#79(499) XƏBƏRLƏR
Ana səhifə

Xəbərlər xətti

XƏBƏRLƏR

İc siyasət

Şərh

İş günü

Mədəniyyət

Telemətbəx

İdman

Əyləncə

Ulduz falı

Köşə yazarları

Sabotage

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

KÖŞƏ YAZARLARI
XXI

Suallı künc

Dünəndən bu günə

Bu da bizik
Bakı və Tbilisi birgə əməliyyata hazırlaşır
Gürcüstanın müdafiə naziri David Tevzadze Azərbaycan rəhbərliyi ilə separatizmə qarşı mübarizə məsələsini müzakirə edəcək

Dünən Gürcüstanın müdafiə naziri David Tevzadze azərbaycanlı həmkarı, general-polkovnik Səfər Əbiyevin dəvətilə ölkəmizə rəsmi səfərə gəlib. Aprelin 11-dək davam edəcək səfər gedişində regional təhlükəsizlik, terrorizm və separatizmlə birgə mübarizə, hər iki ölkədə Silahlı Qüvvələr quruculuğunun gedişi və hərbi sahədə əməkdaşlığın inkişafı məsələlərinin müzakirə ediləcəyi bildirilir. Gürcüstan müdafiə nazirinin Azərbaycan prezidenti, Milli Məclisin sədri, baş nazir və xarici işlər naziri ilə görüşləri də nəzərdə tutulub.
Rəsmi dairələrin verdiyi məhdud məlumata rəğmən D.Tevzadzenin Bakıda 4 gün ərzində aparacağı danışıqlar maraq doğurur. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında səfərin yekununa dair protokolun imzalanacağı qeyd olunsa da, Gürcüstanın Bakı böyükelçisi Zurab Qumberidze hansısa sənədin hazırlanmadığını bildirib. Eyni zamanda səfərin geniş proqramı diqqət çəkir. Qeyd edək ki, indiyədək analoji səfər proqramı ilə Azərbaycanda yalnız Türkiyə Silahlı Qüvvələrinin başçısı olub. Odur ki, general Tevzadzenin səfərini Bakı ilə Tbilisi arasında strateji məsləhətləşmə kimi qəbul etmək lazımdır.
Regional müttəfiqlər olan Azərbaycanla Gürcüstanın hərbi-təhlükəsizlik sahəsində sıx təmaslarını zəruri edən məqamlar isə kifayət qədərdir. Hər iki ölkə NATO strukturları ilə əməkdaşlıq edir, hər ikisi aqressiv separatizmlə üzləşib. D.Tevzadze və S.Əbiyev mütəmadi olaraq Abxaziya və Qarabağ münaqişəsinin hərbi müstəvidə həlli yönündə bəyanatlar verirlər. Üstəlik Gürcüstan ABŞ-ın yardımı ilə antiterror əməliyyatına hazırlaşır və Azərbaycanın bu kontekstdə qonşusu ilə birgə addımlar atması da tamamilə mümkündür.

Nazir müavini dövlət dilində danışmadı

Xarici işlər nazirinin müavini Araz Əzimov ilə Avropa Şurası Nazirlər Komitəsinin sədri, Litva xarici işlər naziri Antanas Valionisin dünənki görüşündə Azərbaycan və AŞ arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Qeyd edək ki, Araz Əzimov söhbəti ingiliscə aparıb və onun Valionislə dialoqunu jurnalistlərə heç kim tərcümə etməyib. Bu, A.Əzimovun Azərbaycanın dövlət dilinə hörmətsizliyi kimi dəyərləndirilə bilər.
Danışıqların məzmunu barədə jurnalistlərə XİN mətbuat xidmətinin rəhbəri Mətin Mirzə məlumat verib. Onun sözlərinə görə, A.Əzimov qonağa bildirib ki, Azərbaycan Avropa dəyərlərinə tərəfdardır və bundan sonra da demokratik prinsiplər əsasında əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. O deyib ki, ölkə prezidentinin bu yaxınlarda imzaladığı fərmanla 81 məhbus əfv olunub. A.Əzimov həmçinin Azərbaycanda mətbuat azadlığından da danışıb.
Qarabağ probleminə toxunan A.Əzimov Azərbaycanın münaqişəni dinc yolla, beynəlxalq hüquq normaları əsasında nizamlanmasına tərəfdar olduğunu vurğulayıb. O, ATƏT-in hazırkı sədrinin və Minsk Qrupu həmsədrlərinin regiona son səfərinin yekunları barədə AŞ Komitəsi sədrinə məlumat verib. Öz növbəsində Valionis bildirib ki, Azərbaycan AŞ üzvü olduğu birinci il ərzində bir sıra öhdəlikləri yerinə yetirib, o cümlədən əsas Avropa konvensiyalarını ratifikasiya edib. O, prezidentin əfv fərmanını alqışladığını vurğulayıb.

"Qızıl Xaç" qaçqınlara yardımını əsirgəməyəcək

Aprelin 1-4-də İsveç Qızıl Xaç Cəmiyyətinin (İQXC) proqram koordinatoru Linda Nordin Azərbaycanda səfərdə olub. O, "Turan"a müsahibəsində bildirib ki, son üç ildə İQXC Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQACF) Azərbaycanda həyata keçirdiyi proqramların əsas donorlarından biridir.
Həmin proqramlar Azərbaycan Qızıl Aypara Cəmiyyətilə (AQAC) birgə həyata keçirilir və icmaların inkişafı, qaçqınların məşğulluğu, xəstəliklərə qarşı profilaktik tədbirlər haqqında məlumatı, qaçqınların repatriasiyası və reabilitasiyası, uşaqların dəstəklənməsi üzrə proqramları əhatə edir. Səfər zamanı Linda Nordin Dərnəgül, Sabirabad, Saatlı və Biləsuvar qaçqın düşərgələrində, Füzuli rayonunun Şükürbəyli kəndində olub. O, qaçqınların yaşayış şəraitinin pis olmasını, antisanitariya və su çatışmazlığını qeyd edib. İQXC nümayəndəsinin fikrincə, dövlət məmurları vəziyyətin yaxşılaşdırılması ilə bağlı əməli tədbirlər görməlidir.
"Ümid edirəm ki, o gün gələcək, bütün qaçqınlar öz evlərinə qayıdacaq", - deyə Nordin qeyd edib. Onun sözlərinə görə, Alxanlı kəndində də evlərin bərpası və qaçqınların reabilitasiyası üzrə işlər davam edəcək. 147 qaçqın həmin kəndə qayıda biləcək. "Biz Azərbaycandan getmək fikrində deyilik, ancaq istəyirik ki, inkişaf proqramlarının dəstəklənməsini sürətləndirək"-deyə o vurğulayıb. Nordin qeyd edib ki, 1994-cü ildən bu günədək İQXC azərbaycanlı qaçqınlara 2 milyon dollar məbləğində yardım göstərib. Ötən il Azərbaycanda həyata keçirilən proqramlara 360 min dollar vəsait qoyulub. Cari ildə bu məbləğ 300 min dollara yaxın olacaq. O həmçinin qeyd edib ki, İQXC zöhrəvi xəstəliklər və AIDS üzrə profilaktik tədbirlərə dair proqramları da dəstəkləyəcək. Eyni zamanda Nordin bildirib ki, qaçqın və məcburi köçkünlərlə bağlı məsuliyyəti məhz hökumət öz üzərinə götürməlidir. "Donor təşkilatlar ölkədən gedə bilər və yalnız humanitar yardım alan qaçqınlar hər şeydən məhrum olar", - deyə o qeyd edib.

Üç dairədən 19 namizəd qeydə alınıb
Əlavə seçkilərə beynəlxalq müşahidəçilər gəlir

Bu il aprelin 12-də 24 saylı Nərimanov birinci, 29 saylı Əli Bayramlı-Salyan və 31 saylı Kəpəz seçki dairəsində əlavə seçkilər keçiriləcək. MSK mətbuat katibi Arif Hüseynov "Turan"a bildirib ki, əlavə seçkilər keçiriləcək üç dairə üzrə 19 namizəd qeydə alınıb.
"Belə ki, 24 saylı Nərimanov birinci seçki dairəsi üzrə 9 namizəd (AXCP-1, YAP-2, Demokratik Azərbaycan Dünyası Partiyası-1, Milli Dövlətçilik Partiyası-1, bitərəf-4), 29 saylı Əli Bayramlı-Salyan seçki dairəsi üzrə 5 namizəd (AXCP-1, YAP- 1, bitərəf -3), 31 saylı Kəpəz seçki dairəsi üzrə 5 namizəd (AKP-1, YAP-2, bitərəf-2) qeydə alınıb", - deyə mətbuat katibi qeyd edib.
A.Hüseynovun sözlərinə görə, hazırda təşviqat kampaniyası davam edir. "Seçkiqabağı təşviqat kampaniyası dövründə hər hansı qanun pozuntusu qeydə alınmayıb və MSK-ya şikayət daxil olmayıb", - deyə o vurğulayıb. Mətbuat katibi bildirib ki, artıq seçki bülletenləri dairələrə çatdırılıb, məntəqələr isə səsvermə üçün hazırdır. Əlavə seçkiləri yerli və beynəlxalq müşahidəçilər müşahidə edəcək. "Seçkiləri müşahidə etmək üçün indiyədək 16 beynəlxalq müşahidəçi MSK-da akkreditə olunub və bu proses davam edir. Bununla yanaşı, əlavə seçkiləri Azərbaycandakı diplomatik missiyaların və beynəlxalq seçki institutlarının nümayəndələri müşahidə edəcək", - deyə Arif Hüseynov bildirib.

Qardaş bacısını öldürüb

Dünən səhər saat 9 radələrində Xətai rayonu, Neapol küçəsi 16, mənzil 92-də dəhşətli qətl hadisəsi olub. 1985-ci il təvəllüdlü Emin Süleyman oğlu Süleymanov bacısı Jaləni bıçaqlayıb, sonra isə başını kəsib.
Hadisə Xətai rayon 35-ci Polis Bölməsinin ərazisində baş verib. Bölmə rəisi İlqar İbrahimov "Bizim ƏSR"ə bildirib ki, onlar əməliyyat məlumatı daxil oduqdan sonra sözügedən ünvana yollanıblar. 1983-cü ildə anadan olmuş J.Süleymanovanın meyiti yataq otağında aşkar edilib. Qətl mətbəx bıçağı ilə törədilib. Bölmə rəisi bildirdi ki, Emin artıq həbs edilib və onun barəsində cinayət işi qaldırılıb.
Əldə etdiyimiz əlavə məlumata görə, mərhuma 8 bıçaq zərbəsi vurulub. Sonda isə Emin bıçağı onun boğazına çəkib. E.Süleymanov ilkin izahatında bildirib ki, Jaləni namus üstündə qətlə yetirib. Belə ki, dünən səhər onların arasında mübahisə düşüb. Emin bacısını yüngül həyat tərzi keçirdiyinə görə məzəmmət edib. Jalə isə ona cavab qaytararaq, işlərinə qarışmamasını məsləhət görüb. Qardaşla bacının arasında yaranan münaqişə dərinləşib. Jaləni evdən çölə çıxmağa qoymayan Emin onu öldürəcəyi ilə hədələyib. Lakin qız yenə də öz fikrindən dönməyib. E.Süleymanov əvvəlcə bacısının qoluna xəsarət yetirib. Qardaş bacısının günahını etiraf etmədiyini gördükdə isə daha da qəzəblənərək, ona 8 bıçaq zərbəsi vurub.

Tbilisi prospektində yanacaq maşınları toqquşub

Dünən saat 14.45-də Bakıda Tbilisi prospektilə Dərnəgül şossesinin kəsişdiyi yerdə avtomobil qəzası baş verib. Belə ki, sürücü Əhməd Zeynalovun idarə etdiyi 66 BV 944 dövlət nömrə nişanlı "Kamaz" markalı avtomobil 15 BB 719 nömrəli eyni markalı maşınla toqquşub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Hadisə nəticəsində Ə.Zeynalovun maşınının çəni deşilib və içərisində olan neft küçəyə axıb. Neftin xeyli hissəsi küçəyə axdıqdan sonra yanacaq köməyə gəlmiş başqa bir maşına doldurulub. Yanacağın ətrafa yayılması nəqliyyatın hərəkətinə mane olub. Dağılmış neftin təhlükə yaratmaması üçün ətrafa qum səpilib. Bakı Şəhər Yol Polisi İdarəsinin texniki şöbəsinin müdiri Rəşid Rüstəmov bildirib ki, hələlik yükün sahibini müəyyənləşdirmək mümkün olmayıb. Onun sözlərinə görə, avtomobildə, təxminən, 30-35 ton neft olub. Hadisə ilə bağlı araşdırmalar aparılır.

İslam Aləmi Liqasının konfransı başlanıb

Aprelin 6-da Məkkədə İslam Aləmi Liqasının "İslam ümməti və qloballaşma" mövzusunda 4-cü konfransı öz işinə başlayıb. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verib.
Konfransa 400-dək nümayəndə qatılıb. Azərbaycanı tədbirdə DQİDK sədri Rafiq Əliyev təmsil edir. Müzakirə üçün təqdim olunan sənədlər sırasında Azərbaycanla bağlı sənəd də var. Sənəddə Azərbaycana öz torpaqlarını erməni işğalından azad etmək üçün kömək göstərilməsi, qaçqın və köçkünlərin təhlükəsiz şəraitdə öz yurdlarına qayıtmasını təmin edilməsi məqsədilə İslam Konfransı Təşkilatına müraciət olunması nəzərdə tutulur.

Şeyxülislam Almaniya səfiri ilə görüşüb

Dünən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri şeyxülislam Hacı Allahşükür Paşazadə iqamətgahında Almaniyanın Azərbaycandakı səfiri Klaus Qrevlixi qəbul edib.
Bu xəbəri QMİ mətbuat xidməti verib. Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı müzakirə olunub, Qafqazdakı dini durum barədə fikir mübadiləsi aparılıb. Görüşdə Bakı və Xəzəryanı pravoslavların yepiskopu Aleksandr, Dağ Yəhudiləri dini icmasının rəhbəri Semyon İxiilov iştirak edib.

Prokurorluq jurnalistlərin şikayətini araşdırır

"Media nümayəndələrinin prokurorluq orqanlarına müraciətləri tam ciddiyəti ilə araşdırılır".
Baş prokuror Zakir Qaralov belə deyib. Onun sözlərinə görə, ölkə prezidentinin "KİV-ə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncamına uyğun olaraq peşə fəaliyyəti ilə əlaqədar jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsi barədə müraciətlərə, habelə cinayət xarakterli məlumatlara baxılmasına dair Baş Prokurorluğun Təşkilat-analitik İdarəsində vahid uçot aparılır. Qeyd edək ki, cinayət xarakterli məlumatlar ümumiləşdirildikdən sonra ictimaiyyətə açıqlanacaq.

Qanunsuz silahlar müsadirə olunub

2002-ci ilin birinci rübü ərzində Şəki rayonunda əhalidə 12 ədəd qanunsuz silah aşkar olunub.
Şəhər polis idarəsinin rəis müavini Niyazi Məmmədov bildirib ki, aparılan əməliyyatlar nəticəsində 2 avtomat, 1 tapança, 4 qanunsuz saxlanılan ov tüfəngi, 5 əl qumbarası, 9 avtomat sandığı və 224 ədəd müxtəlif çaplı güllə müsadirə olunub. N.Məmmədov bunu ilin əvvəlindən aparılan intensiv əməliyyat axtarış tədbirlərinin nəticəsi adlandırıb.

"Azərbaycanda istedadlı nəsil yetişir"
Yaponiyanın ilk operasını yazan soydaşımız, bəstəkar Fərhəng Hüseynov ölkəmizin imkanlı şəxslərini gənclərə arxa, dayaq durmağa çağırır

Fərhəng Hüseynov Azərbaycanda o qədər də tanınmış isim sayılmasın gərək... Milli klassik musiqimizin böyük simalarından olan Qara Qarayevin indi barmaqla sayılacaq qədər qalmış tələbələrindən biri kimi onu, yəqin ki, daha çox öz həmkarları tanıyır. Musiqi təhsilini sonradan Moskvada davam etdirən, on il bundan əvvələdək indiki Bakı Musiqi Akademiyasında, hazırda isə Türkiyənin Çukurova Universitetində müəllimlik edən bəstəkar və skripkaçı Fərhəng Hüseynov bir neçə gün əvvəl vətəndə... qonaq olub. Yapon tələbəsi ilə birgə burda konsert verib. Əsərləri dünyanın ən böyük salonlarında səslənsə də, Azərbaycan dinləyicisinin ciddi müsiqini daha dərindən duyduğunu deyir. Fərhəng müəllimlə Bakı Musiqi Akademiyasında görüşüb söhbət etdik.

- On ildir Azərbaycandan kənardasınız. Təbii ki, bizi birinci maraqlandıran buranı tərk etmənizin səbəbləridir.

- 1991-ci ildə YUNESKO Yaponiyada "İpək yolu" adı altında ən yaxşı klassik musiqi əsərlərinin müsabiqəsini elan etdi. Müsabiqədə mən də "Zaman üzrə hərəkət" adlı simfonik əsərimlə iştirak etdim və ikinci mükafata layiq görüldüm. Bundan sonra mənə Yaponiyadan dəvət gəldi. Mən də qəbul etdim və Tokioya getdim. Orada mənə ilk milli yapon operası yazmağı sifariş etdilər. 1993-cü ildə əsəri tamamlayıb təhvil verdim. Sonra Türkiyə universitetlərindən birindən dəvət aldım. Artıq on ildir bu ölkədə işləyir, gənc musiqiçilər hazırlayıram. Eyni zamanda başqa ölkələrdə də kurslar keçirəm. Məsələn, ötən yay Amerikada kurs verdim. Bu yay İsrailə gedəcəyəm. Əsərimin Paraqvayda, Argentinada premyerası olacaq, ona hazırlaşıram. Bir sözlə, iş çoxdur...

- Azərbaycandan gedənə qədər nə işlə məşğul olurdunuz?

- Burada da bekar deyildim, əlimdə işim var idi. Elə bir ehtiyacım yox idi... Sadəcə, başqa bir universitetdə işləmək istəyim var idi. Ona görə də getdim. 75-ci ildən indiyədək Bakı Musiqi Akademiyasında müəlliməm. Mən bununla fəxr edirəm.
O vaxt, mən gedəndə Azərbaycanda bütün sahələrdə durğunluq var idi. İndi, şükürlər ki, canlanma başlayıb. Bütün çətinliklərə baxmayaraq, tək bir istəyim var. Kaş, bizim imkanlı, işgüzar adamlarımız istedadlı yeniyetmələrə, gənclərə arxa, dayaq duraydılar, onların müxtəlif müsabiqələrdə iştirakına yardımçı olaydılar. Azərbaycanda çox güclü potensialı olan, istedadlı nəsil yetişir, onlara kömək lazımdır. Bunun bəhrəsini sonra görəcəyik. Azərbaycan çox böyük ölkə ola bilər. Çünki insanları böyükdür.

- Bu dəfəki gəlişinizin, bildiyimə görə, konkret bir səbəbi var...

- Bəli. Bakıda ifa olunması üçün 8 hissəli oratoriyamın bir bölümünü gətirmişəm. Daha bir əsər olmalı idi: 2000-ci ildə Paraqvayda Xose Osensyon Flores müsabiqəsində birincilik qazanan əsərimi gətirməliydim. Təəssüf ki, icazə vermədilər.

- Kim və niyə?

- YUNESKO icazə vermədi, çünki bu əsəri Azərbaycanda yalnız premyeradan sonra ifa edə bilərəm. Ona görə də gözləmək lazımdır. Təsəvvür edin ki, Yaponiya üçün yazdığım operadan da hər hansı bir hissəni burada səsləndirmək ixtiyarım yoxdur. Onun hər hansı bir vasitə ilə təbliğatına belə icazə verilmir. Bütün haqlar Yaponiyaya məxsusdur.

- Belə çıxır ki, Azərbaycan bəstəkarı Fərhəng Hüseynov olaraq, öz vətəninizdə öz əsərinizi ifa etmək hüququndan məhrumsunuz...

- Belə çıxır. Təbii ki, mən istərdim, burada da nəsə yazım, yaradım. Azərbaycan mənim vətənimdir. Başqa cür ola da bilməz. Amma nə etməli, sifariş yoxdur. Gəlişimin səbəbinə qayıdıram. Çoxdandır burada əsərim çalınmırdı. Həm də istədim ki, qızım da bir musiqiçi, fortepiano ifaçısı kimi burada özünü göstərsin. Gəldi, burada solo konsert verdi, orkestrlə birgə. Bir yapon tələbəm var, skripka çalır. Onu da gətirmişdim. O da çox gözəl konsert verdi. Azərbaycan tamaşaçısınin diqqətcilliyi onları valeh etdi. İstədim ki, yetirmələrim bizim dinləyicinin səviyyəsilə də tanış olsunlar.

- İndi hansı ölkənin sifarişi üzərində işləyirsiniz?

- Türkiyə dövlətinin sifarişilə balet yazıram. Bu, antik dövrlərə aid olmalıdır. Sonra da İsrailin mədəniyyət nazirinin sifarişi ilə ladina janrında bir əsər üzərində işləyəcəyəm. "Ladina" inkvizasiya dövründə İspaniyadan qovulmuş yəhudilərin özlərinə xas olan musiqi janrıdır. Onlar bu musiqini bütün dünyaya yayırlar. Həmin əsərin premyerası əvvəlcə İsraildə, sonra Vilnüsdə, sonra da Amerikada olmalıdır. Azərbaycandan isə heç bir təklif yoxdur. Bu, məni çox üzür. Amma mənim burada günahım yoxdur. Bu yay İsraildə skripka dərsləri verəcəyəm. Bir sıra ölkələrdən müəllimlər dəvət olunublar - Rusiyadan, Tayvandan, Honkonqdan, Almaniyadan, Polşadan. Gördüm ki, siyahıda mənim adımın yanında Türkiyə yazılıb. Dedim ki, niyə "Türkiyə" yazırsınız, axı mən Azərbaycandanam. Dedilər ki, fərqi yoxdur, Türkiyədə işlədiyinə görə bu ölkənin adı yazılmalıdır.

- On ildir Azərbaycanda baş verən hadisələri kənardan izləyirsiniz. Təbii ki, öz sahənizdən söhbət gedir, bu müddət ərzində hansı əhəmiyyətli dəyişiklikləri sezmisiniz?

- Azərbaycanda gözəl simfonik orkestr yaranıb. Çox sevindirici faktdır ki, musiqi aləmində əməlli-başlı canlanma başlayıb. Çox istedadlı gənclər yetişir. İnanıram ki, bundan da yaxşı olacaq. İnşallah, iqtisadi vəziyyətimiz düzəldikdən sonra biz də burada işlər görə biləcəyik.

- Azərbaycanda musiqiyə, xüsusən də, klassik musiqiyə münasibətdə cəlbedici nəsə varmı?

- Məndə belə bir təəssürat yarandı ki, elə bil insanlar əsl, ciddi musiqi üçün acıblar. Bu, təbiidir. Bizim qabaqcadan aldığımız mədəniyyət çox böyükdür. Bu aclıq, ehtiyac da ondan irəli gəlir. Bir cəhəti demək istəyirəm. Bizim dinləyicimiz başqa ölkələrlə müqayisədə çox-çox mədənidir. Və çətinliklərə baxmayaraq, sənətə çox böyük maraq göstərirlər. Mən qızıma da deyirəm ki, hara gedirsən get, ən məsuliyyətli, ciddi dinləyici burada, Azərbaycandadır. Çünki biz, sözün əsl mənasında, mədəniyyət görmüşük.

- İşin, sifarişlərin çoxluğu, Sizi Vətənə çəkən hissi hələ üstələməyib ki?

- Heç vaxt. Azərbaycan üçün çox darıxıram. İş nə qədər çox olsa da, bu hiss özünü göstərir. Amma hələ ki, gələ bilmirəm. Uşaqlarım Türkiyədə oxuyur. Bir qızım, çin dilində oxudu, getdi Tayvanda magistrlik təhsili aldı. O biri qızım Bilkənd universitetinin tələbəsidir, pianoçudur. Yoldaşım da musiqiçidir, fortepianoçudur. O da mənimlə birgə işləyir.

- Hansı universitetdə?

- Anadolunun cənubunda yerləşən Çukurova Universitetinin müəllimiyik. Mən simli alətlər bölümünün rəhbəriyəm. Sizə deyim ki, indi Türkiyədə böyük bir inkişaf gedir. Onlar qarşılarına məqsəd qoyublar: Türkiyənin hər bir bölgəsində mədəniyyəti yaymaq, ona görə konservatoriyalar, teatrlar, orkestrlər yaradılır. Türkiyədə də problemlər var, amma buna baxmayaraq, mədəniyyətə çox böyük diqqət yetirirlər. Buna görə də onlarda mütəxəssisə həmişə ehtiyac var.

- Nə vaxta qədər Türkiyədə qalmaq fikriniz var?

- Vallah, burdakı işlərə bağlıdır. Ola bilər sabah gəlim, ola bilər o biri gün.

- Ola bilər ümumiyyətlə, gəlməyəsiniz...

- Heç vaxt. Ağlıma da gətirmirəm. Bura mənim vətənimdir. Sizinlə söhbət etdiyimiz sinifdə dərs keçmişəm. Belə şey dünyasında mümkün deyil...

Copyright©by Media Holding,2000-2002

©WEB Design Group Media Holding