İsrail ABŞ-ı eşitmək istəmir
İsrailin Fələstindəki müharibəsi, nəhayət, ABŞ və BMT-nin sərt təpkisi ilə üzləşdi. ABŞ prezidenti Corc Buş öz rançosunda qəbul etdiyi Britaniya baş naziri Toni Blerlə söhbətindən sonra bir daha İsraildən işğal edilmiş Fələstin torpaqlarından çıxmağı tələb etdi. Bundan başqa, BMT Təhlükəsizlik Şurası da Təl-Əvivin hərəkətlərini qınayaraq atəşin dayandırılmasını və İsrail qoşunlarının dərhal işğal zonasından çıxarılmasını tələb etdi. Ərəb ölkələrinin təkidi ilə çağırılan TŞ iclasında qəbul edilmiş sənəddə Fələstin administrasiyasının məhv edilməsi ilə bağlı narahatlıq ifadə edilir. Amma İsrail bu tələbi rədd edərək hərbi əməliyyatların davam etdiriləcəyini bildirib.
Dünən Beyt-Ləhəmdəki İsa Mövludu Kilsəsinə sığınan fələstinlilərin təslim olmaq istəməməsindən sonra İsrail tankları kilsəyə atəş açıblar. Kilsəyə güclü ziyan dəyib ki, bu da dünyanın xristian təşkilatlarının təpkisi ilə qarşılanıb.
Şaron Knesset qarşısındakı çıxışında deyib ki, Fələstin ərazilərində hərbi əməliyyatların başa çatmasından sonra İsrail ordunu "bufer zonası"na çəkmək niyyətindədir. Şaron əməliyyatların nə qədər davam edəcəyinə aydınlıq gətirməyib, yalnız onu mümkün qədər tez başa çatdırmağa çalışdığını deyib. İstənilən halda qoşunların "bufer zonası"na gətirilməsi qərarı problemin həllinə İsrailin özündə də əminlik olmadığını göstərir. Görünür, "təmizləmə" əməliyyatı o qədər də effektiv alınmır. İsrailin məlumatına görə, "Müdafiə divarı" əməliyyatının başladığı gündən bu yana 95 fələstinli, 12 İsrail hərbçisi həlak olub. Amma Fələstin tərəfi itkilərin ən azı 250 nəfər olduğunu bildirir. Fələstin tərəfindən 1,5 min nəfər yaralanıb, əməliyyatlarda 1413 nəfər həbs edilib. Həbs edilənlərdən 361 nəfər terror aktlarında şübhəli bilinir, 70 nəfər isə xüsusi təhlükəli cinayətkarlar kimi saxlanılıb. Qalan fələstinlilərin hansı məqsədlə tutulduğu bəlli deyil. Təbii ki, bütün bunlar dünya ictimaiyyətini İsrailə qarşı qaldırmaqla bərabər, ABŞ-ı nüfuzdan salır.
Belə bir vəziyyətdə ABŞ-ın hadisələrə müdaxiləsi qaçılmazdır. Britaniya baş naziri və ABŞ prezidenti bölgəyə müşahidəçi qrupunun ezam edilməsi haqqında razılığa gəliblər. Bu qrup atəşkəs rejiminə nəzarət vasitəsi kimi göndərilir. Müşahidəçilərin fikrincə, məhz müşahidəçi qrupunun təşkili bu günlərdə İsrailə gedəcək ABŞ XİN rəhbəri Kolin Pauellin missiyasının atəşkəsə nail olacağını söyləməyə əsas verir. Amma indinin özündə də Pauellin missiyasının hansı təkliflərdən ibarət olduğu bəlli deyil. Dövlət katibi hələ Avropa və Yaxın Şərqə səfəri ərəfəsində turnenin uğurlu keçəcəyinə əmin olmadığını bildirmişdi. ABŞ prezidenti isə ötən günlərdə yeni təkliflərin olmadığını demişdi. Bununla yanaşı, Pauell ən azı Mitçel planında "boş qalmış" tələbləri İsrail qarşısında yenidən qaldırmaq niyyətindədir. Söhbət ilk növbədə işğal edilmiş ərazilərdə yəhudi yaşayış məntəqələrinin salınmasının dayandırılmasından gedir. Şaron artıq bir neçə dəfə bu prosesin "dondurulması" ilə bağlı tələbi qulaqardına vurub.
Buşla Blerin Texas görüşlərində Yaxın Şərq sülh nizamlaması ilə bağlı birgə plan hazırladıqları bildirilir. Bəzi müşahidəçilər onun mətninin İsrail üçün kifayət qədər sərt olacağını Britaniya XİN rəhbəri Ben Bredşounun dünənki bəyanatından hasil edirlər. Britaniyalı nazir deyib ki, İsrail ABŞ-a meydan oxumaqla təhlükəli oyuna girməkdədir. Vəziyyətin ciddiləşdiyi artıq Şaron hökumətinin özündə dərk edilir. İsrail XİN rəhbəri Şimon Peres kabineti işğalı dayandırmağa çağırıb. Onun sözlərinə görə, İsrail ABŞ-la münaqişə yaradan hərəkətlərə yol verməməlidir. Xatırladaq ki, ötən ilin sonlarında ABŞ-ın antiterror əməliyyatlarına başlamağa hazırlaşdığı bir vaxtda İsraili tənqid etməsindən sonra ölkələr arasında soyuqluq yaranmışdı. Oxşar vəziyyətin bu günlərdə müşahidə ediləcəyini gözləmək olar.
Fransada prezidentlik
yarışı finişə çıxıb
Dövlət başçısı postuna 16 namizəd iddialıdır
Fransada seçki kampaniyasının son mərhələsinə start verilib. Aprelin 21-də keçiriləcək prezident seçkilərində ali dövlət kürsüsü uğrunda 16 namizəd mübarizə aparacaq. Bu, 1965-ci ildən bəri prezident seçkiləri haqqında qanun qüvvəyə minəndən sonra prezident postuna iddialı olan namizədlərin ən rekord göstəricisidir.
Bundan əvvəlki rekord (12 namizəd) 1975-ci ildə qeydə alınmışdı. Fransa qanunvericiliyinə görə, prezidentliyə namizədlər aprelin 2-dən gec olmayaraq, Konstitusiya Məhkəməsinə ölkənin tanınmış 500 siyasətçisinin imzası ilə siyahı təqdim etməlidir.
Prezident kürsüsünə ən çox iki siyasətçinin sahib çıxacağı ehtimal edilir: Yelisey Sarayının hazırkı sahibi Jak Şirak və baş nazir Lionel Jospen. Hər iki namizədin prezident marafonundan qalib çıxmaq şansı bərabərdir. Lionel Jospenin orta təbəqənin həyat səviyyəsinin yüksəlməsi üçün yönələn seçkiqabağı proqramında cəlbedici nüanslar yetərincədir. Lakin ölkədə işsizliyin artması və digər xoşagəlməz iqtisadi göstəricilər (sosial-iqtisadi sferanın bütün sahələrini əhatə edən tətillərin baş alıb getməsi və cinayətkarlığın tüğyan etməsi) Şiraka rəqibinə qarşı hücuma keçməyə imkan verir. Müşahidəçilərin fikrincə, prezidentliyə əsas namizədlər seçicilərin 40-45 faiz səslərinə bel bağlaya bilər. Yəni nə Jospen, nə də ki, Şirak elə bir nəzərə çarpan üstünlüyə malik deyil.
Demək lazımdır ki, namizədlər arasında Fransa siyasi palitrasının bütün spektri təmsil olunub: qatı solçu trotskistlərdən tutmuş, sağçı radikallara qədər. Yeri gəlmişkən, 16 namizəddən 4-ü qadındır. Sosioloji araşdırmalar mərkəzlərinin keçirdiyi rəy sorğularına əsasən, sıravi seçiciləri namizədlərin siyasi mübarizəsi az maraqlandırır. Elə həmin sorğulara görə, elektoratın 42 faizi namizədlərin bəyanatlarına az diqqət yetirir, ümumiyyətlə, seçkiqabağı kampaniyanı izləməyə meylli deyillər.
Lakin ötən həftənin sonunda Jak Şirak haqda kompromat xarakterli materialların mətbuata yol tapması faktı seçicilərin diqqətindən yayınmadı. Məlum olub ki, Jak Şirak Parisin meri vəzifəsində çalışdığı dövrdə (1987-ci ildən 1995-ci ilədək) büdcə xərclərinin artmasına yol verib. Eks-mer şəxsi qastranomik tələbatının ödənilməsi üçün nə az, nə çox düz 2,2 milyon avro xərcləyib. Şirak təkçə meyvə və tərəvəzlərin gündəlik alınması üçün 150 avro, sous və cemlərə isə 50 avro xərcləyirmiş. Paris Bələdiyyəsi Baş Müfəttişliyinin hesabatında belə bir nəticə hasil olunub. Hesabat Parisin hazırkı meri Bertran Delanunun xahişi əsasında hazırlanıb.
Şevardnadze yersiz proqnozların əleyhinədir
Gürcüstan prezidenti Eduard Şevardnadze bəyan edib ki, gürcü-abxaz münaqişəsi zonasında yerləşdirilmiş Rusiya sülhməramlılarının srağagün avtomat silahlardan atəşə tutulmasına dair tələsik nəticə çıxarmağın əleyhinədir.
Şevardnadzenin fikrincə, təmas xəttində baş vermiş insident bölgədə vəziyyətin gərginləşməsində maraqlı olan xarici qüvvələr tərəfindən törədilib. Lakin Rusiya və Abxaziya tərəfi iddia edir ki, rus hərbçilərinə qarşı hücumu güya rəsmi Tbilisinin himayə etdiyi "Meşə qardaşları" partizan dəstəsi təşkil edib. Eduard Şevardnadze ABŞ hərbi ekspertlərinin Tbilisiyə gözlənilən səfərinə toxunaraq deyib ki, Pentaqonun 150 nəfərdən ibarət ekspert qrupu aprelin sonunda Tbilisiyə gələcək və hazırda onlar gürcü dilinin öyrənilməsi ilə məşğuldurlar.
|