#14(991) MÜSAHİBƏ
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Aktual

İç siyasət

Dünya

Müsahibə

İş həftəsi

Kriminal

Zəriflik

Mədəniyyət

Sərbəst

Təəssürat

Qiraət

Ədəbiyyat

Arena

İdman

Təqvim

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

Kəndlilər bütün vergilərdən azad olunacaq
Ağacan Əhmədov: "Hökumət regionlarda kənd təsərrüfatının inkişafı və stimullaşdırılması ilə bağlı önəmli bir fərman hazırlayır"

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının imzalanmasından iki ay ötür. Bu müddətdə proqramın icrasına məsul olan müvafiq strukturlar müşavirələr keçirib, hər bir icra strukturu görəcəyi işlərlə bağlı fəaliyyət proqramı hazırlayıb. Onların effektivliyini isə əldə olunan nəticələr göstərəcək. İqtisadi İnkişaf Nazirliyində yaradılan Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının katibliyinin rəisi Ağacan Əhmədov "Bizim ƏSR"ə müsahibəsində sənəddə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin real olduğunu vurğulayaraq, bunun üçün yerli potensiala üstünlük veriləcəyini bildirib:

- Hazırda paytaxtla regionlar arasında kəskin fərq mövcuddur. Bakı inkişaf edib, yüksək texnologiyaların tətbiq olunduğu şəhərə çevrilib. Regionlarda əhalinin sosial durumu və məşğulluq səviyyəsi də paytaxtla müqayisədə aşağıdır. Ona görə də, bu proqramda Bakının inkişaf məsələlərinə toxunulmayıb. Gəlin, bunu rəqəmlərlə göstərək. Azərbaycanda müxtəlif istehsal sahələrinə qoyulan xarici investisiyanın yalnız 20 faizi regionların payına düşür. Büdcə daxilolmalarında regionların iştirakı 15 faizi keçmir. Vergi ödəyicilərinin 85 faizi paytaxtda toplaşıb. Kommunikasiya ilə yanaşı, səhiyyə xidmətinin də vəziyyəti kafidir. Rayonlarda tibbi diaqnostika mərkəzləri olmadığından, bəzən adi analizləri vermək üçün əhali Bakıya üz tutur. İqtisadi inkişafla yanaşı, proqram bu çatışmazlıqların da aradan götürülməsini təmin edəcək.

- Ağacan müəllim, proqramın icrasında katibliyin işi nədən ibarətdir?

- Bu qurum proqramla bağlı işlərin əlaqələndirilməsi ilə məşğul olur. Ayrı-ayrı rayonların inkişafına yönələn dövlət siyasətini həyata keçirən müvafiq nazirliklərlə yerli icra hakimiyyətləri, bələdiyyələr arasında işlərin qurulmasına yardım göstərir. Katiblik regionlarda fəaliyyətə başlamaq istəyən yerli sahibkarlarla dövlət arasında ünsiyyət qurulmasında vasitəçidir. Proqrama uyğun olaraq, hazırda 8 regional şöbə fəaliyyətə başlayıb. Quba-Xaçmaz, Abşeron-Sumqayıt, Gəncə-Qazax, Şəki-Zaqatala, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ, Naxçıvan regional şöbələrində struktur formalaşıb və proqramın icrası ilə bağlı işlərə start verilib. Yuxarı Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərin böyük qismi erməni işğalı altında olduğundan, proqram Ağdam və Füzulinin azad edilmiş kəndlərini və Tərtəri əhatə edir. Hazırda 1482 kvadratkilometr ərazini əhatə edən bu bölgədə 211 min əhali yaşayır. İqtisadi İnkişaf Nazirliyi hər bir iqtisadi rayonda zona müşavirələri keçirməklə, mövcud vəziyyəti və problemləri araşdıraraq, konkret hansı işlərin görülməsinin mümkünlüyünü önə çəkəcək. Gəncədə, Lənkəranda, Sumqayıtda belə müşavirələr keçirilib. Bu yaxınlarda Mingəçevirdə 27 rayonun nümayəndələrinin iştirakı ilə geniş müzakirələr aparılacaq. Müşavirələrə bütün icraçı orqanların əməkdaşları, yerli sahibkarlar da toplaşırlar. Dövlət Proqramı çox konkretdir və tədbirlərin həyata keçirilməsi yolları dəqiq şəkildə öz əksini tapıb. Ona görə də, hər bir icra strukturu öz sahəsində hansı işi görəcəyini bilir.

- Həmin görüşlərin nəticəsi kimi hansı addımlar atılıb?

- Hökumət regionlarda kənd təsərrüfatı istehsalının inkişafı və stimullaşdırılması ilə bağlı önəmli bir fərman hazırlayır. Fərmanda kəndlilərə əlavə güzəştlərin verilməsi və onların bütün vergilərdən azad olunması nəzərdə tutulub. Aqrar sektorun inkişafına qrant və kredit şəklində böyük vəsait qoyulması planlaşdırılır. Sahibkarlara kreditlərin verilməsində bəzi dəyişikliklər edilməsini nəzərdə tutan yeni təkliflər paketi Nazirlər Kabinetinə təqdim olunub. Sənəddə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin verilməsi qaydalarına dəyişikliklərin edilməsi nəzərdə tutulub. Yeni təkliflərə əsasən, hökumət həmin kreditləri sahibkarlara daha uzun müddətə və aşağı faizlə vermək fikrindədir. Maliyyə çatışmazlığından gileylənən sahibkarlardan ötrü ipoteka, vençur kapitalından istifadə yollarını tənzimləyən qanunvericilik bazasının yaradılması üçün mütəxəssislər cəlb olunub. Regional müşavirələrin nəticəsi kimi, yaxın vaxtlarda kənd əhalisinin vəziyyətini yüngülləşdirmək məqsədilə hər rayonda ən azı bir aqrotexservis, tibbi diaqnostika mərkəzi açılacaq. Rayonlarda bank xidmətləri aşağı səviyyədədir. Buna görə ödənilən xidmət haqqı isə yüksəkdir. Hazırda banklarla bu mövzuda danışıqlar gedir. Rayonlarda maliyyə sektorunun fəaliyyəti çox zəifdir. Girov sistemindəki çətinliklər regionlar üçün daha xarakterikdir. Torpaq bazarının yoxluğu, rayonlarda bankın gəlirlilik dərəcəsinin aşağı olması kimi nüanslar mövcuddur. Buna görə də, hökumət sığorta sisteminin yaradılması məsələsini vacib hesab edir. Qeyd edim ki, regionlarda bir neçə müəssisə işə salınarsa, pul dövriyyəsi artacaq. Bu isə bankların öz xidmətlərini təklif etməsi ilə nəticələnəcək. Yəni sadaladığımız problemləri azad bazar münasibətləri tənzimləyəcək.

- Regionlarda hazırda fəaliyyəti dayanmış perspektivli müəssisələrin sayı dəqiqləşdirilirmi?

- Apardığımız araşdırmalara əsasən, hazırda regionlarda 58 perspektivli müəssisə var. Onlardan bir qisminin işə yararlılıq vəziyyətini yaxşı, bəzilərinkini kafi hesab etmək olar. Həmin müəssisələrə müəyyən vəsait yönəltməklə onların fəaliyyətini bərpa etmək mümkündür. Bunlar, əsasən, kənd təsərrüfatı məhsullarının emalı, yüngül sənaye müəssisələridir. Regionlarda heyvandarlıq daha çox inkişaf edib. Ancaq süd emalı müəssisələri yoxdur. Məsələn, Goranboyun icra başçısının sözlərinə görə, gündə 8-9 min litr süd istehsal olunur. Ancaq rayonda süd emal edən bir müəssisə belə yoxdur. Südün satışını təşkil etmək müşkülə çevrilib. Halbuki, Goranboyun yaxınlığında yerləşən Gəncədə yağ-piy və ət-süd emalı zavodları var. Sahibkar Goranboyda balaca bir qəbul məntəqəsi açaraq, həmin məhsulları yığıb Gəncədə emal edə bilər. Bu, real gəlir mənbəyidir. Yevlax yun zavodu özəlləşib və yəqin ki, müəssisənin işə düşməsi ilə bağlı sahibkar konkret işlər görəcək. Hazırda Azərbaycan dəri ixracatçısına çevrilib və dəri xammal şəklində, əsasən, Türkiyəyə aparılır. Dərinin, yun sapların emalı perspektivli sahələrdir. Bu bazarda boşluq mövcuddur. Tullantı taxtaların işlənməsi ilə bağlı real imkanlar var. Hər bir rayonda tikiş sexləri mövcuddur. Yerli sahibkarlar sexlərin bir qisminin fəaliyyətinin bərpasına cəhd göstəriblər. Lakin elektrik enerjisi fasilələrlə verildiyindən, müəssisələri saxlamaq baha başa gəlir. Regionda sahibkar satış bazarı və məhsulun rəqabətə davamlılığı ilə bağlı problemlərlə üzləşir.

- Fəaliyyətini dayandırmış sənaye müəssisələrinin vəziyyəti necədir?

- Onlardan kənd təsərrüfatı texnikasının təmiri və ehtiyat hissələrinin istehsalı ilə məşğul olmuş müəssisələri perspektivli saymaq olar. Hazırda Azərbaycanda traktorlara ehtiyac böyükdür. Ancaq söhbət iri deyil, mini traktorlardan gedir. Bu maşınların ölkəmizdə buraxılması mümkündür. Ağdaşda sink qablar buraxan zavodun profilini dəyişməklə işə salmaq olar. Gəncə-Qazax iqtisadi rayonu faydalı qazıntılarla zəngindir. Daşkəsəndə dəmir filizi, zəylik aluniti, Xoşbulaq əhəng daşı ehtiyatları sənaye əhəmiyyətlidir.

- Proqramda ənənəvi əkinçilik sahələrinə xüsusi yer verilib. Onların yenidən bərpası realdırmı?

- Şamaxıda üzüm bağlarının yerində indi taxıl əkilir. Azərbaycanda torpağa yüksək qulluq nəticəsində ən yaxşı halda bir hektardan 4 ton taxıl yığılıb. Hazırda həmin sahələrdən 1,5 ton məhsul toplamaq mümkündür. Taxılla üzümün dəyərində isə çox böyük fərq var. Müqayisə üçün deyim ki, taxılın kiloqramı ən bahalı halda 2 min manatdır. Üzümün kiloqramı isə 5 mindir. Üzümdən istehsal olunan şərabın təbii yolla əmələgəlmə müddəti 40 gündür. Hazır şərabın qiyməti isə 20 min manatdır. Düşünürəm ki, əlavə rəqəmlərə ehtiyac yoxdur. Ona görə də, ənənəvi üzümçülüklə məşğul olan rayonlar bərpa edilməlidir. Buna ölkənin şərab zavodlarının mövcud vəziyyəti də imkan verir. Əhali arasında üzümçülüyə meyl də artıb. Qışda ölkəmizə Suriyadan üzüm, alma gətirilir. Tovuz rayon icra başçısının sözlərinə görə, 7 soyuducu olsa, bütün Bakının üzümə olan tələbatını ödəyə bilərlər.

- Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı kreditlərdə regional layihələrin payı çoxdurmu?

- Ötən il Mərkəzi Aran rayonuna 11 milyard 229 milyon manat məbləğində 101 kredit verilib. Kredit alan rayonlar arasında Şəki-Zaqatala, Yuxarı Qarabağ da var. Həmin vəsaitlər kənd təsərrüfatı, heyvandarlıq, çörək-kökə məmulatlarının hazırlanması, tütün və yun tədarükü, emal sahələrini əhatə edir.

- Gəncədə keçirilən müşavirədə iqtisadi inkişaf naziri Fərhad Əliyev avtomobil zavodunun ilin sonuna qədər işə düşəcəyini bildirib...

- Gəncə avtomobil zavodu həmin dövrdə SSRİ dövlətləri üçün nəzərdə tutulub və çox iri müəssisədir. Müəssisəyə sərmayə qoyulması ilə bağlı danışıqlar konkretləşmək üzrədir. Güman var ki, zavodun bir hissəsi "Folksfagen"ə, digər hissəsi "QAZel"ə verilsin. İlin axırına qədər bu məsələ həllini tapacaq. Gəncə şəhər icra başçısının iqtisadi forum keçirmək təşəbbüsünü alqışlayıram. Bunun digər regionlarda da baş tutmasını arzu edərdim.

- Regional proqramla bağlı nazirliyə layihələr verilibmi?

- Turizmlə bağlı layihələr hazırlanıb. Düşünürəm ki, hazırda Azərbaycanda daxili turizmlə bağlı potensialın inkişafı daha realdır. Elə layihələr var ki, onu dövlət özü həyata keçirəcək. Çünki orada nəzərdə tutulan tədbirlərin bir çoxu dövlət büdcəsi, beynəlxalq təşkilatlar, kredit ittifaqları hesabına maliyyələşəcək. Dövlət qrant və kredit şəklində alacağı vəsaitlə həmin layihələri gerçəkləşdirəcək. Buraya yolların, körpülərin çəkilməsi, əlillər üçün bərpa məkəzlərinin açılması, kanalizasiya sisteminin, elektrik xətlərinin yeniləşdirilməsi, yeni elektrik stansiyalarının tikilməsi daxildir. Bəzi layihələrdə isə sahibkarlardan aktivlik və bacarıq tələb olunur. Xüsusən də, fəaliyyəti dayanmış müəssisələrin işə salınması sahibkarlardan asılı olacaq. Bir neçə kənd birlikdə emal müəssisəsi aça bilər. Bu, həmin kəndlərin ehtiyacını ödəyəcək. İndi regionlarda kəndli ittifaqlarının yaradılması prosesi gedir. Dövlət bölgələrdə yerli sahibkarların fəallaşmasını istəyir. Buna görə də, layihələrin hazırlanmasında onlara hüquqi və texniki yardım göstərməyə hazırıq.

- Əcnəbi iş adamlarının həmin layihələrlə tanışlığı üçün hansı işlər görülür?

- Regional inkişafla bağlı ayrıca internet saytı hazırlanır, kitabçalar buraxılır. Hazırda İqtisadi İnkişaf Nazirliyinin internet ünvanında 400-ə qədər perspektivli layihə yerləşdirilib. Həmin layihələrlə maraqlanan xarici sərmayəçilər var. Əcnəbilərdən bir neçəsinin xahişilə bəzi layihələri bütövlükdə onlara göndərmişik.

İlhamə XANLARQIZI

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding