Tarixdə bu gün (10-16 aprel)
Dünya
10 aprel 1922 - Genuyada 28 kapitalist dövlətin iştirakı ilə beynəlxalq iqtisadi konfrans açılıb. İlk dəfə olaraq belə mötəbər forumda təmsil olunan sovet Rusiyası kapitalist dövlətlərinin iqtisadi və diplomatiya blokadasını yara bildi. Konfrans gedişində əldə olunan razılığa əsasən, aprelin 16-da sovet Rusiyası ilə Almaniya arasında qarşılıqlı münasibətlərə dair "Rapallo müqaviləsi" imzalanıb.
10 aprel 1972 - Bakterioloji (kütləvi qırğın) silahların qadağan olunması barədə beynəlxalq konvensiya imzalanıb. BMT-nin konvensiyası 1975-ci ildən qüvvəyə minib.
11 aprel 1856 - İki əsr İspaniyanın, daha sonra isə ABŞ-ın müstəmləkəsi olan Kosta-Rika müstəqil dövlət olub. Maraqlıdır ki, XX əsrin sonlarında Kosta-Rika ABŞ-a birləşmək fikrinə düşmüşdü, lakin Vaşinqton bunu rədd etdi.
11 aprel 1945 - Buxenvald konslagerində məhbusların qiyamı başlayıb. Hitlerin sonuncu ölüm düşərgəsi ləğv olunub. 1937-ci ildə təşkil olunan Buxenvald konslagerinə üst-üstə 240 minə yaxın məhbus salınmış, onlardan 10 min nəfəri (o cümlədən 8,5 mini sovet hərbi əsiri) məhv edilmişdi.
11 aprel 1961 - II Dünya müharibəsi zamanı yəhudilərin soyqırımında (Holokost) iştirak etmiş nasist liderlərindən olan Adolf Eyxmann gizləndiyi Argentinadan oğurlanaraq (İsrail xüsusi xidməti orqanı tərəfindən) İsrailə gətirilib və orada onun məhkəməsi başlanıb. Məhkəmənin qərarı ilə A.Eyxmann edam edilib. Bu, nasistlərin məhkəməyə çəkilməsi ilə bağlı ən ilginc faktlardan biridir.
12 aprel 1861 - ABŞ-da vətəndaş müharibəsi (Şimal-Cənub müharibəsi) başlayıb. Ölkənin sənayecə inkişaf etmiş şimal ştatları ilə geridə qalmış cənub ştatları arasında başlanan müharibənin iqtisadi səbəbləri ilə yanaşı, mühüm siyasi səbəbi də vardı. Şimal ştatları quldarlığın ləğv edilməsinə tərəfdar idilər. Cənub ştatları isə quldarlıq sistemini ABŞ-ın siyasi dayaqlarından biri kimi saxlamağı zəruri sayırdılar. Müharibənin başlamasına formal səbəb isə ABŞ-ın 34 ştatından 11-nin (cənublular) ayrılaraq Quldarlıq Ştatlarının Konfederasiyası elan etməsi oldu. Hərbi-texniki və sənaye səviyyəsinə görə üstün olan Şimalın Cənub üzərində qələbəsi (1865-ci ildə) ABŞ-ın sonrakı inkişafına (demokratiya, liberalizm, azad bazar ideyalarının bərqərar olması) və ümumilikdə Qərb dəyərlərinin təşəkkül tapmasına müsbət təsir etdi.
12 aprel 1945 - ABŞ-ın 32-ci prezidenti Franklin Delano Ruzvelt vəfat edib. Ruzvelt yeganə adam idi ki, dalbadal 4 dəfə prezident seçilmiş (ölkə konstitusiyası yalnız 2 prezidentlik müddətinə icazə verir) və ümumilikdə 13 il (1932-1945) ölkəyə rəhbərlik etmişdi. Ən maraqlısı isə o idi ki, Ruzvelt bütün prezidentliyi dövründə əlil arabasında (ayaqları tutulmuşdu) hərəkət edib.
12 aprel 1961 - İnsanın kosmosa ilk uçuşu baş verib. SSRİ-nin təyyarəçi-kosmonavtı Yuri Qaqarinin idarə etdiyi "Vostok" kosmik gəmisi təxminən 2 saat ərzində Yerin ətrafına fırlanaraq sağ-salamat geri qayıtmışdı.
13 aprel 1204 - Katolik kilsəsi və Qərbi Avropa dövlətlərinin Yaxın Şərqə 4-cü "Xaç yürüşü" ("Səlib müharibələri") başlanıb. "Xaç yürüş"lərinin məqsədinin guya "Müqəddəs torpağı" (Fələstin, Qüds) müsəlmanlardan azad etmək olduğu vurğulansa da, gerçəkdə bu, Avropa dövlətlərinin aşkar işğalçılıq siyasəti idi. Papa III İnnokentinin qərarı ilə başlanan 4-cü "Xaç yürüşü" nəticəsində Bizans imperiyası parçalandı, Konstantinopol (indiki İstanbul) katoliklərin əlinə keçdi. Avropanın "Xaç yürüşüləri"nə Osmanlı imperiyası son qoydu.
13 aprel 1829 - Britaniya parlamenti emansipasiya haqqında qərar qəbul edib. Katoliklərə dini etiqad azadlığı verilib.
13 aprel 1941 - SSRİ ilə Yaponiya arasında bir-birinə hücum etməmək barədə pakt imzalanıb. Xalxin-Qol yaxınlığındakı hərbi toqquşmalardan sonra imzalanan saziş Almaniya ilə müharibənin labüdlüyünü dərk edən SSRİ üçün taktik baxımdan (eyni vaxtda iki cəbhədə müharibəyə davam gətirə bilməzdi) çox vacib idi. Məhz bu saziş sayəsində SSRİ Almaniya ilə 4 illik müharibə müddətində Yaponiya sarıdan arxayın idi.
13 aprel 1960 - Fransa Afrikanın şimalındakı Saxara səhrasında ilk nüvə bombasını sınaqdan keçirib və dünyanın nüvə silahına malik 4-cü (ABŞ, SSRİ və Çindən sonra) dövlətinə çevrilib.
13 aprel 1975 - Livanda vətəndaş müharibəsi başlayıb. Paytaxt Beyrutdakı kilsələrdən birində müsəlman fələstinlilərlə xristian flanqistlər arasında meydana gələn qanlı toqquşma (30 nəfər həlak olmuşdu) bir neçə il sürən müharibənin faktiki səbəbi oldu.
14 aprel 1848 - Macarıstanda burjua inqilabı baş verib. Ölkə parlamenti Macarıstanın müstəqilliyi və alman mənşəli Qabsburqlar sülaləsinin taxtdan salınması barədə qərar qəbul edib.
14 aprel 1865 - ABŞ-dakı vətəndaş müharibəsi (Şimal-Cənub müharibəsi) gedişində prezident Avraam Linkolna sui-qəsd olub. "Cənublu"ların nümayəndəsi prezident Linkoln teatrda olarkən ona atəş açmışdı. Bir gün sonra Linkoln aldığı yaralardan vəfat etdi. Prezident qətlə yetirilsə də, vətəndaş müharibəsi Şimalın xeyrinə başa çatdı.
14 aprel 1912 - Dövrünün ən möhtəşəm gəmisi olan "Titanik" çıxdığı ilk reys zamanı Atlantik okeanını şimalında nəhəng aysberqlə toqquşaraq batıb. Britaniyadan Amerikaya hərəkət edən gəminin göyərtəsində rəsmi qeydiyyata görə 2224 nəfər vardı. Onlardan 1500 nəfərini xilas etmək mümkün olmadı.
14 aprel 1931 - İspaniyadakı parlament seçkilərində respublikaçıların qələbəsindən sonra başlanan kütləvi iğtişaşlar nəticəsində kral XIII Alfons ölkədən qaçıb, monarxiya devrilib. İspaniyada başlanan vətəndaş müharibəsi 1939-cu ilədək davam etdi.
14 aprel 1988 - Əfqanıstanda siyasi nizamlama barədə Cenevrə sazişləri imzalanıb. Təxminən 6 il sürən Cenevrə danışıqları Əfqanıstan, Pakistan və qarant dövlətlər kimi SSRİ və ABŞ tərəfindən imzalanmışdı. Lakin bu sazişlər Əfqanıstanda davamlı sülhü təmin edə bilmədi.
14 aprel 1991 - Gürcüstandakı prezident seçkilərində ifrat millətçi Zviad Qamsaxurdia ölkənin başçısı seçilib. Onun prezidentliyi uzun sürmədi. 1992-ci ilin sonunda başlanan qiyam nəticəsində Qamsaxurdia devrildi, bir qədər sonra isə özü Qərbi Gürcüstanda öldürüldü.
15 aprel 1996 - Çeçenistanda 1994-cü ilin sonunda başlanan müharibə dayandırılıb. Rusiyanın federal qoşunlarının Çeçenistandan çıxarılması başlanıb. 1-ci Çeçenistan müharibəsi faktiki olaraq Rusiyanın məğlubiyyəti ilə nəticələndi. 1999-cu ilin payızında 2-ci Çeçenistan müharibəsi başlandı.
16 aprel 1871 - Otto Bismarkın birləşdirdiyi alman torpaqlarında imperiya elan olunub. Almaniya imperiyasının ilk konstitusiyası qəbul edilib.
16 aprel 1934 - SSRİ hökuməti "Sovet İttifaqı Qəhrəmanı" fəxri adını təsis edib. Bu mükafata birinci olaraq "Çelyüskin" gəmisinin heyətini xilas etmiş təyyarəçilər (cəmisi 7 nəfər) layiq görüldülər. Əsasnaməyə görə, 2 dəfə "Qızıl ulduz"la təltif olunanların bürünc büstü vətənində, 3 dəfə təltif olunanların büstü isə Moskvada qoyulurdu. SSRİ tarixində cəmi 2 nəfər - G.Jukov və L.Brejnev 4 dəfə "Qəhrəman" olmuşdular. Marşal Jukovdan fərqli olaraq, Brejnev hər yubileyində özu-özünü mükafatlandırırdı.
16 aprel 1945 - Böyük Vətən Müharibəsinin sonuncu mərhələsi, Berlin əməliyyatı başlanıb. SSRİ və müttəfiqlərin qoşunları 2 həftəlik əməliyyat nəticəsində Reyxstaqı mühasirəyə aldılar.
16 aprel 1961 - Kuba lideri Fidel Kastro ölkənin sosializm inkişaf yolunu tutduğunu bəyan edib. F.Kastro 1959-cu ildə Kubada hakimiyyəti ələ aldıqdan sonra ilk dəfə bu cür bəyanatla çıxış etmişdi və indi də bu yolu "davam etdirir".
16 aprel 1992- Əfqanıstanda sovetyönümlü hakimiyyətə son qoyulub. Prezident Nəcibulla mücahid qruplaşmaları tərəfindən devrilib. Nəcibulla bir neçə ay BMT-nin Kabildəki nümayəndəliyində sığınacaq tapsa da, mücahidlərin ən radikal qanadı olan "Taliban" onun ölümünə qərar verdi. Kabilin mərkəzində asılan Nəcibullanın meyiti bir neçə gün əhaliyə nümayiş etdirildi.
Azərbaycan
11 aprel 2000 - ABŞ ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Özbəkistanın təmsil olunduğu GUÖAM formatına praktik dəstəyini elan edib. Konqres GUÖAM ölkələrinin sərhəd mühafizəsi üçün 37 milyon dollar texniki yardım ayrılmasını nəzərdə tutan layihəni təsdiqləyib.
11 aprel 2002 - Bakıda səfərdə olan İranın xarici işlər naziri Kamal Xərrazi prezident Heydər Əliyevlə görüşdə ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sahmanlanmasında vasitəçilik etmək niyyətini önə çəkib. Nazirin sözlərinə görə, İranın həm Ermənistan, həm də Azərbaycanla sıx münasibətlərinin olması bu vasitəçiliyə real imkan açır. Öz növbəsində prezident H.Əliyev bəyan edib ki, Tehran bu vasitəçiliyə başlamazdan öncə işğalçı Ermənistanla təcavüzə məruz qalmış Azərbaycanı eyniləşdirmək siyasətinə son qoymalıdır.
12 aprel 1991 - Azərbaycan SSR-in rəhbərliyi Dağlıq Qarabağdakı separatçılıq hərəkatının qarşısını almaq üçün daha bir uğursuz addım atıb. Nazirlər Kabineti DQMV-nin ermənilər yaşayan kəndlərinə qaz kəmərləri çəkilməsi barədə qərar qəbul edib. Lakin erməni separatizminin açıq-aşkar siyasi mahiyyət qazandığı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının gücləndiyi bir vaxtda belə "sosial-iqtisadi stimullar"ın səmərəsi yox idi. Üstəlik həmin vaxt Azərbaycanın bir sıra rayonlarının mərkəzləri qazla təchiz olunmamışdı.
12 aprel 1993 - ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vaşinqtonun rəsmi mövqeyini açıqlayıb. Bəyanatda ABŞ rəhbərliyinin Ermənistana və Azərbaycana bütün təsir imkanlarından istifadə edərək müharibənin dayandırılmasına və ATƏT-in Minsk konfransı çərçivəsində danışıqların başlanmasına nail olmaq əzmi vurğulanırdı.
12 aprel 1995 - Türkiyə baş naziri Tansu Çillər Bakıya qısamüddətli (birgünlük) səfərə gəlib. Prezident Heydər Əliyev və Türkiyə baş naziri arasında danışıqlardan sonra "Gülüstan" sarayında iki ölkənin neft sahəsində əməkdaşlığına dair (o cümlədən Xəzər neftinin Türkiyə vasitəsilə nəqli) saziş imzalanıb. Ümumilikdə isə 1995-ci ilin mart hadisələrindən sonra gerçəkləşən bu səfər iki ölkə arasındakı məlum sərinliyi aradan qaldırmaq məqsədi daşıyırdı.
13 aprel 2003 - AŞPA Siyasi Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi, britaniyalı parlamentar Terri Devis Azərbaycanda ilk səfərdə olub. Prezident H.Əliyevlə görüşdə beynəlxalq birliyin Qarabağ münaqişəsinin həllinə etinasız yanaşdığını etiraf edən AŞPA məruzəçisi hazırlayacağı hesabatın obyektiv və ədalətli olacağına söz verib.
14 aprel 1993 - Britaniya, Pakistan və Misir hökumətlərinin Kəlbəcərin işğalını pisləyən və Ermənistanı Qarabağdakı müharibəni dayandırmağa çağıran bəyanat qəbul etdikləri bildirilib.
15 aprel 1917 - Bakıda Qafqaz müsəlmanlarının qurultayı işə başlayıb. Rusiyada çarizmin süqutundan (fevral inqilabı nəticəsində II Nikolay taxt-tacdan əl çəkmişdi) imperiyanın bütün əyalətlərində olduğu kimi, Qafqazda milli azlıqların siyasi fəallığı başlanmışdı. Bakıdakı qurultayda əsas məqsəd Qafqaz müsəlmanlarının muxtariyyət huququnun tanınması idi.
15 aprel 1993 - Azərbaycanın ABŞ-dakı səfirliyi rəsmən fəaliyyətə başlayıb. Səfir Hafiz Paşayev diplomatik etimadnamə sənədlərini ABŞ prezidenti Bill Klintona təqdim edib. ABŞ-ın Bakıdakı böyükelçisi isə 1992-ci ildə fəaliyyətə başlamışdı.
15 aprel 1994 - Moskvada MDB dövlət başçılarının zirvə toplantısında bəyanatla çıxış edən prezident Heydər Əliyev MDB liderlərini Ermənistanın təcavüzünün qarşısını almağa çağırıb. Bəyanatda belə bir məqam xüsusi vurğulanıb ki, Azərbaycan ərazisinin bir qarışının da Ermənistanın işğalı altında qalmasına razı olmayacaq və "sülh naminə torpaq" prinsipini heç vaxt qəbul etməyəcək.
15 aprel 2002 - Pakistan İslam Respublikasının müdafiə naziri Həmid Nəvaz Xan Bakıya səfərə gəlib. Üçgünlük səfərin sonunda imzalanan protokolda tərəflərin beynəlxalq terrorizmin qarşısının alınması, habelə iki ölkənin suverenliyinin, ərazi bütövlüyünün qorunması məqsədilə əməkdaşlığının zəruriliyi vurğulanıb. Səfərin yekununda Həmid Nəvaz Xan "Pakistan Dağlıq Qarabağ məsələsini həll etmək üçün Azərbaycana istənilən yardımı göstərə bilər" - deyə bəyanat verib.
16 aprel 1993 - İsgəndər Həmidov öz xahişi ilə daxili işlər naziri vəzifəsindən azad edilib. DİN başçısı vəzifəsinə Abdulla Allahverdiyev təyin olunub.
16 aprel 2003 - İstanbuldakı pravoslav kilsəsinin başçısı, rum patriarxı I Varfolomey Azərbaycana üçgünlük səfərə gəlib. Bu, patriarx I Varfolomeyin ölkəmizə ilk səfəri idi. I Varfolomey prezident H.Əliyevlə görüşdə Azərbaycanda dini tolerantlıqla bağlı ideal şəraitə heyran olduğunu bildirib. Patriarx Ermənistanın işğalı nəticəsində yurd-yuvasından didərgin duşmuş məcburi köçkünlərə də baş çəkib.
Yaddaş
12 aprel 1889-cu il
Azərbaycan xanəndəsi, musiqi xadimi, pedaqoq, xalq artisti Seyid Şuşinski (1889-1965) anadan olub. Onun xanəndə kimi yetişməsində Cabbar Qaryağdı oğlunun böyük rolu olub. O, 1911-ci ildə Tiflisdə verdiyi konsertlərdən sonra Zaqafqaziyada məşhurlaşıb. S.Şuşinski Tiflisdə tamaşaya qoyulan Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında İbn Salam, "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında Sərvər və Əsgər rollarını ifa edib. 1924-26-cı illərdə Azərbaycan Dövlət Dram Teatrının artisti olub. 1939-60-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının və milli radionun solisti olub, ömrünün son illərində isə Opera və Balet Teatrında muğam operaları üzrə məsləhətçi işləyib. A.Zeynallı adına musiqi məktəbində dərs deyib. "Şərəf nişanı" ordeni və medallarla təltif edilib.
12 aprel 1907-ci il
Azərbaycan ədəbiyyatşünası, folklorşünas, dramaturq Məmmədhüseyn Təhmasib (1907-1982) anadan olub. 1944-cü ildən Azərbaycan Respublikası EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun folklor şöbəsinin müdiri işləyib. Ali məktəblər üçün "Şifahi xalq ədəbiyyatı kursu" üzrə ilk tədris vəsaitinin tərtibçilərindən olub. "Kitabi Dədə Qorqud", "Koroğlu" eposlarının, dastanların, nağılların, Molla Nəsrəddin lətifələrinin toplanması, nəşri və tədqiqində mühüm xidməti var. "Aslan yatağı", "Çiçəklənən arzular", "Gülən gözlər", "Rübailər aləmində" əsərlərinin müəllifidir. Ssenariləri əsasında "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" filmləri çəkilib.
14 aprel 1870-ci il
Dövlət xadimi, yazıçı və publisist, həkim Nəriman Nəcəf oğlu Nərimanov (1870-1925) anadan olub. O, 1894-cü ildə Bakıda müsəlman kütlələri üçün ilk xalq qiraətxanası təşkil edib, bir sıra Şərq ölkələrinin mütərəqqi qəzetləri ilə sıx əlaqə yaradıb. N.Nərimanov ictimai problemlərə toxunduğu "Nadanlıq", "Şamdan bəy", "Nadir şah" və s. kimi ədəbi əsərlər, publisistik məqalələr yazıb. O, A.V.Qoqolun "Müfəttiş" əsərini dilimizə çevirib, Azərbaycan və rus dilini öyrənənlər üçün dərsliklər tərtib edib. N.Nərimanov həm də siyasi fəaliyyət göstərib. Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra Azərbaycan SSR XKS-nin sədri seçilib. Qəflətən vəfat edib.
14 aprel 1907-ci il
Azərbaycanın xalq artisti Fatma Qədri (1907-1968) anadan olub. Səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb, burada Esmeralda ("Paris Notrdam kilsəsi" - V.Hüqo), Gülbahar ("Anamın kitabı" - C.Məmmədquluzadə), Gülüş ("Sevil" - C.Cabbarlı) kimi uğurlu səhnə obrazları yaradıb. 1932-35-ci illərdə Bakı Rus Dram Teatrında, 1935-ci ildən M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında çıxış edib. Əsas rolları: Xuraman ("Vaqif" - S.Vurğun), Cülyetta, Emiliya ("Romeo və Cülyetta", "Otello" - V.Şekspir), Gültəkin ("Aydın" - C.Cabbarlı) və s. 1933-cü ildən pedaqoji fəaliyyət göstərib, milli aktyor və rejissor kadrlarının yetişməsində xidməti olub. Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə, həmçinin medallarla təltif edilib.
16 aprel 1906-cı il
1906-1908-ci illərdə ayda iki dəfə olmaqla nəşr edilən "Dəbistan" jurnalının Bakıda ilk sayı çapdan çıxıb. Cəmi 27 nömrəsi işıq üzü görən jurnalın son sayı 1908-ci il martın 10-da buraxılıb. "Dəbistan"da pedaqoji məsələlər, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, görkəmli şəxslərin həyatı, elm və texnika yenilikləri, coğrafiya, fizika, heyvanat aləmi və s. haqqında yazılar dərc edilirdi. Jurnalın formalaşmasında N.Nərimanov, H.B.Zərdabi, M.Ə.Sabir, M.Hadi, A.Şaiq, S.M.Qənizadə, R.Əfəndiyev və başqaları fəal iştirak ediblər. Maarif xadimləri Ə.Cəfərzadə və M.Əfəndizadə jurnalın redaktoru olub. Jurnalın nəşri maliyyə çətinlikləri ucbatından dayandırılıb.
Rəsmi
3 aprel - Prezident İlham Əliyev Bakı İdman-Konsert Kompleksində sərbəst güləş üzrə Dünya kuboku yarışının təntənəli açılışında iştirak edib.
4 aprel - Dövlət başçısı Seneqal Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə bu ölkənin prezidenti Abdulay Vadaya təbrik göndərib.
5 aprel - Prezident İlham Əliyev Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfiri Çjan Siyunu qəbul edib. Diplomat ÇXR-in rəhbəri Xu Tszintaonun salamlarını Azərbaycan prezidentinə çatdırıb. İki ölkə arasında iqtisadiyyat, energetika və s. sahələrdə əlaqələrin inkişaf perspektivi müzakirə olunub.
6 aprel - Prezident İlham Əliyev Bakıda birinci Azərbaycan-Rusiya iqtisadi forumunun açılışında iştirak edib. Dövlət başçısı tədbirdə geniş nitq söyləyib və ikigünlük foruma uğurlar arzulayıb.
- Prezident Azərbaycan-Rusiya iqtisadi forumunda iştirak edən Rusiya Federasiyası Sverdlovsk vilayətinin qubernatoru Eduard Rosseli qəbul edib. Görüşdə Azərbaycanın Rusiyanın regionları ilə iqtisadi əlaqələrinin inkişafının zəruriliyi vurğulanıb.
7 aprel - Prezident İlham Əliyev Rusiyanın energetika və sənaye naziri, Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Viktor Xristenkonu qəbul edib. Görüşdə Azərbaycan-Rusiya iqtisadi forumunun yekunları müzakirə edilib.
8 aprel - Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin ilk iclası keçirilib. İclasda çıxış edən dövlət başçısı Azərbaycan Milli Ensiklopediyasının hazırlanması ilə bağlı görülən işləri qeyri-qənaətbəxş hesab edib. Ensiklopediyanın sözlüyünün və Azərbaycan Respublikasına həsr olunacaq birinci cildinin layihəsində kobud səhvlərə və səhlənkarlığa yol verildiyini qeyd edən prezident onların tezliklə aradan qaldırılması üçün tapşırıq verib.
- Prezident İlham Əliyev ölkəmizdə səfərdə olan Avropa Şurasının baş katibi Valter Şvimmeri qəbul edib. Dövlət başçısı ümidvar olduğunu bildirib ki, Avropa Şurası Azərbaycanın problemlərinə, ələlxüsus Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə diqqətini daha da artıracaq.
- Dövlət başçısının sərəncamı ilə Zülfüqar Musa oğlu Kazımov Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezidentin sərəncamı ilə həmin vəzifəyə İlqar Namaz oğlu Abbasov təyin edilib.
|