#79(499) XƏBƏR XƏTTİ
Ana səhifə

XƏBƏR XƏTTİ

Xəbər

İc siyasət

Şərh

İş günü

Mədəniyyət

Telemətbəx

İdman

Əyləncə

Ulduz falı

Köşə yazarları

Sabotage

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

KÖŞƏ YAZARLARI
XXI

Suallı künc

Dünəndən bu günə

Bu da bizik
Prezident diaspor nümayəndələrini qəbul edib

Dünən prezident Heydər Əliyev Rusiyadakı Azərbaycan diasporunun nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) prezidenti Məmməd Əliyev, "Slavneft" şirkətinin vitse-prezidenti İsgəndər Xəlilov, "Krokus" şirkətinin rəhbəri Araz Ağalarov və iş adamı Aydın Qurbanov daxildir. Qonaqları salamlayan H.Əliyev onları vətənə tez-tez baş çəkməyə dəvət edib. Onun fikrincə, azərbaycanlıların Ümumrusiya və Ümumdünya konqresləri keçirildikdən sonra diaspor daha mütəşəkkil və fəal olub. Məmməd Əliyev öz növbəsində bildirib ki, nümayəndə heyəti ÜAK-ın gələcək fəaliyyət yollarını müzakirə etmək məqsədilə gəlib. Onun sözlərinə görə, konqres yarandıqdan sonra qısa müddət ərzində müəyyən nəticələr və nailiyyətlər əldə edib. Konkret istiqamətlər üzrə 9 komitə yaradılıb, ÜAK icra aparatı formalaşdırılıb. Konqres Rusiya Federsiyası rəhbərliyilə sıx əlaqələr qurub. M.Əliyev ÜAK-ın gələcək fəaliyyətilə bağlı Azərbaycan dövlət başçısının tövsiyələrinin vacibliyini vurğulayıb.

Vilayət Quliyev dəfn mərasiminə gedib

Azərbaycan xarici işlər naziri Vilayət Quliyev ana kraliça Elizabetin dəfn mərasimində iştirak etmək üçün aprelin 8-də Londona yola düşüb. Nazirlikdən verilən məlumata görə, kraliça aprelin 9-da dəfn ediləcək. Xatırladaq ki, ana kraliça Elizabet martın 30-da 102 yaşında vəfat edib. Aprelin 9-na kimi Böyük Britaniyada milli matəm elan olunub. Nazirin Bakıya aprelin 10-da qayıdacağı gözlənilir.

Bağda cəbbəxana tapıldı

Aprelin 7-də Buzovna qəsəbə sakini Malik Həbibov Əzizbəyov rayonu 2-ci polis bölməsinə bir neçə silah təhvil verib. O, həmin silahları "Vişnyovka" qəsəbəsindəki bağ evindən tapıb. Həbibov bu yaxınlarda aldığı torpaq sahəsində tikinti işləri apararkən silahlar aşkar edilib. Onların arasında üç avtomat, bir pulemyot (AKM), bir snayper tüfəngi və üç min patron var.

Əfqanıstanın müdafiə nazirinə sui-qəsd olub

Əfqanıstanın Cəlalabad şəhərində keçid hökumətinin müdafiə naziri general Məhəmməd Fəhimə sui-qəsd cəhdi olub. "Şimal alyansı" rəhbərinin avtomobil karvanı Cəlalabad küçələrindən biri ilə hərəkət edərkən, yolda quraşdırılmış bomba işə düşüb. Partlayış nəticəsində dörd nəfər həlak olub, 16 nəfər yaralanıb. Nazirin özü xəsarətsiz ötüşüb. Bomba Fəhimin avtomobil karvanı oradan 200 metr uzaqlaşdıqdan sonra işə düşüb. Həlak olan və ölənlərin əksəriyyəti Fəhimi qarşılamaq üçün Cəlalabada gələnlər olub.

İraq neft ixracını dayandırdı

İraq prezidenti Səddam Hüseyn İsrailin Fələstin ərazilərində keçirdiyi hərbi əməliyyatlarla bağlı olaraq bir ay müddətində neft ixracının dayandırılacağını deyib. Bu qərarın səsləndirilməsindən bir neçə saat sonra dünya bazarlarında neftin qiyməti yenidən artmağa başlayıb. Hüseyn deyib ki, 30 gündən və ya İsrail qoşunlarının Fələstindən tam çıxarılmasından sonra Bağdad bu qərarını ləğv edə bilər. Xatırladaq ki, ötən günlərdə İran və Liviya da İraqın təşəbbüsünü dəstəkləyə biləcəyini demişdi. Dünəndən etibarən dünya bazarında neftin qiyməti qalxaraq 1 barrel üçün 28 dollar təşkil edib.

Amsterdam PKK-çıları vermək istəmir

Amsterdam PKK liderlərindən Murad Qarayalının təhvil verilməsini istəyən Ankaranın tələbini rədd edib. Hollandiya hökuməti öz hərəkətlərini əsaslandırmaq üçün Qarayalının vətənində ölüm hökmünə məhkum edildiyini bildirib. İndi Türkiyə hökuməti Amsterdamda gizlənən daha bir PKK fəalının, Nüsriyyə Kəspirin təhvil verilməsini istəyir. Şimali İraq vasitəsilə Avropaya qaçmış Kəspir Türkiyədə 22,5 illik həbs cəzasına layiq görülüb. Bu arada İstanbulda sol cəbhəni ("Dev-Sol"u) təmsil edən daha bir ifrat siyasətçi aclığı ölümünədək davam etdirib.

ABŞ vətəndaşlarına evdən çıxmamağı tapşırır

Səudiyyə Ərəbistanında antiisrail çıxışlarının güclənməsi ABŞ rəhbərliyini bu ölkədə yaşayan vətəndaşlarının təhlükəsizliyi haqqında daha ciddi düşünməyə vadar edib. Vaşinqton Səudiyyədə yaşayan amerikalılara evdən çıxmamağı məsləhət görüb. Səudiyyə Ərəbistanında 30 min ABŞ vətəndaşı yaşayır. Onların əksəriyyəti buradakı ABŞ hərbi bazasında çalışan hərbçilərin ailə üzvləridir. Öz növbəsində Səudiyyə hökuməti də nümayişlərin keçirilməsinə qadağa qoyub.

Diri-diri yandıracaqdılar

Hindistanın Uttar-Pradeş ştatının Laknau şəhərində həkimlər bir xəstənin qohumlarına ölüm haqqında şəhadətnamə verdikdən sonra, o "dirilib". 55 yaşlı Sukxlal vərəm diaqnozu ilə xəstəxanaya çatdırılıb. Müalicə kursu müsbət nəticə verməyib, həkimlər ölüm halını qeydə alıblar. Meyitin yandırılması üçün hər şey hazır olduqdan sonra Sukxlalın oğlu Qudda atasının cəsədini götürmək üçün morqa gəlib və onun nəfəs aldığını görüb. Həkimlər Quddadan ölüm haqqında şəhadətnaməni geri qaytarmağı tələb ediblər.

Kanada Pakistandakı diplomatlarını geri çağırır

Kanada Pakistandakı səfirliyinin əməkdaşlarını və onların ailə üzvlərini vətənə qaytarır. Kanada XİN öz qərarını Pakistanda "Uoll Strit Cornəl" müxbiri Deniel Perlin öldürülməsi ilə bağlı məhkəmənin canlandırılması ilə əlaqələndirir. Radikallar Əhməd Ömər Səid Şeyxin məhkəməsinə təsir göstərmək məqsədilə təxribat əməllərinə əl ata bilərlər. Pakistanda olan Kanada mütəxəssislərinin fikrincə, martın 17-də protestant kilsəsinə bomba atmaqda (nəticədə 5 nəfər ölmüş, 46 nəfər yaralanmışdı) şübhəli bilinənlərin tutulması da zorakılığın artmasına səbəb ola bilər.

Macarıstanda sosialistlər qalib gəldilər

Ötən bazar günü Macarıstan parlamentinə keçirilən seçkilərdə Macarıstan Sosialist Partiyası qələbə çalıb. MSP baş nazir Viktor Orbanın başçılıq etdiyi hakim Macarıstan Vətəndaş Partiyasını məğlub edərək seçicilərin 42,1 faiz səsini toplayıb. Hakim partiya 41,3 faiz, Azad Demokratlar İttifaqı isə 5,46 faiz səslə kifayətlənməli olub. Digər partiya və seçki blokları deputat mandatını əldə etmək üçün tələb olunan 5 faizlik seçki baryerini dəf edə bilməyiblər. Macarıstan seçiciləri görünməmiş fəallıq nümayiş etdiriblər: seçki hüququna malik olan elektoratın 71 faizi səsverməyə qatılıb.

İnquşetiyada prezident seçkilərinin ikinci turu olacaq

İnquşetiyada prezident seçkilərinin birinci turu gözlənilməz nəticələrlə başa çatıb. Rusiya Dövlət Dumasının deputatı Əmirxan Əmirxanov 32,5 faiz, Rusiya prezidentinin Cənub Federal Dairəsindəki səlahiyyətli nümayəndəsinin müavini Murat Zəzikov 19,4 faiz, "ADEPT" Assosiasiyasının prezidenti Muxarbəy Auşev 17,3 faiz səs toplayıb. Seçicilərin 14 faizi İnquşetiya prezidentinin səlahiyyətlərini icra edən Əhməd Malsaqova səs verib. Seçkilərin ikinci turu 3 həftədən sonra keçiriləcək. Prezident postu uğrunda mübarizəni deputat Ə.Əmirxanov və Federal Təhlükəsizlik Xidmətinin generalı Murat Zəzikov aparacaq.

"Aqo" qrupunun səfəri təxirə salınıb

Avropa Şurasının (AŞ) "Aqo" qrupunun başçısı Pyetro Erkole Aqonun Bakıya aprel səfəri may ayına keçirilib. Mötəbər diplomatik mənbələrdən verilən məlumatda səfər tarixinin dəyişdirilməsinin səbəbləri açıqlanmır. Avropa Şurası Parlament Assambleyası (AŞPA) yanında Milli Məclisin daimi nümayəndə heyətinin üzvü Səməd Seyidovun verdiyi məlumata görə, bu məsələ Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) sədri, Latviya xarici işlər naziri Antanas Valionisin Bakıya səfəri zamanı keçiriləcək müzakirələrin mövzularından biri olacaq. Qeyd edək ki, P.Aqo səfər zamanı Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi, həmçinin ölkəmizin AŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi məsələlərini müzakirə edəcək.

Yerevan AES-i bağlamaq istəmir

Ermənistan parlamentinin deputatı, enerji və təbii sərvətlər komissiyasının sədri Vardan Movsesyan hesab edir ki, 2004-cü ilə qədər Metsamor Atom Elektrik Stansiyasının (MAES) bağlanması real deyil. Avropa Birliyinin (AB) təkidinə baxmayaraq, Ermənistan hökuməti MAES-in fəaliyyətinin dondurulması məqsədi ilə heç bir qərar qəbul etməyəcək. Mövsesyanın fikrincə, stansiyanın bağlanması üçün nə hüquqi, nə də ki, iqtisadi əsas var. Stansiyanın 2016-cı ilə qədər işləməsi üçün bütün resurslar mövcuddur. Onun sözlərinə görə, AB-nin 100 milyon avro məbləğində ayırdığı kredit MAES-in konservasiyası və alternativ enerji mənbələrinin yaradılması üçün kifayət etmir.

Copyright©by Media Holding,2000-2002

©WEB Design Group Media Holding