"Sən də nəğməni oxu!"
"Lider" TV istedadların üzə çıxarılmasına yardımçı olacaq
Bu yaxınlarda "Siemens Mobile"-nin təşkil etdiyi "Sing Your Song" ("Sən də nəğməni oxu!") musiqi müsabiqəsinin növbəti startı veriləcək. İkinci ildir keçirilən bu müsabiqədə 18 yaşı tamam olmuş Azərbaycan vətəndaşlarının hər biri iştirak edə bilər. Və bu il iştirakçıları ötən ilkindən fərqli olaraq daha əlverişli şərtlər gözləyir.
Belə ki, bu dəfə iştirakçılar seçim turunda öz səslərini CV və kaset vasitəsilə deyil, canlı şəkildə nümayiş etdirəcəklər. Bundan başqa, seçim turları və münsiflər heyətinin rəyi ilə müsabiqəyə qoşulacaq iştirakçıların səhnəyə hazırlıq prosesi yeddi həftə ərzində "Lider" televiziyasında yayımlanacaq. Hər həftənin cümə günü isə yarışçılar canlı orkestrin müşayiəti ilə daha böyük proqramla efirdə görünəcəklər.
Seçim turu Bakı və Gəncə şəhərlərində aprelin 19-dan 21-dək davam edəcək. İştirakçılar Azərbaycan dilində olmaq şərtilə musiqinin istənilən janrında mahnı ifa edə bilərlər.
Gənclər müsabiqədə solo və ya ən çoxu 4 nəfərdən ibarət qrup şəklində iştirak edə bilərlər.
Münsiflər heyəti ilk turda 20 nəfər istedad seçəcək. Final mərhələsinə isə 8 nominant vəsiqə alacaq və onlar mayın 8-dək yerli ulduzların rəhbərliyi ilə xoreoqrafiya və vokal məşğələləri keçəcəklər. Xatırladaq ki, müsabiqədə iştirakla bağlı bütün mərhələlərin tələb etdiyi xərclər layihə rəhbərlərinin öhdəsinə düşür. Layihənin partnyorları isə "Azercell" BM və "Lider" TV-dir.
Nəhayət, iyunun 19-da "Sing Your Song" müsabiqəsinin final mərhələsi keçirilməli və efir vasitəsilə bir nəfər qalib elan edilməlidir. Qalibi 5000 ABŞ dolları və şəxsi albomunun buraxılması mükafatı gözləyir.
Qeyd edək ki, seçim turlarının nəticələri münsiflər heyətindən asılı olsa da, yarımfinal və final mərhələsinin qaliblərini izləyicilər SMS və internet vasitəsilə seçəcəklər. Münsiflər heyətinin tərkibi isə hələlik dəqiqləşdirilməyib.
Əgər diqqət yetirdinizsə, "Sing Your Song"un builki şərtləri Türkiyədə keçirilən "Pop star" musiqi müsabiqəsini xatırladır və demək olar ki, onun yerli analoquna çevrilib.
Layihənin rəhbəri Osman Erkut musiqi müsabiqələrinin bir-birinə bənzəməsini normal hal hesab edir. O, bu yarışmanın bir çox istedadları üzə çıxaracağına, tamaşaçılara isə əsl əyləncəli şou bəxş edəcəyinə əmindir.
Tünzalə Ağayevanın
boşanma prosesi
davam edir
Müğənni Tünzalə Ağayevanın boşanma ilə bağlı məhkəmə prosesi Nəsimi Rayon Məhkəməsində davam edir.
Müğənni ərinin evdən çıxarkən özü ilə 9 min ABŞ dolları götürdüyünü iddia edir və məbləğin 5 min dollarının ona qaytarılmasını tələb edir. Əks tərəf isə nəinki iddianı qəbul etmir, üstəlik, Tünzalənin özü ilə götürdüyü maqnitofon və videoproyektorun qaytarılmasını istəyir. Bundan başqa, müğənninin keçmiş həyat yoldaşı övladının Tünzalə ilə qalmasına imkan verməyəcəyini bildirib. Qeyd edək ki, müğənnini məhkəmədə qardaşı təmsil edir. Məhkəmə prosesi davam edir.
Bəsti Sevdiyeva yeni albom hazırlayır
Tanınmış muğam ustası Bəsti Sevdiyeva yaradıcılığında bir sıra yeniliklər edib. Hazırda bəstəkar Şəfiqə Axundova ilə işləyən sənətçi onun "Həsrətin", "Layla", "Yağış döyür pəncərəmi" və bəstəkar Novruz Aslanovun "Geri dönəcəksən" adlı mahnıları üzərində çalışır. "Kəsmə şikəstə" və "Şirvan şikəstəsi"ni böyük məharətlə ifa edən xanəndə bu yaxınlarda "Zabul segah"ı dəstgah şəklində lentə yazdırmağı planlaşdırıb. Bütün bu yeniliklər isə Bəsti xanımın may ayında işıq üzü görəcək yeni diskində toplanacaq.
Nazpəri Dostəliyeva
Moskvada konsert verəcək
Tanınmış müğənni Nazpəri Dostəliyeva yaxın günlərdə Moskvaya yola düşəcək. Səfərin məqsədi Rusiya paytaxtında növbəti konsert proqramı ilə çıxış etməkdir.
Xatırladaq ki, bu, müğənninin Moskvada reallaşan dördüncü konsert proqramı olacaq. Azərbaycan diasporunun təşkil etdiyi konsert Moskvanın məşhur salonlarından birində baş tutacaq.
Səfərdən qayıdan kimi Nazpəri xanım mərhum şairimiz Cabir Novruzun sözlərinə Nailə Mirməmmədlinin bəstələdiyi mahnılardan birinə klip çəkdirəcək. Daha sonra isə müğənni pərəstişkarlarını solo konserti ilə sevindirəcək.
|