 |
#195(615)
|
|
 |
 |
ŞƏRH |
|
 |
 |
 |
 |
 |
 |
 |
ABŞ Gürcüstanın müdafiəsinə qalxıb
Moskva isə Tbilisidən Pankisidə antiterror əməliyyatının keçirilməsini tələb edir
ABŞ Dövlət Departamenti bəyanat yayaraq avqustun 23-də Rusiya Hərbi Hava Qüvvələri tərəfindən Gürcüstan ərazisinin bombalaması faktını kəskin pisləyib. Vaşinqtonun bəyanatında vurğulanır ki, Rusiyanın bu addımı regionda sabitliyin pozulmasına yönələn hərəkət kimi qiymətləndirilməlidir.
Bəyanatda Rusiya təyyarələrinin Gürcüstanın Pankisi dərəsində yerləşən kəndlərinin bombardman etməsindən və bunun dinc sakinlərin ölümü ilə nəticələnməsindən "dərin narahatlıq" bildirilib. "Gürcüstan hökuməti, həmçinin ATƏT-in regiondakı monitorinq qrupu bombardman faktını təsdiq edib. ABŞ bu itkilərdən təəssüfləndiyini bildirir və bunu Gürcüstanın suverenliyinin pozulması kimi qiymətləndirir"- deyə sənəddə vurğulanır.
Bu arada Vaşinqtonda keçirilən mətbuat konfransında Ağ Evin mətbuat katibi Ari Fleyşer bəyan edib ki, ABŞ Gürcüstanın müstəqilliyini, ərazi bütövlüyünü dəstəkləyir. Fleyşer bildirib ki, 23 avqust insidenti və rəsmi Moskvanın bu faktı inkar etməsi regional təhlükəsizlik məsələsinin həllinə dair birgə razılaşmanı pozaraq, Rusiya və Gürcüstan arasında mövcud gərginliyi artırır. Fleyşerin sözlərinə görə, rəsmi Vaşinqton Çeçenistanda münaqişənin təcili olaraq siyasi yolla nizamlanmasına çağırır. "Bu, həm Rusiyada, həm də Gürcüstanda sabitliyin bərqərar olunmasına xidmət edəcək"- deyə Fleyşer vurğulayıb.
Pankisi dərəsində isə Gürcüstan polisi və Daxili Qoşunların iştirakı ilə ötən həftəsonu başlanan antikriminal əməliyyat davam edir. Cümə günü 300-ə yaxın polis əməkdaşı və DQ hərbçisi yerli çeçen əhalisi və çeçen qaçqınlarının yaşadığı 5 kəndə daxil olublar. Onlar yaşayış məntəqələrinin mühüm obyektlərində nəzarət-buraxılış postları qurublar. Məlum hadisələrdən öncə Gürcüstan güc strukturlarının məhdud kontingenti bölgədə yerləşdirilsə də, onlara hər hansı bir əməliyyatın keçirilməsi haqda heç bir əmr verilməyib. Qeyd etmək lazımdır ki, Pankisidəki tədbirlərin antikriminal əməliyyatı çərçivisində keçirilməsi Rusiya hərbçilərini qane etmir. Rusiya tərəfi hesab edir ki, Pankisidəki terrorçuların zərərsizləşdirilməsi üçün iri miqyaslı antiterror əməliyyatı keçirilməlidir və Moskva Tbilisiyə müvafiq yardım da təklif edib. Yeri gəlmişkən, Pakisidə antikriminal əməliyyatı ilə paralel olaraq, dərə yaxınlığında Gürcüstan Silahlı Qüvvələrinin "Kaxeti-2002" adlanan hərbi təlimləri də keçirilir.
Manevrlər ayrıca tədbir kimi nəzərdə tutulsa da, əslində Pankisidəki əməliyyatın tərkib hissəsidir. Rusiya mənbələri iddia edir ki, Pankisidə qüvvələr nisbəti Gürcüstanın dövlət qurum-larının xeyrinə deyil. Rusiya xüsusi xidmət orqanlarının verdiyi məlumata görə, Pankisidə 3 minə yaxın çeçen yaraqlısı və beynəlxalq terrorçu gizlənir. "Kaxeti-2002" təlimlərinə isə cəmi 1500 hərbçi cəlb olunub. Qonşu ölkənin Pankisidəki terrorçuların əlindən təlaş keçirməsinə baxmayaraq, Gürcüstan polisləri ilə yerli və gəlmə çeçenlər arasında hələlik heç bir silahlı toqquşma qeydə alınmayıb. Bölgəyə ezam olunmuş Gürcüstan daxili işlər naziri Koba Narçemaişvili yerli sakinlərlə keçirdiyi görüşdə insanların həyatına heç bir təhlükənin mövcud olmadığını dilə gətirib.
Narçemaişvili "Rustavi-2" telekanalına verdiyi müsahibədə bildirib ki, Pankisidə ictimai asayişin bərpa olunmasını yerli əhali xahiş edib. Nazirin sözlərində müəyyən həqiqət var. Yerli çeçenlər Rusiyanın bölgəyə hərbi müdaxiləsinin mümkünlüyünü ciddi qəbul edirlər. Çeçen səhra komandiri Ruslan Gelayevin Pankisidə gizlənməsinə gəlincə, yerli sakinlərin sözlərinə görə, o, ötən həftənin sonunda bölgəni tərk edib.
Buşa Konqresin icazəsi lazım deyil
ABŞ prezidenti İraq əməliyyatı məsələsində
qanunverici orqanla məsləhətləşməyi o qədər də vacib saymır
ABŞ-ın İraqa qarşı hərbi əməliyyatlara başlaması təhlükəsi getdikcə ciddiləşir. Bu təhlükə qarşısında İraq hökuməti diplomatik fəallığı artırıb. Dünən Bağdadın yüksək rütbəli iki nümayəndəsi danışıqlar aparmaq üçün xarici dövlətlərə səfərə çıxıb. Xarici işlər naziri Naci Səbri Pekində Çin rəhbərliyi ilə danışıqlar aparıb.
Görüşlərdə əsas mövzu İraqın BMT ilə münasibətlərinin çözülməsi və bu məsələdə Çinin dəstəyini qazanmaqdır. İraq Çinin yardımı ilə BMT ekspertlərinin bu ölkəyə qaytarılmasının Bağdada sərf edən variantının keçməsini istəyir. Bundan başqa, N.Səbrinin Pekin səfərində İraq və Çin arasında iqtisadi və siyasi sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək. İraq baş nazirin müavini Taha Yasin Ramazan isə dünən Suriya rəsmiləri ilə görüşmək üçün Dəməşqə gedib. Taha Yasin Ramazan İraq-Suriya hökumətlərarası komitəsinin işində iştirak edəcək. Suriyanın "Sana" agentliyinin məlumatına görə, səfər zamanı iki ölkə arasında elm, təhsil, mədəniyyət, idman və informasiya mübadiləsi sahəsində bir sıra müqavilələr imzalanacaq.
Bu arada Amerikada prezident Buşun hüquqşünasları İraqla müharibənin əleyhdarlarına qarşı daha bir aqressiv jest göstəriblər. Onlar bildiriblər ki, Ağ Ev sahibi bu məsələdə həlledici qərar çıxarmaq üçün Konqresdən icazə almaya da bilər. Ağ Ev vəkillərinin fikrincə, 1991-ci ildə ata Corc Buşa Fars körfəzində müharibəyə başlamaq üçün hüquqi əsas verən qətnamə qüvvədə qaldığı üçün Konqresin qadağaları hazırkı prezidentə mane ola bilməz. Müşahidəçilərin fikrincə, bu bəyanat Buşa əlavə kart-blanş verilməsi üçün xüsusi əhəmiyyət daşıyır. Baxmayaraq ki, İraqla müharibənin əleyhdarları hətta respublikaçıların düşərgəsində də baş qaldırmağa başlayıb.
Maraqlıdır ki, bu qrupun başında 11 il əvvəlki İraq savaşının ilhamvericilərindən biri, ata Corc Buş dövrünün dövlət katibi Ceyms Beyker dayanır. İraqa qarşı birinci savaşda beynəlxalq koalisiyanın əsas arxitektoru sayılan Beyker "Nyu York Tayms" qəzetinə verdiyi müsahibəsində bildirib ki, Bağdada qarşı əməliyyat yalnız dünya ictimaiyyətinin dəstəyi və mandatı olmadan həyata keçirilə bilməz. Onun fikrincə, ABŞ BMT TŞ-nin İraqla bağlı yeni qətnaməsinin qəbul edilməsinə nail olmalıdır. Həmin sənəd BMT-nin silah ekspertlərinə İraqda kütləvi qırğın silahlarının hazırlanıb-hazırlanmadığını yoxlamaq üçün müstəsna səlahiyyətlər verməlidir. Qətnamədə İraqdan bunun üçün heç bir şərt irəli sürməməsi tələb edilməlidir. Bundan başqa, həmin sənəd Bağdadın yoxlamalardan boyun qaçıracağı halda ona qarşı zor tətbiq edilməsini qanuniləşdirməlidir. Beykerin fikrincə, bu diplomatik düstur özünü doğrultmasa belə, ABŞ-a tam hərəkət sərbəstliyi verəcək.
Amerika Səddam Hüseynə qarşı müharibə ərəfəsində İraq müxalifəti ilə də sıx işləyir. ABŞ Dövlət Departamenti Vaşinqtonda İraq müxalifətinin növbəti toplantısını keçirir. Bu dəfə əsas hədəf Bağdad müxalifətinin 17 nümayəndəsinə təbliğat məsələlərini başa salmaqdır. Bu haqda məlumat verən "Vaşinqton post" yazır ki, İraq dissidentlərinə effektiv çıxışların mətnini hazırlamaq, bəlağətli nitq öyrədiləcək, televiziya və radioda yadda qalacaq ifadələrdən istifadə məharəti aşılanacaq. Vaşinqton Səddam Hüseyn rejiminin devrilməsi zərurətinin iraqlıların özünün dilindən səsləndirilməsini istəyir.
BMT "Sabit İnkişaf"ı müzakirə edir
Dünən Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində BMT-nin ən böyük forumu - "Sabit İnkişaf" mövzulu sammit öz işinə başlayıb. 10 gün davam edəcək müzakirələrdə 100-dən artıq ölkənin liderləri, minlərlə iştirakçı iqtisadiyyatın sabit inkişafı, sosial rifah və ətraf mühitin mühafizəsi kimi qlobal problemləri çözməyə çalışacaqlar. İlk dəfə analoji sammit 10 il əvvəl Rio-de-Janeyroda təşkil edilmişdi.
Forumun keçirildiyi günlərdə dünyanın ekoloji birlik və hərəkatları, çoxsaylı qeyri-hökumət təşkilatları tədbirin keçirildiyi binanın qarşısında kütləvi aksiyalar həyata keçirməyi planlaşdırırlar. Polis iğtişaşların qarşısını almaq üçün Yohannesburqda viza rejimini gücləndirib. Artıq 280 şübhəli şəxs həbs edilib. Buna baxmayaraq, tədbirin başlanması zamanı qalmaqal yaranıb. Silahlı şəxs İsveçrə nümayəndələrinin qaldığı mehmanxana otağında sammit iştirakçılarına atəş açıb. Xoşbəxtlikdən zərərçəkən olmayıb.
Üsəma bin Ladenin virtual zühuru
Üsəma bin Laden növbəti dəfə sükutu pozaraq sağ olması haqqında fikirləri təsdiqləyib. "Əl-Qayda" lideri "İslam-onlayn" internet saytı vasitəsilə Əfqanıstan xalqına müraciət göndərib.
O, əfqanları ABŞ qoşunlarına qarşı birləşməyə və onları ölkədən qovmağa çağırıb. Bin Laden tezliklə ABŞ başda olmaqla bütün zalım dövlətlərin məhv olacağını bildirib. İlk dəfə olaraq Üsəma bin Laden Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyarı açıq şəkildə dəstəkləyir və onunla ittifaqda olduğunu yazır. Bu arada Əlcəzairin "Əl-Xəbər" qəzeti məlumat verib ki, Üsəma bin Laden Çaddakı səhralardan birində gizlənir. Məşhur terrorçu saxta Əlcəzair pasportundan istifadə edərək İranın Bəndər-Abbas limanı ilə Əlcəzairə qaçıb. Bu əməliyyatda "Əl-Qayda" liderinə Əlcəzairin "Dəva vəl-Qital" təşkilatı yardım edib.
Prezidentliyə namizədləri Şura irəli sürəcək
Türkmənistan prezidenti Saparmurad Niyazov da "Türkmənistanda dövlət rəhbərlərinin və vəzifəli şəxslərin dövlət xidmətinə seçilməsi haqqında" qanun imzalayıb.
Yeni qanun Türkmənistan prezidentinin seçilməsi qaydalarını müəyyən edir. Prezidentliyə namizədin irəli sürülməsi haqda qərarın verilməsi hüququ Xalq Məsləhəti Şurasına məxsusdur. Dövlət başçısı kürsüsünə iddialı olan namizəd Şura qarşısında özünün seçki proqramı ilə çıxış etməlidir. Namizədin seçki proqramı Şura tərəfindən bəyənildikdən sonra o, alternativ əsaslarla seçki marafonuna qatılacaq. Ali dövlət postuna irəli sürülən şəxs dövlət dilini bilməli və ali təhsilə malik olmalıdır.
|
 |
|