İraq: müharibənin ikinci hissəsi
Səddam Hüseyni "ildırım sürətli" müharibə ilə devirən ABŞ-Britaniya
koalisiyası bir ilin tamamında İraqa nəzarəti yavaş-yavaş itirməyə başlayıb
Başa çatan həftə İraqda beynəlxalq koalisiya kontingenti ilə yerli müqavimət qüvvələri arasında silahlı toqquşmaların güclənməsi ilə yadda qaldı. Bazar günü İraqın müxtəlif bölgələrində başlanan toqquşmalarda yerli əhalidən yüzlərlə adam həlak olub, yaralıların sayı minə yaxındır.
Bazar ertəsi günü ABŞ İraqda 12 əsgər və zabit itirib. Bu, müharibənin fəal fazasının başa çatmasından sonra Birləşmiş Ştatların verdiyi ən böyük gündəlik itki sayılır. Əl-Fəllucə şəhərində ABŞ-ın bir vertolyotu partladılıb. Ümumilikdə bu həftə davam edən iğtişaşlarda ABŞ-ın 40-a yaxın hərbçisi həlak olub.
İraqın cənubundakı Ən-Nasiriyyə şəhərində isə İtaliya karabinerləri bölgəyə nəzarəti itiriblər. Şiə liderlərindən İmam Müqtəda Əs-Sədranın fitvası əsasında hərəkət edən kütlə şəhər administrasiyasının binasını, habelə digər bir neçə obyekti ələ keçirib. Toqquşmalarda İtaliya hərbçilərinə aid olan 4 zirehli maşının partladıldığı bildirilir. Ən-Nəcəf, Əl-Kut və Kufə şəhərləri tam olaraq qiyamçıların nəzarəti altındadır. Əl-Fəllucə şəhəri uğrunda gərgin döyüşlər gedir.
Vəziyyətin ciddiliyi ABŞ-ı total müharibə qaydalarına əl atmağa vadar edib. Aprelin 7-dən 8-nə keçən gecə Əl-Fəllucə şəhərindəki məscidlərdən birinə 220 kiloqramlıq aviasiya bombası atılıb. Nəticədə 40 nəfər həlak olub, yüzlərlə adamın yaralandığı bildirilir. Artıq aprelin 8-də Əl-Fəllucədə həlak olan iraqlıların sayı 300 nəfərə çatmışdı.
"İndependent" qəzetinin verdiyi məlumata görə, vəziyyətin gərginləşməsi ABŞ-ı İraqın keçmiş lideri Səddam Hüseyni qonşu Qətərə köçürməyə vadar edib. ABŞ hərbçiləri qiyamçıların Səddam Hüseyni azad edə biləcəyindən ehtiyatlanıblar.
Koalisiya əleyhinə çıxışların eyni vaxtda başlanması iğtişaşların vahid mərkəzdən idarə olunduğunu söyləməyə müəyyən əsas versə də, hadisələrin icraçıları arasında ümumilik tapmaq çətindir. Müşahidəçilərin çoxu, həmçinin ABŞ hərbiyyəsi hadisələrdə "İran barmağı" olduğuna inanırdılar. Amma Səddam Hüseyn rejiminin devrilməsi zamanı faktiki olaraq bitərəf qalan şiə icmasının indi belə bir hərəkətə yol verməsi inandırıcı görünmür. Qiyamçıların başçısı kimi təqdim edilən Müqtəda Əs-Sədra, habelə onun "Mehdi ordusu" şiə hərəkatının lideri roluna iddia edə bilməz.
Amma hadisələrə işıq salan bəzi məqamlar var. Məsələn, çərşənbə axşamı günü məşhur terrorçu Əbu Musa Əz-Zərqavi İraqdakı işğal qüvvələrinə, həmçinin onlarla əməkdaşlıq edən yerli şiələrə divan tutacağını bildirib. İordaniyalı terrorçu martın 17-də Bağdaddakı "Cəbal Lubnan" otelində törədilmiş terror aktına görə də məsuliyyəti öz üzərinə götürüb. Xatırladaq ki, Əbu Musa Əz-Zərqavi "Əl-Qayda"nın İraqdakı rabitəçisi kimi ad çıxarıb. Toqquşmalarda Ukrayna, Bolqarıstan, Polşa və İtaliya kontingentlərinin də itki verdiyini nəzərə alsaq, son iğtişaşlar dalğasını İspaniyanın antiiraq koalisiyasından çıxarılması tədbirinin davamına oxşatmaq olar. Yeri gəlmişkən, aprelin 7-də Norveç bu ölkənin hərbi kontingentini İraqdan çıxara biləcəyini vurğulayıb.
Göründüyü kimi, ümumi qiyamın həqiqi müəlliflərini üzə çıxarmaq çətindir. Hadisələrin mərkəzində olan qüvvələrdən başqa, onların inkişafında maraqlı olan dairələr də var. Hadisələrin bu cür inkişafı İraqda sabitlik yaradılması prosesində BMT-yə xüsusi status verilməsi ilə nəticələnə bilər. Amma ən çox hallanan versiya İran faktoru ilə bağlıdır. Bir sıra icmalçılara görə, kələfin ucu görünməsə də, onun tədricən İrana gedib çıxdığını müşahidə etmək mümkündür...
Anar MAHMUDLU
Litva Seymi prezidenti istefaya göndərdi
Amma o, yenidən prezidentlik yarışına qoşulmaq istəyir
Aprelin 6-da Litva parlamenti (Seym) prezident Rolandas Paksasın istefaya göndərilməsi qərarını təsdiqləyib.
İmpiçmentlə bağlı dinləmələr zamanı Paksas prezidentliyi dövründə bir sıra səhvlərə yol verdiyini etiraf etsə də, cinayət etmədiyini deyib. Bundan sonra keçirilən səsvermədə millət vəkillərinin yarıdan çoxu prezidentin vəzifədən kənarlaşdırılması təklifini dəstəkləyib.
Xatırladaq ki, martın 31-də Litva Konstitusiya Məhkəməsi Paksasın hərəkətlərini araşdıraraq onun ölkənin əsas qanununu kobud şəkildə pozduğunu təsdiqləmişdi. Məhkəmənin qərarına görə, Paksas prezident seçilməzdən əvvəl Rusiya vətəndaşı Yuri Borisovdan maliyyə yardımı alıb, yüksək dövlət vəzifəsinə gəldikdən sonra isə bunun əvəzində ona Litva vətəndaşlığı verib.
İmpiçment prosedurunun başa çatmasından sonra Paksas əsəb gərginliyi, qan təzyiqinin artması və ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya düşüb. Amma ona yaxın olan siyasətçilərdən biri deyib ki, Paksas növbəti prezident seçkilərində namizədliyini yenidən irəli sürməyi planlaşdırır. Yeri gəlmişkən, Litvada növbədənkənar prezident seçkiləri iyunda keçiriləcək.
Rolandas Paksas 2003-cü il fevralın 26-da prezident seçilib. O, ikinci turda keçmiş prezident Valdas Adamkusa qalib gəlmişdi. Bunadək Paksas iki dəfə Vilnüs meri seçilib, həmçinin baş nazir postunu tutub.
|