azadlığının pozulması kimi qiymətləndirirəm".
Bəzi qəzet redaktorlarının həbsdən azad olunması istiqamətində başlanan kampaniyaya qoşulmayacağını bildirən Zahidov hadisələrin bu cür inkişafında jurnalistlərin də rolunun olduğunu deyib: "Hesab edirəm ki, redaktorların həbsi üçün hüquq-mühafizə orqanlarının əlinə arqumentlər verilib. Yəni qəzetlər məhkəmədə yazdıqlarını sübut edə biləcək heç bir fakt ortaya qoya bilməyiblər. Jurnalistlər peşə etikasına əksər hallarda riayət etmirlər. Bu da sonda KİV haqqında qanunun pozulması ilə nəticələnir. Biz bazar ertəsi "Mətbuat və cəmiyyət: ziddiyyətlərin çözümü" mövzusunda keçirdiyimiz "Dəyirmi Masa"da bu problemləri müzakirə edəcəyik".
|
Gənc Sahibkarlar
Asossiasiyası
yaradıldı
|
Dünən Azrbaycan Milli Sahibkarlar Konfederasiyasında (AMSK) Gənc Sahikarlar Asossiasiyasının təsis konfransı keçirilib.
Konfransda çıxış edən AMSK-nın prezidenti Ələkbər Məmmədov bildirib ki, hazırda gənc biznesin inkişafı üçün lazım olan bütün normativ-hüquqi baza yaradılıb. Ölkədə 4,5 milyon gənc yaşayır. Lakin 30 yaşınadək gənc sahibkarlar cəmi 16,6 faiz təşkil edir. Ə.Məmmədov gənc sahikarlığın zəif inkişaf etməsi səbəblərinə toxunub. O, bildirib ki, buna səbəb informasiya təminatı, maliyyələşmə, təhsil və s. olmamasıdır. Məmmədov qeyd edib ki, ötən il ölkədə 3200 müəssisə fəaliyyətini dayandırıb.
Konfransda SS Production reklam şirkətinin perzidenti Aysel Rəcəbli asossiasiyanın prezidenti seçilib. Qeyd edək ki, tədbirdə xarici işlər nazirinin müavini, AMSK-nın fəxri prezidenti Mahmud Məmmədquliyev, Auditorlar Palatasının sədri Vahid Novruzov, diplomatik korpusların nümayəndələri və s. şəxslər iştirak ediblər.
Reketlər tutuldu
Polis Kəramət Məmmədovu və Süleyman Şirinovu
həbs edib
|
DİN-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları adı məşhur rekerlərin sırasında çəkilən 2 nəfəri - Kəramət Məmmədovu və Süleyman Şirinovu həbs ediblər. K.Məmmədovu Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları həbs ediblər və onun üzərinə baxış keçirilərkən 1,0508 qram çəkidə ən güclü narkotik maddə olan heroin aşkar ediblər.
S.Şirinovu isə Səbayel Rayon Polis İdarəsinin əməkdaşları tutublar. Ondan bir ədəd "Naqan" markalı tapança götürülüb. Qeyd edək ki, K.Məmmədov əvvəllər məhkum olunub. Uzun müddət Rusiyada yaşayıb. Orada kriminal dairələrdə xüsusi nüfuzu olub və tez-tez Bakıdakı kriminal çəkişmələrdə iştirak edib. Bu ilin mayında isə Kəramət Məmmədov Dənizkənarı parkda əslən Lənkərandan olan Talış Məmmədov adlı reketlə atışma zamanı yaralanmışdı.
Rusiyanın kriminal aləmində tanınan S.Şirinovun da respublikamızdakı kriminal ünsürlərlə sıx əlaqəsi olduğu bildirilir.
"Təhsil sisteminə yeni dünyagörüşü gətirilməlidir"
Milli Məclisin Elm və təhsil daimi komissiyasının sədri, professor Şahlar Əsgərovun fikrincə,
biz nəinki adi qabiliyyəti olanlara, heç xüsusi istedad sahiblərinə də lazımi səviyədə təhsil verə bilmirik
|
Milli Məclisin daimi komissiyaları payız sessiyasına hazırlıq işlərini başa çatdırıblar. Elm və təhsil daimi komissiyası yeni təhsil qanununun layihəsini də bu sessiyada müzakirəyə çıxarmağı planlaşdırıb. Ölkə ictimaiyyəti həmin qanunu böyük maraq və ümidlə gözləyir. Bu da təsadüfi deyil. Dövlət müstəqilliyimizin ötən 10 ili ərzində ciddi cəhdlə islah edilən, yeniləşdirilən təhsil sistemimizdə nöqsan və çatışmazlıqlar yetərincədir və onların aradan qaldırılması üçün daha mükəmməl qanunvericilik bazası yaradılmasına ehtiyac var.
Elm və təhsil daimi komissiyasının sədri, professor Şahlar Əsgərovla söhbətimizin bu mövzuya sövq-təbii istiqamətləndi. Əslində, biz ona Strasburqda, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasına Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi daha bir mühüm sənədlə bağlı müraciət etmişdik. AŞPA-nın 23 deputatın imzaladığı həmin sənəd Avropada təhsilin gələcək inkişafı kontekstində Azərbaycanda qaçqınların və məcburi köçkünlərin təhsil hüquqları barədədir. Şahlar müəllim əvvəlcə sənədin əhəmiyyətindən söhbət açdı:
- Ermənistanın təcavüzü nəticəsində ölkəmizdə sayı bir milyona çatan qaçqın və məcburi köçkün soydaşlarımızın təhsili ilə bağlı problemlərin Avropa parlamentarlarının diqqətinə çatdırılması AŞPA-nın payız sessiyasında iştirak edən nümayəndə heyətimizin uğurlu fəaliyyətinin daha bir göstəricisidir. Bu, son dərəcə vacib və vaxtında gündəmə gətirilmiş bir məsələdir. Nümayəndə heyətimizin hazırladığı sənəddə müharibə və təcavüzün təhsil sistemimizin inkişafına vurduğu zərbə konkret faktlarla açıqlanır. Ermənilərin işğalı altında olan Azərbaycan ərazilərində 616 orta məktəb, 234 məktəbəqədər müəssisə, 12 peşə məktəbi, 5 texniki məktəb, 1 universitet, 3 universitet filialı və 3 peşə məktəbinin filialı dağıdılmış, 20 min təhsil işçisi, 130 min şagird və tələbə öz doğma torpağından didərgin düşmüşdür. Ölkəmizin təhsil sisteminə 1,5 milyon dollar məbləğində maddi ziyan vurulmuşdur. Mənəvi ziyanın miqyasını isə sözlə ifadə etmək çox çətindir. Bütün bunları avropalı deputatların diqqətinə çatdırmağın böyük əhəmiyyəti var.
Sizcə, sənədin AŞPA tərəfindən qəbul
edilib yayılması hansı iqtisadi və siyasi nəticələrə səbəb olacaq?
- Sənəddə AŞ-nin Nazirlər Komitəsindən xahiş edilir ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin təhsili ilə bağlı problemlərə müvafiq diqqət yetirilsin. Sözsüz ki, Nazirlər Komitəsi bu problemlərin həllinə iqtisadi yardım göstərə bilər ki, bu da köçkün məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılmasında faydalı olar. Lakin iş bunda deyil.
Məncə, məsələnin siyasi tərəfi bizim üçün daha əhəmiyyətlidir. Avropalı parlamentarlar öz doğma yurd yuvalarından didərgin düşməsinin səbəbləri üzərində bir daha dərindən düşünəcək və təbii ki, bu vəziyyəti yaradan təcavüzkarın kimliyinə cavab tapacaqlar. Hesab edirəm ki, avropalıları təcavüzkarı barmaqla göstərməyə məcbur etməyin bir yolu da budur. Millət vəkili İlham Əliyev başda olmaqla deputat qrupumuz Ermənistanı təcavüzkar dövlət kimi tanıtdırmaq, ifşa etmək üçün mükəmməl bir plan hazırlayıblar və bu planı da uğurla həyata keçirir.
Şahlar müəllim, ümumiyyətlə,
ölkəmizdə sosial müdafiəyə ehtiyacı olanların təhsil hüquqlarının təmin edilməsi hansı qanunvericilik aktları qəbul edilib?
- Bu məsələyə diqqət yetirmək komissiyamızın əsas vəzifələrindədir. Parlamentin yaz sessiyasında biz sosial müdafiəyə ehtiyacı olan ailələrin övladlarının təhsili ilə bağlı bir qanun qəbul etdik. "Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili (xüsusi məktəblər) haqqında" qanun artıq qüvvədədir. Lakin bu gün təhsilimizin problemləri yalnız aztəminatlı ailələrin qayğıları ilə bağlı deyil. Bu problemlərin miqyası çox genişdir. Məsələn, respublikamızda hər 10 min əhalinin sayına düşən tələbənin sayı 1982-ci ildə 172 nəfər olubsa, indi həmin göstərici 112-yə düşüb. Bu kəmiyyət göstəricisidir. Təhsilin keyfiyyət göstəricisinə gəldikdə isə, ali təhsillilərimizin səviyyəsinin zəifliyi göz qabağındadır. Bunun özünü də rəqəmlərlə ifadə etmək mümkündür: ümumi normalara görə, hər 100 şagirdin 3 nəfəri çox istedadlıdır, 15 nəfəri isə istedadlıdır. Təhsil sistemi elə qurulmalıdır ki, bu 15 nəfər itməsin. Çünki cəmiyyəti qabağa aparan liderlər bu şagirdlərin içərisindən çıxacaq. Gəlin, diqqət yetirək. Builki qəbul imtahanında ali məktəblərə 80 min abituriyent sənəd vermiş, onların 860 nəfəri 600-dən çox bal toplamışdır. Bu istedadlı şagirdlərin heç 1 faizi qədər də deyil. Deməli, biz nəinki adi qabiliyyəti olanlara, heç xüsusi istedad sahiblərinə də lazımi səviyədə təhsil verə bilmirik.
Təhsil sistemimizdəki nöqsanlar,
çatışmazlıqlar barədə neçə illərdir söhbət gedir. Sizcə, yaxşılığa doğru irəliləyiş olmamasının başlıca səbəbi nədir?
- Gəlin, belə bir məqama diqqət yetirək: yeddi-səkkiz il bundan qabaq Azərbaycanda gömrük, vergi nazirlikləri olmayıb, Rabitə Nazirliyi hazırkı səviyyədə deyildi, idmanda indiki qədər uğur qazanılmırdı. Amma Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət nazirlikləri 80 ilə yaxındır mövcuddur. Təzə nazirliklərin işi yeni quruluşun, yeni dövrün fəlsəfəsinə uyğun qurulub. Köhnələr isə əvvəl necə işləyirdilərsə, indi o cür fəaliyyət göstərirlər...
Söhbət gəlib çıxır təhsil sisteminin
yenidən qurulması məsələsinə... Yeni təhsil qanunu bu sistemi dövrün fəlsəfəsinə uyuğun qurmağa imkan verəcəkmi?
- İndi üzərində işlədiyimiz qanunun strateji məqamını diqqətinizə çatdırmaq istərdim. Təhsil sahəsi o qədər böyük sahədir ki, büdcənin 23 faizi bu sahəyə ayrılır. 2 milyon əhali bu sahə ilə bağlıdır ki, bu da ölkə əhalisinin dörddəbirini təşkil edir. Belə böyük bir sahəni, toplumu bir qanunla nizamlmaq olmur. Buna görə də həm Milli Məclisin rəhbərliyi, həm Təhsil Nazirliyinin özü ilə məsləhətləşmədən sonra belə qərara gəldik ki, biz təhsil sisteminin əvvəlcə, belə demək mümkünsə, əsas qanunu yazaq. Bundan da çoxlu qanunlar törəsin. Biz əsas qanunu yazmışıq, işimizin ən çətini də bu idi. Onu qəbul etdirsək, sonra ali təhsil, orta təhsil, məktəbəqədər təhsil haqqında qanunlar üzərində işləməyə başlayacağıq. Biz bu əsas qanunun layihəsini yeni dünyagörüşü ilə zənginləşdirdik. Misal üçün, biz deyirik ki, daha "ibtidai təhsil" deməyək, çünki bu primitiv bir anlayışdır. "İlkin təhsil" ifadəsi daha dəqiqdir. Bəlkə də ilk baxışda məqbul görünmür. Lakin bir azdan hamı bunu qəbul edəcək. Yaxud "natamam orta təhsil" - bu söz insanı yaralayır. Tale elə gətirər ki, kimsə təhsilini davam etdirə bilməz, doqquzuncu sinifdən gedib yaxşı bir peşəyə yiyələnər, hətta zəngin bir insan olar. Niyə gələcəkdə övladları ona desin ki, "ay ata, sən niyə natamam təhsillisən?" Biz bu anlyışı dəyişməyi təklif edirik: deyirik ki, bu "natamam təhsil" deyil, "baza təhsili" adlanmalıdır. Üçüncüsü, "oxumaq", yoxsa "öyrənmək"? Biz yeni təhsil sistemində bu anlayışa da aydınlıq gətirməyi nəzərdə tuturuq. Təhsilin məqsəd və mahiyyəti "oxumaq" deyil, "öyrənmək" sözündə aydın ifadə olunur. Oxumaq vasitədir, məqsəd öyrənməkdir.
Belə bir sual çıxır: terminləri,
anlayışları dəyişməklə təhsilin mexanizmini təzələmək mümkündürmü?
- Termin şüuraltı psixologiyaya təsir edir. Rəhmətlik Xudu Məmmədov deyərdi ki, mən bütün həyatımı elmə bir termin gətirməyə dəyişərdim. Biz təhsil sisteminə təzə terminlər gətirmirik, sadəcə, indiyədək istifadə olunanların düzgün analoqlarını yerinə qoyuruq. Məntiqin qanunlarından biri eyniyyət qanunudur - bu qanuna görə hadisələri hamı eyni sözlə ifadə etməlidir. Hər şeydən sözdən başlayır...
|