Teymur Rəcəbov əsas heyətdədir
Planetin ən gənc beynəlxalq qrossmeysteri
"Əsrin matçı"nda dünya yığmasının əsas heyətində çıxış edəcək
Sentyabrın 8-də Rusiyanın paytaxtı Moskvada, Kreml Sarayında beynəlxalq şahmat turnirinin startı veriləcək: "Əsrin matçı" adlandırılan yarışda Rusiya və dünyanın yığma komandaları qarşılaşacaqlar. Srağagün komandaların heyəti müəyyənləşdirilib və elan edilib. Sevindirici haldır ki, planetin seçmə şahmatçıları arasında həmyerlimiz, beynəlxalq qrossmeyster Teymur Rəcəbov da var - o, dünya yığma komandasının ən gənc üzvüdür.
Komandalar, 10 əsas və iki ehtiyat oyunçudan ibarət olmaqla, aşağıdakı heyətlə yarışacaqlar:
RUSİYA KOMANDASI. Harri Kasparov, Anatoli Karpov, Vladimir Kramnik, Aleksandr Halifman, Yevgeni Bareyev, Aleksandr Qrişşuk, Aleksey Dreyev, Aleksandr Morozeviç, Pyotr Svidler, Aleksandr Motılev;
ehtiyat oyunçular - Vadim Zvyagintsev və Sergey Rublyovski.
Komandanın kapitanı Rusiya Şahmat Federasiyasının prezidenti Andrey Selivanov, baş məşqçisi beynəlxalq qrossmeyster Naum Raşkovskidir.
DÜNYANIN YIĞMA KOMANDASI. Vişvanatan Anand (Hindistan), Ruslan Ponomaryov, Vasili İvançuk (hər ikisi Ukrayna), Peter Leko (Macarıstan), Aleksey Şirov (İspaniya), Boris Gelfand (İsrail), Naycel Şort (İngiltərə), Yudit Polqar (Macarıstan), İlya Smirin (İsrail), Teymur Rəcəbov (AZƏRBAYCAN);
ehtiyat oyunçular - Zurab Azmayparaşvili (Gürcüstan) və Vladimir Akopyan (Ermənistan).
Komandanın kapitanı Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov (Rusiya), məşqçisi Boris Spasskidir (Fransa).
"Əsrin matçı" sentyabrın 11-də başa çatacaq.
91 xanalı şahmat
Günün birinci yarısı
Şahmat üzrə keçmiş dünya çempionu Anatoli Karpov Belqradda (Yuqoslaviya) yeni intellektual idman oyununun təqdimatını keçirib: bir neçə il öncə yuqoslaviyalı Qoran Radoviçinin ixtira etdiyi oyun artıq dünyanın 57 ölkəsində tanınıb.
Yeni idman növü, şahmat kimi lövhə üzərində oynanılır və bəzi oxşar cəhətləri var, lakin şahmatla müqayisədə qaydaları daha mürəkkəbdir. Bununla belə, mütəxəssislər bu oyunun yaxın gələcəkdə ənənəvi şahmatla rəqabət apara biləcəyini söyləyirlər. Bəs hansı prinsipial fərqləri qeyd etmək olar?
Əvvəla, lövhənin dörd yox, 6 küncü var və klassik şahmatdan fərqli olaraq, fiqurlar üç rəngdədir. Altıkünclü lövhədəki ağ-qara xanaların sayı isə 91-dir. Fiqurların gedişində də özünəməxsusluq diqqət çəkir. Xanaların sayı çox olduğundan, təbii ki, kombinasiyalar üçün də imkanlar genişdir. Yeni oyunun adı haqda isə hər hansı konkret məlumat verilmir və biz şərti olaraq onu "91 xanalı şahmat" kimi təqdim edirik.
Yeni oyun üzrə ilk rəsmi görüş bu il sentyabrın ikinci yarısında Belqradda Yuqoslaviya nümayəndələri Bora İvkov və Milan Matuloviç arasında keçiriləcək. Dekabrda isə "91 xanalı şahmat" üzrə ilk beynəlxalq turnir təşkil etmək planlaşdırılır.
Futzal: yeni mövsümün cizgiləri
Sabah paytaxtın "Relaks" restoranının iclas zalında futzal mövsümünün başlanması planları ilə bağlı toplantı keçiriləcək: ilkin məlumata görə, X çempionat sentyabrın 15-də start götürəcək.
Yığıncaqda Azərbaycan Futzal Federasiyasının prezidenti Ağarza Rzayev, həmin qurumun vitse-prezidenti Ceyhun Şərifov, AFFA-nın futzal komitəsinin sədri Abel Qurbanov, habelə ölkə çempionatına qatılacaq klubların prezidentləri iştirak edəcəklər. Tədbirdə yüksək liqa klublarının üzvlük haqlarının məbləği, hakimliklə bağlı məsələlər, çempionatın təqvim-cədvəlinin müəyyənləşdirilməsi və digər prinsipial məqamlar müzakirə olunacaq.
Komandalar da öz növbəsində mövsümə hazırlığı davam etdirirlər. Ölkə çempionu "Turan AİR" yeni mövsümdə bütün əsas mükafatları qazanmaq niyyətindədir və bu istiqamətdə ciddi addımlar atır. Deyilənlərə əmin olmaq üçün komandanın mövsümlərarası dövrdə həyata keçirdiyi transferlərə diqqət yetirmək kifayətdir: klub Azərbaycan futbol tarixində ilk dəfə olaraq dörd braziliyalını Bakıya gətirib və bu günlərdə 23 yaşlı ukraynalı Sergey Bojenkovla anlaşıb.
|