"Yeni dalğa"nın qurbanları
"Real" (Madrid), "Milan" və "Arsenal" ÇL-lə vidalaşdılar
Çempionlar Liqası turnirinin 1/4 final mərhələsinin oyunları sürprizlərlə zəngin olub. ÇL-in ötənilki qalibi "Milan" La-Korunyada "Deportivo" tərəfindən darmadağın edilib, "Real" finala aparan yolu "Monako"ya "güzəştə" getməli olub, "Arsenal" isə doğma divarlar arasında gözlənilmədən "Çelsi"yə uduzub.
Yarışların bu mərhələsində favoritlərdən yalnız "Porto" mübarizə meydanını alnıaçıq tərk edib. Əldə olunan son nəticələr bir daha göstərir ki, ulduz futbolçuların çoxluğu hələ müvəffəqiyyətə tam təminat verə bilməz. Qələbəyə olan inamdan doğan fədakarlıq, mümkün olmayanı gerçəkliyə çevirmək bacarığı məhz futbolçuların öz əlindədir.
"Monako" (Fransa) - "Real" (İspaniya) - 3:1
Raul Qonsales 36 (0:1), Lüdovik Jüli, 45 (1:1), Fernando Moryentes 48 (2:1), Lüdovik Jüli 66 (3:1).
Cavab matçında "Real"dan yalnız ilk oyunda əldə etdiyi üstünlüyü qoruyub saxlamaq tələb olunurdu. Raul hesabı açanda çoxlarına elə gəlirdi ki, "Monako" növbəti mərhələyə çıxmaq şansını bütünlüklə itirib. Ancaq ruhdan düşməyən fransızlar hücumlarını davam etdirdilər və... sensasiya baş verdi: "Monako" Çempionlar Liqasının yarımfinal mərhələsinə çıxdı!
"Arsenal" (İngiltərə) - "Çelsi" (İngiltərə) - 1:2
Xose Antonio Reyes 45 (1:0), Frenk Lempard 51 (1:1), Ueyni Bric 87 (1:2).
"Çelsi" mümkünsüz görünən məsələni gerçəkliyə çevirərək, ağzınacan dolu "Hayberi"ni susmağa vadar etdi. Roman Abramoviçin komandası bu mövsüm axır ki, "Arsenal"ı məğlub edərək, yarışların yarımfinal mərhələsinə adladı. Xatırladaq ki, son yeddi ildə bu komandaların arasında 18 matç keçirilib və onarın heç birində "Arsenal" yenilməmişdi.
"Çelsi" sonuncu dəfə 1962-ci ildə Çempionlar Kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanmışdı.
"Deportivo" (İspaniya) - "Milan" (İtaliya) - 4:0
Valter Pandiani 5 (1:0), Xuan Karlos Valeron 35 (2:0), Alberto Luke 44 (3:0), Qonsales Fran 78 (4:0).
ÇL-in ötənilki final qarşılaşmasının iştirakçılarından birini - "Yuventus"u 1/8 final mərhələsində mübarizədən kənarlaşdıran "Deportivo" bu dəfə qalibin özünü sıradan çıxardı. Qələbənin təməlini "Depor"un Avropa kuboku yarışlarında "vuran ayağı" olan Pandiani qoydu. Meydan sahiblərinin hakimin fitindən dərhal sonra başladıqları şou, final fitinədək davam etdi.
"Lion" (Fransa) - "Porto" (Portuqaliya) - 2:2
Nunu Manişe 6 (0:1), Peggi Luyindula 14 (1:1), Nunu Manişe 47 (1:2), Covane Elber 90 (2:2).
İlk dəqiqələrdən oyunu hücum üzərində quran UEFA kubokunun ötənilki sahibi Fransa çempionunun öhdəsindən çətinlik çəkmədən gəldi. Birinci və ikinci hissənin əvvəllərində vurulan qollar "əjdahalar"ın iki oyunun nəticəsinə görə ümumi qələbəsini təmin etdi - 4:2. "Porto" on illik fasilədən sonra yenidən Çempionlar Liqasının yarımfinal mərhələsində mübarizə aparacaq.
Beləliklə, aprelin 21-də və 22-də keçiriləcək yarımfinal mərhələsinin ilk matçlarında "Monako" öz meydanında "Çelsi"ni, "Deportivo" isə La-Korunyada "Porto"nu qəbul edəcək. Cavab matçları mayın 4-də və 5-də keçiriləcək.
Liderin 20-ci qələbəsi
Çempionatda növbəti qələbəsini qazanan
"Neftçi" son turda kapitanını itirə bilərdi
Futbol üzrə Azərbaycan çempionatında 23-cü və 24-cü turların oyunları keçirilib. Hər iki turda qələbəni bayram edən "Neftçi" birinciliyin qızıl medallarına bir qədər də yaxınlaşıb. Amma liderin son turda MOİK-lə qarşılaşması qanqaraldıcı hadisə ilə yadda qalıb.
Görüşün dördüncü dəqiqəsində ordu klubunun qapıçısı Anar Bayramovla toqquşan Qurban Qurbanov huşunu itirib və bir müddət özünə gəlməyib.
Onun komanda yoldaşı Emin Quliyevin məsələyə dərhal müdaxiləsi hadisənin faciəvi sonluqa bitməsinə mane olub. Az sonra xəstəxanaya çatdırılan hücumçuya ilkin tibbi yardım göstərilib. Qurban Qurbanov müalicəsini hazırda ev şəraitində davam etdirir. Onun aprelin 14-də ölkə kuboku uğrunda yarışların yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Neftçi"-"Bakılı" matçında meydançaya çıxacağı bildirilir.
Flaqmanın yaxın izləyicisi "Şəmkir" də hər iki turda ciddi çətinlik çəkmədən rəqiblərinin öhdəsindən gəlib və hesabına daha 6 xal yazdırıb. Son iki turun nəticələrini diqqətinizə çatdırırıq:
23-cü tur: "Neftçi" - "Bakılı" - 6:0, "Şəmkir" - "Şəfa" - 3:1, "Kəpəz" - "Qarabağ-Azərsun" - 0:1, "Xəzər Universiteti" - "Xəzər" - 2:0, "Ədliyyə" - "Şahdağ-Samur" - 1:0, MOİK - "Turan" - 1:1.
24-cü tur: "Şahdağ-Samur" - "Şəmkir" - 0:3, "Şəfa" - "Turan" - 2:0, OMİK - "Neftçi" - 0:1, "Bakılı" - "Kəpəz" - 4:2.
Neftçi 24 20 3 1 58-15 63
Şəmkir 23 18 3 2 63-11 57
Qarabağ-Az. 23 17 3 3 58-16 54
Xəzər Un. 23 14 4 5 40-16 46
Şəfa 23 12 2 9 40-20 38
Dinamo 23 10 4 9 41-31 34
Bakılı 23 10 3 10 40-42 33
MOİK 24 7 6 11 24-31 27
Ədliyyə 23 6 6 11 24-40 24
Xəzər 23 7 0 16 32-68 21
Şahdağ-S. 24 5 6 13 24-41 21
Kəpəz 23 5 3 15 19-45 18
Turan 23 4 3 16 15-55 15
Lokomotiv 22 4 0 18 17-64 12
Qeyd: Bu gün çempionatın ehtiyat turu çərçivəsində iki matç oynanılacaq. "Qarabağ-Azərsun" öz meydançasında "Şəfa"nı, "Bakılı" isə "Şəmkir"i qəbul edəcək.
Favorit
"Valensiya"dır
UEFA Kuboku uğrunda dörddəbir final mərhələsinin ilk qarşılaşmaları keçirilib.
"Bordo" öz meydanında "Valensiya"ya məğlub olub. Hesabı açan fransızlar Mavubanın meydandan qovulmasından sonra mübarizəni azlıqda davam etdiriblər. Buna baxmayaraq, "Bordo" fərqlənmək üçün bir neçə dəfə də imkan qazanıb. Amma "yarasalar"ın qapıçısı Kanisaresin inamlı oyunu fransızların istəklərinin üstündən xətt çəkib. Bu qələbədən sonra "Valensiya" yarışların favoriti kimi dəyərləndirilir. "Vilyarreal" Şotlandiyada "Seltik"lə heç-heçə oynayıb və növbəti mərhələyə çıxmaq şansını saxlayıb. "Nyukasl" isə səfərdə "PSV Eyndhoven"in hücumlarına əzmlə müqavimət göstərib. "Olimpik" Didye Droqbanın qolu sayəsində qitəmiqyaslı turnirlərdə İtaliyanın yeganə təmsilçisinə - "İnter"ə qalib gəlib.
"Bordo" (Fransa) - "Valensiya" (İspaniya) - 1:2
Albert Riera 18 (1:0), Ruben Baraxa 75 (1:1), Fransisko Rufete 88 (1:2).
"PSV Eyndhoven" (Hollandiya) - "Nyukasl" (İngiltərə) - 1:1
Matey Kejman 15 (1:0), Cerman Cenas 45 (1:1).
"Seltik" (Şotlandiya) - "Vilyarreal" (İspaniya) - 1:1
Xose Moreno Xosiko 9 (0:1), Henrik Larsson 64 (1:1).
"Olimpik" (Fransa) - "İnter" (İtaliya) - 1:0
Didye Droqba 46 (1:0).
Cavab matçları aprelin 14-də keçiriləcək.
Yığma
komandamızda
rusiyalı legioner
Aprelin 26-da Bakı İdman Sarayında Ümumdünya Həvəskar Boks Assosiasiyasının prezidenti, professor Ənvər Çoudrinin şərəfinə həsr olunmuş beynəlxalq turnirin startı veriləcək.
Turnir lisenziya xarakterli olduğundan böyük maraq doğurur. Yarışlarda Azərbaycanın idman şərəfini 4 boksçu qoruyacaq.
Onlardan biri yerli boks həvəskarları qarşısında ilk dəfə çıxış edəcək. Bakı rinqində Ceyhun Əbiyev (48 kq), Ağası Məmmədov (54 kq) və Əli İsmayılov (81 kq) kimi dəri əlcək ustalarımızla yanaşı 91 kq-dan yuxarı çəki dərəcəsində yeni təmsilçimizi də görə biləcəyik. Bu, rusiyalı Ruslan Timurzayevin yığma komandamıza cəlb edilməsi sayəsində mümkün olacaq. Adı çəkilən idmançı öz ölkəsinin yığmasında ikinci ən güclü boksçu hesab olunur. Azərbaycan Boks Federasiyası Timurzayevi ölkəmizə çoxdan gətirmək istəsə də, buna yalnız Çoudri turniri ərəfəsində nail ola bilib.
Komandamız bu günlərdə hazırlığı tam gücü ilə davam etdirir. Mötəbər yarışın başlanmasınadək Bakıya bir neçə ölkədən boks komandalarının gələcəyi gözlənilir. Yığma komandamızın baş məşqçisi Məmməd Eyvazovun sözlərinə görə, ötən günlərdə Tunisdən 6 boksçu paytaxtımıza gəlib. Onlar aprelin 21-dək Bakıda Azərbaycan boksçuları ilə birgə hazırlıq keçəcəklər. Tunis boksçuları Olimpiya lisenziyalarını artıq təmin ediblər və onların Bakıya gəlişi yalnız məşq xarakteri daşıyır. Aprelin 16-da eyni məqsədlə Türkiyə yığması da Bakıya təşrif buyuracaq.
Taekvondoçularımız Fransadadır
Bu gün Fransanın Qrenobl şəhərində taekvondo üzrə komandaların Avropa çempionatı başlanır. Mükafatlar uğrunda qitənin kişi taekvondoçulardan ibarət 12 və qadınlardan ibarət 8 milli yığma komandası mübarizə aparacaq.
Turnirin digər yarışlardan fərqi ondadır ki, burada hər ölkəni olimpiya çəkilərində olmaqla yalnız 4 idmançı təmsil edəcək. Yalnız kişilərin turnirində mübarizə aparacaq komandamızın heyətinə bu idmançılar daxil edilib: Elnur Amanov (58 kq), Niyaməddin Paşayev (68 kq), Rəşad Əhmədov (80 kq) və Təvəkkül Bayramov (80 kq-dan yuxarı).
Azərbaycan taekvondosunu Fransada daha bir azərbaycanlı təmsil edəcək. Bu, yarışlara hakim kimi qatılacaq beynəlxalq dərəcəli referi Gündüz Abdullayevdir.
Yarışlarda Azərbaycan komandasından başqa Fransa, İspaniya, Danimarka, İtaliya, Rusiya, Türkiyə, Ukrayna, Almaniya, Belarus, Xorvatiya və Sloveniya kollektivləri də çıxış edəcək.
Fransada keçirilən turnir Azərbaycan yığması üçün olimpiadaya hazırlıq xarakteri daşıyır. Məlum olduğu kimi, Afina olimpiadasında ölkəmizin idman şərəfini taekvondoçulardan iki nəfər - Niyaməddin Paşayev və Rəşad Əhmədov qoruyacaq. R.Əhmədov Afinaya lisenziyasını ötən ilin dekabrında elə Fransada qazanıb. Niyaməddin isə həmin hüququ bu ilin fevralında Bakıda əldə edib. Azərbaycan komandası qarşısında turniri birinci yerdə başa vurmaq vəzifəsi qoyulub.
Xatırladaq ki, bu, Afina oyunları ərəfəsində taekvondoçular üçün son sınaq olmayacaq. Onlar mayın 6-dan 9-dək Norveçin Lillehammer şəhərində keçiriləcək növbəti Avropa birinciliyində çıxış edəcəklər.
|