Müsəllim HƏSƏNOV
və qeyri-adi Amerika
Əməkdaşımız Müsəllim Həsənov ABŞ dövlətinin təşkil etdiyi təhsil mübadilə proqramları çərçivəsində bir neçə ay bu ölkədə yaşadıqdan sonra mart ayında Bakıya qayıdıb. "Bizim ƏSR"-in yanvar-fevral aylarında çıxan nömrələrində onun Amerika barədə ilkin təəssüratları dərc edilib.
Qəzetimizin bu nömrəsindən başlayaraq, ABŞ həyat tərzini yaxından izləmək imkanı qazanmış M.Həsənovun səfər qeydlərini dərc edirik.
Adi və qeyri-adi Amerika
Okeanın o tayındakı həyat tərzinə "kənar adam"ın baxışı
Viza almaq
çətindirmi?
Yaxın xarici ölkələrdən fərqli olaraq, Amerikaya səfər yol çantasını hazırlamaqdan və ya təyyarəyə bilet götürməkdən başlanmır. Amerikaya səfər viza almaqdan, daha doğrusu, viza üçün bu ölkənin səfirliyinə ərizə ilə müraciətdən başlanır. Və bu prosesin özünün alışmadığımız bir çox çətinlikləri olur ki, bu barədə də söhbət açmağa dəyər.
Viza almaq məqsədilə ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət etmək üçün gərək əvvəlcədən növbəyə yazılasan. Bu faktın özü ən müxtəlif məqsədlərlə Amerikaya getmək istəyən soydaşlarımızın çoxluğundan xəbər verir. Təyin olunan vaxtda səfirliyə gəlib çoxsaylı anketlər doldurmaq, çoxlu suallara cavab vermək lazım gəlir. Ən nəhayət, müsbət və ya mənfi cavabın verilməsi üçün əsas məqam - konsulla söhbət mərhələsi yetişir.
Viza vermək məsələsində konsul həlledici şəxs, son instansiyadır, desəm, yəqin ki, səhv etmərəm. Bütün sənədlərin yerli-yerində olmasına baxmayaraq, son anda konsulun "yox" kəlməsilə bütün hazırlıqlar yarımçıq qala bilər. Görünür, 2001-ci ilin məşum 11 sentyabr hadisələrindən sonra Amerika konsullarının həmişə nədənsə şübhələnmək və ya nəyəsə inanmamaq "hüququ" qanuni qüvvə alıb və bunu da əsassız saymaq olmaz. Ona görə də viza məsələsində ABŞ konsulu ilə mübahisə etmək, hansısa hüquq pozuntusundan danışmaq, insan hüquqlarına dair hansısa konvensiyaya istinad etmək əbəsdir. Amerikanın təhlükəsizlik məsələsi bu ölkənin məmurları üçün bütün huquqlardan irəlidə dayanır.
Ərizə qəbul edildikdən bir neçə gün sonra konsul viza üçün müraciət edən şəxsi söhbətə dəvət edir. Bu görüş zamanı konsul istənilən sualı verir və verə bilər. Təbii ki, o, daha çox səfərin məqsədi, səfərə çıxmaq istəyən şəxsin maliyyə durumu, ailə vəziyyəti, iş yeri və s. ilə maraqlanır. Və bu söhbətə əsasən bir neçə gün ərzində ya viza verilir, ya da viza verilməsindən imtina barədə məktub təqdim olunur. İmtina məktubunda səbəblər göstərilir və qeyd olunan çatışmazlıq (və ya hal) aradan qaldırıldıqdan sonra yenidən müraciət etmək hüququ xatırladılır.
Vizaların növləri
Məlum olduğu kimi, dünyanın hər yerindən daimi yaşamaq, sadəcə gəzmək və ya işgüzar məqsədlərini reallaşdırmaq üçün Amerikaya getmək istəyənlərin sayı ilbəil artır. ABŞ hüquqşünası Ceffri Kouenin "ABŞ-a viza" adlı məlumat kitabının dünyanın 30-a yaxın ölkəsində çap edilməsi və geniş populyarlıq qazanması da bu marağın böyüklüyündən xəbər verir. Kitabda Amerikaya viza almaq proseduru barədə məlumat verilir, bu ölkənin tətbiq etdiyi vizaların xüsusiyyətləri qeyd edilir, ərizə nümunələri və s. göstərilir. Bu da təsadüfi deyil. Çünki əksər dövlətlərdən fərqli olaraq, ABŞ-a getmək hüququ verən vizanın 50-dən çox növü var. Məsələn, hökumət üzvləri, xarici ölkələrin səfirləri və onların ailə üzvləri Amerikaya getmək üçün "A-1" kateqoriyalı vizadan istifadə edirlər. Səfirlik əməkdaşları, xarici ölkə hökumətlərinin məmurları, habelə onların ailə üzvləri "A-2" kateqoriyalı vizadan yararlanırlar. "A-3" kateqoriyalı vizalar səfirlik işçilərinə xidmət edən şəxslərə verilir. ABŞ-a işgüzar səfərə gedənlər "B-1" vizasından, turistlər isə "B-2" vizasından istifadə edirlər. Tranzit sərnişinlər "C-1" vizası almalıdır. Beynəlxalq təşkilatların əməkdaşları üçün beş viza növü tətbiq edilir. Amerika İnformasiya Agentliyinin (USIA) təşkil etdiyi təhsil mübadiləsi proqramlarının iştirakçıları "J-1", onların ailə üzvləri "J-2" vizasından yararlanırlar. Bu ölkəyə Amerika vətəndaşları ilə ailə qurmaq niyyəti ilə gedən qadın və kişilər "K-1" vizası, nikah bağlamamış belə adamların uşaqları "K-2" vizası almalıdır. NATO-nun strukturlarında çalışan nümayəndələr üçün "NATO-1"-dən başlanan yeddi cür viza tətbiq edilir.
Vizanın hər bir növü Amerikaya gələn vətəndaşa bu və ya digər hüquqlar verir. Məsələn, "J-2" vizası ilə ABŞ-a gələn şəxs bu ölkədə gəlir götürmək məqsədilə hər hansı fəaliyyətlə məşğul ola bilməz. Digər viza növləri də bu və ya digər məhdudiyyət və hüquqlar nəzərdə tutur. Yəni Amerika dövləti öz ölkəsinə daxil olan vətəndaşların fəaliyyətinə bu yolla nəzarət etmək və onların fəaliyyətini qanuni yolla tənzimləmək məqsədi güdür. Doğrudur, Amerikaya gedənlərin heç də hamısı bu məhdudiyyətlərə əməl etmir və bu tamam başqa bir söhbətin mövzusudur.
ABŞ səfirliyində viza açılması barədə pasporta müvafiq sənəd yapışdırıldıqdan sonra bilet tədarükü haqqında düşünmək olar. Ona görə düşünmək olar deyirəm ki, Amerikaya uçmaq üçün müxtəlif aviaşirkətlərin xidmətindən istifadə etmək mümkündür. Azərbaycan vətəndaşları Bakıdan Amerikaya əsasən Türkiyə, Böyük Britaniya, Almaniya və ya Fransa "üzərindən" uçurlar.
Mən Amerikaya Bakı-Paris-Atlanta reysi ilə uçmalı oldum. Nəticədə, üç ölkənin hava limanındakı xidmət səviyyəsini müşahidə və müqayisə etmək imkanı qazandım.
Aeroport
müşahidələri
Hava limanlarından birincisində, Binə aeroportunda baş verən neqativ hallar barədə çox deyilib, çox yazılıb. Etiraf etmək lazımdır ki, əvvəlki illərlə müqayisədə son vaxtlar burada yaxşılığa doğru irəliləyiş hiss olunur. Qeydiyyat zamanı yersiz yoxlamalar ləğv olunub, xidmət səviyyəsi xeyli yüksəlib. Bununla belə...
Binə aeroportuna yollanarkən cibimdə cəmi 10 min manat saxlamışdım ki, Amerikada milli pulumuza maraq gösətərən olsa, nümunə kimi göstərə bilim. Amma, necə deyərlər, sən saydığını say, gör aeroportda nə sayırlar...
Binə aeroportunda az qala hər şeyi sayırlar. Və gözəyarı, yəni tərəziyə qoymadan əlindəki çantanın çəkisini də müəyyən edirlər. Qeydiyyat stoluna yaxınlaşarkən əlində "ratsiya" tutan cavan oğlan nəzakətlə mənə yaxınlaşıb, əl çantamın, deyəsən, normadan ağır olduğunu bildirdi. Sonra da əlavə etdi ki, bunu yük bölməsinə versəm, daha yaxşı olar. Mən bu çantada hədiyyələr olduğunu və onların yük bölməsində sına biləcəyini söyləsəm də, cavan oğlan hansısa təlimatı xatırlatdı. Və mən əlavə bir söz demədən əlimi atıb amerikalılara göstərmək üçün apardığım 10 minliyi onun ovcuna basdım. Görünür, cavan oğlan mənim belə asanlıqla "təslim olacağımı" gözləmədiyi üçün, "tələsməyin", deyə o yan-bu yana baxdı. Sonra bu məbləğin azlığı barədə nəsə dedi və pulu cibinə qoydu. Qeydiyyatdan keçdim və həmin oğlan mənə razı halda "yaxşı yol, qardaş",- deməyi də unutmadı. Mən isə bir az kinayə ilə "bəs Parisdə necə olacaq" dedim. Cavan oğlan, deyəsən, kinayəni anlamadı və dedi: "Daha oralara mən cavabdeh deyiləm"...
Beləcə, "oralara" - Paris və Atlanta aeroportlarına özüm cavabdeh olmaq şərtilə sərhəd postunu da keçdim. Etiraf edim ki, yuxarıdakı əhvalat istisna olmaqla, Binə hava limanında digər ənənəvi macəralarla rastlaşmadım. Amma Fransa və Amerika aeroportlarında olandan sonra anladım ki, mən özümü daha çox öz aeroportumuzda narahat hiss elədim. Təbii ki, bu, mənim hansısa məxfi və ya qadağan olunmuş yük aparmağımla əlaqədar deyildi. Sadəcə, mənə elə gəldi ki, Bakı aeroportunda hər bir sərnişinə potensial qanun pozucusu kimi baxırlar. Mülki və qeyri-mülki forma geymiş adamlar sərnişinlərin üzünə elə ciddi baxır, onları kənardan elə süzürlər ki, adam özü-özündən şübhələnməyə başlayır.
Bu baxımdan birinci dayandığım hava limanındakı - Şarl de Qoll adına Paris hava limanındakı sadə və insani prosedurlar mənə qəribə gəldi. Bura sanki mənə yad ölkə deyildi. Amerikaya uçacağım təyyarəyə minmək üçün gedəcəyim dayanacağın yerini bir neçə adamdan və bir neçə dəfə soruşmalı oldum. Çünki bura həqiqətən də nəhəng aeroportdur. Necə deyərlər, nə ucu bilinir, nə bucağı.
Amerikaya uçan təyyarəyə minmək üçün aeroportda şütüyən avtobuslardan birinə minib xeyli yol getməli oldum. Sonra biletimi və əl çantamı qeydiyyata aldırdım. Qeydiyyatı aparan qara dərili cavan qadın bu işi gülə-gülə yerinə yetirdi və əl çantamın ağır, yaxud yüngül olmasının fərqinə də varmadı...
Atlantik okeanı üzərindən 9 saatlıq uçuşumuz bundan sonra başladı.
9 saatlıq uçuş
Əvvəllər məndə belə təsəvvür var idi ki, bu qədər uzaq məsafəyə uçan sərnişinlər üçün hansısa əlavə güzəştlər olur. Məsələn, hər şeydə rahatlıq axtaran amerikalıların 9 saat siqaretsiz keçinə bilmələrini təsəvvür etmədiyim üçün güman edirdim ki, yəqin bu təyyarələrdə siqaret çəkməyə icazə verərlər. Gümanım yanlış çıxdı və bütün sərnişinlər səfərin sonuna qədər bu qadağaya vicdanla əməl etdilər. Moskvadan Bakıya (və əksinə) uçan təyyarələrdə tez-tez müşahidə etdiyimiz mənzərə yaranmadı.
Sadəcə təyyarəyə oturarkən hər sərnişinə adyala oxşar pambıq parça (üstünü örtmək üçün) və bir də kiçik döşəkcə (kresloya uzanarkən başaltına qoymaq üçün) verirlər.
Uçduğumuz təyyarə Amerikanın məşhur "Delta" aviaşirkətinə məxsus idi. Təyyarənin salonlarında yuxarıdan iri televizorlar asılmışdı və bu ekranlarda vaxtaşırı uçuş barədə - təyyarənin sürəti, çöldə havanın temperaturu, qət edilmiş və mənzil başına qədər qalmış məsafə və s. barədə məlumatlar yazılır, qalan vaxtlar isə film göstərilirdi. Bundan başqa, hər bir sərnişinin qabağında - öndəki kreslonun arxasında kiçik televizor ekranı yerləşdirilmişdi. Sərnişin özünəməxsus pultla bu ekranda bir neçə kateqoriyadan olan filmlər seçib baxa bilər. Yaxud həmin ekranı söndürüb "qulaqcıq" vasitəsilə müxtəlif çeşidli musiqiyə qulaq asmaq olar. Qeyd edim ki, pultun ikinci üzü mobil telefon funksiyasını yerinə yetirir. Sərnişinlər təyyərədən kredit kartı ilə istənilən ölkəyə zəng vura bilərlər.
Qalan bütün qaydalar başqa təyyarələrdə olduğu kimidir. Tez-tez sərnişinlərə müxtəlif içkilər, iki dəfə yemək, təzə qəzetlər təklif olunur.
Təyyarədə hər bir sərnişinə "sərnişin kartı" deyilən blank verilir. Bu blankı ingilis, yaxud ispan dilində doldurmaq olar. Sərnişin səfərinin məqsədini, Amerikada müvəqqəti qalacağı ünvanı və s. göstərməlidir.
Aeroportda sərhəd qeydiyyatı keçmək üçün ABŞ vətəndaşlarına bir, əcnəbilərə isə ayrıca növbə olur. Bu növbədə səbirlə gözləməlisən. Əgər aeroporta eyni vaxtda bir neçə aerobus enibsə, növbə bir saata qədər vaxt apara bilər.
Hələ Amerikaya yollanmazdan xeyli əvvəl ayrı-ayrı qəzetlərdən oxumuşdum ki, ABŞ-a daxil olarkən bu ölkənin immiqrasiya xidmətinin əməkdaşları ilə ünsiyyətdə xüsusi ehtiyatlılıq tələb edilir. Bir balaca şübhəli davranış və ya yanlış məlumat sərnişinin geri qaytarılması ilə nəticələnə bilər. Əgər viza normadadırsa və pasportda hər hansı problem yoxdursa, narahat olmağa dəyməz.
Sənədlərimdə heç bir problem olmasa da, hədsiz ehtiyatlılıq nümayiş etdirməyim immiqrasiya xidmətinin əməkdaşı ilə aramızda anlaşılmazlıq yaranmasına gətirib çıxardı. Niyə?
Bu, başqa bir söhbətin mövzusudur.
(Ardı gələn sayımızda)
|