#14(991) İDMAN
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Aktual

İç siyasət

Dünya

Müsahibə

İş həftəsi

Kriminal

Zəriflik

Mədəniyyət

Sərbəst

Təəssürat

Qiraət

Ədəbiyyat

Arena

İdman

Təqvim

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

Vasif Ağamirov: "EURO-2004"ün həyəcanını Azərbaycana "Lider" yaşadacaq"

Portuqaliyada keçiriləcək futbol üzrə 12-ci Avropa çempionatı final mərhələsinin startına 63 gün qalır. İndi hər bir azarkeş, hər bir idman həvəskarı qitənin ən böyük futbol bayramının başlanacağı günü bəlkə də saatı böyük səbirsizliklə gözləyir.
Əvvəlki çempionatlardan fərqli olaraq, Azərbaycan tamaşaçısı Portuqaliya meydanlarında yaşanacaq böyük futbolun sevincini, həyəcanlı anlarını canlı seyr edə biləcək. Bu sevinci onlara idman hadisələrinin mərkəzində olmağı bacaran "Lider" TV yaşadacaq. Ölkəmizin idman məkanında özünəməxsus yeri olan "Lider" TV Azərbaycanın televiziya tarixində analoqu olmayan layihələri həyata keçirir. Yeri gəlmişkən, həmkarlarımız "EURO-2004"ün ardınca Afina yay Olimpiya oyunlarını da canlı yayımlayacaq.
Qitə birinciliyinin əsas yarışlarının ölkəmizdə yayımı ilə bağlı daha ətraflı məlumat almaq üçün "Lider" TV-nin idman-informasiya xidmətinin rəhbəri Vasif Ağamirovla görüşdük.

- "Lider" televiziyasının idman-informasiya xidməti və "Media holdinq"in müvafiq strukturları futbol üzrə 2004-cü il Avropa çempionatının yayım hüququnu əldə etmək üçün həm Avropa Yayım İttifaqı ilə, həm də UEFA-nın müvafiq strukturları ilə hələ ötən ildən danışıqlar aparırdı. İşlər uğurla başa çatdırılıb və yaxın günlərdə müqavilə imzalanacaq.

- Belə çıxır ki, müqavilə hələ imzalanmayıb?

- Tərəflər arasında niyyət protokolu var. Ona görə də, qətiyyətlə demək olar ki, müqavilənin imzalanması yolunda heç bir problem yaranmayacaq.

- Avropa çempionatının yayım hüququnu əldə etmək üçün danışıqlarda Azərbaycandan yalnız "Lider" televiziyası iştirak edib?

- Bəli. Burada söhbət məhz Azərbaycan ərazisində çempionatın eksklüziv yayım imkanından gedir. Bizim teleməkanda bu hüquqa yalnız "Lider" TV yiyələnib.

- Birinciliyin bütün oyunları birbaşa veriləcək?

- Əlbəttə, oyunları canlı yayımlayacağıq. Yeganə istisna turnirin qrup mərhələsi çərçivəsində üçüncü tur matçlarının təqdimində olacaq. Çünki reqlamentə uyğun olaraq üçüncü turun görüşləri eyni vaxtda başlanır və təbii ki, bu halda həmin oyunlardan yalnız birini canlı vermək mümkündür. Yəni daha maraqlı matçı canlı, paralel gedən oyunu isə videoyazıda təqdim edəcəyik. Bu məqamda da Azərbaycan tamaşaçısının marağı əsas götürüləcək. Məsələn, bu günün prizmasından baxdıqda eyni vaxtda oynanılacaq İspaniya-Portuqaliya görüşü Rusiya-Yunanıstan qarşılaşmasından daha maraqlı görünür.

- Sirr deyilsə, bu hüququ əldə etmək üçün nə qədər vəsait lazım gəldi?

- Hər bir ölkənin indeksi var. Qiymətlər də ona uyğun müəyyənləşdirilir. Müqavilənin maddi tərəfi ilə "Media holdinq"in kommersiya strukturu məşğul olub. Ona görə də sualınızı təfərrüatı ilə yalnız onlar cavablaya bilərlər.

- Matçların şərhi hansı şəkildə təşkil ediləcək? Yəni şərhçi oyunları birbaşa Portuqaliyadan çatdıracaq, yoxsa...

- Xeyr, oyunlar Bakıdan şərh ediləcək. Buna baxmayaraq, əməkdaşlarımız UEFA-da akkreditə olunub və zərurət yaransa, nümayəndəmizi Portuqaliyaya göndərə biləcəyik. Şərhin özünə gəlincə, istəyirik bu işi bir qədər fərqli şəkildə, məsələn, mütəxəssislərin, həmkarlarımızın cəlb olunması ilə təşkil edək.

- Bəzi əcnəbi telekanallarda "EURO-2004"lə bağlı müəyyən işlər görülür. Məsələn, xüsusi studiyalar qurulur, çempionatla bağlı süjetlər təqdim olunur...

- İnşallah, qitə birinciliyinin startınadək bizim də studiyamız olacaq. Ola bilsin, tamaşaçılara xüsusi proqramlar da təqdim edək. Amma indilikdə də bu istiqamətdə işlər görürük. Həftəlik "Futbol klubu" verilişində qitə birinciliyinin tarixi, final mərhələsinin iştirakçıları ilə tanışlıq xarakterli süjetlər futbolsevərlərə təqdim edilir. Avropa çempionatı kimi nüfuzlu turniri ilk dəfə yayımlayacağımıza baxmayaraq, çalışacağıq ki, azarkeşlər işimizdən razı qalsın.

- "Lider" televiziyası idman-informasiya xidmətinin texniki imkanları və yaradıcı heyətinin potensialına inanırsınızmı?

- Ciddi bir problem görmürəm. Çünki bizim xarici ölkələrdən idman yarışlarını yayımlamaq təcrübəmiz var. Televiziyamız indiyədək bir sıra irimiqyaslı, nüfuzlu idman yarışlarını Azərbaycan tamaşaçısına çatdırıb. Uzağa getməyək, bu yaxınlarda uzaq Kanar adalarından, əvvəlcə Las-Palmasdan, ardınca Tenerifedən voleybol üzrə Çempionlar Liqası matçlarını canlı yayımlamışıq. Yəni yaradıcı heyətimizin bu sahədə təcrübəsinə arxayınam.

- 2002-ci ildə telekanallarımızdan bəziləri dünya çempionatının oyunlarını qanunsuz olaraq yayımladılar. Bu hal təkrarlana bilərmi? Belə olacağı təqdirdə "Lider" TV hansı tədbirləri görmək səlahiyyətinə malikdir?

- 2000-ci ildən sonra Avropa Yayım İttifaqı bu cür halların qarşısını almaq məqsədilə tədbirlər müəyyənləşdirib. İndi dünya və Avropa çempionatlarının yayım hüququnu qazanan telekanallar peyk vasitəsilə xarici ölkələrə yayımlanırsa, onda yayıma kod tətbiq etməlidirlər. 2002-ci il dünya çempionatında biz bunun şahidi olduq: Türkiyə və Rusiya telekanalları bu qaydaya riayət etdilər. Həmin qayda 2004-cü ildə də qüvvədədir. Bunu ondan ötrü edirlər ki, yarışları qanuni əsaslarla göstərən hər bir telekanal hüququnu qoruya bilsin. 2002-ci ildə Azərbaycanda müşahidə edilən mənzərə, bu il təkrar olunmayacaq. Çünki onda çempionatın Azərbaycanda yayım hüququnu heç bir telekanal almamışdı və televiziyaların bir-birinin qarşısında heç bir öhdəliyi yox idi. Lakin indi Azərbaycanda bu hüququ qanuni şəkildə "Lider" televiziyası alıb və mənə elə gəlir ki, dediyiniz vəziyyətlə bir daha üzləşməyəcəyik.

- "Lider TV"nin idman-informasiya xidməti yaxın gələcəkdə daha hansı layihələri reallaşdırmağı nəzərdə tutur?

- Biz daxili imkanlarımız hesabına həmişə yeniliklər etməyə çalışırıq. "Futbol klubu" verilişi öz yerini tutduqdan sonra ortaya daha bir ideya çıxdı. Bu ideya Azərbaycan idmanının dünya idmanına inteqrasiyası üzərində köklənib. Azərbaycan idmançıları xaricdə çıxış etdikləri kimi, xarici ölkələrdən də Azərbaycan idmanının şərəfini qorumağa gələn idmançılar var. "Legioner" verilişi də məhz bu ideya əsasında yarandı. Bundan əlavə yayda daha böyük telelayihəni gerçəkləşdirməyi - Afina yay Olimpiya oyunlarının yayımını təşkil etməyi nəzərdə tuturuq.

Daha üç boksçumuz olimpiyaçılar sırasına qoşuldu

Afina oyunlarındə çıxış edəcək dəri əlcək ustalarımızın sayı beşə çatıb. Ötən həftə başa çatan lisenziya yarışlarından sonra daha üç boksçumuz olimpiyaçılar sırasına qoşulmaq hüququ əldə edib.
Bolqarıstanın Plovdiv şəhərində keçirilən lisenziya turnirində çıxış edən Rövşən Hüseynov (60 kq) keçirdiyi bütün görüşləri qələbə ilə başa vurub. O, zədəli olduğu üçün final qarşılaşmasından imtina edib. Ancaq finala çıxmaq Afina oyunlarına vəsiqə qazanmağa kifayət edib.
Paralel olaraq Polşanın paytaxtı Varşavada keçirilən turnirdə dörd boksçumuz mübarizə aparıb: Fuad Aslanov (51 kq), Şahin İmranov (57 kq), Tofiq Əhmədov (64 kq) və Vüqar Ələkbərov (91). Varşava rinqində mübarizədən yalnız Vüqar Ələkbərov və Şahin İmranov üzüağ çıxıblar. V.Ələkbərov bütün rəqiblərinə, o cümlədən finalda italiyalı Daniel Bettiyə qalib gələrək ikinci dəfə Olimpiya oyunlarında çıxış etmək hüququ əldə edib. Şahin İmranov isə finalda uduzsa da, ölkəmizi Ellada torpağında təmsil etmək hüququ qazanıb.

Dünya kuboku Bakıda qaldı

Sərbəst güləş üzrə ilk dəfə Bakıda keçirilən Dünya kuboku uğrunda yarışlar Azərbaycan komandasının parlaq qələbəsi ilə başa çatdı. Baş mükafat uğrunda dünyanın ən güclü kollektivləri - Kuba, Kanada, Cənubi Afrika Respublikası, Rusiya, İran komandaları və "ev sahibi" kimi Azərbaycan kollektivi mübarizə aparıb. Əsasnaməyə görə komandalar iki qrupda yarışıb. Püşkatmanın nəticəsinə əsasən Azərbaycan pəhləvanları Kanada və CAR komandaları ilə birgə "A" qrupunda mübarizə aparıb. Komandamız mübarizəyə bu heyətlə qoşulub: Namiq Abdullayev (55 kq), Nazim Əlicanov və Abil İbrahimov (hər ikisi 60 kq), Elman Əsgərov (66 kq), Elşad Allahverdiyev (74 kq), Vüqar Qurbanov (84 kq), Rüstəm Ağayev (96 kq) və Nikolay Telegin (120 kq).
Öncə "qara qitə" təmsilçiləri ilə qarşılaşan pəhləvanlarımız keçirdikləri görüşlərin hamısını qələbə ilə başa vurublar - 7:0. Yarışların ikinci günü güləşçilərimiz kanadalılara da aman verməyiblər və finala vəsiqə qazanıblar - 6:1. Güləşçilərimiz finalda "B" qrupunda birinci olan Rusiya pəhləvanları ilə qarşılaşıblar. Böyük qələbə əzmi nümayiş etdirən idmançılarımız 4:3 hesabı ilə qalib gələrək Dünya kubokuna sahib olublar. Final mərhələsinin bütün qarşılaşmalarının nəticələrini diqqətinizə çatdırırıq:
55 kq. Namiq Abdulayev - Cardel Dondupov - 4:2
60 kq. Abil İbrahimov - Ramil İslamov - 2:4
66 kq. Elman Əsgərov - Dmitri Kirilov - 4:2
74 kq. Elşad Allahverdiyev - Sergey Vitkovski - 2:5
84 kq. Vüqar Qurbanov - Teymuraz Qoçiyev - 4:3
96 kq. Rüstəm Ağayev - Aleksey Şmarov - 3:2
120 kq. Nikolay Telegin - David Musulbes - 3:4
Üçüncü yer uğrunda mübarizədə Kuba güləşçiləri Kanada təmsilçilərini yenib və bürünc mükafata yiyələnib.
2004-cü il Sidney oyunlarının qalibi Namiq Abdullayev turnirin ən yaxşı pəhləvanı kimi xüsusi mükafata layiq görülüb.

İntertoto: ilk rəqibimiz Avstriya klubudur

UEFA-nın Niondakı mənzil-qərargahında İntertoto kuboku uğrunda yarışların ilk üç mərhələsinin püşkatması keçirilib.
Reqlamentə görə yarışların ilk dövrəsində qitənin 61 klubu mübarizəyə başlayacaq. Yekunda üç qalib komanda UEFA Kuboku uğrundan yarışmaq hüququ qazanacaq. Yarışların ilk dövrəsi iyunun 19 - 20-də keçiriləcək. Cavab matçları isə bir həftədən sonra oynanılacaq.
Püşkatmanın nəticələrinə görə Azərbaycan təmsilçisi yarışların ilk dövrəsində Avstriya klublarından biri ilə qarşılaşacaq. Bu ölkələrin milli birinciliklərində oyunlar başa çatmadığından hələlik ilk mərhələdə üz-üzə gələcək klubların adlarını söyləmək çətindir.

Hazırladı: İ.KƏRİMLİ

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding