"Füzuli divanının şərhi"
Qəzəl
Gər deyil bir mah mehrilən mənim tək zar sübh,
Başın açıb nişə hər gün yaxasın yırtar sübh?
Gün deyil, hər gün bir ay mehrilə köksün çak edib,
Tazə-tazə dağlərdir kim, qılır izhar sübh.
Tiği-xurşid ilə rəf` olsa yeridir kim, müdam
Yandırıb pərvaneyi, şəm`ə verir azar sübh.
Sübhi şamü şami sübh olmuş mənəm aləmdə kim,
Şam şəm`i-bəzm olub, ayrıldı məndən yar, sübh.
Gör nə aşiqdir ki, bir xurşid vəslin bulmağa
Sərf edər hər ləhzə min-min lö`löi-şəhvar sübh.
Eşqdə sadiqlik izhar etdi dağın göstərib,
Qaliba derlərdi kazib, qıldı ondan az sübh.
Hicr şamında qəm etmişdi Füzuli qəsdi-can,
Olmasaydı mərhəmətdən dəm vurub qəmxar sübh.
1) Gər deyil bir mah mehrilən mənim tək zar sübh,
Başın açıb nişə hər gün yaxasın yırtar sübh?
(Əgər sübh də mənim kimi bir mahın (ayüzlünün) məhəbbətilə zar deyilsə, nə üçün mənim kimi hər gün tezdən başın açıb yaxasın yırtır?).
Şərhi
Mən bir ayüzlü yarın aşiqiyəm. Ona olan məhəbbətimin yanğısından, şiddətindən zar olub baş açıb yaxamı yırtıram. Mən yarımın hicri ilə giryan olduğum kimi, yəqin sübh də öz mahına görə başını açıb yaxasını yırtır. Öz vüsalı üçün gecənin içindən çıxıb hər tərəfi işıqlandırır ki, bəlkə ayı görsün. Lakin mən yarımı görə bilmədiyim kimi, o da öz mahını görə bilmir. Çünki sübh açılanda artıq ay yoxa çıxır.
2) Gün deyil, hər gün bir ay mehrilə köksün çak edib,
Tazə-tazə dağlərdir kim, qılır izhar sübh.
(Hər gün çıxan günəş deyil. O, sübhdür ki, hər gün bir ayın (ayüzlünün) məhəbbətilə köksünü parçalayıb sinəsindəki təzə dağlarını göstərir).
Şərhi
Günəş səhər tezdən çıxanda, təzə basılmış dağa (yanıq yeri, yara) bənzəyir. Şair təzə çıxan günəşi bir ayın məhəbbətilə sübhün sinəsinə basılmış dağa bənzədir. Digər tərəfdən də göstərir ki, ayın hicri ilə sübhün köksü od tutub yanır və bu atəşi yalnız günəşin atəşi ilə müqayisə etmək olar.
3) Tiği-xurşid ilə rəf` olsa yeridir kim, müdam
Yandırıb pərvaneyi, şəm`ə verir azar sübh.
(Günəşin qılınc kimi iti şüaları sübhü aradan qaldırırsa, yeri var. Çünki o, şama azar (iztirab) verməklə, pərvanəni yanıb kül olmağa sövq edir).
Şərhi
Sübh açılınca şam sönür. Şamın həyatının mənası yanmaq olduğundan sübhün açılmasına görə söndürülməsi, onun üçün ən böyük iztirab olur. Şamın sönməsi isə pərvanənin yanıb-yaxılması deməkdir. Çünki şamın məhvini görən pərvanə də özünü şama çırpıb məhv edir. Bu, pərvanənin eşqdə kamilliyini göstərir. Şair göstərir ki, şamın sönməsinə, pərvanənin yanıb-yaxılmasına səbəbkar olan sübhün günəşinin qılınc kimi iti şüaları ilə aradan qaldırılması qanuni bir şeydir. Əvvəlki beytdə şair göstərirdi ki, tezdən çıxan günəş sübhün sinəsindəki dağa bənzəyir. Yəni günəş təzəcə çıxanda artıq sübh bilir ki, onun ömrü qurtarır.
4) Sübhi şamü şami sübh olmuş mənəm aləmdə kim,
Şam şəm`i-bəzm olub, ayrıldı məndən yar, sübh.
(Bu aləmdə gündüzü gecə və gecəsi gündüz olan mənəm ki, gecə məclisin şamı olub sübh açılan kimi məndən ayrılıb getdi).
Şərhi
Qaydadır ki, sübh açılan kimi şamı söndürərlər. Şair öz yarını gecəni işıqlandıran və sübh açılan kimi söndürülən şam ilə müqayisə edir. Şairin yarı onun gecəsini öz gözəl üzünün nuru ilə işıqlandırıb gündüzə çevirmişdir. Lakin səhər ondan ayrılıb gedən yar öz gedişi ilə onun gündüzünü gecəyə çevirir.
5) Gör nə aşiqdir ki, bir xurşid vəslin bulmağa
Sərf edər hər ləhzə min-min lö`löi-şəhvar sübh.
(Sübh necə aşiqdir ki, bir günəşin vüsalına yetmək üçün minlərcə şahlara layiq dürr sərf edir).
Şərhi
Səhərə yaxın gül-çiçəyin üstünə şəbnəm düşür. Sübh açılanda şeh xırda damcılar şəklində olur. Günəş çıxıb şüalarını gül-çiçəyin üstünə səpələyəndə şeh damcıları min bir rəngə çalan daş-qaşı, dürr dənələrini xatırladır. Şair sübhü eşqi yolunda misilsiz dürlər sərf edən səxavətli aşiqə, günəşi onun sevgilisinə, üzərinə günəş şüaları düşən şeh damcılarını da şahlara layiq dürrə bənzədir. Göstərir ki, necə ki, hər hansı bir oğlan sevdiyi gözəlin vüsalına yetişmək üçün ona hədiyyə olaraq çoxlu bəzək əşyaları alır, eləcə də ən səxavətli aşiq olan sübh də öz sevgilisi günəş üçün gecədən səhərə kimi şahanə dürlər hazırlayır.
6) Eşqdə sadiqlik izhar etdi dağın göstərib,
Qaliba derlərdi kazib, qıldı ondan az sübh.
(Çox vaxt deyirdilər ki, o yalançıdır, bundan utanan sübh öz sinəsindəki dağı göstərməklə eşqdə sədaqətini sübut etdi).
Şərhi
İki cür sübh var. Ərəblər onun birinə "Sübhi-kazib", yəni yalançı sübh, o birisinə isə "Sübhi-sadiq", yəni doğruçu sübh deyərlər. Sübhi-kazib əvvəlcə özünü göstərir. Bu vaxt hava azca işıqlanan kimi olur, camaat sübh namazına durur. Yenidən qaranlıq çökür, sübhi-sadiq özünü göstərir. Ondan sonra günəş çıxır. Günəş isə, əvvəlki beytlərdə qeyd edildiyi kimi, sübhün sinəsindəki dağa bənzəyir. Şair bu beytdə çox ağlagəlməz bir mənzərə yaradır. Dağ basılanda əvvəlcə ondan ağ bir tüstü çıxır. Bir azdan odun gücü qurtarır və dağ basan əşya götürülür, dağ açıq-aydın görünməyə başlayır. Füzuli burada göstərir ki, sübh tezdən çıxıb yenidən qaranlıq olursa, sübhü yalançı sübh adlandırırlar. Sübh yalançı deyil, o həqiqi aşiqdir. Sübh bilir ki, günəşin çıxmağı ilə onun sinəsi dağlanacaq, amma bunu qəbul edir, ikinci dəfə öz sinəsini açaraq, basılmış dağı göstərməklə öz sədaqətini sübut edir və bununla da sübhi-sadiq adını qazanır.
7) Hicr şamında qəm etmişdi Füzuli qəsdi-can,
Olmasaydı mərhəmətdən dəm vurub qəmxar sübh.
(Ayrılıq gecəsindən, mərhəmətdən dəm vuran sübh qəminə şərik olmasaydı, Füzuli can qəsdində idi).
Şərhi
Ayrılıq gecəsində dərddən, qəmdən, vüsal həsrətindən zülm çəkən Füzuli artıq dözə bilmir, canına qəsd etmək istəyir. Bu zaman öz eşqi yolunda min bir cəfa çəkmiş sübh, onun halından xəbərdar olduğu üçün xeyirxahlıq göstərib şairin qəminə şərik olur. Onun bu mərhəməti, dərdə şərik olmağı şairi canına qəsd etmək fikrindən daşındırır.ÿÿ
Aydın TalıbzadƏ
Muğam dahisi
(merac)
"Ey Füzuli, dərü divarə qəmim yazmaqdan
Şahidi-hali-dilimdir dərü divar mənim".
Füzuli
Alim sənəti sirri-xuda. Sirri danışmaqsa heç ədəb deyil. Hərçənd Allah aşiqlərinə bu, əcəb sayılmaz. Çünki onları dilləndirən eşqdir.
Həzrət Musanın tanrı hüzurunda bulunub eşitdiyi Tur dağı eşqlə rəqsə gəlir.
Məndən çox-çox öncə bəyan edilib ki, "torpaq eşqlə fələklərə yüksəlir".
Amma eşq də bir əzab. "Bəzmi-eşq içrə, Füzuli, necə ah eyləməyim". Paradoks? Eşq məclisi və ah. İlahi, bu da bir fikir labirinti. Nə isə, "dənizə yaxınlaşanda çaylar haqqında söhbətlər kəsilir". Alimin də muğamata olan eşqi hüdudsuz ümmanı xatırladar.
Ol gün, yəni aprel ayının 2-si azan vaxtı qoca filarmoniyanın divarları da şahidlik etdi ki, Alim Qasımov muğam dahisidir. Bilirəm, söyləyəcəksiniz ki, bu, bəlli bir həqiqətdir, təkrarlamağına daha hacət qalmayıb. Mən də cavabında soruşacağam: heç elə eşq varmı ki, hər gün sübuta yetirilməsin? ƏSL EŞQ VƏ ƏSL İBADƏT FASİLƏSİZ, ARAMSIZ. Bir an belə kəsilməz. Muğam da ALİM adlı bir xanəndənin eşqidir, ibadətidir, həyatının mənasıdır, cövhəridir, mənəviyyatının qüslüdür, yaşantılarının güzgüsüdür. Bu insan tanrı səcdəsində dayandığı, "könlünün qul olduğu" məqamlarda zaman və məkan içrə "əriyib" öz səs möcüzəsini yaradır, bütün varlığını bürümüş Allah eşqini muğam vasitəsilə zühura gətirir:
"Ün verər can riştəsi xəm qamətimdən çəksəm ah,
Yel dəyib çəng üzrə bir avazə gəlmiş tar tək".
Oxuyan, rəqs eləyən, rəsm çəkən biz deyilik, batinimizdə "məxfiləşmiş", içimizə "hopmuş" ruhumuzdur. Səs də Alimin ruhunun təzahür əlamətidir, "can riştəsi"nin avazıdır. Kamil ruhun özünüifadəsindən ötrü səs yalnız bir bəhanədir. Cahan mülkündə alqışlanan da məhz Alimin səsi yox, ruhudur. Ruhun mərtəbəsi nə qədər ali olursa, alqış da ol miqdar olur:
"Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,
Bu fəzilət daxili-əhli-kəmal eylər məni".
Alim xalılar döşənmiş bir taxtın üstündə bardaş qurub əyləşib. Sanki Orta çağ miniatürlərindən alınma bir görüntü. Əynində sarımtıl qaftan parıldar. Dörd yanında sazəndələr. Demə kim, varıb muğam şəhrinə sultanlıq edir. Müsəlman Şərqində musiqi sufinin ibadəti: xanəgahlarda çalınar. Filarmoniya isə mənim üçün gümbəzli bir məscid qismində. Çünki Azərbaycanın məşhur-məşhur musiqiçiləri Tanrıya burda tapınıblar, Allahın adını burda köməyə çağırıb səhnəyə çıxıblar. Odur ki, bu muğam gecəsi bir sufi qardaşlığının mərasiminə bənzər. Məclisi-səmanın şeyxi Alim. Ney də, ud da, tar da, kaman da zikr eləyib söylər: "Allah eşqinə, Allah eşqinə". Məram bu:
"Möhnəti-eşq, ey dil, asandır deyib, çox vurma laf,
Eşq bir yükdür ki, xəm olmuş onun altında Qaf".
Alim də əyilir-düzəlir, bir nağılçı kimi o yan-bu yana yırğalanır, xəm olur, tənindən ahlar izhar olur, amma heç bir günah işlətməyib. Narahatdır. Dəfin birini götürüb, birini qoyur. Vəcd axtarır. İş bu ki, muğam Alim üçün meditasiya kimi bir şey. Ovqata köklənməsə, batinində gizlənmiş dürri-gövhəri faş eləməz. Nəhayət ki, Alim təmas nöqtəsini bulur və başlayır özünü, öz içini səsə, muğamatı sufi təlqininə, sufi zikrinə çevirməyə. Bu oxumalarında o, haralarasa, güman ki, ruhlar aləminə gedib qayıdır, dərviş xanəgahlarına baş çəkir, şamanlarla salamlaşır, zaviyələrdə İslam filosofları ilə söhbətləşir, Rumi, Urməvi, Füzuli, Seyid Əzim, Üzeyirbəy, Vahidlə görüşür, aşıqlardan buta alır, səs sürətilə əsrdən əsrə, məmləkətdən məmləkətə addımlayır, Yerdən uca Göylərə yüksəlir, bir mədəniyyətin müstəvisindən digərinə sıçrayır və dönür geri, gerçəkliyə; elə bu məqamdaca unutmur ki, bir biletin qiyməti üç yüz min manatdır:
"Fəqr imiş fəqr, Füzuli, şərəfi-əhli-vücud,
Özünə eyləmə həmdəm füqəradan qeyri".
Tövbə, təvəkkül, fəqr, səbr, fəna, eşq və bəqanın, yəni əbədiliyin müqabilində maddi nə varsa, hamısı sabun köpüyü. Bu gün ovcundadır, sabah barmaqların arasından süzülüb gedəcək. Sənin olmayacaq. Ona görə də "heç məraq etmə"yinə dəyməz. Alim sənəti qiymətsiz, ölçüyə gəlmir. Bir də axı, muğam mülkünün sultanına nə tərif? Alimin cismində mən Allahıma tərif qıldım.
"Rövzeyi-kuyində bulmuşdur Füzuli bir məqam
Kim, ona cənnət quşu yetməz min il uçmaq ilən".
Öz "mən"lərindən qurtulanlara "Göy də səcdə edər, Ay da, Günəş də".
|