ƏLƏSGƏR
Ta özün bilərsən bizdən deməkdir,
Sənin tutduğun yol qardır, küləkdir.
Plenumda bundan danışılacaq,
Yolundan dönməyin yaxşıdı ancaq.
CƏFƏR
(İstehza ilə)
Sizə minnətdaram məsləhət üçün,
Ancaq bağışlayın deyildir mümkün.
Hərənin öz yolu, öz əqidəsi,
Yaşamaq, yaratmaq, yanmaq həvəsi.
Mən məzlum milləti düşünnəm hər dəm
Qoy tənqid etsinlər, qorxmuram nə qəm.
Elinə, yurduna sadiq sənətkar,
Ölməz ürəklərdə əbədi yaşar.
P Ə R D Ə
BİRİNCİ HİSSƏ
İKİNCİ ŞƏKİL
Abbasmirzənin evi. Hüseyn Cavid, Abbasmirzə Şərifzadə, Cəlil Məmmədquluzadə çay süfrəsinin arxasında oturub söhbət edirlər.
HÜSEYN CAVİD
Bəs Cəfər hardadır?
ABBASMİRZƏ
Gəlməyib hələ,
İntizarda qoydu bizləri yenə.
Son vaxtlar çox seyrək görünür gözə,
Yeni əsər yazır deyəsən bizə.
HÜSEYN CAVİD
Cəfərin "Trablis müharibəsi"nə,
Tamaşa etmişəm mən dönə-dönə.
(ABBASMİRZƏYƏ)
Gözəl oynayırsan ordakı rolu.
Tamam başqa yoldur Cəfərin yolu.
ABBASMİRZƏ
Sizin təsiriniz duyulur ancaq,
Belə getsə axır fantan olacaq.
"Od gəlini" pyesi tamam hazırdır,
Orda da orijinal surətlər vardır.
MİRZƏ CƏLİL
Həyatdan alınıb hamısı.
ABBASMİRZƏ
Bəli.
Çox güclüdür, sanki oddur qələmi.
Bir-bir özü seçir aktyorları,
Onlar arasında bölür rolları.
Onda rejissorluq istedadı var,
A kişi, nə qədər məşq, təlim olar?
Yorulmaq bilməyir, işlədir bizi,
Məşqlə keçiririk günlərimizi.
MİRZƏ CƏLİL
Onun bir şeri var...
ABBASMİRZƏ
Hansın deyirsən?
MİRZƏ CƏLİL
Səhnədə həmişə oxuyursan sən.
ABBASMİRZƏ
"Məhkum şərqə" şerin deyirsən bəlkə?
MİRZƏ CƏLİL
Özüdür. Çox gözəl yazılıb məncə.
Abbasmirzə, onu ucadan oxu,
İndi əzbər bilir o şeri çoxu.
ABBASMİRZƏ
Siyasi şerdir, güclü yazılıb,
Sanki haqsızlığın qəbri qazılıb.
(Cəfərin şerini oxuyur)
Ey Şərq, sənin üstündə cahan çırpışıyorkən,
Aləm səni bölməklə səadət bölüşüyorkən,
Övladın əsarətdə yazıq, can çəkişiyorkən,
Hala da sükut etmədəsən, ey evi bərbad!
Kimdən əcaba, ummadasan dərdinə imdad?
Rahib kimi qovğayı-həyata həvəsin yox,
Tərpənmədəsən kölgə tək, amma nəfəsin yox.
Məhbəsdəsən, ancaq ki, dəmirdən qəfəsin yox,
Zəncirini qırmaz nə tərəhhüm, nə də fəryad,
Əsr indi dəmir dövrü, barıt dövrüdür heyhat!
Dünyanı əsir eylər ikən bir ovuc altun,
Hər millət öz azadəliyin qurşuna mədyun.
Əsrin sözü top, haqq sözü top, tanrısı qurşun,
Acizliyə qalsan edən olmaz səni azad,
Hər gün sənə sahib olacaq bir yeni cəllad.
Döndər günəşin atəşə, saç qərbə, şimalə,
Topla nə gücün varsa, giriş qəti cidalə.
Ya haqqını al, ya əbədi öl, laməhalə
Qoy gülləri ya qan sulasın, yaxud ədalət,
Qoy ya bəşəriyyət yaşasın, yaxud əsarət.
MİRZƏ CƏLİL
Çox güclü şerdir, vurub hədəfə,
Oxunanda alqış qopur hər dəfə.
HÜSEYN CAVİD
Cəfər yetkinləşir hər gün, hər saat.
MİRZƏ CƏLİL
Bəli, onda vardır güclü istedad.
HÜSEYN CAVİD
Yenidir, təzədir ideyaları,
Qəlbən sevindirir hər gün dostları.
ABBASMİRZƏ
Çox əhatəlidir onun biliyi.
HÜSEYN CAVİD
Həm də unutmayır bədiiliyi.
MİRZƏ CƏLİL
Aşarkən millətin dərdi boğazdan,
Sənətkar çox ayıq olmalı hər an.
Kövrəkdir qələmi hələ Cəfərin,
Lakin fikirləri müasir, dərin.
Haqsızlığa edir qəzəb və nifrət,
Hər əsəri bizə gərəkdir əlbət.
Oxu bir şerin də, ay Abbasmirzə,
Bu gecə yeni ruh, qida ver bizə.
Bu vaxt qapı döyülür. Cəfər qoltuğunda qovluq içəri girir. Hamıyla salamlaşır.
HÜSEYN CAVİD
(Zarafatla)
İclasa gecikər böyük adamlar,
Deyəsən, səndə də bu xasiyyət var.
CƏFƏR
Yeni tamaşaya əsər yazıram,
Nə qulluğunuz var, indi hazıram.
MİRZƏ CƏLİL
Səndən danışırdıq bayaqdan bəri,
Dinlədik mənalı, tər şerləri.
CƏFƏR
Siz Allah, məni çox tərifləməyin,
Zəif yazıma da güclü deməyin.
ABBASMİRZƏ
Ədalət naminə yaxşı yazırsan,
"Ağır döyüşlərə" daha hazırsan.
MİRZƏ CƏLİL
Daim ictimai məsələləri
Sən önə çəkirsən, haqlısan, bəli!
CƏFƏR
Azadlıq ən böyük şirin nemətdir,
Yaranmışlar üçün əziz sərvətdir.
İnsan azadlıqçün yaranıb, ondan
Bu neməti alsan qalar quru can.
MİRZƏ CƏLİL
Haqlı danışırsan, Cəfər, çox haqlı,
Bizim millətimiz üstü yamaqlı.
Qarnıysa ac gəzir, bu, faciədir,
Hakimlər bu xalqı hey əzir, didir.
Qayğısına qalan yoxdur millətin,
Danışmaq asandır, iş görmək çətin.
HÜSEYN CAVİD
Bu gün iş qalıbdır sənətkarlara,
Sözlə çəkməliyik zalımı dara.
CƏFƏR
Bəli, ağlamaqla iş bitmir, qardaş,
Azadlıq uğrunda etməli savaş.
MİRZƏ CƏLİL
Bizim cəmiyyətin eyblərini
İfşa etməliyik qızmış şir kimi,
Gərək biz ayıldaq avam kütləni.
Dərin düşündürür bu arzu məni.
ABBASMİRZƏ
Qılıncdan itidir sözün kəsəri,
Elə döyüşdədir əvvəldən bəri.
HÜSEYN CAVİD
Ziyalılar xalqın görən gözüdür,
Danışan dilidir, iti sözüdür.
Haqqımız varmıdır bu gün yatmağa?
Hamılıqla qalxaq el oyatmağa.
ABBASMİRZƏ
Bu gün biz Cəfərdən danışdıq xeyli,
Vardır azadlığa onun çox meyli.
MİRZƏ CƏLİL
Uğurlar diləyək ona bu yolda,
Qoy vursun özünü alova, oda.
CƏFƏR
Minnətdaram belə xoş sözlər üçün,
Avamlıq, cahillik məhv olar bir gün.
Düzələr, əlbəttə, axır, güzəran,
Xoşbəxt ömr eyləyər həyatda insan.
MİRZƏ CƏLİL
Bizim istəyimiz, mübarizəmiz
Bununla bağlıdır, döyüşçüyük biz.
CƏFƏR
Bu gün silahımız qələm və səhnə,
Sahib olmalıyıq Vətən mülkünə.
Son qoyulmalıdır meşşan həyata,
Xalqdan uzaq olsun gərək qan-qada!
P Ə R D Ə
BİRİNCİ HİSSƏ
ÜÇÜNCÜ ŞƏKİL
Cəfərgilin evi. O, dirsəklərini stola söykəyib başını tutmuşdur. Bir azdan ayağa qalxıb otaqda var-gəl edir. Pəncərə qarşısında durub öz-özünə danışır.
CƏFƏR
Həyat hara gedir, bu dünya nədir?
İnsanı aldadan xoş röya nədir?
Haqq nədir, nahaqq nə, əyri nə, düz nə?
Kimdir qəm çiləyən dünya üzünə?
Əgər bir varlıqdan yaranıb insan,
Niyə əl çəkməyir yamanlığından?
İnsan zinətdirsə bu yer üzünə,
Nədən bəzən ağlı baxmır sözünə?
Savab nə, günah nə, nədir ədalət?
Niyə inildəyir qəm içrə millət?
Birisi kasıbdır, birisi varlı,
Bu dünya əzəldən sirli, soraqlı.
(Başını tutur)
Suallar minlərlə, cavabıysa yox,
Birisi ac yatır, birisiysə tox.
Nədəndir pozulub tarazlıq axı,
Mərdin mehri vardır, namərdin oxu.
Bərabər yaşasa hamı dünyada,
Məgər tufan qopar, olar qan-qada?
Öldürən də insan, ölən də insan,
Bütövü yaradan, bölən də insan.
Bu necə dünyadır, dövrü-zamandır?
İlahi, nakəsi, namərdi qandır.
(Qapı açılır. Şəmsəddin içəri girir.
Əlində jurnal var.)
ŞƏMSƏDDİN
İndicə eşitdim bunu, ay Cəfər,
Şahbikə anamız xəstədir məgər?
(Cəfər fikrə gedir. Gizlicə gözlərini silir.)
CƏFƏR
Arvadın yamanca pisləşib halı,
O biri otağa yığılıb hamı.
ŞƏMSƏDDİN
Qoy bir gedim dəyim, bilmirdim bunu,
Ananın halının pis olduğunu.
(Şəmsəddin çıxır)
CƏFƏR
(Öz-özünə danışır)
Atamın gözləri tutulan gündən,
Bizə ata oldun, həm də ana sən.
Sənin zəhmətini unutmaq çətin,
Ana-memarıdır bəşəriyyətin!
(Şəmsəddin içəri daxil olur.)
ŞƏMSƏDDİN
Bir az mürəkkəbdir arvadın halı,
Təbib çağırmalı, tədbir qılmalı.
CƏFƏR
Təbiblər buradan gedib indicə,
Onlar nəyi isə gizlətdi məncə.
Bu qədər qovğaya dözməyir anam,
Şəmsəddin, az qala alışıb yanam.
ŞƏMSƏDDİN
Sən uşaq deyilsən, səbr gərəkdir.
CƏFƏR
Anam mənim üçün dünyada təkdir.
Onunla almışam daima nəfəs,
Ananın yerini heç bir şey verməz.
Dünyada ən şirin, ən incə bir səs
Ana laylasıdır, ana səsidir,
Laylalar, laylalar gözəl laylalar.
Bəşər dünyasının ilk nəğməsidir.
ŞƏMSƏDDİN
Bilirəm, əzabkeş qadındır anan,
Nə qədər zillətə dözüb bu insan.
CƏFƏR
(Ah çəkir)
Şəmsəddin, böyükdür millətin dərdi,
Namərd eləyirlər qovaraq mərdi.
Bu millətin dərdi öldürür məni,
Oyatmaq lazımdır məzlum kütləni.
Cahillik onların gözünü tutub,
Qarnıyoğunlarsa kütləni udub.
ŞƏMSƏDDİN
Elədir, əzizim!
CƏFƏR
Elədir, bəli!
Bu xalqın hər şeydən üzülüb əli.
Ağa bir tərəfdə, qul bir tərəfdə,
İştah bir tərəfdə, pul bir tərəfdə.
Sovet cəmiyyəti, yeni hökumət
Bunlara bir əlac etməyir fəqət.
Mənim şübhəm vardır bu hökumətə,
Ruslardan bizlərə gələn ülfətə
Düzü, inanmıram...