#14(991) AKTUAL
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Aktual

İç siyasət

Dünya

Müsahibə

İş həftəsi

Kriminal

Zəriflik

Mədəniyyət

Sərbəst

Təəssürat

Qiraət

Ədəbiyyat

Arena

İdman

Təqvim

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

Strateji tərəfdaşlığın möhkəm təməli
Rusiya ilə münasibətlərdə qarşılıqlı fayda və praqmatizm faktorunu önə çəkən Azərbaycan nümayiş etdirir ki, o, şimal qonşusu ilə bütün sahələrdə tərəfdaşlığı genişləndirməyə hazırdır, yetər ki, şimal qonşumuz da Qarabağ məsələsinin ədalətli həllinə töhfə versin

Xəbər verildiyi kimi, aprelin 6-7-də Bakıda birinci Azərbaycan-Rusiya iqtisadi forumu və iki ölkə arasında hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının 8-ci iclası keçirilib. Hər iki tədbirin müzakirə mövzusuna və əldə olunan razılaşmalara nəzərən vurğulamaq olar ki, Azərbaycan-Rusiya əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu mərhələnin başlıca özəlliyini bir cümlə ilə ifadə etmək olar: iki ölkə strateji səciyyə kəsb edən münasibətlərini ciddi iqtisadi təməllə möhkəmləndirmək əzmindədir.
Müasir dünyanın gəlişmələrindən azacıq xəbərdar olan hər kəs üçün aydındır ki, dövlətlər arasında strateji tərəfdaşlıq məhz möhkəm iqtisadi bazaya söykənəndə böyük perspektivlər vəd edir. Bu baxımdan Azərbaycan-Rusiya münasibətlərində iqtisadi praqmatizm faktorunun önə çıxması 2001-ci ildən başlanan yaxınlaşma və müttəfiqlik prosesinin əlamətdar yönünü ortaya qoymuş olur.
Məlumdur ki, Putin Rusiyada hakimiyyətə gələndən sonra Moskvanın postsovet məkanına münasibətində aşkar praqmatizm özünü göstərməyə başlayıb. Putin Rusiyasının MDB ölkələri ilə münasibətdə iqtisadi fayda prinsipini önə çəkməsi isə ilk növbədə şimal qonşumuzun özü üçün vacib məsələ idi. Çünki Yeltsin dövründə prioritet olmuş və tarixi velikorus şovinizminin qalığı sayılan siyasi himayəçilik kursu Rusiyaya praktik olaraq heç nə vermədi. Moskva, nəhayət, dərk etməli oldu ki, məsələn, Ermənistan kimi dövləti milyonlarla dollarlıq subsidiyalar hesabına qoltuqda saxlamaq nəticə etibarilə Rusiyanın büdcəsində yaxşı əks-səda verməyəcək.
Təsadüfi deyil ki, Putinin hakimiyyətə gəlişindən sonra Moskva Ermənistana iqtisadi dotasiya siyasətinə son qoydu və 2002-ci ildə Yerevanı 100 milyon dollarlıq borcunu qaytarmağa məcbur etdi. Daha doğrusu, Ermənistan Rusiyaya borcunu özünün strateji sənaye obyektlərinin səhmləri ilə ödədi. Bu fakt nümayiş etdirdi ki, iqtisadi praqmatizm faktoruna söykənən bütün dövlətlər kimi, Rusiya üçün də "qarın qardaşdan irəlidir". Əlbəttə, Putinin bu hərəkəti o anlama gəlmədi ki, Rusiya Ermənistanla strateji tərəfdaşlığına yenidən baxır. Sadəcə, Moskva Yerevana bildirdi ki, mənim geosiyasi iddialarım öz yerində, amma sən də yediyinin pulunu verməlisən.
Sözsüz ki, Rusiyanın xarici siyasətində məhz bu faktorun öncüllük qazanması Azərbaycan üçün əlverişli idi. Azərbaycan iqtisadi yöndən Rusiya üçün Ermənistanla müqayisədə qat-qat cəlbedici ölkədir və Moskvada bunu heç vaxt gizlətməyiblər. Öz növbəsində Bakı Moskva ilə iqtisadi müstəvidə işbirliyini gücləndirməklə qarşı tərəfdən də Qarabağ məsələsində ədalətli və beynəlxalq hüquqa dayanan münasibət gözlədiyini bəyan etdi. Bu baxımdan 2001-ci ilin yanvarında Rusiya prezidentinin Bakıya, 2002-ci ilin yanvarında isə prezident Heydər Əliyevin Moskvaya rəsmi səfərlərinin ciddi iqtisadi anlaşmalarla müşayiət olunması təbii idi. Həmin səfərlər hər iki ölkəyə genişmiqyaslı iqtisadi əlaqələr üçün (o cümlədən 2002-2010-cu illər üçün iqtisadi əməkdaşlıq proqramının imzalanması) meydan açdı.
Təsadüfi deyil ki, bu ilin fevralında prezident İlham Əliyevin Moskvaya rəsmi səfərinin ağırlıq mərkəzini də ikitərəfli iqtisadi münasibətlərin inkişafı təşkil edirdi. Prezidentlərin imzaladığı "Moskva bəyannaməsi"ndə bu məsələ xüsusi yer tutur. Azərbaycan Rusiya ilə enerji əməkdaşlığını davam etdirməyə, o cümlədən Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin artırılması və Rusiyadan "mavi yanacaq" idxalını artırmağa (artıq bu barədə konkret razılıq var), həmçinin Rusiya sərmayəsinin Azərbaycanda təmsilçiliyinin artırılmasına tərəfdar olduğunu bəyan etdi.
Prezident Moskvadakı görüşlərində xatırlatdı ki, bu gün Azərbaycanda Rusiyanın 300-dən çox şirkəti uğurla işləyir, onlar Azərbaycan iqtisadiyyatına, o cümlədən də energetika sektoruna yüz milyonlarla dollar məbləğində sərmayə qoyublar. İ.Əliyev bildirdi ki, onun təşəbbüsü ilə Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək və Rusiyanın bütün iri şirkətlərini bu foruma dəvət etdi.
Prezident sözünün üstündə durdu və düz 2 ay sonra həmin forum gerçəkləşdi. Foruma Rusiyanın biznes nəhəngləri ilə yanaşı, federasiyanın 10 vilayətinin qubernatorunun da təşrif buyurması göstərdi ki, qarşı tərəf Azərbaycanla iqtisadi işbirliyini genişləndirməkdə ciddi şəkildə maraqlıdır.
Yeri gəlmişkən, Rusiya Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşlarından biridir. Ötən il iki ölkənin ticarət dövriyyəsi təxminən 50 faiz artıb və 530 milyon dollar təşkil edib (müqayisə üçün qeyd edək ki, Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 300 milyon dollardır -red.). Bakı görüşlərində tərəflər belə bir fikirdə həmfikir olublar ki, yaxın vaxtlarda bu rəqəmin 1 milyard dollara çatdırılması tamamilə realdır. Tərəflər 2010-cu ilə qədər olan dövrdə iqtisadi əməkdaşlıq Proqramının həyata keçirilməsi, yanacaq-energetika kompleksi sahəsində, nəqliyyat və rabitə, aerokosmik sahədə əməkdaşlıq barədə razılığa gəliblər. Ümumilikdə isə Azərbaycanla Rusiya arasında qarşılıqlı faydalı iqtisadi münasibətlərin dərinləşdirilməsi hər iki ölkənin strateji maraqlarına cavab verir.
Prezident İ.Əliyev də biznes forumdakı çıxışında bu fikri vurğulayıb. Dövlət başçısı bildirib ki, Azərbaycan öz münasibətlərini qonşu ölkələrlə də, region ölkələri ilə də inkişaf etdirir və bu xüsusda Rusiya ilə münasibətlər öncül xarakter daşıyır. Prezident məmnunluqla qeyd edib ki, iki ölkə arasında siyasi etimad və qarşılıqlı fəaliyyət çox yüksək səviyyədədir və bu, birgə iqtisadi layihələrin həyata keçirilməsi üçün ən əlverişli zəmindir: "Bu gün Rusiya da, Azərbaycan da dinamik inkişaf edən ölkələrdir. Odur ki, ölkələrimizin iqtisadiyyatı nə qədər qüdrətli olarsa, təbii ki, biz daha sıx əməkdaşlıq, daha çox ticarət edəcəyik. Bu gün elə layihələr həyata keçirilir ki, beş il əvvəl onlar, bəlkə də, az real görünərdi. Bunların hamısı ona görədir ki, münasibətlərimiz üçün əsas olan əlverişli siyasi zəmin mövcuddur".
Göründüyü kimi, Azərbaycan Rusiya münasibətlərinin strateji xarakteri real təmələ, yəni ilk növbədə qarşılıqlı fayda gətirən iqtisadi işbirliyinə söykənir. Burada bir məqamı vurğulamaq lazımdır. Azərbaycan prezidentinin Moskva səfərinin iqtisadi tərəfini şərh edən bir sıra icmalçılar (müxalifət düşərgəsindən) iddia edirlər ki, Azərbaycanın iqtisadi potensialını Rusiya şirkətləri üçün açması şimal qonşumuzun bizə iqtisadi anneksiyası ilə nəticələnəcək. Ümummilli liderimiz H.Əliyevin ötən 10 ildə həyata keçirdiyi iqtisadi kurs və xarici sərmayələrə açıq qapı siyasəti hər zaman Azərbaycanın milli maraqlarını ehtiva edib və bu xətt prezident İ.Əliyev tərəfindən də uğurla davam etdirilir. Digər tərəfdən, son 10 il ərzində Qərb, o cümlədən ABŞ şirkətləri Azərbaycan iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyublar və heç bir iqtisadi anneksiyadan söhbət getmir.
Azərbaycan hər bir tərəfdaşı ilə münasibətləri qarşılıqlı fayda və qarşılıqlı mənfəət prinsiplərinə əsasən qurur. Bu xüsusda prezident İ.Əliyevin "İTAR-TASS" agentliyindəki mətbuat konfransında söylədiyi fikri xatırlatmaq yerinə düşər. Rusiya jurnalistinin "Azərbaycan iqtisadiyyatının dirçəlməsində Rusiya sərmayəsinin imkanlarını necə qiymətləndirirsiniz" sualına cavabında prezident vurğuladı ki, Azərbaycan iqtisadiyyatının Rusiya tərəfindən dirçəldilməsinə ehtiyac yoxdur, Azərbaycanda iqtisadi yüksəliş var və dünyanın ən böyük şirkətləri bizimlə əməkdaşlığa can atır. Bu kontekstdə Azərbaycan Rusiya şirkətləri ilə qarşılıqlı faydalı əməkdaşlığı alqışlayır. Bir sözlə, Azərbaycan bu əməkdaşlıqda nə qədər maraqlıdırsa, Rusiya da bir o qədər maraqlıdır.
Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın (o cümlədən iqtisadi müstəvidə) dərinləşməsi ilə bağlı ortaya çıxan başqa bir sual bu münasibətlərin ölkəmizin Qərblə, ələlxüsus ABŞ-la münasibətlərinə necə təsir edəcəyi və ən əsası, Azərbaycanın bir nömrəli probleminin həllinə hansı töhfəni verəcəyi ilə bağlıdır. Birinci məqamla bağlı qeyd etmək lazımdır ki, rəsmi Bakı Moskva ilə münasibətlərinin digər tərəfdaşları ilə əlaqələrə hansısa xələl gətirəcəyi barədə mülahizələri birmənalı olaraq rədd edir və son 10 ildə aparılmış tarazlı xarici siyasət kursunun davam etdiriləcəyini bildirir. O ki qaldı Rusiya ilə münasibətlərin Azərbaycanın bir nömrəli probleminin həllinə təsirinə, rəsmi Bakı bu reallığı heç vaxt inkar etməyib. Əksinə, Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Rusiya bu münaqişənin ədalətli həllində əsas söz sahiblərindən biridir.
Düzdür, bədbin şərhçilər bu yöndə prezident Putinin belə bir fikrini xatırlada bilərlər ki, "Rusiya bu məsələdə heç kimə nəyisə zorla qəbul etdirmək, yaxud təzyiq etmək niyyətində deyil və məsələnin həllini iki ölkənin xalqları tapmalıdırlar". Bəli, Rusiya rəhbərliyi bu fikri dəfələrlə qeyd edib və Azərbaycan da Moskvanın Ermənistana qapaz vuracağını gözləmir. Amma bu məsələnin bir tərəfidir. Məsələnin başqa tərəfi isə ondadır ki, Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin özünün strateji geoiqtisadi maraqlarına ziyan vurduğunun yaxşı fərqindədir.
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır. Çünki bu, istər Azərbaycanla, istərsə də Ermənistanla dolğun əməkdaşlıq üçün bizə geniş imkan verəcək. İndiki qeyri-normal vəziyyətin davam etməsi isə bu əlaqələrin inkişafında təbii məhdudiyyət yaradır. Biz bu vəziyyətin dəyişməsində olduqca maraqlıyıq və bunun mümkün qədər tez baş verməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik" - Rusiya prezidenti bu fikri də dəfələrlə vurğulayıb və iki ay öncə İ.Əliyevlə Moskvadakı görüşündə onu bir daha bəyan edib. Yəni Rusiyanın Qarabağ məsələsinin həllində köklü maraqları var. İndi qalır, sözügedən marağın problemin konstruktiv həllinə transformasiyasına nail olmaq. Bu isə həm bizdən, həm də şimal qonşumuzdan asılıdır...

Vüqar ORXAN

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding