Vasim Məmmədəliyev - 60
Müqəddəs Quran sənin köməyin olsun, əziz qardaşım!
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi,
professor Vasim Məmmədəli oğlu Məmmədəliyevin 60 illiyi münasibətilə
...34, ya 35 ilin söhbətidir. Radionun "Məişət və mədəniyyət" redaksiyasına başçılıq edirdim. Gözəl ənənələri ilə şöhrət tapmış "Sağlamlıq" radiojurnalını da redaksiyamızın əməkdaşları hazırlayırdılar. Şübhəsiz ki, onların arasında həkim yox idi. Ona görə də, jurnalda təbabətlə bağlı hər hansı səhvə yol verməmək üçün Bakı şəhəri Səhiyyə Maarifi Evinin əməkdaşı həkim Məmmədəli Məmmədəliyev redaksiyamıza təhkim olunmuşdu. O, hər həftə müəyyən edilmiş vaxtda redaksiyamıza gəlir, "Sağlamlığ"ı oxuyur və imzasını qoyandan sonra, radiojurnalın lentə yazılmasına icazə verilirdi. Məmmədəli doktor - redaksiyamızın əməkdaşları onu hörmətlə belə çağırırdılar - səliqə-sahmanı sevən, öz işinə çox ciddi yanaşan, işini vaxtında və məsuliyyətlə görən ziyalı bir insan idi. Bir dəfə nədənsə Məmmədəli doktor "Sağlamlıq" radiojurnalını oxuyub, rəy vermək üçün vaxtında redaksiyaya gəlib çıxmadı. Hamımız təşvişə düşdük. Məmmədəli doktor yubanırsa, deməli, bunun çox ciddi səbəbi var.
Hərə bu gecikməni bir cür yozurdu. Birdən qapı açıldı, astanada başından şlyapasını götürən (o, həmişə qapıdan içəri girəndə belə edərdi) Məmmədəli doktor gülümsünə-gülümsünə, həm də dönə-dönə üzr istəyib, masanın arxasına keçdi. Redaksiya əməkdaşlarından heç kəs danışmırdı. Hamı əmin idi ki, Məmmədəli doktor gecikməsinin səbəbini özü açıqlayacaq. Elə də oldu:
- Bir daha üzr istəyirəm ki, yubanmışam, - deyə sözünə başladı. - Oğlum bu gün Tiflisdə namizədlik dissertasiyası müdafiə edirdi. Şərtləşmişdik ki, müdafiə qurtaran kimi mənə işə zəng etsin. Özünüz bilirsiniz də, bizim evimizdə telefon yoxdur.
Yerbəyerdən suallar yağdı:
- Necə oldu?
- Oğlunuz zəng etdimi?
- Müdafiə necə keçib?
Suallar yağışı qarşısında Məmmədəli doktor gülümsünürdü və nəhayət:
- Oğlum deyir ki, çox yaxşı keçib, hamı yekdilliklə səs verib. Şükür Allaha! - dedi.
Biz hamımız bir ağızdan təbrik etdik.
Məmmədəli doktor isə:
- Çox sağ olun, - deyə cavab verdi və sonra əlavə etdi:
- Daha bəsdir. 25 yaşı bu yaxınlarda tamam olub. Onu evləndirməliyəm. İnstitutların birində dərs deyər, ailəsini dolandırar da...
Mən özümü saxlaya bilmədim:
- Bəlkə oğlunuz elm dalınca getmək istəyir?
Məmmədəli doktor dərindən nəfəs aldı:
- Elm dalınca getməyə çox böyük həvəsi var. Amma evlənməyin də vaxtıdır. Aqillərdən kimsə deyib ki, 20 yaşına qədər oğul özü evlənər, bu yaşadək evlənməzsə, 25 yaşınadək ata-anası, 30 yaşına çatana qədər isə yaxın qohum-əqrəbası evləndirər. Elə ki oğlun yaşı 30-u keçdi, onu evləndirmək üçün bütün el-oba yığışmalıdır. Təbabət də təxminən belə deyir...
Məmmədəli doktorun bu müdrik sözləri əbədilik yaddaşımıza həkk olundu. Oğlu Vasim isə həm ata-anasının sözünə baxıb evləndi, həm də ürəyinin səsinə qulaq asaraq, elm dalınca getdi. 25-26 yaşında namizədlik dissertasiyasını uğurla müdafiə edən Vasim Məmmədəliyev çox yox, cəmi 6 ildən sonra elmlər doktoru oldu. Gərgin əməyi, yuxusuz gecələri səmərəsiz qalmadı. Az müddətdə dünyanın ən müxtəlif ölkələrində, ən ali məclislərdə Vasim Məmmədəliyevin adı hörmətlə çəkilməyə başladı, onunla hesablaşdılar, ondan öyrənməyə çalışdılar. Rusiya, Polşa, Misir, İndoneziya və digər ölkələrdə keçirilən beynəlxalq və regional konfransların işində uğurla iştirak etdi. İraq Elmlər Akademiyasının, İslam Təşkilatı Konfransı nəzdində İslam Hüququ Akademiyasının, Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyasının üzvü seçildi. Bu gün də Vasim Məmmədəliyev Türkiyə, İran, İraq, Misir, Liviya, Gürcüstan, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və digər ölkələrlə sıx elmi əməkdaşlıq edir. Heç təsadüfi deyil ki, o, dünyanın müxtəlif ölkələrində çap olunmuş 400-dən çox elmi əsərin, 20 kitabın müəllifidir.
Professor Vasim Məmmədəliyevin elmi rəhbərliyi ilə 16 dissertasiya yazılıb. Sözün əsl mənasında, elm dəryası olan bu şəxs 30-dan çox dissertasiya işinə rəsmi opponentlik edib.
Xüsusi qeyd etməyə dəyər ki, professor V.Məmmədəliyevin elmi nəticələrindən ərəb dilçiliyi və ümumi dilçilik sahələrində (eləcə də, Azərbaycan dilçiliyində), İslamşünaslıqda, ərəb-Azərbaycan mədəni əlaqələrində geniş istifadə olunur.
Oğlunun namizədlik dissertasiyası müdafiə etməsinə uşaq qədər sevinən atası Məmmədəli doktor, çox-çox təəssüf ki, onun keçən il Azərbaycan Respublikası Milli Elmlər Akademiyasına müxbir üzv seçilməsini görmədi. Nə etmək olar? Təbiətin qanunu, Böyük Yaradanın hökmüdür. Lakin mən ona sonuncu görüşümüz zamanı oğlu Vasimlə əlaqədar bir hadisəni danışanda, Məmmədəli doktorun gözləri doldu, az qaldı ki, sevincindən ağlasın.
Hadisə belə olmuşdu: Azərbaycan Milli Televiziyasında "Haqqın dərgahı" verilişi artıq bir neçə ay idi ki, hər həftə cümə axşamları efirə çıxırdı. Aparıcısı, bu gün olduğu kimi, onda da Vasim Məmmədəliyev idi. Az müddətdə veriliş, sözün əsl mənasında, bütün xalqın məhəbbətini qazanmışdı.
...92-ci ilin əvvəlləri idi. Çox güclü qar yağmışdı. Yerlər buz bağlamışdı. Küçələrdə maşın-filan gözə dəymirdi. O vaxt televiziyanın "Xəbərlər" redaksiyasında işləyirdim. Cümə axşamı idi. İşdə bir qədər yubandım. Evə gedərkən telestudiyanın çıxış qapısında məni sir-sifətini tük basmış 35-38 yaşlarında bir kişi saxladı:
- Üzr istəyirəm, siz burada işləyirsiniz? - deyə əlini teleşirkətin binasına tərəf uzatdı. Mən:
- Bəli, - dedim.
- Görəsən, Vasif Məmmədəliyev gec çıxacaq? - Müsahibim bir çoxları kimi Vasim müəllimi Vasif adlandırdı. Mən cavab verdim ki, Vasim müəllim studiyada bu gün gündüz olub, çıxışını lentə alıblar, çıxıb gedib. Bir də yəqin ki, bir həftədən sonra olacaq. Müsahibimin nitqi-matı qurudu. Güclə:
- Bunu dəqiq bilirsiniz? - deyə soruşdu.
Mən bir daha təsdiq edəndə, üzütüklü kişi gözləmədiyim bir sualla mənə müraciət etdi:
- Siz harada olursunuz?
- Musabəyovda, - deyə avtomatik olaraq cavab verdim. Müsahibim cəld səkinin kənarında durmuş yük maşınının kabinəsinin qapısını açdı:
- Oturun, aparım.
Mən təəccüblə üzütüklü kişiyə baxdım.
- Oturun, oturun, - deyə o, təkid etdi. - Əvvəla, mən də orada oluram, köhnə evlərdə, bazarın arxa tərəfində. İkincisi də, siz dünyanın o başına getməli olsanız da, aparmağa hazıram.
Üzütüklü kişi məni maşının kabinəsinə oturtdu, özü isə sükan arxasına keçdi:
- Sizi ta evinizə qədər aparacağam, - dedi. - Vasif müəllimin dalısınca gəlmişdim, bəxtimə siz düşdünüz. Yolda bir az söhbət edərik. Vasif müəllimlə ünsiyyətdə olan şəxs pis adam ola bilməz.
Hər ikimiz gülüşdük. Yolda söhbət zamanı məlum oldu ki, Məmmədağa yükünü özüboşaldan maşında sürücü işləyir. Cümə axşamları harada olsa, özünü evə çatdırır ki, "Haqqın dərgahı" verilişinə baxsın. Verilişin aparıcısı Vasim Məmmədəliyevi ancaq ekranda görüb. Bir dəfə məclislərin birində eşidib ki, Vasim müəllim Kürdəxanıda yaşayır. Bu gün də bərk qar yağıb. Şəhərdə heç bir maşın-filan işləmir. "Haqqın dərgahı"na baxanda birdən fikirləşib ki, bu çovğunda Vasim müəllim telestudiyadan Kürdəxanıya necə gedəcək?! Ona görə də yükünü özüboşaldan maşınının təkərlərinə zəncir bağlayıb ki, buz bağlamış yollarda sürüşməsin. Və Vasim Məmmədəliyevi evlərinə - Kürdəxanıya aparmaq üçün telestudiyanın qabağına gəlib. Burada da mənimlə rastlaşıb.
Məmmədağa bunları danışıb, dərindən köks ötürdü və mənə müraciətlə dedi:
- Qardaşım, xoşbəxt adamsan ki, Vasim müəllim kimi bir insanı yaxından tanıyırsan, onunla söhbət edirsən. Hər kəlməsi qızıla tutulası bir kişidir o. Heyif ki, onunla görüşmək mənə nəsib olmadı. Allah bilən məsləhətdir.
Mən adi sürücü işləyən Məmmədağanın Vasim müəllimə olan həqiqi, minnətsiz, böyük məhəbbətindən danışanda Məmmədəli doktor qocalıqdan bükülmüş qəddini düzəltməyə çalışdı və taqətdən düşmüş əlləri ilə məni möhkəm-möhkəm qucaqlamağa çalışdı:
- Məni bu yaşa çatdıran da elə budur, - dedi və gözləri sevincdən yaşardı...
Heç təsadüfi deyil ki, XX əsrin əvvəllərində dünyaya gəlib, az qala yüzilliyin sonuna qədər ömür sürərək, əbədiyyətə qovuşan Məmmədəli doktorun Kürdəxanı kəndindəki dəfninə, demək olar ki, respublikamızın bütün ziyalıları ilə yanaşı, yüzlərlə Məmmədağa da gəlmişdi. Bu, alicənab, ziyalı Məmmədəli doktora, xüsusən də, onun böyük şəxsiyyət və alim olan oğlu Vasimə hörmət-izzət əlaməti, həm də ondan heç bir asılılığı olmayan məmmədağaların böyük məhəbbətinin təzahürü idi. Bir də ona görə ki, Vasim müəllim hər bir məclisdə, hər hansı bir icmada həmişə arzuedilən şəxsdir. Tamamilə mübaliğəsiz demək olar ki, onun kütlə, camaat arasında çox, lap çox hörməti var. Bunu həm Vasim müəllimin özü qazanıb, həm da Allah vergisidir, qandan qana keçib.
"Qurani-Kərim" kimi ülvi, müqəddəs bir kitabı doğma azəri dilinə çevirməklə Vasim müəllim, həmçinin böyük şəxsiyyət və misilsiz alim olan Ziya Bünyadov özlərinə əbədiyyət qazandılar. Onların müsəlman aləminin ən ulu kitabının - "Qurani-Kərim"in izahlı şəkildə, anlaşılan tərzdə, gözəlliyini, şeriyyətini qorumaqla azəri dilinə tərcümə etməsi milyonların islam aləminə qovuşmasında həlledici amil oldu.
...Neçə illərdir ki, ölkə ali məktəblərinin flaqmanı BDU-nun, əvvəllər şərqşünaslıq, indi isə ilahiyyat fakültəsinin dekanı, kafedra müdiri işləyən professor Vasim Məmmədəliyev Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasına da təmənnasız olaraq, başçılıq edir. Yeri gəlmişkən, xatırlatmaq yerinə düşərdi ki, dünyanın heç bir ölkəsində belə bir qurum yoxdur. Bu qurumun yaradılması ilə artıq "Qurani-Kərim", müxtəlif məzmunlu dini kitablar yalnız din xadimləri tərəfindən təbliğ və təşviq edilmir, insan mənəviyyatının formalaşmasında həlledici amil olan bu cür çox vacib bir işə elm adamları, əsl ziyalılar da qoşulublar.
...Mənim özümə görə kifayət qədər zəngin kitabxanam var. Rəflərin birində dost-tanışlarımın mənə bağışladıqları kitablar durur. Burada qazax şairi Oljas Süleymenovun, Türkiyədən Əli Akbaşın, yunan Aleksis Parnisin, koreyalı Se Man İrin, türkmənistanlı Anna Kavusovun, moskvalı Georgi Qordinin, qırğız şairi Baydulda Sornoqoyevin, Azərbaycanımızın görkəmli sənətkarlarından Nəbi Xəzrinin, Cabir Novruzun, Xəlil Rzanın, Seyfəddin Dağlının və neçə-neçə başqalarının öz avtoqrafları ilə mənə ünvanladıqları onlarla kitab var. Bu rəfin sol tərəfində, lap yuxarı başda isə ərəb, fars, türk, rus və azəri dillərində "Qurani-Kərim" səliqə-sahmanla qorunur. Bu müqəddəs kitabların hamısı bir azəri övladı, bir müsəlman kimi mənim üçün çox-çox əzizdir. Xüsusən də, "Qurani-Kərim"in azəri və ərəb dillərində olan Ukrayna nəşri. Təkcə nəfis şəkildə çap olunduğu üçün deyil, onu tərcüməçilərindən biri - Vasim Məmmədəliyev bağışladığı üçün bu müqəddəs kitab mənə daha əzizdir, daha doğmadır. "Qurani-Kərim"in titul səhifəsinin sol küncündə bu sözlər yazılıb: "Hörmətli dostum, gözəl qələm əhli Hacı Firuza - ən xoş və səmimi arzularla, Mütərcimdən yadigar.
Quran köməyin olsun! 7/VI-97".
Hər dəfə mən Quranı vərəqləyərkən, Vasim müəllimin öz dəst-xəttilə yazdığı arzusunu oxuyur və "Quran köməyin olsun!" sözlərinə çatanda ürəyimdən dillə ifadə edilə bilməyəcək qəribə hisslər keçirir və düşünürəm ki, əsl müsəlman öz dostuna, öz müsəlman bacı-qardaşına bundan artıq heç nə arzu edə bilməz.
Əziz Vasim qardaşım! 5 il qabaq sən mənə arzulamışdın: "Quran köməyin olsun!". Mən sənin 60 illiyində nə qədər fikirləşdimsə, bundan müqəddəs, bundan böyük, bundan səmimi sözlər tapa bilmədim. Ona görə də, sənin 5 il qabaq mənə arzuladığını mən də sənə arzulayıram: Müqəddəs Quran sənin köməyin olsun, əziz qardaşım!
Hacı Firuz Əhmədli,
yazıçı-jurnalist, "Ustad",
"Qızıl qələm" və
Y.Məmmədəliyev adına mükafatların laureatı
Moskvada Opera Musiqisi Mərkəzi açılıb
Bundan sonra Rusiyanın bütün istedadlı opera sənətçiləri öz təcrübələrini yeni Opera Musiqisi Mərkəzində artıra biləcəklər. Mərkəzə Qalina Vişnevskaya rəhbərlik edir. Təhsil ocağı qapılarını sənətçilərin üzünə bu il sentyabrın 1-də açacaq.
Mərkəzin ilk tələbələri Rusiyanın müxtəlif bölgələrində konservatoriya təhsili almış 25 gənc olacaq. Onlar Opera Musiqisi Mərkəzinin tələbəsi adını almaq üçün xüsusi müsabiqədən keçiblər. Tələbələrin burada təhsil almaları onlara aparıcı opera səhnələrində çıxış etmək şansı verəcək.
Gələcəkdə gənc istedadlarla işləmək üçün Rusiyanın peşəkar artistlərilə yanaşı, mərkəzə Xose Kareras, Plasido Dominqo kimi məşhur sənətçilər də dəvət olunacaqlar.
Yeni təhsil ocağı Rusiyada öz səviyyəsinə görə birincidir. Mərkəz ən son texnika ilə təchiz olunub.
|