Qadın öz anasını niyə öldürdü?
Bəzən ilk baxışdan intihar və ya təsadüf ehtimalı yaradan ölüm faktlarının arxasında qəddarcasına törədilən cinayət hadisəsi dayanır. Bu faktların açılmasında ilk rolu ekspertiza rəyləri oynayır. Ötən il Yasamal rayonu, Tbilisi prospekti ev 43, mənzil 23-də qeydə alınan ölüm faktı da bu qəbildəndir.
Belə ki, əməliyyatçılar Ustinova Oktyabrina Mixaylovnanın meyitini hamamda su ilə dolu vannanın içində aşkar ediblər. Əvvəlcə 60 yaşlı qadının suda boğulduğu ehtimal olunub. Lakin ekspertiza rəyləri faktın cinayət hadisəsi olduğunu göstərib. Ekspertlər qadının bədənində xəsarət izləri aşkar ediblər. Rəyə əsasən, o, baş və boynundan aldığı bıçaq zərbələri ilə qətlə yetirilib. Bundan başqa hamamda aşkar edilən qan izlərinin analizi məsələni bir qədər dərinləşdirib. Müayinələrin nəticəsi göstərib ki, həmin izlər mərhum U.Mixaylovnaya aid deyil.
İlkin istintaq əməliyyatları zamanı qadının mənzildə tək yaşadığı məlum olub. Mərhumun qızları və qonşuları ilə aparılan söhbət nəticə verməyib. Bu dəfə istintaqa açarı binanın nəzarətçisi verib. Bildirib ki, hadisə baş verən gün axşam saat 18 radələrində mərhumun qızı Natalya ona zəng vurub. Qadın anasına zəng etdiyini, lakin dəstəyi götürən olmadığını deyib. Natalya ondan evlərinə baş çəkməyi xahiş edib. Gözətçi Oktyabrina Mixaylovnanın qapısını nə qədər döysə də, açan olmayıb. O, geri qayıdaraq, bu barədə Natalyaya məlumat verib. Bu faktları araşdırmağa başlayan istintaq qəribə olayla üzləşib. Məlum olub ki, hadisə baş verən gün Yasamal Rayon Polis İdarəsinə məlumat verən məhz Natalya olub. İstintaqçılar qadından şübhələnərək, onu izləməyə başlayıblar. 1958-ci il təvəllüdlü Natalya Alekseyevna Vorenin bölməyə dəvət olunub. Dindirilmə zamanı qətlin detallarına aydınlıq gətirilib.
Natalya Alekseyevna bildirib ki, ailəsi ilə birlikdə Avstraliyaya getməyə hazırlaşırmış. Buna görə də ona pul lazım olub. Oktyabrina Mixaylovna isə qızına əl tutmaq istəməyib. Natalya anasını öldürmək qərarına gəlib. Qətli həyata keçirməyi isə bacısı Lyüdanın oğlu, 1982-ci il təvəllüdlü Etyen Eldar oğlu Həsənova həvalə edib.
Etyeni bölməyə çağıran əməliyyat qrupunu maraqlandıran ilk nüans isə onun barmağındakı yaralarla bağlı olub. E.Həsənov dostları ilə mübahisə zamanı əlinin kəsildiyini bildirib. Oğlanın dostları Çingiz və Əli dindirilib. Çingiz dostunun dediklərini təsdiqləsə də, Əli belə bir hadisənin olmadığını bildirib. Əlavə edib ki, Etyen bu yalanı təsdiqləməsi üçün ona 250 min manat verib. Beləcə, istintaq qarşısında ifşa olunan Etyen cinayəti necə törətdiyini danışıb.
Məlum olub ki, ötən il dekabrın 31-də Natalya anasıgilə gəlib. O, yeni il axşamı anası ilə birlikdə qalacağını bildirib. Qadın da buna çox sevinib. Natalya gecə saat 22 radələrində Etyenə zəng vuraraq, yatmağa hazırlaşdıqlarını bildirib və tez gəlməsini tapşırıb. Gecə saat 23 radələrində Etyen nənəsigilə gəlib. Xalası onu tək qoymaq məqsədilə mənzili tərk edib. Etyen həyətdə gözləyən Çingizdən yuxarı qalxmasını xahiş edib. Dostu içəri girərkən Etyenin nənəsinə bıçaq zərbələri endirdiyini görüb. Onlar birlikdə ev əşyalarını dağıdaraq, mənzildə qarət baş verdiyi barədə görüntü yaratmağa çalışıblar. Sonra meyiti hamama apararaq, su ilə doldurulan vannaya salıblar. Cinayətkarlar evi qarət ediblər. Oğurladıqları pulun 850 dolları Çingizə çatıb.
Hazırda Yasamal Rayon Prokurorluğunda CM-in 120-ci maddəsilə qaldırılan cinayət işi üzrə ilkin istintaq yekunlaşmaq üzrədir. Faktla bağlı 3 nəfər- Natalya Alekseyevna Vorenin, Etyen Həsənov və Çingiz Məmmədov məsuliyyətə cəlb olunublar.
Rusiyada iki azərbaycanlı həbs olunub
Adam oğurluğunda şübhəli bilinərək, barəsində axtarış elan edilən iki nəfər soydaşımız Rusiyada həbs olunub. Onlar "Binə" ticarət mərkəzinin direktorunun qardaşının oğurlanmasında iştirak ediblər.
Hazırda Elxan Məmmədov və Şaiq Hüseynovun ekstradisiyası üçün müvafiq sənədləşdirmə işləri aparılır. Hər iki ölkə arasında qarşılıqlı hüquqi yardım barədə imzalanan müqaviləyə əsasən, onlar Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil veriləcək.
Məlumata görə, 2000-ci ildən axtarışda olan E.Məmmədov və Ş.Hüseynov ötən müddətdə saxta sənədlərlə Rusiyada yaşayıblar. Burada ticarətlə məşğul olublar.
Dəstənin başçısı Nardaran qəsəbə sakini "Bala" ləqəbli Balaqardaş Dadaşov axtarışdadır. Əvvəllər məhkum olunan həmin şəxsin təşkil etdiyi dəstənin üzvləri sırasında həbsxana taleyi yaşayanlar çoxdur. Onlardan biri karate üzrə beynəlxalq dərəcəli idmançı Ülfət Xudiyev əvvəllər törətdiyi cinayətə görə 10 il müddətinə azadlıqdan məhrum olunub. Həbs müddətinin bitməsinə bir ay qalmış Ü.Xudiyevə qarşı yeni cinayət işi qaldırılıb. İttihama əsasən, o, 2 saylı həbs düşərgəsində olduğu vaxt "Binə" ticarət mərkəzinin rəhbəri Məmmədmirzə Mirzəyevin qardaşı Tofiq Mirzəyevi oğurlamaq üçün plan hazırlayıb. Onlar ötən ilin sonlarında T.Hüseynovu oğurlamağa müvəffəq olublar. "Girov"un üzərindən 1 milyon 833 min manat pulunu və digər qiymətli əşyalarını götürən dəstə üzvləri onun azadlığını 1 milyon 500 min dollar məbləğində dəyərləndiriblər. Bu barədə oğurladıqları şəxsin qardaşı M.Mirzəyevlə telefon əlaqəsi saxlayan cinayətkarlar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə Tofiqi öldürəcəklərini bildiriblər. Lakin M.Mirzəyev hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Keçirilən xüsusi əməliyyat nəticəsində T.Mirzəyev azad edilib. Bu zaman polisə müqavimət göstərdiyi üçün Yaşar adlı dəstə üzvü qətlə yetirilib.
Həmin cinayətdə iştirak edənlərin bir qismi mühakimə olunublar. Dəstə üzvlərindən Ülfət Xudiyev 9, digərləri 8-14 il müddətinə azadlıqdan məhrum ediliblər.
Quldur, yoxsa çilingər?
Quldurluq edənlər arasında "münasib obyekt" kimi binaların bloklarını seçənlər az deyil. Bu il yanvarın 4-də belə bir cinayət törətməkdə günahlandırılan Yevlax rayon sakini Ceyhun Hüseynov müttəhimlər kürsüsündə əyləşib. 1978-ci il təvəllüdlü C.Hüseynov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakimə olunur.
Cinayət işində zərərçəkən kimi tanınan Anastasiya Əhmədova bildirib ki, yanvarın 4-də saat 21 radələrində Nəriman Nərimanovun heykəlinin yaxınlığındakı binada yaşayan rəfiqəsinin evindən çıxıb. 2-ci mərtəbədə əvvəllər tanımadığı şəxs qarşısını kəsib. Bıçağı onun boğazına dirəyib ölümlə hədələyərək, üstündə olan pul və qızıl əşyalarını verməsini tələb edib. Bu yolla içərisində 500 min manat olan çantasını dartıb alaraq, qaçmağa cəhd göstərib. A.Əhmədova qışqıraraq, səs-küy salıb. Ərazidə xidmət aparan polis əməkdaşı onun köməyinə çatıb. Polis cinayətkarı yaxalaya bilib.
Yasamal rayon 26-cı Polis Bölməsinin əməkdaşı, sahə müvəkkili Əşrəf Məmmədov deyib ki, 5 saylı binanın həyətində olarkən 4-cü blokdan qışqırıq səsi gəlib. O, köməyə çatanda oğlan çantanı yerə atıb. C.Hüseynovun üstünə baxış keçirilərkən narkotik maddə tərkibli tiryək aşkar edilib. Müttəhim ilkin istintaqda bildirib ki, yanvarın 4-də gecə Bakıya gəlib. Avtovağzalda gecələyib. Səhərisi şəhəri gəzib. Hava qaralanda pul əldə etmək məqsədilə kimisə soymaq fikrinə düşüb. N.Nərimanovun heykəlinin qarşısındakı binaya girərək, blokları gəzməyə başlayıb ki, qarşısına çıxanların birindən pul qoparsın.
4-cü blokda 2-ci mərtəbədə qarşısına çıxan qızın pullarını ələ keçirmək istəyib. Məhkəmə istintaqı zamanı C.Hüseynov çilingər olduğunu bildirərək, məhz işi ilə bağlı həmin binaya gəldiyini deyib. O, Anastasiya Əhmədovaya hücum etmədiyini söyləyib.
İstintaq davam edir.
|