Milli davamızı heç nəyə güzəştə getmərik
Qardaş ölkəyə səfəri öncəsi Türkiyə mediasına müsahibə verən prezident İlham Əliyev "Türkiyənin hər hansı təzyiq altında Ermənistana qapı
açacağını düşünmürəm. Biz milli davamızı xarici təzyiqlərə
qurban verə bilmərik" - deyə vurğulayıb
İlham Əliyev Ermənistana da mesaj göndərib: "Ermənistan Türkiyə ilə sərhədin açılmasını istəyirsə, öncə Dağlıq Qarabağ ətrafındakı beş rayonu azad etsin"
Xəbər verildiyi kimi, prezident İlham Əliyev aprelin 13-də Türkiyəyə rəsmi səfərə gedəcək. Səfər gedişində iki qardaş ölkənin strateji münasibətlərini möhkəmləndirəcək bir sıra sənədlər, o cümlədən 2010-cu ilə qədər olan dövr üçün genişmiqyaslı iqtisadi əməkdaşlıq sazişi imzalanacaq.
Dövlət başçısının Ankarada aparacağı danışıqların başlıca mövzusu isə Qarabağ məsələsi olacaq. İ.Əliyev bu fikri səfər öncəsi Türkiyə mediasına müsahibələrində vurğulayıb. Qeyd edək ki, qardaş ölkənin KİV-i Azərbaycan prezidentinin səfərinə böyük diqqət verir. Türkiyənin nüfuzlu "Hürriyyət" və "Milliyyət" qəzetlərinin, həmçinin "Show TV"-nin müxbirləri bu günlərdə Bakıya gələrək İ.Əliyevdən müsahibə alıblar. Prezident "Hürriyyət" qəzetinin dünənki sayında dərc olunan müsahibəsində son günlər gündəm mövzusu olmuş Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə də münasibət bildirib. İ.Əliyev qeyd edib ki, bu məsələdə xarici qüvvələrin, o cümlədən Avropa Birliyinin Türkiyəyə müəyyən təzyiqlər etməsindən xəbərdardır. Amma qardaş ölkənin bu təzyiqlər qarşısında geri çəkiləcəyini düşünmür. Prezident vurğulayıb ki, Qarabağ məsələsi Azərbaycanla bərabər, Türkiyənin də milli davasıdır: "Ermənilərin torpaq iddiaları təkcə bizə deyil, həm də Türkiyəyə ünvanlanıb. Biz Türkiyənin Avropa Birliyinə girməsini bütün gücümüzlə istəyirik. Amma Türkiyə böyük dövlətdir və o, xarici təzyiqlərə görə bu milli davadan vaz keçə bilməz".
Prezident Ermənistana da mesaj göndərib: "Ermənistan Türkiyə ilə sərhədin açılmasını istəyirsə, öncə Dağlıq Qarabağ ətrafındakı beş rayonu azad etsin". Dövlət başçısı xatırladıb ki, Avropa Birliyinin bu barədə təklifi Ermənistan tərəfdən rədd olunub. İ.Əliyev Ermənistan rəhbərliyini illüziyalara uymamağa çağırıb: "Biz "oldu-bitdi" deyə bu işğalla əsla barışmayacağıq. Qarabağ heç vaxt, heç zaman Ermənistanın bir parçası, yaxud müstəqil bir dövlət olmayacaq".
Milli Ensiklopediya xalqın yaddaşıdır
Onun mükəmməl şəkildə ərsəyə gəlməsi üçün təkcə elmi
bilik və peşəkarlıq deyil, həmçinin milli məfkurə və vətənpərvərlik də zəruridir
Xəbər verildiyi kimi, prezident İlham Əliyev 2004-cü il yanvarın 12-də Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında sərəncam imzalayıb.
Aprelin 3-də isə dövlət başçısının fərmanı ilə Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin tərkibi və Əsasnaməsi təsdiq edilmişdi. Aprelin 8-də prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin ilk iclası keçirilib.
İclasda prezident sərəncamına uyğun olaraq Milli Ensiklopediyanın sözlük lüğətinin və Azərbaycan Respublikasına həsr olunacaq xüsusi cildin layihə variantı nəzərdən keçirilib. Lakin iclas gedişində məlum olub ki, hər iki layihənin hazırlanmasına məsul şəxslərin, ilk növbədə "Azərbaycan Milli Ensiklopediyası" Nəşriyyat və Poliqrafiya Birliyinin direktoru İsmayıl Vəliyevin dövlət başçısına təqdim etdikləri iki "cild" nəinki müəyyən elmi prinsiplərə və tarixi gerçəkliyə, ümumilikdə ensiklopediya adına yaramayan materiallar toplusundan ibarətdir. Bu işə məsul şəxslərin səbatsızlığı o həddə çatıb ki, onlar Azərbaycan tarixinin sovet dövründə yazılmış, daha doğrusu Mixail Qorbaçovun antiazərbaycan təlimatlarına köklənmiş variantını yeni Milli Ensiklopediyanın layihəsində prezidentə təqdim ediblər.
Prezidentin bu fakta münasibəti də adekvat olub. Prezident "Azərbaycan Milli Ensiklopediyası" Nəşriyyat və Poliqrafiya Birliyinin direktoru İsmayıl Vəliyevi iclasdan qovub və Milli Ensiklopediyanın baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovdan izahat istəyib. Sonuncunun "izahatı" isə böyük səhlənkarlığa yol verdiklərini izah etməkdən ibarət olub. Məlum olub ki, onun prezidentə təqdim edilən "cild"lərdə nə olduğundan, ümumiyyətlə, xəbəri yoxmuş.
İclasda çıxış edən İ.Əliyev Redaksiya Heyətinə həm sözlüyün, həm də Azərbaycan Respublikasına həsr ediləcək xüsusi cildin layihəsini tamamilə yenidən hazırlamağı tapşırıb. Dövlət başçısı vurğulayıb ki, ensiklopediya Azərbaycan tarixini, Azərbaycanın bu gününü və ümumiyyətlə, Azərbaycanda bütün əsrlər boyu baş vermiş hadisələri oxuculara açıq-aydın, qərəzsiz, təhrifsiz çatdırmalıdır.
Prezident qeyd edib ki, vaxtilə "Azərbaycan Sovet Ensiklopediyası"nda Azərbaycanın tarixi o dövrün ideoloji çərçivəsində təqdim olunmuşdu: "İndi Azərbaycan müstəqil dövlətdir. İndi Azərbaycanda nə Şaumyan var, nə də başqası. Əgər özümüzdən olanlar burada Xankəndi əvəzinə Stepanakert yazmasalar, bizim qarşımıza heç bir problem çıxmayacaq. Mən nə bu Sözlüyü, nə də 1-ci cild adlandırılan kitabı qəbul edirəm və hesab edirəm ki, bu ensiklopediyanın hazırlanmasında, formalaşmasında bundan istifadə etmək mümkün deyil. Hər şey yenidən işlənilməlidir". Prezident bildirib ki, Milli Ensiklopediya 25 cilddən az olmamaq şərtilə nəşr edilməli, eyni zamanda, o, elektron daşıyıcılarına çıxarılmalı, xarici dillərə tərcümə edilməlidir.
İclasda çıxış edən Redaksiya Heyəti sədrinin birinci müavini, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev Milli Ensiklopediyanın hazırlanması ilə bağlı konkret təklifləri qeyd edib. Həmin təkliflərə görə, Sözlüyün son variantı iyun ayının 1-dək mövcud olan ensiklopediyaların söz ehtiyatı əsasında zənginləşdirilib tamamlandıqdan sonra geniş müzakirəyə çıxarılmalı, avqustun 1-dək isə bütün təkliflər ümumiləşdirilərək müvafiq qaydada təsdiq olunmalıdır. Hər bir cildə məsul olan Redaksiya Heyətinin üzvü müəyyənləşdirilməli və müvafiq qrafiklə cildlərin hazırlanması təmin edilməlidir. Bu qrafik onu nəzərə almalıdır ki, 2005-ci ildən başlayaraq, hər iki aydan bir 1 cild istehsalata təhvil verilməlidir. Bundan əlavə, Milli Elmlər Akademiyasının müvafiq institutları iki ay ərzində ensiklopediyanın elektron variantı ilə bağlı konkret təkliflərini verməlidirlər.
R.Mehdiyev həmçinin bugünkü funksiyalar nəzərə alınaraq "Azərbaycan Milli Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin adının dəyişdirilməsi və onun "Azərbaycan Milli Ensiklopediyası"nın Elmi Mərkəzi adlandırılmasını, bu qurumun maliyyələşməsinin dövlət büdcəsindən təmin olunmasını təklif edib. O, bu təkliflərlə sərəncam layihəsinin hazırlanaraq prezidentə təqdim ediləcəyini bildirib.
Sənaye şəhərciyinin layihəsi hazırdır
Yeni Yaşmada 8-10 min yeni iş yeri açılacağı gözlənilir
Dünən Sahibkarların Biznes Mərkəzində "Sənaye şəhərciyinin texniki-iqtisadi əsaslandırılması" layihəsinin təqdimatı oldu. 390 hektar sahəyə malik sənaye şəhərciyi Bakının 49, Sumqayıtın 22 kilometrliyində yerləşən Yeni Yaşma qəsəbəsinin ərazisində salınacaq.
Belə bir strukturun yaradılması nəticəsində Azərbaycanda 8-10 min yeni iş yeri açılacaq. Layihənin təşkilatçılarının yeni bir ərazi seçimi ilə bağlı arqumentləri isə kifayət qədər ciddidir. Həmin arqumentlər arasında ekologiyaya, əhalinin sağlamlığı və yaşayışına təsiri baxımından şəhərciyin paytaxtdan kənarda yerləşməsinin xüsusi önəm daşıması da var.
"Sənaye şəhərciyinin texniki-iqtisadi əsaslandırılması" layihəsinin yekun hesabatı da hazırlanıb. Sənəd BMT-nin Sənaye İnkişafı Təşkilatı, Türkiyə səfirliyinin maliyyə yardımı ilə işlənib. Layihənin meneceri Delgün Taş bildirib ki, şəhərcik üçün seçilən ərazi Bakı hava limanının 76 kilometrliyindədir. Əsas magistral şossenin, dəmiryolunun yaxınlığındadır. Xəzər dənizinə çıxışı var. Bu isə liman salınması üçün əlverişlidir. Ehtiyat olaraq, ətrafda şəhərciyə daxil edilə biləcək 250 hektar ərazi var. Təbii qaz, elektrik, su təminatı üçün stansiyalar mövcuddur. Bu isə sərmayəyə qənaət etməyə imkan verir.
Şəhərcikdə menecment, sağlamlıq mərkəzləri, texniki-inzibati binalar, poçt, bank xidmətləri, treninq mərkəzləri tullantıları təmizləmək üçün sexlər və saxlama məntəqələri inşa ediləcək. Sənaye parkına şimal və cənubdan nəqliyyat çıxışları var. Şəhərciyin ətrafında 50 metr yaşıllıq zolağı nəzərdə tutulub. Parkda 24 kiçik, 15 orta, 10 iri müəssisənin yaradılması planlaşdırılıb.
D.Taşın sözlərinə görə, şəhərcik təkcə yerli deyil, həm də regional bazara xidmət göstərə biləcək. Azərbaycanın MDB, Şimali Amerika dövlətləri ilə isti bazar münasibətləri olduğundan şəhərciyə dünya səviyyəli firmaları cəlb etmək mümkündür. Şəhərciyin fəaliyyətə başlaması üçün birinci fazada 16,8 milyon, ikinci fazada isə 11 milyon dollar tələb edilir. Burada iş görmək istəyən əcnəbilərlə 99 ilə qədər müqavilə bağlana bilər. 3 il 6 aydan sonra şəhərciyin özəlləşdirilməsinə başlanacaq və bu proses 6 ilə yekunlaşmalıdır.
İçməli su problemi aradan qaldırılacaq
Yaxın aylarda ölkənin yaşayış məntəqələrində təmizlik müsabiqələri keçiriləcək. Bu barədə Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov dünən YAP-ın qərargahında keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, "təmiz rayon" adlı müsabiqənin nəticələrinə əsasən rayonların reytinq cədvəli hazırlanacaq. O, bu tədbirlərin keçirilməsi üçün ölkə başçısının dəstəyini aldığını deyib. Nazir 50 kənddə əhalini təmiz su ilə təmin etmək məqsədilə filtr quraşdırılacağını bildirib.
Nazir Abşeron torpaqlarının neft və dəmir tullantılarından təmizlənməsi üçün tədbirlər görüləcəyini deyib. O, hazırda neftlə çirklənmiş torpaq sahələrinin hüquqi baxımdan müəyyənləşdirilməsi üçün prezident fərmanı hazırlandığını bildirib. H.Bağırov həmin ərazilərin dövlət və özəl sektorun köməyilə təmizlənəcəyini söyləyib.
|