#195(615) İÇ SİYASƏT
Ana səhifə

Xəbər xətti

Xəbər

İÇ SİYASƏT

Şərh

İş günü

Mədəniyyət

İdman

Ulduz falı

Sabotage

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

Beynəlxalq müstəvidə özünü təsdiqləyən lider
Referendumu müşahidə etməyə gəlmiş xarici jurnalistlər İlham Əliyevi Azərbaycanın gələcək lideri kimi gördüklərini gizlətmədilər

24 avqust referendumunun gedişini işıqlandıran bir qrup xarici jurnalistin Bakının Səbayel rayonundakı 17 saylı məntəqədə səs verən millət vəkili, ARDNŞ-nin 1-ci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə göstərdiyi xüsusi maraq artıq çoxdan müşahidə etdiyimiz gerçəkliyi bir daha təsdiqlədi.
Azərbaycana səfər edən xarici media təmsilçiləri üçün İ.Əliyevdən müsahibə almaq, onun bu və ya digər məsələyə münasibətini öyrənmək hər zaman müstəsna önəm kəsb edir. Məsələ təkcə onda deyil ki, İlham Əliyev dövlət başçısının oğludur və bu səbəbdən, təbii olaraq, yerli və xarici jurnalistlərin əlahiddə maraq obyektidir. Əgər xarici medianın İlham Əliyev şəxsiyyətinə göstərdiyi münasibətin mahiyyətinə varsaq, görərik ki, bu diqqət və marağın arxasında İlham Əliyevin uğurlu dövlət məmuru və siyasətçi, bacarıqlı təşkilatçı və lider kimi üstün keyfiyyətləri dayanır. Şübhəsiz ki, sadalanan özəlliklərə malik şəxs hər zaman istər yerli, istərsə də xarici jurnalistlərin maraq dairəsində olacaq. Digər tərəfdən, referendum məntəqəsində xarici jurnalistlərin İlham Əliyevə ünvanladıqları suallarda diqqətçəkən başqa məqam da vardı. Əcnəbi media təmsilçiləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti başçısının ölkə prezidenti postuna iddia edib-etmədiyini bir neçə dəfə israrla soruşdular. İlham Əliyev də, öz növbəsində, indiyədək dəfələrlə açıqlamış olduğu mövqeyini təkrarlayaraq bildirdi ki, Azərbaycanda növbəti prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi yenə Heydər Əliyev olacaq və o, xalqın böyük dəstəyini qazanacaq. İlham Əliyev Konstitusiyaya dəyişikliklərlə bağlı referenduma çıxarılan məsələlərin guya onun gələcək siyasi karyerası ilə bağlı olduğuna dair mülahizələri də növbəti dəfə təkzib etməli oldu. ARDNŞ-nin 1-ci vitse-prezidenti bildirdi ki, referenduma çıxarılan müddəaların onun gələcəkdə hansısa dövlət postu tutması ilə heç bir əlaqəsi yoxdur. Əlamətdardır ki, referendum günü dövlət başçısı da xarici jurnalistlərin eyni mövzuda suallarını cavablandırdı. Prezident Heydər Əliyev vurğuladı ki, Konstitusiyaya dəyişiklikləri bu nöqteyi-nəzərdən yozmaq sadəlövhlükdür. 2003-cü ilin prezident seçkilərində də özünün iştirak edəcəyini bildirən Heydər Əliyev, bu məsələ ətrafında aparılan siyasi spekulyasiyalara bir daha nöqtə qoydu. Göründüyü kimi, referendum Azərbaycanda hər zaman aktual olmuş bir məsələni - hakimiyyət məsələsini yenidən gündəmə gətirdi. Əslində, konstitusion dəyişikliklərlə bağlı referendumun keçirilməsinə qərar verilən gündən siyasi dairələrdə 24 avqust səsverməsinin hüquqi və siyasi nəticələrini məhz Azərbaycanda hakimiyyət dəyişikliyinə hazırlıq kimi dəyərləndirməyə meyl olub. O da bəllidir ki, Azərbaycan dövlətinin konstitusion əsaslarının möhkəmləndirilməsini, demokratikləşmə və insan haqlarının təminatı istiqamətində islahatların davam etdirilməsini məqsəd görən 24 avqust referendumunu siyasi konyuktur prizmasından qiymətləndirmək hüquqi naşılıq və cığallıq əlamətidir. Bu xüsusda müxalifətin "Referendum hakimiyyətin İlham Əliyevə ötürülməsi üçün təşkil olunub" kimi bayağı iddiaları xüsusilə gülünc görünür. Bu xüsusda dövlət başçısı Heydər Əliyevin bir qədər əvvəl qəzet redaktorlarına müsahibəsində vurğuladığı məqamı xatırlamağa dəyər. Azərbaycanda "Rusiya variantı" üzrə hakimiyyət dəyişikliyinin mümkünlüyü, yəni İlham Əliyevin əvvəlcə baş nazir olması, sonra isə dövlət başçısı səlahiyyətlərinin ona verilməsi ehtimalı barədə sualı təəccüblə qarşılayan prezident ona sadə cavab vermişdi. Heydər Əliyev qeyd etmişdi ki, əgər onun oğlunu spiker, yaxud baş nazir təyin etmək və bu yolla hakimiyyəti ona vermək planı olsaydı, bunu çoxdan edərdi. Ən azı ona görə ki, Azərbaycandakı mövcud qanunvericilik proseduru bunu tamamilə mümkün edir və məhz bunun üçün Konstitusiyaya hansısa dəyişiklik etməyə ehtiyac yoxdur. Bir sözlə, dövlət başçısı 24 avqust referendumunun məqsədlərinin belə primitiv şəkildə şərh edilməsinə hələ o vaxt birmənalı şəkildə münasibət bildirmişdi. Eyni zamanda Azərbaycan mediası prezidentin sözügedən açıqlamasını geniş şəkildə dərc və şərh etmişdi. Yəni ölkənin kütləvi informasiya vasitələri üçün bu məsələyə nöqtənin qoyulduğunu düşünmək olardı.
Bununla belə, istər Azərbaycan mediası, istərsə də xarici KİV-də bu mövzunun gündəmdən çıxdığını söyləyə bilmərik. Həm Azərbaycan, həm də xarici ölkə jurnalistikasında İlham Əliyev şəxsiyyətinə müstəsna diqqət qalmaqdadır və bu diqqət mütəmadi olaraq özünü büruzə verir. Bunun isə sadə izahı var. Azərbaycan gerçəkliyini yaxından izləyib, bu ölkənin siyasi spektrini və üzdə olan siyasi fiqurların perspektivlərini diqqətlə müşahidə edə bilən hər bir kəs kimi, jurnalistlər üçün də bir fakt aşkar və danılmazdır: İlham Əliyev istər bir dövlət adamı kimi zəruri praktik imkanlarına görə, istərsə də liderlik əlamətləri və siyasi xarizma keyfiyyətlərinə görə onunla yarışmağa cəhd edənlərin hamısından üstün olduğunu artıq təsdiqləyib. Öz növbəsində bu gerçəkliyi yaxşı görən xarici jurnalistlər üçün İlham Əliyev artıq dövlətçilik səriştəsini praktik müstəvidə realizə etməyə hazır olan bir şəxs, Azərbaycanın gələcək lideridir. Referendum günü səsvermə məntəqəsində İlham Əliyevdən müsahibə alan əcnəbi media təmsilçilərinin israrının səbəbi də məlum idi. Onlar etiraf etdilər ki, ARDNŞ-nin 1-ci vitse-prezidentini Azərbaycanın gələcək lideri kimi görür və bu üzdən onun siyasi karyerasının perspektivi ilə özəlliklə maraqlanırlar.
Elə bu sadə səbəb üzündən İlham Əliyevin şəxsiyyətinə olan ictimai marağın səbəbini geniş şərh etməyə ehtiyac duymuruq. Lakin bu xüsusda bir cəhəti qeyd etməyi vacib sayırıq. Bu da Azərbaycan siyasətindəki İlham Əliyev faktoruna müxalifətin tükənməyən qısqanclığıdır. Artıq birmənalıdır ki, müxalifət liderlərinin bu yöndə apardığı qeyri-peşəkar, primitiv siyasi xətt nəticə etibarilə İlham Əliyevin onlarla müqayisədə nə qədər aşkar üstünlüyə malik olduğunu təsdiqləyir. Artıq İlham Əliyev faktoru müxalifət üçün öhdəsindən gələ bilmədikləri "psixoloji baryer"ə çevrilib, müxaliflər atdıqları hər bir addımda bu faktoru nəzərə almaya və onun qarşısında aciz olduqlarını, daxilən də olsa, etiraf etməyə bilmirlər.
Ekspertlər, haqlı olaraq, İlham Əliyevin fəaliyyətini son 3-4 ildə siyasi proseslərə effektiv təsir göstərən və cəmiyyətdə yeni keyfiyyət dəyişikliklərinə səbəb olan ciddi siyasi faktor kimi izləməkdədirlər. Cəmiyyət həm də yeni liderin timsalında özünün gələcək sosial-iqtisadi, siyasi-demokratik və s. inkişaf strategiyasını görür. Cəmiyyət bir bariz faktı görür ki, İlham Əliyevin siyasi liderə çevrilməsi, ilk növbədə, onun Heydər Əliyev siyasətinin, Heydər Əliyevin dövlətçilik məktəbinin bacarıqlı, istedadlı və perspektivli yetirməsi olması ilə bağlıdır. Azərbaycan cəmiyyəti Heydər Əliyevin siyasi və dövlətçilik kursuna nə qədər sıx bağlıdırsa, bir o qədər bu kursun ən bacarıqlı və layiqli davamçısı qismində İlham Əliyevi görür. Gəlin, bu ifadədə pafos axtarmayaq. Bu, hamının gördüyü, lakin bəzilərinin etiraf etmək istəmədiyi gerçəklikdir. İlham Əliyevin siyasi fəaliyyətində Azərbaycan cəmiyyəti üçün əsl siyasi yenilik hesab edilə biləcək bir sıra nüanslar müşahidə olunmaqdadır. Bu fəaliyyət patriotizmlə praqmatizmin ən uğurlu sintezindən ibarətdir. Eyni zamanda, YAP sədrinin birinci müavininin siyasi imici kortəbii və ötəri elementlərin məcmusundan uzaqdır. İlham Əliyevlə ictimai rəy arasındakı əlaqələr daim intensiv xarakter daşıyıb və bunlar mütəmadi olaraq pozitiv elementlərin hesabına yeniləşir. Bu səbəbdəndir ki, adı ətrafında son bir neçə ildə intensiv müzakirələrin getməsinə baxmayaraq, həmin müzakirələr cəmiyyət üçün yorucu mahiyyət kəsb etmir, əksinə, İlham Əliyevin siyasi obrazına ictimai maraq hər zaman aktual olaraq qalmaqdadır. Cəmiyyət görür ki, İlham Əliyevin fəaliyyət göstərdiyi sahələr nə qədər spesifik və bir-birindən fərqli olsa da, bu fəaliyyət, nəticə etibarilə Azərbaycan dövlətinin və dövlətçiliyinin xeyrinə əlamətdar töhfəsini verir. Eyni zamanda, İlham Əliyevin Azərbaycanın milli mənafeləri ilə bağlı məsələlərdə yetərincə sərt və arqumentləşdirilmiş mövqeyi göz qabağındadır. Məsələn, onun Avropa Şurası Monitorinq Qrupunun üzvü Andreas Qrossla bağlı prinsipial və ardıcıl mövqeyi bunu təsdiqləyir. Bütün bu faktlara nəzərən, Azərbaycanın ictimai rəyində İlham Əliyevlə bağlı qəbuledilməzlik problemi yoxdur. Çünki İlham Əliyev, bir qayda olaraq, özü barəsində yox, məhz müdafiə etdiyi siyasətin, dövlətçilik kursunun üstünlükləri və zərurəti barədə danışır. İlham Əliyev faktoru ilə bağlı aparılan müzakirələrin kontekstində onun beynəlxalq müstəvidə malik olduğu aşkar dividentləri özəlliklə qeyd etmək gərəkdir. Bu faktor Azərbaycanın xarici siyasət kursunu, neft strategiyasını diqqətlə izləyən Qərb dairələri üçün xüsusi önəm daşıyır. Hələ bir neçə il əvvəl İlham Əliyev Harvard Universitetində mühazirə oxuyarkən, "Washinqton Times" qəzeti bu barədə maraqlı bir məqalə dərc etmişdi. Məqalədə yazılmışdı: "Bu görüş bizim İlham Əliyevlə ilk tanışlığımız idi. Onun Qərb dəyərlərinə simpatiyasını yalnız təqdir etmək olar. Heydər Əliyevi ABŞ-da çox yaxşı tanıyırlar. İlham Əliyevlə tanışlıqdan sonra əmin olduq ki, narahatlığa əsas yoxdur. Azərbaycan Heydər Əliyev siyasətindən heç zaman geri çəkilməyəcək. Çünki onun layiqli davamçısı yetişir".
Bizcə, bu sözlərə nəsə əlavə etməyə ehtiyac yoxdur.

"Səsvermənin nəticələri tamamilə legitimdir"
Zahid Oruc: "Xalqın referenduma münasibəti Heydər Əliyevin siyasi kursuna münasibət kimi başa düşülməlidir"

Ana Vətən Partiyasının (AVP) rəhbərliyi 24 avqust - ümumxalq səsverməsinin yekunları ilə bağlı partiya qərargahında mətbuat konfransı keçirib.
Partiya adından danışan AVP sədrinin siyasi məsələlər üzrə müavini, millət vəkili Zahid Oruc referendum günü seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə etməsi üçün hər cür şəraitin yaradıldığını və prosesin yüksək səviyyədə keçdiyini bildirib. Millət vəkili ölkə vətəndaşlarının seçkilərdə yüksək fəallığını və Konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət münasibət nümayiş etdirməsini hakimiyyətin apardığı uğurlu təbliğat kampaniyası ilə əlaqələndirib. Onun sözlərinə görə, referendum ərəfəsində aparılan effektiv təbliğatın nəticəsi olaraq, vətəndaşlar Konstitusiyaya dəyişikliklərin vacibliyini dərk ediblər: "İki ay ərzində hər bir siyasi qüvvənin öz mövqeyini sərbəst şəkildə ifadə etməsinə, təbliğat aparmasına tam bərabər şərait yaradılmışdı. Bunun nəticəsidir ki, ölkə vətəndaşları referendum günü yüksək fəallıq nümayiş etdirdilər və mütləq əksəriyyət referenduma çıxarılan dəyişiklikləri dəstəklədi.
Beynəlxalq müşahidəçilərin və siyasi partiya təmsilçilərinin monitorinq aparması üçün hər cür şəraitin yaradılması da bir daha sübut edir ki, referendum prosesi tam aşkarlıq, demokratiya şəraitdə həyata keçirilib. Xüsusi qeyd etmək lazımdır ki, bu seçkilərdə hansısa müşahidəçiyə süni problemlər yaradılması hallarına rast gəlinmədi".
Zahid Oruc həmçinin, bəzi müxalifət partiyalarının təqdim etdiyi müşahidəçi siyahılarının saxtakarlıqla hazırlandığını və reallığı əks etdirmədiyini vurğulayıb. Onun sözlərinə görə, seçki günü müxalifətdən olan müşahidəçilərin sayının azlığı bunu bir daha təsdiqləyib. "Əgər belə olmasaydı, yalnız Pənah Hüseynovdan ibarət Xalq Partiyası 2000-dən artıq müşahidəçinin adını MSK-ya göndərməzdi. Referendum günü bu partiyanın cəmi 3 nümayəndəsi prosesi izləyib. Bu da onunla bağlıdır ki, müxalifət əvvəlcədən seçkiləri müşahidə etmək marağında deyildi" - deyən Zahid Oruc əlavə edib ki, referendumun demokratik şəraitdə keçdiyini bəzi müxalifət partiyalarını təmsil edən müşahidəçilər də etiraf edirlər. Onun fikrincə, referendumun nəticələrinin saxtalaşdırıldığını iddia edən müxalifət təmsilçiləri xalqın iradəsinə qarşı çıxırlar.
Müxalifətin referendumla bağlı ağır məğlubiyyətə uğradığını deyən Zahid Oruc bunu həmin düşərgədə cərəyan edən neqativ proseslərlə izah edib. O, müxalif qüvvələrinin xalq tərəfindən qəbul edilmədiyini vurğulayıb: "Bir-birinə qarşı daim pis münasibətdə olmuş, antoqonist mövqeli qüvvələrin formal birliyi xalq tərəfindən qəbul edilmir. Ayaz Mütəllibov və özünü sağ müxalifət adlandıran qüvvələrin bir araya gəlməsini xalq heç vaxt qəbul edə bilməzdi. Xalq gördü ki, bəzi müxalifət liderləri hansısa şəxsi maraqlara görə düşmənlə də birləşə bilərlər. Məğlubiyyətin digər səbəbi isə müxalifətin vahid taktikasının olmamasıdır. Bu qüvvələr bir tərəfdən boykot çağırışları edib, digər tərəfdən referendumun monitorinqini həyata keçirdilər. Əgər onlar boykota gedirdilərsə, nəyi müşahidə edəcəkdilər?". AVP funksionerinin fikrincə, 24 avqust referendumunun nəticələri müxalifətin 2003-cü ilin prezident seçkilərində də ciddi məğlubiyyətə düçar olacağına dəlalət edir. Zahid Oruc əlavə edib ki, müxalifətin siyasi təlaşı bilavasitə bununla bağlıdır: "Referenduma göstərilən münasibət nəticə etibarilə Heydər Əliyevin siyasi kursuna münasibət kimi başa düşülməlidir. Çünki Konstitusiya dəyişikliklərinin müəllifi cənab prezident özüdür. Referendumun nəticələri Heydər Əliyevin 2003-cü ildə şəksiz prezident seçiləcəyini bir daha təsdiqlədi. Bundan başqa, əgər xalq proporsional sistemin ləğvinə səs veribsə, bu, siyasi partiyalara münasibət deməkdir. Düşünürəm ki, siyasi partiyalar bundan sonra inteqrasiyaya getməsələr, onların böyük bir qismi siyasi səhnədən silinəcəklər".
Millət vəkili referendum günü bəzi neqativ hallara rast gəlindiyini də etiraf edib. Onun sözlərinə görə, bəzi icra strukturlarının təmsilçiləri vəzifə səlahiyyətlərini aşaraq, referendumun gedişinə müdaxilə etməyə çalışıblar. "İstisna etmirəm ki, bəzi icra orqanları özlərini yaxşı göstərmək üçün referendumun gedişinə müdaxilə etməyə çalışıblar. Amma bu kimi neqativ hallar müxalifətin iddia etdiyi kimi, total xarakter daşımayıb və seçkilərin nəticələrinə hansısa təsir göstərməyib. Referendumun nəticələri tam legitimdir və xalqın iradəsini əks etdirir" - deyə, o, vurğulayıb.

Zəlimxan Məmmədli birləşməni mümkün saymır

"Yaxın zamanlarda Əli Kərimlinin dəstəsi ilə AXCP arasında bütövləşmə mövzusunda danışıqların aparılması gözlənilmir" AXCP ("klassiklər") sədrinin müavini Zəlimxan Məmmədli "Bizim ƏSR"ə açıqlamasında belə deyib. Onun sözlərinə görə, "islahatçılar"ın birləşmə mövzusunda danışıqlara başlamaq təklifi partiyada müzakirə olunmayıb.
Zəlimxan Məmmədli hazırki situasiyada "islahatçılar"la hər hansı danışıqlara ehtiyac görmədiyini deyib. Bununla belə, AXCP funksioneri müəyyən ümummilli məsələlərdə partiyaların eyni mövqedən çıxış etməsini mümkün saydığını vurğulayıb. "İndiyə qədər ayrı-ayrı ümummilli məsələlərdə, siyasi proseslərdə birgə olmuşuq. Və burada bir problem görmürəm. Məsələn, Qarabağ məsələsində Yeni Azərbaycan Partiyası ilə də əməkdaşlıq etmək mümkündür. Amma dəfələrlə bildirmişəm ki, bizim "islahatçılar" adlandırılan qrupla üzvü şəkildə birləşməyimiz o qədər də önəmli deyil. Əks qütblü siyasi qüvvələri bir partiyada birləşdirmək isə çox çətin məsələdir" - deyə, o, vurğulayıb.
Onun sözlərinə görə, "islahatçılar"la birləşmək mövzusu ən tez halda, AXCP-nin IV qurultayından sonra gündəmə gələ bilər. Zəlimxan Məmmədli hesab edir ki, indiki halda birləşmə mövzusunu ortaya atmaq cəmiyyəti aldatmaqdır.

"Rusiyada azərbaycanlılara münasibət dəyişir"
Cəmil Sadıqbəyov: "Rusiyada hüquqları pozulan azərbaycanlılarla bağlı müxtəlif nazirliklər qarşısında məsələ qaldırırıq"

Dünən Bakı Mətbuat Klubunda Rusiya Azərbaycanlıları Muxtariyyətinin vitse-prezidenti Cəmil Sadıqbəyov mətbuat konfransı keçirib. MDB üzrə Humanitar İnstitutun rektoru Cəmil Sadıqbəyov təmsil etdiyi Rusiya Federal Milli-mədəni Muxtariyyatının (RFMM) yaranma səbəblərindən danışıb.
O, bildirib ki, 1999-cu ildə sabiq prezident B.Yeltsinin sərəncamı ilə yaradılan bu qurumun məqsədi, Rusiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərməkdən ibarətdir: "Məqsədimizin digər istiqaməti Azərbaycanın adət və ənənələrini Rusiyada təbliğ etməkdir. Bu sahədə Gürcüstan və Ermənistan indiyə qədər xüsusi fəallıq göstərərək, bizi üstələyiblər. Rusiyada yaşamış və unudulmuş alimlərimizin fəaliyyətinə dair arxiv sənədlərini taparaq üzə çıxarır və mətbuat orqanlarında dərc etdiririk".
Eyni-zamanda C.Sadıqbəyov 2001-ci ilin noyabrında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının 1-ci qurultayını müsbət qiymətləndirdiyini deyib. Onun qənaətincə, qurultayın baş tutması dövlət başçısının diaspora məsələlərinə xüsusi diqqət yetirməsindən irəli gəlir: "Ümumiyyətlə, Azərbaycan prezidenti diaspora məsələsində qəti mövqe nümayiş etdirir. Onun müxtəlif ölkələrə səfəri zamanı orada yaşayan azərbaycanlılarla söhbəti, həmçinin müəyyən məsələlərə dair göstərişlər verməsi, dediklərimə bariz nümunədir. Sözügedən qurultay dünya azərbaycanlılarının birləşməsi istiqamətində mühüm addım oldu. Çalışırıq ki, qurultaydan irəli gələn məsələləri fəaliyyətimizdə əks etdirək. Yaratdığımız Sarabski adına Humanitar Fond vasitəsilə Rusiyada azərbaycandilli kurslar açmışıq. Həmçinin Azərbaycanda yaşayan rusların həyatı haqqında Rusiya məmurlarına məlumatlar veririk. Mərkəzimiz Rusiyanın güc nazirlikləri ilə əlaqələr yaradıb. Hüququ pozulan azərbaycanlılar bizə müraciət etdikdə, sözügedən nazirliklər qarşısında məsələ qaldırırıq" - deyə, o, sonda vurğulayıb.

Copyright©by Media Holding,2000-2002

©WEB Design Group Media Holding