#195(615) XƏBƏR XƏTTİ
Ana səhifə

XƏBƏR XƏTTİ

Xəbər

İc siyasət

Şərh

İş günü

Mədəniyyət

İdman

Ulduz falı

Sabotage

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

Prezident təbrik məktubu göndərib

Dünən prezident Heydər Əliyev Moldova Respublikasının dövlət başçısı Vladimir Voroninə təbrik məktubu göndərib. Ölkə başçısı V.Voronini Moldovanın Müstəqillik Günü münasibətilə təbrik edib. Məktubda vurğulanır ki, iki ölkə arasındakı ənənəvi dostluq münasibətlərinin inkişafı və genişləndirilməsi, həmçinin beynəlxalq təşkilatlarda əməkdaşlıq bundan sonra da xalqların mənafelərinə xidmət edəcək.

Vasim Məmmədəliyev "Şöhrət" ordeni ilə təltif edildi

Dünən prezident Heydər Əliyev professor Vasim Məmmədəliyevin "Şöhrət" ordenilə təltif edilməsi barədə fərman imzalayıb. V.Məmmədəliyev ölkədə şərqşünaslıq elminin inkişafındakı xidmətlərinə görə bu ordenə layiq görülüb. V.Məmmədəliyev BDU-nun ilahiyyət fakültəsinin dekanı və Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədridir.

Prezident dövlət qulluğu ilə bağlı fərman imzalayıb

Azərbaycan prezidenti Heydər Əliyev "Dövlət qulluğu haqqında" Qanunun tətbiqi ilə bağlı bir sıra fərmanlar imzalayıb. Fərmana əsasən, dövlət qulluğunu idarəetmə orqanının səlahiyyətlərini Prezidentin İcra Aparatının kadrlar şöbəsi həyata keçirəcək.
Nazirlər Kabinetinin və müvafiq mərkəzi və yerli icra orqanlarının dövlət qulluğunu idarəetmə orqanının səlahiyyətlərini mərkəzi və yerli icra hakimiyyətlərinin kadr strukturları həyata keçirəcək. H.Əliyev həmçinin dövlət qulluqçularını mükafatlandırma növləri və qaydaları haqqında əsasnaməni təsdiq edib. Əsasnamə 2 növ mükafatlandırma nəzərdə tutur: kollektiv və fərdi.

Hərbçilərimiz NATO tədbirlərində iştirak edəcək

NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində avqustun 27-28-də Brüsseldə (Belçika Krallığı) NATO-nun Standartlaşdırma agentliyinin uçuşların təhlükəsizliyi üzrə işçi qrupunun görüşü və avqustun 27-29-da Vilnüsdə (Litva) "Coorerative Üaguar - 03" çoxmillətli təlimlərin əsas planlaşdırma konfransı keçiriləcək. Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək.

Türkiyə parlamentində 11-ci partiya

Türkiyənin keçmiş daxili işlər naziri, İstanbul millət vəkili Sadəddin Tantan yeni yaradılmış Yurd Partiyasının (YP) sədri seçilib. Daha iki parlamentar, Adana və Bolu millət vəkilləri Arif Sezər və Ərsoy Özcan da bu birliyə daxil olduqdan sonra YP parlamentin 11-ci partiyası sayılır. Bu dəyişiklikdən sonra parlamentdə millət vəkillərinin partiyalar üzrə sayı belədir: MHP - 124, DYP - 85, ANAP - 74, YTP - 62, DSP - 58, AKP - 55, SP - 46, BBP - 4, TDP - 3, YP - 3, CHP - 2. Parlamentdə 20 müstəqil millət vəkili var, daha 14 yer boşdur.

Çillər: mənə baş nazir postu vəd etmişdilər

Türkiyə Doğru Yol Partiyasının (DYP) lideri Tansu Çillər Türkiyə Böyük Millət Məclisinə (TBMM) növbədənkənar seçkilərin təxirə salınmasına qarşı olduğunu, parlament müzakirələrində DYP deputat qrupunun 3 noyabr seçkilərinin vaxtının dəyişdirilməsinə qarşı çıxacağını bildirib. Çillər xatırladıb ki, onun partiyası növbədənkənar seçkilərin keçirilməsi ideyasını dəstəkləyən ilk qruplardan biri olub. DYP liderinin sözlərinə görə, hətta bu ideyadan daşınmaq müqabilində ona baş nazir postu da təklif edilib. Çillər gizli təklifin hökumət başçılarından gəldiyini, amma DYP-nin bu təşəbbüsü rədd etdiyini bildirib. Çillər konkret olaraq heç bir ad göstərməyib.

Koştunitsa Serbiyanın prezidenti olmaq istəyir

Serbiya Demokrat Partiyası ölkədə keçiriləcək prezident seçkilərində bu qurumun lideri Voislav Koştunitsanın namizədliyini irəli sürüb. Seçkiqabağı platformasını açıqlayan Koştunitsa daha çox iqtisadiyyatın üzərində dayanıb. O deyib ki, prezident seçiləcəyi halda Serbiyanın yeni konstitusiyasının qəbul edilməsinə və növbədənkənar parlament seçkiləri keçirilməsinə, habelə Serbiya və Çernoqoriya ittifaqının qorunmasına, bu əsasda hüquqi dövlət yaradılmasına çalışacaq. Hazırda Serbiya Seçki Komitəsi Koştunitsadan başqa daha 4 nəfərin namizədliyini qeydə alıb. Bu, Yuqoslaviya İttifaqının baş nazir müavini Mirolyub Labus, Serbiya Radikal Partiyasının lideri Voislav Şeşel, Serb Birliyi Partiyasının sədri Borislav Peleviç və Serbiya Yenilənmə Hərəkatının rəhbəri Vuk Draşkoviçdir.

Şröder teledebatda əsas rəqibini üstələdi

Almaniyada ilk dəfə olaraq federal kansler seçkilərində əsas iki namizəd arasında teledebat keçirilib. Hazırkı kansler Gerhard Şröder (Sosial-Demokrat Partiyası) və onun rəqibi, Bavariya torpağının baş naziri Edmund Ştoyber (Xristian Sosialistlər İttifaqı) 75 dəqiqə ərzində iki aparıcının suallarını cavablandırıblar. Mütəxəssislərin fikrincə, 10 milyon seçicinin izlədiyi teledebatda hazırkı kansler rəqibini üstələyib. Amma bu heç də hər şey demək deyil. Seçkilər ərəfəsində keçirilən sorğu Ştoyberin daha nüfuzlu olduğunu göstərir.

Səudiyyə Ərəbistanı "Əl-Qayda"ya bac verirmiş

Səudiyyə Ərəbistanı kral ailəsinin ən məşhur nümayəndələri Haşimi krallığının ərazisində terror aktları və təxribat törətməmələri müqabilində "Əl-Qayda" və Talibana 300 milyon dollar ödəyiblər. Bu sensasiyalı məlumatlar 11 sentyabr qurbanlarının ailə üzvlərinin və digər zərərçəkənlərin ABŞ-da açdığı məhkəmə araşdırmaları nəticəsində üzə çıxıb. İspaniyanın "El-Mundo" qəzetinin yazdığına görə, bu sövdələşmə kral ailəsinin üzvləri ilə terrorçu təşkilatların nümayəndələri, o cümlədən Üsəma bin Laden arasında keçirilən iki görüşdən sonra baş tutub. "Əl-Qayda" və Talibana ödənilən bac-xərac Əfqanıstanda və başqa ölkələrdə terrorçu düşərgələrinin və təlim mərkəzlərinin açılmasına xərclənilib.

Copyright©by Media Holding,2000-2002

©WEB Design Group Media Holding