#14(991) MƏDƏNİYYƏT
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Aktual

İç siyasət

Dünya

Müsahibə

İş həftəsi

Kriminal

Zəriflik

Mədəniyyət

Sərbəst

Təəssürat

Qiraət

Ədəbiyyat

Arena

İdman

Təqvim

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

Fərman Kərimzadənin xatirə gecəsi keçirildi

Dünən Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli nasir Fərman Kərimzadənin xatirə gecəsi keçirildi. Gecənin aparıcısı görkəmli qələm ustası Gülhüseyn Hüseynoğlu ədibin həyat və yaradıcılığı haqqında qısaca məlumat verdi. Sonra söz Fərman Kərimzadə ilə bağlı xatirələrini bölüşmək istəyən müxtəlif sənət adamlarına verildi. Tarixi romanlar ustası kimi tanınan yazıçının uşaqlıq dostu, şair İnqilab Vəlizadə ədəbi aləmdə qazandığı nüfuza görə Fərman Kərimzadəyə borclu olduğunu bildirdi.
Şairə Bahar Bərdəli yazıçının həm də gözəl şerlər müəllifi olmasından danışdı. Onun şair təbiətli, kövrək, son dərəcə həssas insan olduğunu vurğuladı.
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Fərman Kərimzadənin milli ədəbi aləmdəki yeri, ədəbiyyatımızın inkişafındakı xidmətləri haqqında danışaraq, yazıçının bir şəxsiyyət kimi özünəməxsüs xüsusiyyətlərindən bəhs etdi. Anar Fərman Kərimzadənin "Qarlı aşırım" əsəri üzərində bir qədər ətraflı dayanaraq, bu əsərin onun yaradıcılığında xüsusi yer tutduğunu bildirdi. Həm də peşəkar rəssam olan Fərman Kərimzadənin bütün əsərlərində, yaradıcılığında bu qabiliyyətinin duyulduğunu vurğuladı. Şair İlyas Tapdıq isə daha çox Fərman Kərimzadə ilə müxtəlif illərdə, ayrı-ayrı yerlərdə baş tutmuş görüşlərini, birgə səfərlərini, onunla bağlı yadda qalan xatirələrini dilə gətirdi.
Xatıladaq ki, görkəmli nasir kimi tanınan Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. İbtidai təhsilini orada alsa da, 1954-cü ildə orta məktəbi Azərbaycanın Beyləqan rayonunun Şahsevən kəndində bitirib. 1955-1960-cı illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Azərbaycanın bir neçə rayonunda orta məktəb müəllimi işləyib. 1965-1967-ci illərdə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirib. Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, böyük redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərində ədəbi işçi, şöbə müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kollegiya üzvü, "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri olub. 1980-1981-ci illərdə Şüvəlan yaradıcılıq evinin direktoru işləyib. Bir çox əsərlərin müəllifi olan Fərman Kərimzadə "Qarlı aşırım", "Xudafərin körpüsü", "Çaldıran döyüşü" kimi tarixi romanları ilə tanınır.

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding