#14(991) GÜNDƏM
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Aktual

İç siyasət

Dünya

Müsahibə

İş həftəsi

Kriminal

Zəriflik

Mədəniyyət

Sərbəst

Təəssürat

Qiraət

Ədəbiyyat

Arena

İdman

Təqvim

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

Avropanın Qarabağ problemi var
və o, mərhələli həll prinsipi ilə çözülməlidir

Azərbaycan cəmiyyətinin çoxdan cavab gözlədiyi bu etirafı Avropa Şurasının baş katibi Valter Şvimmer səsləndirib

Avropa Şurasının baş katibi Valter Şvimmerin Azərbaycana səfəri başa çatan həftənin gündəm mövzularından biri oldu. Səfər həm Azərbaycanın bu mötəbər təşkilatla münasibətlərinin perspektivləri, həm də Avropa strukturlarını Azərbaycanın bir nömrəli probleminə diqqəti prizmasından böyük maraq doğururdu.
Ələlxüsus 2003-cü ilin prezident seçkilərindən sonra müxalifət təbliğatı cəmiyyətdə belə bir fikir formalaşdırmağa cəhd edirdi ki, guya Azərbaycanın yeni rəhbərliyinin Qərb təsisatları, o cümlədən Avropa Şurası ilə münasibətlərində problemlər var. Bu iddiaların absurdluğu Şvimmerin səfərindən öncə də aydın idi və AŞ baş katibinin Bakıda verdiyi bəyanatlar bunu bir daha təsdiqlədi. Baş katib prezident İlham Əliyevlə görüşündə birmənalı şəkildə vurğuladı ki, AŞ Azərbaycan hakimiyyəti ilə əməkdaşlıqdan razıdır və ölkə rəhbərliyinin insan haqları və demokratik islahatlar yönündə atdığı son addımları (o cümlədən son əfv fərmanlarını) yüksək qiymətləndirir. Şvimmer məmnunluqla vurğuladı ki, vaxtilə onun AŞPA-dakı həmkarı və yaxın dostu olmuş İ.Əliyev Azərbaycanın prezidentidir: "Mən bugünkü görüşdən qürur hissi keçirirəm".
O ki qaldı AŞ-nin Qarabağ probleminə diqqətinə, bu, Şvimmerin Bakıda keçirdiyi bütün görüşlərin, o cümlədən prezidentlə görüşün əsas mövzularından biri idi. Dövlət başçısı ilə görüşə məcburi köçkünlərin məskunlaşdığı yerlərdən birinə baş çəkdikdən sonra gedən Şvimmer vurğuladı ki, Avropa strukturlarının, ilk növbədə isə AŞ-nin Qarabağ nizamlanmasına diqqətinin artması üçün səylərini əsirgəməyəcək. Öz növbəsində prezident İ.Əliyev Dağlıq Qarabağ münaqişəsinin Avropa Şurası tərəfindən müzakirəyə çıxarılmasını müsbət hal kimi qeyd edib və ümidvar olduğunu bildirib ki, təşkilat bu münaqişəyə obyektiv siyasi qiymət verəcək. Xatırladaq ki, AŞPA Siyasi Komitəsinin Qarabağ münaqişəsi üzrə məruzəsiçi Terri Devisin məruzəsi bu il təşkilatın müzakirəsinə çıxarılmalıdır.
Ümumilikdə isə Şvimmerin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Bakıda səsləndirdiyi bəyanatları bir cümlə ilə belə ifadə etmək olar: Avropanın Qarabağ problemi var və o, mərhələli həll prinsipi ilə çözülməlidir. Sonuncu məqam xüsusilə qeyd olunmalıdır. Məlumdur ki, Ermənistan tərəfi münaqişənin ən optimal çözüm yolu olan mərhələli həll prinsipini rədd edir. Öz növbəsində Azərbaycan tərəfin apardığı məqsədyönlü diplomatik iş beynəlxalq dairələrin bu yöndə mövqeyinə ciddi təsir edib. Xatırladaq ki, bir qədər əvvəl Avropa Birliyi bu barədə öz mövqeyini ifadə etmiş və Avropa Parlamentinin qəbul etidyi qətnamədə Qarabağ münaqişəsinin mərhələli şəkildə həllinin vacibliyi vurğulanmışdı. AŞ baş katibinin də bu məqamı önə çəkməsi göstərir ki, artıq bu prinsip beynəlxalq müstəvidə real konturlar qazanır. Sözsüz ki, bu tendensiya Qarabağ problemi ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin hazırlayacağı yeni təkliflərin mahiyyətinə də təsir göstərməlidir. Şvimmerin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi artıq təkcə Ermənistanın və Azərbaycanın problemi deyil, ümumilikdə Avropanın problemidir və bu kontekstdə qəbul olunmalıdır. O, təəssüflə qeyd edib ki, bu problemin bir çox illər ərzində mövcud olmasına baxmayaraq, hələlik onun həlli üçün real addımlar atılmayıb. Eyni zamanda, Şvimmer Ermənistan və Azərbaycanı qarşılıqlı güzəştlərə getməyə və bu istiqamətdə ilk addım kimi kəskin bəyanatlardan çəkinməyə çağırıb.
Şvimmerin BDU-nın professor-müəllim heyəti və tələbələri ilə görüşdə səsləndirdiyi fikirlər də maraq doğurur. Bütün müharibə və münaqişələrin sonda sülhlə nəticələndiyini xatırladan Şvimmer yada salıb ki, 1949-cu ildə təsis edilmiş Avropa Şurasının iqamətgahının yerləşdiyi Strasburq sərhəd şəhəri bir vaxtlar Fransa və Almaniya arasında münaqişə obyekti idi. Bu gün həmin şəhər hər iki ölkənin vətəndaşları üçün dostluq şəhərinə çevrilib: "Strasburq şəhərinin nümunəsi göstərir ki, münaqişə və qanlı döyüşlər aparan tərəflər arasında barışıq əldə edilə bilər. Bu, Avropanın mənasıdır. Avropa müharibələrə birdəfəlik son qoymaq deməkdir".
AŞ baş katibinin məcburi köçkünlərlə görüşü isə onu xüsusilə təsirləndirib. Məcburi köçkünlər qeyd ediblər ki, Ermənistana kömək edən, onun arxasında duran dövlətlər bilsin ki, Azərbaycan xalqının səbri sonsuz deyil və o, torpaqlarını hər vasitə ilə azad etməyə hazırdır. Məcburi köçkünlərin vəziyyətini başa düşdüyünü deyən AŞ baş katibi təəssüflə etiraf edib ki, beynəlxalq birlik bu insanların fundamental hüququnu bərpa etmək yönündə təsirli addımlar atmayıb...

ABŞ Minsk qrupundakı təmsilçisini dəyişir
Üç illik həmsədrliyi dövründə heç nə ilə yadda qalmamış Rudolf Perinanı Xəzər və Cənubi Qafqaz regionuna yaxşı bələd olan Stiven Mən əvəz edəcək

Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirən ATƏT Minsk qrupundakı təmsilçisini dəyişmək qərarına gəlib. Bu barədə ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüşündə bildirib.
Onun sözlərinə görə, Minsk qrupunun amerikalı həmsədri Rudolf Perinanı ABŞ prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Stiven Mən əvəz edəcək. Rəsmi Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini dəstəklədiyini qeyd edən diplomat əmin olduğunu bildirib ki, yeni həmsədr Qarabağ nizamlanması ilə bağlı danışıqlar prosesinə yeni nəfəs gətirəcək. Xatırladaq ki, S.Mən ABŞ-ın Minsk qrupundakı sayca beşinci təmsilçisi olacaq. Hazırkı həmsədr R.Perina bu vəzifəyə 2001-ci ildə təyin olunmuşdu. Lakin bu müddətdə ümumilikdə Minsk qrupunun fəaliyyəti kimi, amerikalı həmsədrin də fəaliyyəti heç nə ilə yadda qalmayıb. Səfir R.Harniş vurğulayıb ki, ABŞ Qarabağ münaqişəsinin danışıqlar yolu ilə uzunmüddətli həllinə nail olmaq istəyir. O, müdafiə naziri S.Əbiyevin Vaşinqtona səfərdən qayıtdıqdan sonra müharibənin hər an başlaya biləcəyi barədə bəyanat verməsindən narahatlığını bildirib. Öz növbəsində S.Əbiyev deyib: "Ermənistanda daxili vəziyyət çox gərgindir. Ermənistan dövlətinin rəhbərləri ölkənin daxilində vəziyyətə nəzarəti itirdikləri halda müharibəyə başlaya bilərlər. Mən də müdafiə naziri kimi bunları görür və ictimaiyyətə xəbərdarlıq edirəm. Biz dövlətimizin ərazi bütövlüyünü müdafiə etməyə həmişə hazır olmalıyıq". Müdafiə naziri əlavə edib ki, Dağlıq Qarabağ məsələsinin həllində ədalət işğalçıya xidmət edə bilməz: "Ədalət yalnız birdir: Azərbaycanın işğal olunmuş bütün torpaqları azad edilməlidir".
S.Əbiyev ABŞ müdafiə naziri Donald Ramsfeldlə keçirdiyi görüş zamanı onun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli variantın dəstəklədiyindən və konqresmen Kurt Ueldonun Azərbaycanı dəstəkləyən "Koros" işçi qrupunu yaratmasından məmnun olduğunu xüsusi vurğulayıb. General-polkovnik S.Əbiyev ABŞ-a səfərin yekunlarından razı qaldığını və ölkəmizin Silahlı Qüvvələrinin ABŞ Silahlı Qüvvələri ilə əməkdaşlığı daha da inkişaf etdirmək əzmində olduğunu vurğulayıb. Müdafiə naziri həmçinin qeyd edib ki, Azərbaycan antiterror koalisiyasının üzvü kimi həmin əməliyyatlarda iştirakını davam etdirmək niyyətindədir.

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding