#195(615) XƏBƏR
Ana səhifə

Xəbər xətti

XƏBƏR

İc siyasət

Şərh

İş günü

Mədəniyyət

İdman

Ulduz falı

Sabotage

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

Xalq Konstitusiyaya dəyişiklikləri qəbul etdi
MSK-nın açıqladığı ilkin nəticələrə görə, referendumda iştirak etmiş əhalinin 97 faizi Konstitusiyaya dəyişikliklərin lehinə səs verib

24 avqust referendumu Azərbaycan cəmiyyətinin iqtidarın yeritdiyi siyasəti dəstəklədiyini aşkar şəkildə təsdiqlədi. Ümumxalq səsverməsinin yekunlarına dair statistik göstəricilərlər bu fikri vurğulamağa əsas verir. Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi ilkin məlumata görə, referendumda ölkə üzrə səsvermə hüququ olan 4 milyon 410 min nəfər əhalinin 88,47 faizi (3 milyon 899 min 242 nəfər) iştirak edib.
Referendumla bağlı respublika üzrə mövcud olan 100 dairədən 99-da (42 saylı Xankəndi dairəsi istisna olmaqla) 5000-dən artıq məntəqə formalaşdırılmışdı. Məntəqə komissiyalarının işində ümumilikdə 29 min 850 nəfər iştirak edib. "Referendum haqqında" Qanuna əsasən, ümumxalq səsverməsinin rəsmi nəticələri 1 həftə müddətində açıqlanmalıdır. Bununla belə, MSK dünən referendumun ilkin nəticələrini elan edib. Qeyd edək ki, həmin nəticələr MSK-nın "Seçkilər" Avtomatlaşdırılmış İnformasiya Mərkəzinin rəqəmlərinə əsaslanır və hələlik hüquqi nəticə sayılmır. Bununla belə, sonrakı dəqiqləşdirmələr nəticəsində sözügedən rəqəmlərin ciddi şəkildə dəyişəcəyini gözləmək lazım deyil. Odur ki, ilkin nəticələri prinsipcə referendumun əsas yekunu saymaq olar. Beləliklə, dairə refenrendum komissiyalarından MSK-ya daxil olan ilkin nəticələrə görə, 24 avqust referendumuna çıxarılmış Konstitusiyaya dəyişikliklər paketinə (8 blok üzrə) münasibət aşağıdakı kimi olub:
1. "Azərbaycan Respublikasının Avropa Şurası (AŞ) qarşısında öz üzərinə götürdüyü öhdəliklərdən irəli gələn dəyişikliklər" hissəsi: lehinə - 97,07 faiz, əleyhinə - 2,63 faiz, etibarsız bülletenlər - 0,28 faiz.

2. "Azərbaycan Respublikasının insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmasından irəli gələn dəyişikliklər" hissəsi: lehinə - 97,01 faiz, əleyhinə - 2,69 faiz, etibarsız bülletenlər - 0,3 faiz.

3. "Referendumun keçirilməsinin təkmilləşdirilməsindən irəli gələn dəyişikliklər" hissəsi: lehinə - 96,82 faiz, əleyhinə - 2,69 faiz, etibarsız bülletenlər - 0,35 faiz.

4. "Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə bağlı dəyişikliklər" hissəsi: lehinə - 96,77 faiz, əleyhinə - 2,96 faiz, etibarsız bülletenlər - 0,27 faiz.

5. "Azərbaycan Respublikası prezidentinin seçkiləri ilə bağlı dəyişikliklər" hissəsi: lehinə - 96,99 faiz, əleyhinə - 2,73 faiz, etibarsız bülletenlər - 0,28 faiz.

6. "Dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsindən irəli gələn dəyişikliklər" hissəsi: lehinə - 96,79 faiz, əleyhinə - 2,92 faiz, etibarsız bülletenlər - 0,29 faiz.

7. "Məhkəmə islahatlarının keçirilməsindən irəli gələn dəyişikliklər" hissəsi: lehinə - 96,79 faiz, əleyhinə - 2,8 faiz, etibarsız bülletenlər - 0,41 faiz.

8. "Digər dəyişikliklər" hissəsi: lehinə - 96,53 faiz, əleyhinə - 2,85 faiz, etibarsız bülletenlər - 0,41 faiz.

MSK-nın məlumatında deyilir ki, səsverməni müşahidə etmək üçün 16 partiyanın nümayəndəsinə 56 min vəsiqə verilmişdi. Onlardan 31 mini bu hüquqdan istifadə edib. Ümumən 30 minə yaxın vəsiqə iqtidaryönlü partiyalara verilib və onların 27500 nəfəri müşahidə prosesində iştirak edib. Müxalifət partiyalarına 22 minə yaxın vəsiqə verilsə də, səsvermə prosesində onlardan 3500-ə yaxın müşahidəçi iştirak edib.
Məlumatda bildirilir ki, avqustun 27-dək məntəqə və dairə referendum komissiyalarının rəsmi protokolları MSK-ya daxil olacaq. Qanuna uyğun olaraq, avqustun 30-na kimi referendumun rəsmi yekunları MSK tərəfindən elan olunacaq, 20 gündən sonra isə məlumatlar mətbuatda dərc ediləcək.
MSK-nın məlumatında o da qeyd olunur ki, referendum zamanı qanun pozuntuları ilə bağlı quruma heç bir rəsmi şikayət daxil olmayıb.

Azərbaycan-Rusiya sərhədi delimitasiya edilir
İki dövlət arasında mövcud olan 396 kilometrlik sərhədin 70 kilometri üzrə koordinatlar hələ dəqiqləşdirilməyib

Dünən Bakıda dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə Azərbaycan-Rusiya komissiyası çərçivəsində danışıqlar başlayıb.
Danışıqlara Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya XİN-in baş müşaviri Petr Burdıkin başçılıq edir. Danışıqlar bu gün başa çatmalıdır. İclasda məsləhətləşmələrin əsas mövzusu Azərbaycan-Rusiya sərhədinin 70 kilometrlik sahəsində 7 koordinatın delimitasiyasıdır. Tərəflər əvvəlki görüşlərdə qalan bütün koordinatlar üzrə sərhədlərin delimitasiyası üzrə problemli məsələləri həll etmişdilər.
Qeyd edək ki, Rusiya ilə danışıqlarda Azərbaycanın komissiyasına baş nazirin birinci müavini Abbas Abbasov, Daxili İşlər, Müdafiə nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərləri və məsul işçiləri, habelə ölkənin sərhədyanı rayonlarının icra başçıları daxildirlər.
Öncə tərəflər bəyan etmişdilər ki, iki ölkə arasında mövcud olan 396 kilometrlik sərhəd üzrə tam razılıq əldə olunub. Lakin sonradan məlum oldu ki, sərhədin təxminən 70 kilometri üzrə 7 məntəqədə bəzi mübahisəli ərazilər var. Lakin qeyd etmək lazımdır ki, bu ərazilər böyük deyil və söhbət təxminən 10-15 metr məsafədən gedir. Verilən məlumata görə, delimitasiya üzrə danışıqlar başa çatdıqdan sonra tərəflər sərhədin demarkasiyasına başlayacaqlar. Buraya sərhəd postlarının, atributlarının qoyulması, koordinatların bilavasitə xəritələrdə əks olunması daxildir. Bu arada Rusiya tərəfi sahilyanı dövlətlərin Xəzərdə yurisdiksiya zonasının genişləndirilməsinə dair təşəbbüslə çıxış edib.
"Rusiya həmin zonanın 15 milədək genişləndirilməsini təklif edir" - deyə Rusiya XİN-in Xəzər məsələləri üzrə işçi qrupunun rəhbəri, xüsusi tapşırıqlar üzrə səfir Andrey Urnov bildirib. O xatırladıb ki, hazırda Xəzəryanı ölkələrin milli zonaları 10 millə məhdudlaşdırılıb. Bununla yanaşı Urnov qeyd edib ki, Xəzəryanı dövlətlər milli yurisdiksiya zonasının genişləndirilməsi imkanları və əlavə balıqçılıq zonası məsələsini dəfələrlə qaldırıb. "Rusiya bu iki zonanın bir 15 millik zona ilə əvəzlənməsini təklif edir və milli yurisdiksiya (həmçinin sərhəd, gömrük və başqa nəzarət növləri) ona aid olunur", - deyə o bildirib.
Xatırladaq ki, rəsmi Bakı dənizin su səthi və qalınlığı daxil olmaqla milli sektorlara bölünməsinə tərəfdardır. Son vaxtlar Bakının mövqeyi bir qədər yumşalsa da, əvvəlki mövqeyindən geri çəkilmək istəmir. Çünki ölkə Konstitusiyasına görə, Azərbaycanın Xəzərdəki sərhədləri dövlət sərhədi hesab olunur.

Hava şəraiti qeyri-sabit olacaq

Şimaldan soyuq hava axınının daxil olması nəticəsində avqustun 30-dək Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi milli hidrometeoroloji proqnozlar xidmətindən verilən məlumata görə, həmin günlərdə qısamüddətli yağıntı olacağı gözlənilir. Dağ və dağətəyi rayonlarda yağıntı intensivləşəcək. Leysan yağışları nəticəsində dağ çaylarının səviyyəsinin qalxma ehtimalı var.
Bakıda və Abşeronda gecə və səhər saatlarında qısamüddətli yağıntı ehtimalı var. Şimal küləyinin sürəti 9-14 m/s olacaq, arabir 18-20 m/s-ə çatacaq. Həmin günlərdə havanın temperaturu mərkəzi aran rayonlarında +25 +30, dağ rayonlarında +16 +21, dağətəyi rayonlarda +22 +26, Bakıda və Abşeronda +24 +29 dərəcə olacaq.

Dağ rayonlarının inkişafı ilə bağlı konfrans keçiriləcək

Sentyabrın 7-dən 9-na kimi Altıağac qəsəbəsinin "Cənnət bağı" adlanan kurort mərkəzində "Azərbaycanın dağ rayonlarının davamlı inkişafı" mövzusunda konfrans keçiriləcək.
Azərbaycanın dağ rayonlarının inkişafı Assosiasiyasından (ADRIA) verilən məlumata görə, tədbir zamanı dağ rayonlarında kənd təsərrüfatı, turizm, xalq peşələri kimi sahələrin inkişafı, həmçinin dağ rayonlarının ekoloji durumunun yaxşılaşdırılması məsələləri müzakirə olunacaq.
Konfransda iştirak etmək üçün Bakıya İsveçrənin dağ rayonlarının inkişafı üzrə komitəsinin sədri Teo Maysenin başçılıq etdiyi parlament nümayəndə heyəti gələcək. Bundan savayı, konfransda iştirak etmək üçün İsveçrənin qeyri-hökumət təşkilatları olan CDC və SAB nümayəndələri gələcəklər, onlar sözügedən tədbirin sponsorlarıdır.
Azərbaycan tərəfdən tədbirdə Milli Məclisin, Xarici İşlər, İqtisadi İnkişaf, Kənd Təsərrüfatı, Gənclər, İdman və Turizm, həmçinin Ekologiya və Təbii Ehtiyatlar nazirliklərinin nümayəndələri iştirak edəcəklər.

Vilayət Quliyev Yoxannesburqa gedəcək

Dünən Cənubi Afrika Respublikasının (CAR) Yoxannesburq şəhərində BMT İnkişaf Proqramı (BMTİP) çərçivəsində davamlı inkişaf üzrə sammit öz işinə başlayıb.
Setyabrın 4-nə kimi davam edəcək tədbirdə xarici işlər naziri (XİN) Vilayət Quliyev də iştirak edəcək. XİN-dən bildiriblər ki, nazir avqustun 29-da bu tədbirə qatılacaq. Azərbaycan nümayəndə heyətinin tərkibinə həm də Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin nümayəndələri də daxil ediləcək. Yoxannesburq sammitinin əsas məqsədi dünyanın əhalisi üçün arzu olunan həyat səviyyəsinin seçimi üçün imkan və hüquqların, həm onlar üçün, həm də gənc nəsillər üçün sağlam və təhlükəsiz gələcəyin təmin edilməsi kimi dəyərlərin möhkəmləndirilməsidir.

Klinton özünə iş tapdı

ABŞ-ın keçmiş prezidenti Bill Klinton bir il davam edən axtarışlardan sonra özünə münasib iş tapa bilib.
Keçmiş prezident kaliforniyalı milyarder Ronald Berklin investisiya şirkətində baş məsləhətçi işləyəcək. Klinton səlahiyyət müddətini başa vurmuş dövlət başçısı kimi ildə 157 min dollar təqaüd alır. Amma bu onun yeganə qazanc mənbəyi deyil. Klinton dünyada ən bahalı mühazirəçilərdən sayılır. O, hər mühazirəsi üçün təqribən 100 min dollar qonorar tələb edir. Eks-prezidentə tok-şou aparıcılığı, hətta yüksək qonorar müqabilində döyüş filmlərində çəkilməyi təklif ediblər, amma Klinton daha ciddi sahədə işləmək qərarına gəlib.

Prezident sərəncam imzalayıb

Prezident Heydər Əliyev Azərbaycan və İran arasında "Dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında" müqavilənin, Azərbaycan hökuməti və Ukrayna Nazirlər Kabineti arasında "Vətəndaşların vizasız gediş-gəlişi haqqında" sazişin təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Dövlət başçısı, həmçinin bu ilin iyunun 1-də Bakı şəhərində imzalanmış "Azərbaycan ilə İtaliya hökumətləri arasında mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında" müqaviləni də təsdiq edib.

Deputatlara silah veriləcək

Yaxın günlərdə "Xidməti və mülki silah haqqında" Qanunun icra mexanizmini təsdiq edən sərəncam imzalana bilər.
Hüquq mühafizə orqanlarından verilən məlumata görə, qanunun icra mexanizmi müəyyənləşdirildikdən sonra vətəndaşlara silah verilməsi və silah gəzdirməklə bağlı prosedur təsdiq olunacaq. Bu qərara uyğuq olaraq millət vəkillərinə də qanun əsasında silah verilməsi təmin olunacaq. Verilən silahlar Daxili İşlər Nazirliyində qeydiyyata götürüləcək.

Türkiyənin əhalisi 67,8 milyon nəfərdir

Son statistik məlumatlara görə, Türkiyə əhalisi 67 milyon 803 min 927 nəfər təşkil edir. Bu barədə Türkiyənin dövlət naziri Tuncay Toskay məlumat verib. Nazirin sözlərinə görə, son 10 il ərzində Türkiyə əhalisi ildə orta hesabla 1,1 milyon adam artıb. Əhalinin 65 faizi böyük şəhərlərdə məskunlaşıb. O cümlədən İstanbulda 10 milyon və Ankarada 4 milyon adam yaşayır. 1997-ci ildə əhalinin siyahıyaalmasına əsasən, Türkiyə əhalisi 62,5 milyon nəfər təşkil etmişdi.

"Mi-26" vertolyotu raketlə vurulub

Çeçenistanda Rusiya Hərbi Hava Qüvvələrinə məxsus "Mi-26" vertolyotunun qəzaya uğramasının səbəblərini araşdıran komissiya yekun qərar çıxarıb. Komissiya üzvləri məlumat verib ki, "Mi-26" vertolyotu çeçen terrorçuları tərəfindən "yer-səma" raketi ilə vurulub. Xatırladaq ki, avqustun 19-da Xanqala yaxınlığında vertolyotun qəzaya uğraması nəticəsində 116 adam həlak olub və 30 hərbçi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

ATƏT-in Bakı ofisi seçkinin nəticələrini şərh edəcək

ATƏT-in Bakı ofisi 24 avqust referendumunda iştirak etməyib. Nümayəndəliyin rəhbəri Piter Burxard bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq (DTİHB) həyata keçirməməsi ilə izah edib.
ATƏT prinsiplərinə görə, əgər monitorinqi DTİHB keçirmirsə, bunu ATƏT-in başqa qurumları da etmir. Bununla belə, Burxard deyib ki, ATƏT-in Bakı ofisinə müxtəlif mənbələrdən referendumla bağlı məlumatlar daxil olur və çox güman ki, yaxın günlərdə nümayəndəlik şərhlə çıxış edəcək.

Müşahidəçilər referendumu müsbət qiymətləndirdilər

Dünən Rusiyanın Mərkəzi Seçki Komissiyasının beynəlxalq müşahidəçilər qrupu avqustun 24-də keçirilən referendumun nəticələri haqqında bəyanat yayıb. Bəyanatda bildirilir ki, Azərbaycanda referendumun hazırlanması və keçirilməsi 1990-cı il Kopenhagen sənədində, ATƏT-in İstanbul zirvə görüşünün bəyannaməsində, "Yeni Avropa üçün Xartiya"da təsbit olunmuş beynəlxalq standartlara tamamilə uyğundur.
Sənəddə beynəlxalq müşahidəçilərin dəvət olunması Azərbaycan Respulikasının beynəlxalq öhdəlikləri yerinə yetirməsi kimi qiymətləndirilir. "Seçicilərin böyük əksəriyyətinin referendumda iştirakı da Azərbaycan xalqının demokratik dəyərlərə, prosedurlara və təsisatlara sadiqliyinə sübutdur" - deyə sənəddə qeyd olunur. Bəyanatda referendumun keçirilməsi üzrə Mərkəzi Seçki Komissiyasının, dairə refendum komissiyalarının bütün texniki və təşkilati məsələlərin həllində müşahidəçilərə vaxtında və tam yardım göstərildyi bildirilir.
Sənəddə vurğulanır ki, referendum sərbəst, açıq keçirilib və bütün universal demokratik prinsiplərə riayət edilib. Referendumun inkişaf etmiş demokratik informasiya məkanında keçirildiyi və jurnalistlərə, o cümlədən MDB ölkələrinin kütləvi informasiya vasitələrinin nümayəndələrinə səsver-mənin gedişini işıqlandırmaq üçün lazimi şərait yaradıldığı da bəyanatda öz əksini tapıb. Sənəddə referendumun hazırlanmasında və keçirilməsində bəzi nöqsanlar olduğu da qeyd edilir. Lakin bildirilir ki, bu nöqsanların nə xarakteri, nə də sayı bütövlükdə səsvermənin nəticələrini şübhə altına almağa əsas vermir. Onların hamısı Azərbaycan Respublikasının seçki sisteminin daha da təkmilləşdirilməsi gedişində aradan qaldırılacaqdır. Sonda vurğulanır ki, hamılıqla tanınmış demokratik prosedurlar və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə riayət olunması şəraitində keçirilən referendum baş tutub. Dünən, həmçinin bir sıra dövlətlərin parlamentlərindən olan beynəlxalq müşahidəçilər qrupu da avqustun 24-də keçirilən referendumun nəticələri haqqında bəyanat yayıb. Bəyanatda Azərbaycanda keçirilən referendumun gedişi legitim kimi qiymətləndirilir. Azərbaycanın seçki qanunverciliyinin normativ aktlarının beynəlxalq normalara və standartlara uyğun olması sənəddə xüsusi qeyd olunur. Bəyanatda o da bildirilir ki, müəssisələrin kollektivlərindən olan müşahidəçilərlə, müxtəlif siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə çoxsaylı görüşlər üçün beynəlxalq müşahidəçilərə lazimi şərait yaradılıb.

Orta aylıq əməkhaqqı 308,8 min manatdır

Bu il avqustun 1-nə olan məlumatlara görə, Azərbaycanda orta aylıq əməkhaqqı 308,8 min manat təşkil edib. Dövlət Statistika Komutəsindən verilən məlumata görə, əməkhaqqının artımı keçən ilin müvafiq dövrü ilə müqayisədə 21,4 faiz təşkil edib.
Ən yüksək əməkhaqqı hasilat sənayesində, kommersiyada, tikinti və maliyyə sferalarında qeydə alınıb. Respublika miqyasında ən aşağı əməkhaqqı balıqçılıq, kənd təsərrüfatı, tibb, sosial və b. sahələrdə müşahidə olunub. Avqustun 1-nə olan məlumatlara görə, Azərbaycanda iş qabiliyyətli əhalinin sayı 3,765 milyon nəfər, yaxud əhalinin ümumi sayının 46,7 faizini təşkil edir. Rəsmi məlumatlara görə, 3,715 milyon nəfər iqtisadiyyatın müxtəlif sahələrində çalışır. 50,2 min nəfər işsiz statusuna malikdir. İşsiz statusu olan şəxslərin əksəriyyəti Bakıda (6 883), Naxçıvan MR-da (6 406), Bərdə (3 902) və Ağdam (2 617) rayonlarında qeydiyyatdadır.

BVF nümayəndəsi Bakıya gəlib

Dünən Beynəlxalq Valyuta Fondunun (BVF) büdcə məsələləri üzrə iqtisadçısı Stefan Daninqer Bakıya gəlib. BVF-nın Bakı nümayəndəliyindən verilən məlumata görə, səfər zamanı o, Maliyyə və Vergilər nazirliklərində görüşlər keçirəcək.
Görüşlərdə cari ildə dövlət büdcəsinin icrası məsələsi müzakirə olunacaq və bu bazada 2003-cü il büdcəsinin tərtibinin təhlili aparılacaq. Bakıya səfərə gələn missiya başçısının - BVF-nun II Avropa departamenti direktorunun müavini Con Ueykman-Linnin səfəri sentyabrın 1-dən başlanacaq. Səfər zamanı yoxsulluğun azaldılması proqramına (PRGF) qiymət veriləcəyi, həmçinin 16 milyon dollar məbləğində növbəti tranş ayrılmasının təqdir olunacağı nəzərdə tutulur. BVF-nin fikrincə, üçüncü tranşın alınması ilə bağlı problem ondan ibarətdir ki, hökumət enerji ehtiyatlarına qiymətləri unifikasiya etmir, enerji resurslarından istifadə yığımları aşağı səviyyədədir, bank sektorunun restrukturizasiyası ləng gedir.

"Müxalifətdən olan müşahidəçilər qanunu pozublar"
Əli Əhmədov: "Xalq boykot niyyətində olanların özlərini boykot etdi"

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında 24 avqust referendumunun nəticələri ilə bağlı mətbuat konfransı keçirildi. Tədbirdə "Referendum - 2002" Alyansına daxil olan bəzi siyasi partiya və ictimai təşkilatların təmsilçiləri də iştirak edirdilər.
Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov giriş sözündə əhalinin referendumda yüksək fəallıqla iştirak etdiyini bildirdi. Onun sözlərinə görə, bu, Azərbaycan vətəndaşlarının prezident Heydər Əliyevə inamının bariz təzahürüdür. "Təbiidir ki, vətəndaşların referenduma çıxarılan məsələlərə münasibətinin də səsvermənin yüksək səviyyədə keçməsinə təsiri olub. Yəni vətəndaşlar səs verdikləri məsələlərin Azərbaycanda demokratiyanın, insan hüquq və azadlıqlarının inkişafına əlavə təminatlar yaratdığını dərk ediblər", - deyə YAP icra katibi əlavə etdi.
Əli Əhmədov referendumun yüksək səviyyədə keçməsində aparılan təbliğat kampaniyasının rolunu da xüsusi vurğuladı. Onun sözlərinə görə, iki ay müddətində hakim partiyanın, eləcə də "Referendum - 2002" Alyansına daxil olan ictimai-siyasi təşkilatların apardığı təbliğat kampaniyası əhalinin maarifləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olub. Millət vəkili, həmçinin, müxalifətin "boykot taktikası"nın tam iflasa uğradığını diqqətə çatdırdı. Onun sözlərinə görə, əhalinin seçkilərdə fəal iştirakı müxalifətin konstitusion dəyişikliklərlə bağlı səsləndirdiyi arqumentlərinin qeyri-ciddi olduğunu bir daha təsdiqləyib: "Məhz bu səbəbdən xalq "boykot" niyyətində olanların özlərini boykot etmək qərarına gəldi. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, müxalifət partiyaları vətəndaşların referendumda yüksək fəallıqla iştirakını gördükləri halda, faktlara inkarçılıq mövqeyindən yanaşırlar. Və saxta bəyanatlar verməklə məşğuldurlar. Onlar bu cür bəyanatlar verməklə özlərini rüsvayi-cahan edirlər. Bu, həm də onu göstərir ki, onlar Azərbaycandakı prosesləri qiymətləndirmək imkanından tamamilə uzaqdırlar".
YAP icra katibinin məlumatına görə, referendumda iştirak edən bütün müşahidəçilər səsvermənin gedişini diqqətlə izləyiblər. O bildirdi ki, referendumun aşkarlıq mühitində keçirildiyini artıq beynəlxalq təşkilatları təmsil edən müşahidəçilər də təsdiqləyirlər. Əli Əhmədov qeyd etdi ki, seçkilərdə guya əhalinin 15 faizinin iştirak etməsi ilə bağlı müxalifətin səsləndirdiyi fikirlər absurddur.
YAP icra katibi mətbuat nümayəndələrini müxalifətdən olan müşahidəçilərin də imzaladıqları çoxlu sayda referendum protokolları ilə tanış edib. "Həmin protokollara imza atmaqla, müxalifət nümayəndələri də təsdiqləyiblər ki, səsvermə aşkarlıq və yüksək fəallıq şəraitində keçib. Bu halda, müxalifət partiyalarının referendumun saxtalaşdırılması haqqında dediyi fikirlər nə dərəcədə əsaslıdır?" - deyə Əli Əhmədov vurğulayıb. YAP funksionerinin verdiyi digər məlumata görə, referendumun yüksək fəallıqla keçdiyinin şahidi olan müxalif partiya rəhbərləri günün ikinci yarısında öz müşahidəçilərinə məntəqələri tərk etmək göstərişi veriblər. Onun sözlərinə görə, müxalifətdən olan bəzi müşahidəçilər öz rəhbərlərinin təzyiqlərinə məruz qalmaları ilə bağlı yazılı akt da tərtib ediblər: "Tovuzda, Daşkəsəndə, Xanlarda və digər rayonlarda olan partiya rəhbərləri müxalifətdən olan müşahidəçilərə protokolları imzalamamaq göstərişi veriblər. Məsələn, Tovuz rayonunda AXCP-ni təmsil edən müşahidəçi Musa Qəmbərov, Müsavat Partiyası nümayəndəsi Elçin Məmmədli onlara protokolları imzalamamaq barədə göstəriş verildiyini yazılı şəkildə etiraf ediblər. Ancaq buna baxmayaraq, həmin müşahidəçilər öz vicdanlarının səsinə qulaq asaraq, səsvermənin yüksək fəallıq şəraitində keçdiyini təsdiqləyiblər. Belə ki, 3 saylı Tovuz rayon məntəqəsində Milli İstiqlal Partiyasının nümayəndəsi İsmayıl Axundov protokolu təsdiqləyib. Və yaxud 56 saylı Bərdə referendum dairəsinin 10 caylı məntəqəsində YAP-ın müşahidəçisi ilə birgə Müsavat Partiyasının nümayəndəsi Rəfael Rəsulov da protokolu imzalayıb. Bu siyahını artırmaq da olar".
YAP nümayəndəsi bildirib ki, bəzi referendum məntəqələrində müxalifət partiyalarının müşahidəçiləri ciddi qanun pozuntularına yol veriblər. Onun sözlərinə görə, vəsiqəsi olmayan bəzi müxalifət nümayəndələri məntəqələrdə səsverməni müşahidə etməyə cəhd göstəriblər. Bir sıra məntəqələrdə müxalifət nümayəndələrinin heç bir səbəb gətirmədən protokollara imza atmaqdan imtina etdiyini söyləyən millət vəkili bildirib ki, bu cür hallar həmin qüvvələrin siyasi mülahizələrindən irəli gəlir. "Bütün məntəqələrdə səsvermə prosesi videokameralarla lentə alınıb. Əgər səsvermənin nəticələrinə kiminsə şübhəsi olarsa, xüsusi komissiya yaradılaraq, həmin lentlər yoxlanıla bilər", - deyə YAP icra katibi fikrini yekunlaşdırdı.
Sonra çıxış edən Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı referendumun gedişi ilə bağlı müşahidələrini mətbuat nümayəndələrinin diqqətinə çatdırdı. O, Biləsuvar rayonunda səsvermənin şəffaf və yüksək fəallıq şəraitində keçdiyini bildirdi. Millət vəkilinin məlumatına əsasən, həmin rayonda keçirilən referendumu ABŞ səfirliyinin müşahidəçiləri də izləyiblər: "Həmin nümayəndələr 6 saylı Biləsuvar rayon məntəqəsində apardıqları müşahidələr nəticəsində 76 faiz əhalinin refrendumda iştirak etdiyini təsdiqləyiblər. Bu fakt bir daha sübut edir ki, bizim haqq işimiz qalib gəldi. Bəzi müxalifət partiyalarının çağırışlarına yerlərdə heç bir reaksiya verilmədi". Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə öz növbəsində qeyd etdi ki, bəzi müxalifət təmsilçiləri referendum günü qeyri-qanuni təbliğat apararaq, vətəndaşları səsverməyə gəlməməyə çağırıblar. "Mən Məşvərət Məclisinin sədri kimi bəyan edirəm ki, xalqın mütləq əksəriyyəti referendumda iştirak edib. Və əhali Konstitusiya islahatlarına "hə" deyib", - deyə M.Əlizadə çıxışını yekunlaşdırdı.
"Referendum - 2002" Alyansına daxil olan digər siyasi partiya və ictimai təşkilatların təmsilçiləri də çıxış edərək, referendumun tam demokratik şəraitdə keçirildiyini və müxalifətin bununla bağlı narazılıqlarının əsassız olduğunu bildiriblər.

Copyright©by Media Holding,2000-2002

©WEB Design Group Media Holding