"Ermənilərin niyyəti puç oldu"
Mübariz Əhmədoğlu: "Qarabağın statusu ilə bağlı
açıqlanmış saxta nəticələr belə, Ermənistanın maraqlarına uyğun deyil"
Rusiyanın "Qazeta.SNQ.ru" internet saytı etnopolitik münaqişələrin həllinə ictimaiyyətin münasibətini öyrənmək məqsədilə martın 1-dən keçirdiyi internet sorğuya dünən yekun vurub. Xatırladaq ki, sorğuda internet istifadəçilərinə "Dnestryanı bölgə, Abxaziya, Dağlıq Qarabağ və Cənubi Osetiyanı hansı statusda görmək istərdiniz" sualı ünvanlanmışdı.
Hərçənd, Azərbaycanda fəaliyyətdə olan provayderlər elə ilk gündən sorğunun qeyri-obyektiv keçiriləcəyini bəyan edərək, internet istifadəçilərini bu "aksiyanı" boykot etməyə çağırmışdılar. Bu mövqe ən azı onunla əsaslandırılırdı ki, baş redaktoru Armen Cilavyan olan "Qazeta.SNQ.ru"nun sözügedən məsələdə tərəfsiz mövqe tutması qətiyyən mümkün olmayacaq. Bildirilirdi ki, saytın erməni sahibləri müəyyən texniki parametrlərə "əl gəzdirməklə", sorğunun nəticələrini öz xeyirlərinə dəyişə biləcəklər: sonradan "Qazeta.SNQ.ru" internet saytının Azərbaycan və Türkiyə ərazisində fəaliyyətinin məhdudlaşdırılması, eləcə də "xaker hücumu"na məruz qalması bu fikirlərin əsassız olmadığını bir daha sübuta yetirdi.
Aprelin 10-na qədər davam edəcəyi bildirilən sorğuya nədənsə dünən - yəni aprelin 8-də yekun vurulub. "Qazeta.SNQ.ru" daha bir ciddi səhvə yol verərək, dünənki tarixi "9 aprel" kimi göstərib. Sorğunun nəticələri isə Armen Cilavyanın özünün dediyi kimi, "çox şeyi deyir": guya ki, Dağlıq Qarabağın statusuna dair sorğuda 436 min 56 nəfər iştirak edib. Onlardan 42,52 faizi Dağlıq Qarabağı Azərbaycanın tərkibində, 42,46 faizi "müstəqil dövlət" statusunda görmək arzusunu ifadə edib. 15,02 faiz icə guya Dağlıq Qarabağın Rusiyanın tərkibində olmasını daha məqsədəuyğun hesab edib.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu məsələ ilə bağlı "Bizim ƏSR"ə şərhində ermənilərin niyyətlərinin puç olduğunu deyib. Onun sözlərinə görə, "Qazeta.SNQ.ru"nun açıqladığı qeyri-obyektiv nəticələr belə, Ermənistanın maraqlarına uyğun deyil. "Sorğunun saxtalaşdırılması istiqamətində indiyə qədər kifayət qədər addımlar atılıb. Təkcə onu demək kifayətdir ki, saytın fəaliyyətinə Azərbaycan və Türkiyə ərazisində müəyyən əngəllər yaradılırdı. Nəticələrin texniki baxımdan da saxtalaşdırıldığına şübhə yoxdur. Hamı bilir ki, "Qazeta.SNQ.ru"ya Armen Cilavyan rəhbərlik edir. Bütün bunlara baxmayaraq, ermənilər qarşılarına qoyduqları çirkin məqsədi həyata keçirə bilmədilər. Onlar istəyirdilər ki, sorğudan istifadə edib Dağlıq Qarabağın müstəqilliyinin tərəfdarlarının sayının guya həddən çox olduğunu göstərsinlər. Ancaq birmənalı şəkildə demək olar ki, onlar məqsədlərinə çatmadılar", - deyən Mübariz Əhmədoğlu onu da əlavə edib ki, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzində məsələ ilə bağlı hazırlanmış sənəd bu günlərdə ictimaiyyətə açıqlanacaq.
"Dağlıq Qarabağa heç bir status verilməməlidir"
Siyasi partiya nümayəndələri Vəfa Quluzadənin bu bəyanatının populizm olduğunu deyirlər
"Ermənilər Dağlıq Qarabağın ya müstəqil olmasını, ya da Ermənistana birləşdirilməsini istəyirlər. Ona görə də Azərbaycan Dağlıq Qarabağa hansısa status verməkdən imtina etməlidir". Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə "Bizim ƏSR"ə açıqlamasında Dağlıq Qarabağa hansısa status verilməsinin əleyhinə olduğunu bir daha vurğulayıb.
Vəfa Quluzadənin sözlərinə görə, Azərbaycan mövcud reallıqdan çıxış edərək Dağlıq Qarabağa yüksək status vədindən imtina etməlidir. Danışıqların sonunun görünmədiyini deyən Quluzadə hesab edir ki, bu addım beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqlərinə səbəb olmayacaq: "Əslinə qalsa, ermənilərə Azərbaycan ərazisində heç bir status düşmür. Biz vaxtilə onlara bu statusu vəd etməklə, problemi tez həll etmək istəyirdik. Lakin ermənilər indiyə qədər də bununla razılaşmırlar. Danışıqlar nə qədər çəkəcək, məlum deyil. Ona görə də biz Dağlıq Qarabağa veriləcək status müqabilində Ermənistandan istəməliyik".
YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə Vəfa Quluzadənin fikirlərinin mövcud reallıqla uzlaşmadığını deyib. Onun sözlərinə görə, Azərbaycan danışıqlar yolunu seçibsə, müəyyən kompromislərə də hazır olmalıdır: "Mən də deyə bilərəm ki, Şah İsmayıl Xətai dövründəki bütün torpaqlarımızın yenidən Azərbaycana birləşdirilməsini istəyirəm. Yəqin ki, bundan böyük populizm olmaz. Mən siyasətçi olaraq reallıqdan çıxış etməyin tərəfdarıyam. Vəfa Quluzadənin fikirlərini bəlkə də hamı dəstləkləyər. Amma onun reallığa uyğun olub-olmaması başqa məsələdir. Əgər danışıqlara gediriksə, onda müəyyən kompromislərə də getməliyik. Yox, əgər müharibəyə gediriksə, bu, artıq başqa məsələdir".
Mübariz Qurbanlı onu da əlavə edib ki, Vəfa Quluzadə hakimiyyətdə vəzifə tutduğu müddətdə tamamilə başqa mövqedən çıxış edib. "Amma bu, onun öz işidir. Mən bununla bağlı şərh vermək istəmirəm. Oxucular özləri istədikləri nəticəni çıxara bilərlər", - deyə o vurğulayıb.
ASDP həmsədri Zərdüşt Əlizadə isə Vəfa Quluzadənin ifrat radikal mövqedən çıxış etdiyini bildirib. Onun fikrincə, Dağlıq Qarabağa hansısa status verməkdən imtina etmək Azərbaycana qarşı ciddi təzyiqlərə səbəb ola bilər: "Hər halda, ermənilər kimsəsiz deyillər. Onların arxasında böyük dövlətlər durur. Mənə elə gəlir ki, müasir dövlətlərin sivil muxtariyyət təcrübəsini nəzərə alaraq, Dağlıq Qarabağa da status vermək lazımdır. Məsələn, "Aland" variantını tətbiq etməklə, problemi qansız, qadasız həll etmək mümkündür".
"İşçi qrupda fikir ayrılığı var"
Arif Əliyevin sözlərinə görə, "Teleradio yayımı haqqında" qanun
layihəsinin yaxın vaxtlarda müzakirəyə çıxarılması gözlənilmir
Aprelin 11-də "Teleradio yayımı haqqında" və "İctimai televiziya haqqında" qanun layihələrinin yekun müzakirəsi keçiriləcək. Bu barədə qanun layihələrini hazırlayan işçi qrupun üzvü, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev "Bizim ƏSR"ə məlumat verib.
Qanun layihələrinə bəzi iradlarının olduğunu bildirən Arif Əliyev deyib ki, yekun müzakirələrə qədər bu barədə mətbuata açıqlama vermək niyyətində deyil. Onun sözlərinə görə, işçi qrupunun rəhbəri, millət vəkili Rizvan Cəbiyev qanun layihələrinin aprelin 15-dən sonra Milli Məclisin müzakirəsinə çıxarılacağını bildirməklə, tələskənliyə yol verib: "Belə razılaşmışdıq ki, yekun müzakirələrə qədər qanun layihəsi ilə bağlı mətbuatda müzakirələr açmayaq. Çünki layihə üzərində işlər hələ davam etdirilir, hansısa irad və təkliflərin nəzərə alınması mümkündür. Güman edirəm ki, yaxın vaxtlarda layihənin Milli Məclisin müzakirəsinə çıxarılacağından danışmaq çox tezdir. Məndə olan məlumata görə, layihənin son variantı müzakirəyə çıxarılmazdan əvvəl rəy verilməsi üçün Avropa Şurasına göndəriləcək. Doğrudur, bir dəfə artıq ümumi prinsiplər Avropa Şurasına göndərilib. Və ondan sonra layihəyə çox ciddi dəyişikliklər edilib. Lakin Avropa Şurası ekspertləri son variantla da tanış olmaq arzularını bildiriblər".
Arif Əliyev həmçinin deyib ki, hazırda qanun layihəsinin bəzi müddəaları ilə bağlı işçi qrupunun üzvləri arasında prinsipial fikir ayrılığı mövcuddur. "Layihəyə prinsipial əhəmiyyətli bəzi dəyişikliklərin edilməsinə ehtiyac var. Güman edirəm ki, yekun müzakirələr zamanı bu məsələlər aydınlaşacaq" - deyə, o vurğulayıb. Arif Əliyev işçi qrupunun rəhbəri Rizvan Cəbiyevdən fərqli olaraq hesab edir ki, perspektivdə yaradılması nəzərdə tutulan ictimai televiziyanın "Teleradio yayımı haqqında" qanunla tənzimlənməsi daha məqsədəuyğundur.
İşçi qrupun digər üzvü, "RUH" Jurnalistləri Müdafiə Komitəsinin sədri Əflatun Amaşov da bildirib ki, qanun layihələri ilə bağlı mövqeyini yekun müzakirələrdən sonra açıqlayacaq. "Düzü, hələlik bilmirik ki, layihə hansı vəziyyətdədir. Əvvəlki müzakirələr zamanı bizim bir sıra təkliflərimiz olmuşdu. Sonuncu müzakirələr zamanı prinsipial məsələlər demək olar ki, öz həllini tapmışdı. İnanmaq istərdim ki, biz demokratik standartlara cavab verən bir layihənin ortaya çıxmasına nail olacağıq" - deyən Əflatun Amaşov mövcud fikir ayrılıqlarını indiyə qədər televiziya və radioların fəaliyyətini tənzimləyən xüsusi qanunların olmaması ilə əlaqələndirib. Onun sözlərinə görə, bu sahədə təcrübənin olmaması qanunların işlənməsində müəyyən çətinlik yaradıb.
|