"Xəzər Caz və Blyuz Festivalı-2002" seminarlara başladı
Dünyanın ən məşhur caz ifaçıları artıq Bakıdadır
Xəbər verildiyi kimi "Amerikanın səsləri" və ABŞ-ın Azərbaycandakı səfirliyi ilk dəfə olaraq Bakıda caz və blyuz festivalı keçirir. Paytaxta səs salan "Xəzər Caz və Blyuz Festivalı-2002"də dünyanın ən məşhur caz musiqiçilərinin çıxışları gözlənilir.
Açılışı aprelin 12-nə nəzərdə tutulan festival çərçivəsində dünən seminar və "master klass"lar keçirilməyə başlandı. Açılışa bir neçə gün qalmasına baxmayaraq, bu səbəbdən festival iştirakçılarının bəziləri artıq Bakıdadır. Bunlar arasında məşhur caz ifaçısı pianoçu, bəstəkar və oranjmançı Mayk Del Ferro, kontrabasçı Yasuhito Mori, zərb alətləri ifaçısı Sebastyan Kaptein, dünya şöhrətli vokalçı KoKo York, pianoçu, həmyerlimiz Əminə Fiqarova, vokalçı və rəqqasə Kim Prevost, fleyta ifaçısı Bart Platteo, gitaraçılar Bil Solli, Rut Deyvs, Saksafon Hop Triosu, trubaçı Dmitri Mateni və başqaları var.
Mayk Del Ferro əslən Niderlanddandır. Onun atası Leonard del Ferro opera müğənnisi olub. Mayk 9 yaşından başlayaraq, pianoda klassik əsərlər ifa etməyə başlayıb. 17 yaşından cazla maraqlanır və Hollandiyanın Hilversim Koservatoriyasında caz-piano üzrə təhsil alır. Bəstəkarlıq istedadı ilə fərqlənən Mayk pulsuz olaraq Almaniyanın Kolonya Universitetində təhsil almağa nail olur. Mayk Del Ferro yalnız cazla deyil, digər musiqi janrları ilə də məşğul olur.
Yaponiyalı kontrabasçı Yasuhito Mori Aoyamaqakuin Universitetinin iqtisadiyyat fakültəsini bitirib. Sonralar 7 il klassik kontrabasda çalmağı öyrənib. Avropanın bir sıra ulduz cazmenləri ilə çıxış edən Mori 1994-cü ildə Yaponiya və İsveçdə "Skandinavian Capan Konnektion" adlı konsert proqramı ilə turne edib.
Sebastyan Kaptein zərb musiqi alətləri və dsembe (Qərbi Afrika zərb aləti) ifaçısıdır. Qroningen Konservatoriyasının müavinidir. 2000-ci ildə caz yarışının qalibi olan Sebastyan Hollandiya, Belçika, Almaniya, İsveçrə və Norveçdə keçirilən müxtəlif festivalların iştirakçısı olub.
Arkanzasın Stronq şəhərində anadan olan KoKo Yorku, demək olar ki, bütün dünya tanıyır. Yer kürəsinin şərqindən başlayaraq qərbinə qədər səyahət edən KoKonun ilk peşəkar çıxışı Yeni Orleanın fransız məhəllələrində olub. Burada o, caz və blyuzla maraqlanmağa başlayır. Sonralar isə Afrikaya səyahəti zamanı öz əcdadlarının və doğma xalqının musiqisini öyrənən KoKo hazırda Rotterdam Musiqi Konservatoriyasının caz elmləri professorudur.
Kim Prevost oxumağa uşaqkən kilsədə ruhani olan atası ilə duetlərdən başlayıb. Model biznesində çalışan Kim 8 il balet, step və caz rəqsləri ilə məşğul olub. Bir müddət teatrda çalışdıqdan sonra Kim Prevost Sweet Charity, West Side Story və digər məşhur müzukllərdə baş rolların ifaçısı olub.
Brüsseldə doğulan Bart Platteo səkkiz yaşından fleyta çalmağa başlayıb. Brüssel Konservatoriyasını fleyta, zərb alətləri və kamera musiqisi üzrə bitirib. Klassik zərb alətləri musiqiçisi kimi "Belçika Milli Orkestri", "Mant Filarmoniya Orkestri" və Kamera musiqi ansamblları ilə çıxışlar edən Bart Rotterdam Koservatoriyasının caz şöbəsinin fleyta bölməsini bitirib.
Bil Solli Nyu Orleanın ən məşhur gitaraçılarındandır. Bilin bibop, sintez və Braziliya stillərində böyük təcrübəsi olsa da o, blyuz ifaçılarını müaşayiət edir. Nyu Orlean Universitetini klassik gitara ixtisası üzrə bitirən Bil Soli Luizianada keçirilən Caz Bəstəkarlar Yarışının qalibidir.
Bas gitaraçı Rut Deyvs caz və blyuzun dahiləri hesab edilən Çarlz Braun, Con Li Huker, Bonni Reyt, Eddi Haris Lüter Elison, Riçi Koul və digərləri ilə çıxışlar edib. Son üç il ərzində isə o, məşhur musiqiçi Dmitri Mateni ilə işləyir.
Dmitri Mateni dünyada ən məşhur amerikalı trubaçılardandır. "Caziz Riders" sorğusunda "ən yaxşı yeni artist" və Daun Bit Beynəlxalq Kritiklər sorğusunda "geniş tanınmaya layiq istedad" adlarının sahibi olan Dmitri səhnəyə 80-ci illərdə əfsanəvi trubaçı Art Farmerin oxşarı kimi çıxıb. İndi isə yalnız Çak Manqiondan geri qalan Mateni buraxdırdığı çox saylı kompakt disklərində bəstəkar, oranjmançı və solist kimi çıxış edir.
Canlı musiqi ifasını və improvizə etməyi sevən Almaniyadan olan Saksafon Hop Triosu. Verner İnqlert, Maykl Şveyzer və Matias Stik isə festivala aprelin 13-də qatılacaqlar.
nQeyd edək ki, adları çəkilən cazmenlər "master klass"ları Musiqi Akademiyası, Vaqif Mustafazadə adına caz musiqisi klubu və Bülbül adına musiqi məktəbində verirlər. Bu musiqiçilər arasında həmyerlimiz, pianoçu Əminə Fiqarova da var. Bülbül adına musiqi məktəbində "master klass"lar verən Əminə Fiqarova ilk dərsini cazın əsasını təşkil edən blyuzdan başladı. Məktəbin şagirdləri seminarda çox aktiv iştirak edirdilər. Əminə xanımla birgə musiqi parçalarını məşq edən azyaşlı şagirdlər sonda sərbəst olaraq caz parçaları ifa etdilər.
Seminarlar aprelin 13-dək davam edəcək. Biz ardıcıl olaraq festivalda iştirak edəcək musiqiçilərlə müsahibələri sizə təqdim etməyə çalışacağıq.
"Sizi deyib gəlmişəm,
ey mənim müsəlman qardaşlarım!"
"Molla Nəsrəddin" dərgisinin nəşrindən 96 il ötdü
"Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər. Məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ bacib əməllərə. Çünki hükəmalar buyurublar ki, sözünü o kəslərə de ki, sənə qulaq vermirlər".
Düz 96 il öncə üzünü müsəlman qardaşlarına tutub gələn "Molla Nəsrəddin" dərgisi işıq üzü görüb. "Molla Nəsrəddin" görkəmli ədib Cəlil Məmmədquluzadənin adı ilə bağlıdır. Hərgah Cəlil Məmmədquluzadə təvazökarlıq göstərərək, "Molla Nəsrəddin"i təbiətin özü yaratdı, zəmanə yaratdı" deyib.
"Molla Nəsrəddin"in yaradıcısı Cəlil Məmmədquluzadənin həyat və yaradıcılıq yolu haqqında ətraflı bilgilər yetərincədir. Ədibin özünün qələmə aldığı "Xatiratım" ən etibarlı mənbələrdən biridir.
Tarixi sənədlərdə Cəlil Məmmədquluzadənin 1866-cı il fevral ayının 22-də Naxçıvan şəhərində doğulduğu göstərilir. Ancaq bu, dəqiq tarix deyil. Bunu ədibin özü də etiraf edib:
"Nə vaxt anadan olmuşam? Vallah, bilmirəm, çünki bu barədə əldə heç bir sənədim və yazım yoxdur... Mənim dünyaya gəlməyimi heç bir kəs yazı ilə bir yanda qeyd etməyib: o vaxtlar nə metrik dəftərlər var idi, nə də o vaxtlar atalar övladının doğulmaq yadigarını yazıya köçürməyi lazım bilirdilər. Mənim atam və anam da habelə. Bununla bərabər, bir neçə işarə ilə duya bilirəm ki, indi, yəni hicrətin min üç yüz qırx dördüncü və İsanın təvəllüdünün min doqquz yüz iyirmi altıncı ilində mənim yaşım gərək ya əlli altı ol, ya əlli yeddi ola, ya bəlkə də əlli səkkiz ola. Belə ki, yadıma rus ilə osmanlı davasını salıram. Yoldaşlarım ilə durmuşduq Naxçıvanın Qələ məhəlləsində, bir uca yerdə. Axşam vaxtı idi. Gün təzə batmışdı və günün qürubunun qırmızı buludları günbatan tərəfini elə bürümüşdü ki, guya orada bir yekə barıt anbarını od vurub yanıdırblar. O vədə yoldaşlarım məni inandırmışdılar ki, orada qızaran Qars şəhərinin yanğısıdır. Yəni orada rus və osmanlı davasıdır. Amma həqiqət bu idi ki, o il doğrudan da rus-osmanlı müharibəsi idi ki, biz, səkkiz-doqquz yaşında küçə uşaqlarının coğrafi məlumatı ancaq o qədər ola bilərdi. Bundan savayı yaşımın miqdarını təyin etmək üçün bir yadigarım da var. Min səkkiz yüz həştad birdə İkinci Aleksandrın mücahidlər tərəfindən Peterburqda güllələnməyi mənim yadıma gəlir. On bir-on iki yaşında uşaq olardım".
Cəlil Məmmədquluzadə Naxçıvanda üç sinifli şəhər məktəbindən sonra təhsilini Zaqafqaziya müəllimlər seminariyasında davam etdirib. Təhsil illərindən sonra isə bir müddət müəllim işləyib. Cəlil Məmmədquluzadənin maarifçilik və ədəbi fəaliyyəti barədə dönə-dönə söhbət açıldığından, bu mövzunun üstündən keçib, mətləb üstünə gəlirik.
96 il öncə, "Tiflis, Varansovski küçəsi, nömrə 7" ünvanında Azərbaycanda, eləcə də, Şərqdə hadisəyə çevriləcək "Molla Nəsrəddin" adlı satirik mətbu orqanının təməli qoyulub. "Molla Nəsrəddin" dərgisinin ilk nömrəsi isə aprelin 7-də işıq üzü görüb. Xatırladaq ki, dərgi fasilələrlə Tiflisdə (1906-1918), Təbrizdə (1920-1921), Bakıda (1922-1932) 25 il müddətində nəşr olunub.
Azərbaycan mətbuat tarixində hadisəyə çevrilən "Molla Nəsrəddin" dərgisi tədqiqatçılarımız tərəfindən layiqincə araşdırılıb. Cözügedən sənət abidəsinin mətbuat tarixindəki mövqeyi üzə çıxarılıb.
Bu tədqiqatlardan məlum olur ki, "Molla Nəsrəddin" Şərqin ən şöhrətli dərgisi olub. Bu, tək azərbaycanlı alimlərin deyil, eyni zamanda dünya şərqşünaslarının fikridir. Bu fikri məşhur fransız şərqşünası belə ifadə edib: "Dünyada satirik jurnallar çoxdur. Ancaq indiyə qədər "Molla Nəsrəddin" satirik jurnalı kimi, dünya səviyyəsində ikinci bir jurnala rast gəlmədim".
Dərginin yaradıcısı Cəlil Məmmədquluzadənin "Mövhumatı, cəhaləti tənqid eləmək, elə bilirsiniz asandır? Onlara qarşı çıxmaq üçün biz bəzən həyatımızı da təhlükə altında qoyuruq" etirafı "Molla Nəsrəddin"in çətin bir şəraitdə işıq üzü görməsinə dəlalət edir. Mətbuat tarixində hadisəyə çevrilən bu dərginin özəlliyinə gəlincə, yenə də tədqiqatçılara üz tutaq. Turan Həsənzadə hesab edir ki: "Dünya hadisələrindən tutmuş cəhalət, mövhumat, məişət - ümumiyyətlə, elə bir sahə yoxdur ki, "Molla Nəsrəddin" diqqətdən kənarda qalsın. "Molla Nəsrəddin" ən müxtəlif mövzuları öz səhifələrində 25 ilə yaxın işıqlandıran, təhlil edən yeganə jurnaldır. Karikaturaları isə əsl sənət nümunələridir. Son dərəcə ustalıqla çəkilən bu şəkillərdə istənilən məğz savadsız insanlara belə çatdırılıb".
"Molla Nəsrəddin" dərgisinin bir müddət Cənubi Azərbaycanda işıq üzü görməsinin səbəbkarı yenə də Cəlil Məmmədquluzadə olub.
Təbriz mövzusuna həmişə xüsusi diqqətlə yanaşan Cəlil Məmmədquluzadə cənubda baş verən hadisələri izləyib. Xüsusən də cənubdakıların azadlıq mübarizəsini alqışlayaraq, bu hərəkata öz xidmətini göstərmək istəyində olub.
Cəlil Məmmədquluzadə Təbrizə gedib Şeyx Məhəmməd Xiyabani ilə görüşəndə də birinci növbədə "Molla Nəsrəddin"i nəşr etdirmək, bununla da azadlıq mücadiləsində onlara kömək etmək istəyib. Ancaq Mirzə Cəlilin Şeyx Məhəmməd Xiyabani ilə olan söhbətindən bir həftə sonra Xiyabani qəddarcasına qətlə yetirilir. Bu zaman Mirzə Cəlil çıxılmaz vəziyyətdə qalaraq, geri dönmək istəyir. Lakin ətrafındakılar, maarifpərvər qüvvələr onu geri qayıtmağa qoymayaraq, dərginin nəşrinə kömək edirlər.
Tarixi faktlar göstərir ki, "Molla Nəsrəddin" jurnalının nəşrinin dayandırılması sırf Mirzə Cəlilin səhhəti və ölümü ilə əlaqədar deyil. Əslində vəziyyət bir qədər başqa cür olub. Mirzə Cəlil hələ dünyasını dəyişməmişdi, yuxarıdan belə bir tapşırıq gəlir ki, "Molla Nəsrəddin" "Allahsız" adı ilə nəşr olunsun. Ədib bu tapşırığı yerinə yetirməkdən qəti şəkildə imtina edir. Belə ki, Cəlil Məmmədquluzadə mövhumata qarşı çıxaraq, şəxsi mənafelərini güdən din xadimlərini tənqid eləsə də, heç bir zaman Yaradana qarşı çıxmayıb. Təsadüfi deyil ki, Mirzə Cəlil dərginin səhifələrində tez-tez "Quran"dan ayələr dərc edərmiş. Cəlil Məmmədquluzadənin etirazına baxmayaraq, redaksiya heyətinin bəzi üzvləri yuxarıdan gələn bu tapşırığı məmnunluqla qarşılayırlar. Və "Allahsız"ın ilk nömrəsi işıq üzü görür. Son dərəcə uğursuz olan ilk nömrə eyni zamanda son nömrə olur. Bu səbəbdəndir ki, "Molla Nəsrəddin"in varisi olmağa cəhd göstərən "Allahsız"ın adı heç yerdə çəkilmir.
Ötən illər ərzində bir çox mətbu orqanlar "Molla Nəsrəddin" dərgisinin ənənələrindən faydalanmaq istəyiblər. Tədqiqatçıların fikrincə, bu iddia ilə işıq üzü görən nəşrlər "Molla Nəsrəddin" adını tam doğrultmayıb. Çox zaman bu cəhdlər "Molla Nəsrəddin"sayağı yeni dərgi nəşri kimi qiymətləndirilib. "Molla Nəsrəddin" dərgisinin ənənələrini qismən uğurla davam etdirən nəşrlər, maraqdıdır ki, cənubda işıq üzü görüb. Belə ki, dərginin cənubda qısamüddətli nəşri onun orada layiqli davamçılarının üzə çıxmasına şərait yaradıb. "Suri İsrafil", "Satirik Azərbaycan" və s. kimi satirik jurnallar, sözün əsl mənasında, "Molla Nəsrəddin" ənənələrini davam etdirib.
Son söz yenə "Molla Nəsrəddin"indir:
"Ey yüz il bundan sonra dünyada yaşayan nəvə və nəticələrim! Bəlkə... "Molla Nəsrəddin"in vərəqləri düşə əlinizə və oxuyasınız. Mən qorxuram ki, siz o vədə deyəsiniz ki, bu rəhmətlik "Molla Nəsrəddin" bizim rəhmətlik babalarımıza böhtan deyib, çünki yazdığı əməlləri heç qədim əsrlərdə yaşayan vəhşi tayfalar da tutmazdılar. Ey xoşbəxt nəvə və nəticələrimiz, qorxuram ki, belə deyəsiniz"...
|