#14(991) İŞ HƏFTƏSİ
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Aktual

İç siyasət

Dünya

Müsahibə

İş həftəsi

Kriminal

Zəriflik

Mədəniyyət

Sərbəst

Təəssürat

Qiraət

Ədəbiyyat

Arena

İdman

Təqvim

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

Qeyri-qanuni tikililər söküləcəkmi?
Hacıbala Abutalıbov: "Qanunsuz torpaq satışına və binaların tikintisinə icra başçıları özləri şərait yaradırlar"

Bir neçə gün öncə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun keçirdiyi müşavirəni ötən həftə paytaxt təsərrüfatı sahəsində ən yaddaqalan hadisə saymaq olar. H.Abutalıbov Bakıda qanunsuz tikililərin baş alıb getdiyini bildirərək, paytaxt rayonlarının icra hakimiyyəti başçılarını, polis rəislərini və mənzil-istismar sahəsi rəhbərlərini kəskin tənqid edib.

Qeyd edək ki, bir qədər əvvəl prezident İlham Əliyev paytaxtda gəzintiyə çıxarkən Bakının baş planı ilə maraqlanıb, şəhərdə aparılan abadlaşdırma işlərinin sürətləndirilməsilə bağlı xüsusi tapşırıqlar verib. H.Abutalıbov müşavirənin prezidentin tövsiyə və göstərişlərindən irəli gələn vəzifələrin icrası məqsədilə keçirildiyini vurğulayıb. Bildirib ki, SSRİ Nazirlər Sovetinin 18 may 1987-ci il tarixli 182 saylı qərarı ilə təsdiq olunan baş plan 20 il ərzində görüləcək işləri nəzərdə tutur. Lakin planda qoyulan tələblərin demək olar ki, 80 faizi hələ də yerinə yetirilməyib. Artıq bu sahədə geriliyi aradan qaldırmağın vaxtı çatdığını deyən H.Abutalıbov əlavə edib ki, baş plan əsasında müfəssəl layihələr hazırlanıb və şəhərdəki bütün tikintilər də bu plana uyğun aparılmalıdır: "Təəssüf ki, əksər hallarda bu qaydalara məhəl qoyulmur. Hətta rayon icra başçıları qanunsuz olaraq vətəndaşlara torpaq satmaqla məşğuldur. Amma hamı bilməlidir ki, 2001-ci ildən BŞİH-in torpağı və mülkiyyəti yoxdur. Prezidentin fərmanı ilə torpaq Dövlət Torpaq Komitəsi və bələdiyyələrin ixtiyarına verilib. Bakı şəhərində olan bütün mülkiyyət isə İqtisadi İnkişaf Nazirliyinin balansındadır". Elə bu səbəbdən də meriya və rayon icra hakimiyyətləri torpaq satılmasına dair sərəncam vermək hüququnu itirib. Vətəndaşlar isə torpaq sahəsini və torpaq üzərindəki mülkiyyəti özəlləşdirdikdən sonra BŞİH-ə müraciət edə bilər.
Rayon icra başçılarına xitabən "sizi bu vəzifəyə qoyublar ki, qayda-qanun yaradasınız, amma buna əməl etmirsiniz",- deyən H.Abutalıbov onlara ciddi xəbərdarlıq edib: "Qanunsuz tikililərə son qoyun. Neft, qaz və kanalizasiya xətlərinin keçdiyi ərazilərdə binaların tikilməsinə rəvac verməyin. Bundan sonra hansı rayonda qanunsuz bina tikiləcəksə, həmin rayonun icra başçısı barədə cinayət işi qaldırılacaq. Artıq mənim də səbir kasam dolub, elə etməyin ki, işdən azad olunmağınız barədə təqdimat yazım". H.Abutalıbov onu da vurğulayıb ki, qanunsuz tikinti işlərinin aparılmasında mənzil istismar sahəsi rəisləri, prokurorlar və polis rəisləri də məsuliyyət daşıyır.

Neft kəmərlərinin üstündə tikilən evlər də söküləcək

H.Abutalıbov qeyd edib ki, prezidentin "Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında" sərəncamında qarşıya qoyulan vəzifələrin bir qismi artıq yerinə yetirilib. Belə ki, hazırda dəniz sahilinin 130 kilometrlik zolağında yerləşən torpaq sahələrindəki bütün tikililərin inventarlaşdırılması başa çatıb. Vaxtilə ayrı-ayrı qurumlara və şəxslərə icarəyə verilən bağ evləri və digər obyektlər, habelə qanunsuz tikililər turizm məqsədilə istifadə olunacaq. Ona görə də bu ərazidəki obyektlərin sökülməsi məqbul sayılmır. Lakin əhalinin həyatı üçün təhlükəli yerlərdə inşa olunan bütün evlər, villalar və obyektlər söküləcək. O cümlədən, yüksək təzyiqli qaz və su kəmərlərinin, elektirik xətlərinin keçdiyi ərazilərdəki qeyri-qanuni binalar da uçurulacaq. H.Abutalıbov bildirib ki, təmizləmə əməliyyatına ARDNŞ-ə aid ərazilər də aid ediləcək. Onun sözlərinə görə artıq neft mədənlərində tikilən qeyri-qanuni evlərin sökülməsilə bağlı tədbirlər planı hazırlanıb. Bakı meri bildirib ki, hazırda Səbayel, Binəqədi və Qaradağ rayonlarında kəmərlərin üzərində bu cür tikilələrin inşası hələ də davam edir. Hətta daxili işlər naziri Ramil Usubov həmin rayonlarda tikilən qanunsuz binaların siyahısını meriyaya təqdim edib. Bu məktubda qeyd olunur ki, qanunsuz binaların tikintisinə şərait yaratdıqları üçün həmin rayonların polis rəisləri cəzalandırılıb. H.Abutalıbov deyib: "İndi isə növbə icra başçılarınındır. Papağınızı qoyun qabağınıza, fikirləşin. Ya bu dövlətə qulluq etməlisiniz, ya da işdən azad olunmalısınız. İndiyədək yığdıqlarınız bəsdir. Söz verin ki, bundan sonra xalqımıza ləyaqətlə xidmət edəcəksiniz". O, icra başçılarının işə vaxtlı-vaxtında getmədiklərini, rayonlarda aparılan abadlıq işlərindən xəbərdar olmadıqlarını da dilə gətirib. Sonra mer bildirib ki, bu il yolların əsaslı təmiri üçün dövlət büdcəsindən 25 milyard manat vəsait ayrılıb: "Amma yollarda abadlıq işləri genişləndirilsə və əlavə vəsaitə ehtiyac yaranarsa, bu məsələdə də problem olmayacaq. Amma çoxunuz gedib qanunsuz ticarətlə, köşklərdə ət satdırmaqla məşğulsunuz. Çünki bu obyektlərdən gələn gəlirlərdə siz icra başçılarının da payı var. Bəsdir, bu işlərdən əl çəkin, Bakı şəhərinin təmizliyinə ləkə vurmayın".

Aeroport yolu boyunca çoxmərtəbəli binalar tikiləcək

Mer Bakının baş planında nəzərdə tutulan layihələrin gerçəkləşdirilməsi istiqamətində təcili tədbirlərin görüləcəyini deyib. Onun sözlərinə görə, prezidentin göstərişilə Binə hava limanından Şah İsmayıl Xətainin heykəlinə qədər yolun sağ və solunda müasir üslublu çoxmərtəbəli binalar tikiləcək. Həmin ərazilərdə yolun sağ və solunda 100 metrlik məsafədə keçən neft və qaz kəmərləri, elektrik xətləri söküləcək. Artıq sözügedən işlərin icrasına nəzarət etməli olan xüsusi komissiya yaradılıb. Komissiya həmin ərazilərdə reydlər keçirəcək. H.Abutalıbov deyib: "Aeroport-Bakı yolundan 100 metrə qədər olan ərazilərdəki bütün qanunsuz tikililərin təcili sökülməsinə başlanmalıdır. Əgər komissiya tərəfindən hansı rayonun ərazisində qanunsuz tikili aşkarlansa, o rayonun icra başçısı vəzifəsindən uzaqlaşdırılacaq. Əminəm ki, heç bir icra başçısı səhvə yol verməyib, tapşırıqlara əməl edəcək".

Səbayeldəki "gecəqondu"lara xeyir-duanı kim verir?

Son dörd ildə şəhər rəhbərliyinin Bakıda qanunsuz tikililərə qarşı həyata keçirdiyi mübarizə ciddi nəticə verməyib. Görünən isə odur ki, qanunsuz binaların söküləcəyi ilə bağlı verilən qərarlar da hələlik kağız üzərində qalmaqda davam edir. Bakı merinin etirafına görə, paytaxt rayonlarında vəzifəli şəxslərin himayəsi altında tikilən qanunsuz evlərin sayı artmaqdadır.

Mövzuya əlavə

Səbayel rayonundakı "20-ci sahə" deyilən ərazidə yaşıllıqların qırılaraq, yerində yaşayış evinin tikilməsi orada yaşayanların narazılığına səbəb olub. Yeddi nəfərin imzası ilə redaksiyamıza daxil olan şikayət məktubunda bildirilir ki, Bibiheybət Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) rəisi Rəhman Zeynalov Səbayel rayon bələdiyyəsinin sədri Əhməd Hüseynovla əlbir olub NQÇİ-nin ərazisində yaşayış binası tikdirir. Hətta onlar heç bir icazə almadan həmin ərazidə kafe-restoran tikməkdən də çəkinmirlər. Bundan başqa, ərazidəki 30 illik ağaclar doğranıb, 9 ailənin yaşadığı evlərə gedən yol isə tamamilə bağlanıb. Bu özbaşınalıqlarla bağlı sakinlərin 1 dekabr 2003-cü il tarixdə BŞİH-ə ünvanladığı şikayət ərizəsinə də heç bir cavab verilməyib. Məsələyə aydınlıq gətirmək üçün hadisə yerinə yollanan əməkdaşımız da həmin ərazidə qanunsuz tikinti işlərinin aparıldığının şahidi olub. Həmçinin meriyanın və Səbayel RİH-in ünvanına səsləndirilən iradların doğruluğuna şübhə yoxdur. Burada həmsöhbət olduğumuz sakinlərin sözlərinə görə, onlar bir dəfə H.Abutalıbovun, iki dəfə isə Səbayel RİH-in başçısı Tələt Məcidovun qəbulunda olublar. Həm şəhər rəhbərliyi, həm də rayonun icra başçısı qanunsuz tikintinin qarşısının alınması ilə bağlı tədbir görüləcəyini bildiriblər. Lakin şikayətçilərdən birinin - Hüseyn Əmrahovun sözlərinə görə, həmin tikinti RİH başçısının təsərrüfat işləri üzrə müavini Vilayət Muxtarovun xeyir-duası ilə tikilir və o, hər vəchlə tikintinin başa çatdırılmasına çalışır: "Səbayel RİH-ə daxil olan şikayət məktublarını da V.Muxtarov ört-basdır edir. Tikintinin əsl sahibi isə rayon bələdiyyəsinin sədri Əhməd Hüseynovdur. Hətta meriyanın tikintiyə nəzarət müfəttişliyini Kamran adlı əməkdaşı da etiraf etdi ki, həmin tikintinin aparılması yüksək vəzifəli adamlar tərəfindən himayə edilir və biz onlara bata bilmərik. Çünki qanunsuz tikintinin əsl sahibi Ə.Hüseynov əvvəllər yüksək vəzifələrdə işləyib". Səbayel RİH-in mənzil təsərrüfatı birliyindən isə "Bizim ƏSR"ə bildiriblər ki, sözügedən şikayətin araşdırılması ilə bağlı bütün sənədlər baxılmaq üçün Bibiheybət Mənzil İstismar Sahəsinə göndərilib. Həmin MİS-in rəisi Abuzər Hüseynov isə əməkdaşımızla söhbətində şikayətçilərin iddiasının əsassız olduğunu bildirib. Maraqlıdır ki, MİS rəisi hazırda həmin ərazidə heç bir tikintinin aparılmadığını iddia edib. Onun sözlərinə görə, həmin bina hələ SSRİ dövründə tikilib və sonradan burada hər hansı tikinti işləri aparılmayıb. Amma atalar demişkən, görünən dağa nə bələdçi? Şikayətlə bağlı araşdırmanı davam etdirəcəyik.

E.SALAHOV

ANAMA ikinci bazasını da açdı

Azərbaycan Ərazilərinin Minanlardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Xanlar rayonunda ikinci bazası yaradılıb. Yeni yaradılmış bazada 48 nəfərlik minaaxtaran dəstənin yerləşdirilməsi nəzərdə tutulur. Həmçinin burada minaaxtaran itlər üçün də münasib yer ayrılıb. Bazanın tikintisinə isə 328 min dollar həcmində vəsait xərclənib.
ANAMA-nın direktoru Nazim İsmayılov bildirib ki, əməliyyatların əhatə dairəsi genişləndiyindən ikinci bazanın tikintisinə ehtiyac duyulurdu. Onun sözlərinə görə, hazırda minaaxtaranlar Ağcabədi, Fizuli, Ağstafada və Tərtərdə partlamamış hərbi sursatların zərərsizləşdirilməsi ilə məşğuldur.
ANAMA-nın fəaliyyəti dövründə 4 minə yaxın mina, qumbara və bomba zərərsizləşdirildiyini deyən N.İsmayılov qurumun işi ilə bağlı bəzi çətinliklərin olduğunu deyib. O qeyd edib ki, hazırda ərazilərin minalardan təmizlənməsi üçün qurumun texniki imkanları genişləndirilməlidir:"Əsas çətinliyimiz minaaxtaran maşınlardandır və hazırda ANAMA-ya iki ədəd xüsusi minaaxtaran maşın vacib lazımdır. Həmçinin itlərin də sayının artırılmasına böyük ehtiyac var".
Bazaya baxış keçirən ABŞ Dövlət Departamentinin nümayəndəsi Debara Netlayn isə bildirib ki, ANAMA-ya yardım etmək məqsədilə yaxın gələcək üçün yeni planlar hazırlanır.

Qaçqınların yaşadığı binalar bərpa olunacaq

Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə yaxın günlərdə onların məskunlaşdıqları binaların təmirinə başlanacaq. Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yataqxana və digər obyektlər isə özəlləşdirilməyəcək.
Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun bildirdiyinə görə, ölkə başçısının bu barədə fərmanına uyğun olaraq, təmir olunacaq binaların siyahısı da artıq müəyyənləşdirilib:"Həmin binalar arasından 280 ev seçilib və siyahı artıq müvafiq strukturlara təqdim olunub. İlkin olaraq 80 ev təcili bərpa olunacaq. Bu günlərdə müvafiq qurumların tərtib etdiyi birgə proqram dövlət başçısına təqdim olunacaq".
Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlər üçün salınacaq 3 min 860 ailəlik qəsəbənin layihə tenderinin qalibi də yaxın 45 gün ərzində müəyyənləşəcək və bu qəsəbə dörd ay müddətində təhvil veriləcək.
Komitə sədri bəzi icra strukturlarında qaçqın və məcburi köçkünlərə olan münasibətdən də gileylənib. Onun əsas şikayəti isə məhkəmə orqanlarından olub. Belə ki, Ə.Həsənovun sözlərinə görə, son vaxtlar qaçqın soydaşlarımızın məskunlaşdıqları binalardan çıxarılmasına dair məhkəmələr tərəfindən haqsız qərarlar çıxarılır:"Amma biz bunun qarşısını mümkün qədər almağa çalışırıq. Bunun üçün isə Ədliyyə Nazirliyinə və Ali Məhkəməyə müraciətlər göndərmişik".

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding