 |
#195(615)
|
|
 |
 |
İŞ GÜNÜ |
|
 |
 |
 |
 |
 |
 |
 |
Neft kəməri Qobustandakı
abidələrə zərər vurmayacaq
Arxeoloq Nəcəf Müseyibli bu barədə yayılan ziddiyyətli məlumatlara aydınlıq gətirdi
Yaxın bir neçə ay ərzində mətbuatda Səngəçal terminalı və Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi zamanı ətrafdakı mədəniyyət abidələrinə ziyan dəydiyi barədə ziddiyyətli fikirlər dolaşır. Verilən məlumatlara əsasən, bu ərazilərdə tədqiqatlar zamanı aşkarlanan abidələr tam nəzarətsiz qalıb və dağıdılır. Məsələyə aydınlıq gətirmək üçün terminalın tikintisində bilavasitə iştirak edən Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, tarix elmləri namizədi Nəcəf Müseyibliyə müraciət etdik.
Bu ilin yanvar-mart aylarında terminalın yaxınlığında tədqiqat aparıldığını deyən N.Müseyiblinin sözlərinə görə, İnstitutun digər elmi işçisi, arxeoloq Nadir Həsənovla birgə ilin əvvəlində torpaq tikinti işləri zamanı bu ərazidə elmi iş aparıb, monitorinqlər keçiriblər. Qeyd edək ki, həmin tədqiqat "BP" şirkəti ilə bağlanmış müqaviləyə əsasən həyata keçirilib. Bəzi yerlərdə torpağın üç metrə qədər dərinliyə qazılmasına baxmayaraq, gündəlik aparılan torpaq tikinti işləri zamanı yerin altında heç bir arxeoloji abidə və maddi mədəniyyət qalıqlarına rast gəlinməyib. Lakin arxeoloqlar oradan yerüstü materiallar kimi, orta əsrlərə aid bəzi saxsı qab qalıqları aşkar edərək götürüblər. Həmin tapıntılar arxeoloqların hesabatlarında da öz əksini tapıb. N.Müseyibli adıçəkilən ərazilərdə bu cür tapıntılara rastlanmasını labüd sayır. Çünki terminalın tikildiyi ərazidən xeyli kənarda indi də orta əsrlərə aid yaşayış məskənində saxsı qab və tikinti qalıqları qalmaqdadır.
Terminalın tikildiyi sahədə bir neçə süni göl mövcuddur. Onlar orta əsrlərdə maldarlıq təsərrüfatı ilə məşğul olan əhalinin istifadə etdiyi su mənbələridir. Qobustan, Səngəçal ərazisinin təbii şəraiti isti iqlimlə müşayiət olunduğu üçün burada su qıtlığı qaçılmazdır. Bu şəraiti qismən aradan qaldırmaq üçün yerli əhali yağış suyunu adi boş çalalara yığa bilərdi. Ərazinin torpağı gilli olduğundan həmin suyu müəyyən müddətdə bu çalalarda saxlayırdılar. Bu sudan heyvanlar da istifadə edib. N.Müseyiblinin sözlərinə görə, bu tipli çalalar təbii şəraitdən asılı olaraq, istənilən ərazidə qazıla bildiyi üçün tarixi abidələr hesab edilmir. Arxeoloji abidədə isə insan fəaliyyətinin izlərini özündə əks etdirən maddi mədəniyyət nümunələrinin aşkar olunduğu təbəqələr mövcud olmalıdır. Məhz buna görə, arxeologiya elmində bu cür "göllər" arxeoloji nümunələr hesab edilmir. Tikinti zamanı fotoya alınan "göllər" indi də adi boş çalalar kimi orada qalmaqdadır. Bunlardan bu gün də yerli maldarlıqla məşğul olan əhali istifadə edə bilər.
Qeyd edək ki, neft-qaz kəmərlərinin tikintisi ilə bağlı ekspedisiya Səngəçaldan Gürcüstan sərhədinə qədər işləyir. May-iyun ayları ərzində neft kəmərinin keçəcəyi xətt boyunca aparılan elmi işlər sentyabr ayında davam etdiriləcək. Bu müddət ərzində "BP" şirkətinin nümayəndələri və İngiltərədən gələn arxeoloqların iştirakı ilə tədqiqatçılarımız boru kəməri keçəcək ərazilərdə abidələrin təyin edilməsi ilə məşğul olublar. Bu cür şəraitdə tapılan abidənin tədqiqatı üçün mümkün imkanlardan istifadə edilib. Belə ki, tədqiqat zamanı tarixi abidənin zədələnə biləcəyi ərazilər aşkar edilib və kəmərin həmin yerdən keçməməsinə qərar verilib.
Qobustan ərazisində aparılan elmi işlərdə isə Arxeologiya və Etnoqrafiya İnstitutun və "BP" şirkətinin nümayəndələrinin də qatıldığı 8 nəfərlik ekspedisiya qrupu iştirak edib. N.Müseyiblinin sözlərinə görə, hazırkı abidələr kəmərin keçdiyi yerdən 500 metr kənarda qalır. Bu da onlar üçün təhlükə olmadığından xəbər verir.
Onu da deyək ki, tikinti aparılacaq ərazilərdə gerçəkləşən tədqiqatlar zamanı onun keçəcəyi zolağın eninin azaldılması təklif edilib. Nəticədə kəmərin eni 44 metr müəyyən edilib. Bu zonada əvvəllər qeydə alınan və yeni abidələrdə də kəşfiyyat xarakterli qazıntılar aparılıb. Həm İngiltərədən gələn, həm də yerli arxeoloqların qənaətinə görə, tarixi dəyəri olan bu abidələr neft kəmərlərinin çəkilişlərinə qədər tam tədqiq olunmalıdır. N.Müseyiblinin sözlərinə görə, ölkənin iqtisadi inkişafı və tarixi üçün əhəmiyyətli olan Cənubi Qafqaz qaz kəməri və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin keçəcəyi ərazilərdə heç bir abidəyə zərər dəyməyəcək.
Orduya vətəndaş nəzarəti lazımdırmı?
Ramiz Məlikov: "Bu cür mərkəzlərin yaradılması reklam xarakteri daşıyır"
Dünən Bakı Mətbuat Klubunda Silahlı Qüvvələr üzərində Demokratik Vətəndaş Nəzarətinin Azərbaycan Mərkəzinin yaradıldığı elan edildi. Ordu üzərində vətəndaş nəzarətini həyata keçirməyi qarşısına məqsəd qoyan mərkəz bunun üçün KİV-dən kömək istədi.
Mərkəzin rəhbəri, ehtiyatda olan zabit Ələkbər Məmmədov bildirdi ki, belə bir qurumun yaradılması ideyasının əsası bu ilin iyul ayında NATO və Silahlı Qüvvələr üzərində Demokratik Vətəndaş Nəzarətinin Cenevrə Mərkəzi tərəfindən Bakı şəhərində keçirilən seminarda qoyulub. Ə.Məmmədov təşkilatın dövlət və ictimai birliklərlə qarşılıqlı əməkdaşlıq şəraitində işləyəcəyini bəyan etdi. Onun sözlərinə görə, silahlı qüvvələr dövlətin təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə yaradılır. "Lakin istənilən sistemdə hərbçilərin özlərini dövlətin ali hakimiyyət orqanının təmsilçiləri rolunda görmək ehtimalı böyük olduğundan onlar milli maraqları, başa düşdükləri kimi həyata keçirməyə çalışırlar. Buna görə də ordu üzərində vətəndaş nəzarəti cəmiyyətin tələbatlarına və maraqlarına uyğun şəkildə həyata keçirilir". Başqa sözlə, vətəndaş nəzarəti demokratiyaya, insan və vətəndaş hüquqlarının, azadlıqlarının əsas prinsiplərinə xələl gətirə biləcək əməllərin qarşısını vaxtında alır. Ə.Məmmədovun fikrincə, bu, hərbi xidmətə çağırılan hər bir şəxsin layiqli vətəndaş kimi yetişməsinə xidmət edir.
Cəmiyyətin təhlükəsizliyində hərbçilərin sosial və mənəvi problemlərinin həllinin əsas amillərdən biri olduğunu deyən Ə.Məmmədov qanun çərçivəsində onların hüquq və azadlıqlarının təmin edilməsinə çalışacaqlarını, bu istiqamətdə problemlərin həllinə diqqət yetirəcəklərini bildirdi. "Azərbaycanda ordu üzərində vətəndaş nəzarətini hakimiyyətin qanunvericilik, icra və məhkəmə orqanları ilə yanaşı, ictimai təşkilatlar da həyata keçirməlidir. Bu nəzarətin səmərəliliyi orduya mülki və ya hərbi vəzifəli şəxsin rəhbərlik etməsindən çox asılıdır" - deyən mərkəz rəhbəri Müdafiə Nazirliyinə mülki şəxsin rəhbərlik etməsinə tərəfdar olduqlarını söylədi. Ə.Məmmədov bu halda hərbçilərin demokratik prinsiplərə meylinin artdığını qeyd etdi. Ə.Məmmədov silahlı qüvvələr üzərində vətəndaş nəzarətinin həyata keçirilməsi nəticəsində ordunun həyat tərzinin cəmiyyətdən gizlədilməsinin qarşısını almaqla bərabər, qarşılıqlı sağlam əlaqələrin güclənəcəyini söylədi. Onun fikrincə, müdafiə naziri vəzifəsinə mülki şəxsin təyin edilməsi ordunu siyasiləşməkdən uzaqlaşdırır.
Sözügedən məsələ ilə əlaqədar Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Ramiz Məlikovla əlaqə saxladıq. Onun sözlərinə görə, bu cür mərkəzlərin yaradılması reklam xarakteri daşıyır. Yeni yaradılan mərkəzin Müdafiə Nazirliyinin mülki şəxs tərəfindən idarə olunması iddiasını qeyri-ciddi hesab edən R.Məlikov "orduya peşəkar hərbçilər rəhbərlik etməlidir" - deyə vurğulayıb.
R.Məlikov fikirlərini əsaslandırmaq üçün tarixin müəyyən məqamlarına toxundu: "1991-ci ildə Azərbaycan özünün müstəqilliyini bərpa etdikdən sonra, ilk dəfə Valeh Bərşadlı müdafiə naziri təyin edildi. Peşəkar hərbçi kimi fəaliyyətə başlayan V.Bərşadlı ilk vaxtlarda orduda islahat işləri apardı, böyük əhəmiyyət kəsb edən məsələləri tənzimlədi. Lakin sonra hakimiyyətə gələn qüvvələr peşəkar hərbçini mülki şəxs - ali məktəbdə müəllimlik etmiş Rəhim Qazıyevlə əvəz etdilər. Məhz bu mülki nazirin məsuliyyətsiz əməlləri və şəxsi maraqlarını dövlət maraqlarından üstün tutması nəticəsində əvvəlcə bəzi kəndlər, sonra isə Şuşa ermənilərə təhvil verildi.
R.Məlikov Azərbaycan ordusunun heç vaxt siyasətə qoşulmadığını vurğuladı.
Rabitə tarifləri dəyişməz qalacaq
Vaxta görə ödəniş sisteminin tətbiqi isə qüvvədə qalır
Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində rabitə xidmətləri tariflərinin artırılacağı barədə xəbərlər yayılır. Qeyd edək ki, rabitə naziri Nadir Əhmədov bundan əvvəl müsahibələrində telefon danışıqlarına limit qoyulacağı və ondan artıq danışılan hər dəqiqəyə görə haqq tələb ediləcəyini bildirmişdi. Bu isə əhalinin ciddi narazılığına səbəb olub. Bunu nəzərə alan Rabitə Nazirliyi telefondan istifadə üçün hər hansı qiymət dəyişikliyinin həyata keçirilməyəcəyini bəyan edib.
Naziriyin mətbuat xidmətinin yaydığı məlumata görə, əhalinin sosial vəziyyəti nəzərə alınaraq tariflərin artırılmasına yol verilməyəcək. Əksinə, 1997-ci ildən etibarən telefon xidmətinə görə ödənilən haqqın aşağı salınması istiqamətində tarif siyasəti həyata keçirilir. Belə ki, indiyə qədər beynəlxalq danışıq qiymətləri İran-Türkiyə istiqamətində 20 faiz, Avropa ölkələri istiqamətində 47 faiz, aylıq abunə haqqı 37 faiz, əhali üçün növbədənkənar çəkiliş haqqı isə 40 faiz aşağı endirilib. Hazırda isə nazirlik tərəfindən beynəlxalq danışıq qiymətlərinin İran-Türkiyə istiqamətində 25 faiz, Amerika və digər ölkələr istiqamətində isə 17,5 faiz aşağı salınması barədə təkliflər hazırlanaraq Tarif Şurasına təqdim edilib.
Nazirliyin məlumatına əsasən, əhali üçün aylıq abunə haqqı tarifi Qazaxıstanda 2,55, Rusiyada 2,13, Ukraynada 1,61 ABŞ dolları olduğu halda Azərbaycanda bu rəqəm 0,67 dollar (yəni 3-4 dəfə aşağı) təşkil edir. Hazırda respublikamızda telefonun aylıq abunə haqqı maya dəyərindən 4-5 dəfə azdır.
Vaxta görə ödəniş sisteminin tətbiqi məsələsinə gəlincə, nazirlik bu barədə düşünməyə əsas olduğunu bildirir. Rabitəçilərin fikrincə, vaxta görə ödəniş sisteminə keçid əhalinin 70-75 faizinə heç bir təsir etməyəcək. "Vaxta görə ödəniş sistemi ölkədə enerji daşıyıcılarının qıt olduğu bir vaxtda böyük miqdarda enerji qənaətinə səbəb olar, insanlarda qısa və məzmunlu danışmaqla qənaətcil olmaq vərdişi yaradar".
Onu da deyək ki, internet trafikinin tənzimlənməməsi nəticəsində son 9 ayda rabitənin keyfiyyəti aşağı düşüb. Əgər bunun qarşısı alınmazsa, bu problem daha kəskin şəkildə özünü büruzə verəcək.
Bankların nizamnamə kapitalı artır
İyul ayı ərzində bankların nizamnamə kapitalının ümumi həcmi 21,1 milyard manat artaraq 597,9 milyard manata çatıb. Bunun 55,5 milyard manatı dövlət banklarının, 542,4 milyard manatı isə özəl bankların payına düşür. Xarici kapitalın iştirakı ilə yaradılan bankların nizamnamə fondu isə 172,7 milyard manat olub ki, bu da ümumi nizamnamə fondunun 28,9 faizini təşkil edir. Milli Bankda 2002-ci il avqustun 1-nə olan məlumata görə, 1 banka düşən nizamnamə fondu orta hesabla 12,7 milyard manat dəyərində olub.
Milli Bankın mətbuat xidmətindən verilən məlumata əsasən, 2002-ci il avqust ayının 1-nə bank əməliyyatları aparmaq üçün lisenziyası olan kredit təşkilatlarının sayı 85-ə çatıb. Onlardan 38-i qeyri-bank kredit təşkilatlarıdır.
Qeyd edək ki, indiyə qədər MB tərəfindən əhalidən əmanətlərin cəlb edilməsi sahəsində 47, xarici valyutada əməliyyatların aparılması sahəsində 47, qiymətli metallarla əməliyyatlar aparılması sahəsində isə 1 kredit təşkilatının fəaliyyətinə icazə verilib. Plastik kartlarla əməliyyat aparılmasına lisenziyası olan kredit təşkilatlarının sayı isə 18-ə çatıb.
Belə ki, iyul ayı ərzində daha 2 kredit təşkilatı- "ƏmrahBank" və "TuranBank" kommersiya banklarına plastik kartlarla əməliyyat aparmaq üçün lisenziya verilib.
Beləliklə, bu il avqust ayının 1-ə qədər respublikada 47 bank fəaliyyət göstərib. Onlardan 14-nün fəaliyyəti bilavasitə xarici kapitalın iştirakı ilə formalaşıb.
Hazırda ölkə əhalisinə xidmət göstərən 4 bankın nizamnamə kapitalının 50 faizindən 100 faizinə qədərini, 8 bankın isə kapitalının 50 faizindən az hissəsini xarici kapital təşkil edir. 2 bank isə qeyri-rezident bankların filiallarıdır. Fəaliyyət göstərən kredit təşkilatlarının filiallarının ümumi sayı 197-yə çatıb.
|
 |
|