Avropa Şurası Azərbaycanla əməkdaşlıqdan razıdır
Bakıda keçirdiyi görüşlərdə bu fikri vurğulayan Valter Şvimmer ümidvar olduğunu
bildirib ki, Azərbaycan hökuməti AŞ-nin bütün tövsiyələrinə istisnasız əməl edəcək
Xəbər verildiyi kimi, Avropa Şurasının baş katibi Valter Şvimmer aprelin 7-8-də Azərbaycanda səfərdə olub. Şvimmer bəyan edib ki, səfərin məqsədlərindən biri Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri nə dərəcədə yerinə yetirməsi ilə bilavasitə tanış olmaqdır.
Baş katibin Bakıda keçirdiyi görüşlərdən belə nəticəyə gəlmək olar ki, o, Azərbaycan iqtidarının bu sahədə addımlarından ümumən razıdır, hərçənd, prosesin daha sürətlə aparılmasının və AŞ-nin bütün tövsiyələrinə istisnasız əməl olunmasının tərəfdarıdır.
AŞ baş katibinin Milli Məclisin sədri ilə görüşündə Murtuz Ələsgərov qonağın nəzərinə çatdırıb ki, ötən müddət ərzində Avropa Şurasının 40-dan çox konvensiyası parlamentdə ratifikasiya olunub.
Spiker həmçinin "siyasi məhbus" adlandırılan şəxslərlə bağlı görülən işlər barədə məlumat verib. O deyib ki, mərhum prezident Heydər Əliyev tərəfindən 1995-2003-cü illər arasında 32 əfv fərmanı imzalanıb. Bu müddətdə Milli Məclis amnistiya haqqında 7 qərar qəbul edib. Ölkə başçısı İlham Əliyevin iki dəfə əfv fərmanı imzaladığını nəzərə çatdıran spikerin sözlərinə görə, Azərbaycan qurum qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirir.
Dağlıq Qarabağ probleminə toxunan M.Ələsgərov Ermənistanın AŞ-nin və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlərə məhəl qoymayaraq öz işğalçı siyasətini davam etdirdiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, cəzasızlıq Ermənistanın işğalçılıq siyasətinə daha da rəvac verir.
Öz növbəsində qonaq bildirib ki, Dağlıq Qarabağ münaqişəsi təkcə iki ölkənin, Cənubi Qafqaz regionunun yox, həm də Avropanın problemidir. Onun sözlərinə görə, təmsil etdiyi qurum bu münaqişənin nizamlanmasında maraqlıdır.
Qarabağ problemi Şvimmerin Azərbaycanı AŞPA-da təmsil edən nümayəndə heyətinin üzvləri və parlamentdəki müxalifət təmsilçiləri ilə görüşdə də əsas mövzulardan olub. Baş katib bildirib ki, AŞ Dağlıq Qarabağ probleminin tezliklə həllinə tərəfdardır. Müxalifətçi millət vəkilləri Qüdrət Həsənquliyev və Mais Səfərli beynəlxalq qurumların Dağlıq Qarabağ problemi ilə bağlı ədalətli mövqe tutmamasından, məsələyə ikili standartlarla yanaşmasından danışıblar. Baş katib isə deyib ki, bu məsələ öz ədalətli həllini müəyyən siyasi dialoq və proseslərin həyata keçirilməsi sayəsində tapacaq. Onun fikrincə, tərəflər masa arxasında güzəşt və dialoq ab-havası ilə əyləşməlidir.
Şvimmer Azərbaycanda "siyasi məhbus" probleminin tədricən həll olunmasından da razılıq edib. Baş katib İlham Əliyev tərəfindən imzalanan əfv fərmanlarını müsbət dəyərləndirərək qeyd edib ki, 716 nəfərlik siyasi məhbus məsələsi öz həllini tapdıqdan sonra AŞ-Azərbaycan əməkdaşlığı yeni mərhələyə qədəm qoya bilər. Şvimmer həmçinin "İctimai televiziya və radio yayımı haqqında" qanuna veto qoyduğuna görə Azərbaycan prezidentini təqdir edib. Şvimmer prezidentin son əfv fərmanını müsbət qiymətləndirib.
Milli Məclis "Moskva Bəyannaməsi"ni təsdiqlədi
Milli Məclis "Azərbaycan və Rusiya Federasiyasının Moskva Bəyannaməsi"ni təsdiqləyib. Bu barədə məlumat verən MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədr müavini Gültəkin Hacıyevanın sözlərinə görə, bəyannamədə göstərilir ki, Azərbaycan və Rusiya aralarındakı siyasi təmasları bundan sonra da inkişaf etdirəcək və strateji tərəfdaşlıq əlaqələrini möhkəmlədəcək.
Bəyannaməyə görə, tərəflər digər səviyyələrdə ikitərəfli münasibətlərin dərinləşməsinə, qarşılıqlı səfərlərin həyata keçirilməsinə, iki ölkənin qanunvericilik və icra hakimiyyətləri arasında xarici siyasət və digər sahələrlə bağlı məsləhətləşmələr praktikasının inkişaf etdirilməsinə, qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsinə mühüm əhəmiyyət verirlər. Eyni zamanda, bəyannamədə göstərilir ki, tərəflər sərhədlər sahəsində əməkdaşlığı inkişaf etdirəcək və öz ərazilərində bir-birinin dövlət suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəldilən təşkilat, qrup və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması ilə bağlı tədbirlər görəcək. Sənədə əsasən, tərəflər həmçinin iki dövlətin sərhədlərinin delimitasiyasının başa çatdırılması üzrə fəal işi davam etdirəcək. Eyni zamanda tərəflərdən heç biri digər tərəfə qarşı yönəldilən hərbi, iqtisadi və maliyyə xarakterli, o cümlədən üçüncü ölkələr vasitəsilə hər hansı bir fəaliyyət və ya tədbirdə iştirak etməyəcək, habelə digər tərəfə qarşı ərazisini təcavüz və ya başqa zorakı fəaliyyət məqsədilə istifadə etməyə yol verməyəcək.
Bələdiyyələr parlamentdə
hesabat verəcəklər
Parlamentin Regional məsələlər daimi komissiyası "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" qanunun tətbiqi ilə əlaqədar 5 qanuna əlavə və dəyişikliklər olunması ilə bağlı layihəni Milli Məclisin gündəliyinə təqdim edib.
Bu barədə məlumat verən komissiya sədri Zahid Qaralov bildirib ki, ilk növbədə MM-in daxili nizamnaməsinə dəyişiklik olunmalıdır. Həmin dəyişikliyə görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət idarəsi ildə bir dəfə parlament qarşısında hesabat verir.
Bundan başqa, "Bələdiyyələrin statusu haqqında" qanuna da dəyişiklik edilməsi nəzərdə tutulur. Həmin dəyişiklikdə qeyd olunur ki, bələdiyyələr qəbul etdikləri qərarlar barədə 15 gün müddətinə bu fəaliyyəti həyata keçirən orqana məlumat verməlidir. Bundan başqa elə sözügedən qanuna əlavə olunur ki, bələdiyyələrin müvafiq komissiyaları və seçicilər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilər.
Digər dəyişiklik isə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanuna aiddir. Bu qanuna təklif olunan əlavədə göstərilir ki, bələdiyyələr qərar qəbul etdiyi andan 15 gündən gec olmayaraq onun surətini inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. İnzibati Xətalar Məcəlləsinə olunan dəyişiklik isə bələdiyyələrin fəaliyyətinin hərtərəfli əhatəsiylə bağlıdır. "Bələdiyyə torpaqlarının ayrılmasına digər səbəblərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" əsasnaməyə olunan əlavəyə görə, bələdiyyə torpaqlarının ayrılması haqqında qərarlar vaxtında inzibati nəzarəti həyata keçirən orqana təqdim edilməlidir.
|