#14(991) XƏBƏR XƏTTİ
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Aktual

İç siyasət

Dünya

Müsahibə

İş həftəsi

Kriminal

Zəriflik

Mədəniyyət

Sərbəst

Təəssürat

Qiraət

Ədəbiyyat

Arena

İdman

Təqvim

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

Gürcüstandakı səfirimiz dəyişdirildi

Azərbaycan prezidenti İlham Əliyevin dünən imzaladığı sərəncama əsasən Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin digər sərəncamı ilə Hacan Hacıyev həmin vəzifədən azad olunub.

XİN başçıları Praqada görüşəcək

Ermənistan XİN başçısı Vardan Oskanyan aprelin 16-da Praqada ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşündə iştirak edəcək. Ermənistan XİN-in mətbuat xidmətinin məlumatına görə, Ermənistan xarici siyasət idarəsi başçısının azərbaycanlı təzə həmkarı Elmar Məmmədyarovla da görüşü planlaşdırılır. Xatırladaq ki, Ermənistan və Azərbaycan XİN başçılarının bundan əvvəlki görüşü martın 29-da olmalıydı.

Atatürk Araşdırmalar Mərkəzi açılacaq

Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-15-də Türkiyədə rəsmi səfərdə olacaq. Prezidentin Türkiyənin Azərbaycandakı səfiri Ünal Çeviközlə dünənki görüşündə qarşıdakı səfərə dair məsələlər müzakirə olunub. İlham Əliyev əmin olduğunu bildirib ki, səfər ikitərəfli münasibətlərin inkişafına müsbət təsir göstərəcək, bu münasibətləri daha yüksək səviyyəyə qaldıracaq. Öz növbəsində səfir Çeviköz qeyd edib ki, Türkiyə Azərbaycanın dövlət başçısının səfərinə hazırlaşır. O qeyd edib ki, səfər ərəfəsində Azərbaycan-Türkiyə dostluğuna həsr olunmuş bir sıra mədəni tədbirlər keçiriləcək. Belə ki, aprelin 10-da Bakıda Atatürk Araşdırmalar Mərkəzinin açılışı olacaq. Mərasimdə iştirak etmək üçün Türkiyənin dövlət naziri Bəşir Atalayın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlir.

İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib

Dünən Azərbaycan prezidenti İlham Əliyev Rumıniyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaye Urekenin etimadnaməsini qəbul edib. Səfir öz etimadnaməsini dövlətimizin başçısına təqdim edərək fəaliyyəti dövründə ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin, dövlətlərimiz və xalqlarımız arasındakı səmimi münasibətlərin daha yüksək səviyyəyə qalxması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. İlham Əliyev həmçinin Anqolanın, Oman Sultanlığının, Kubanın, Bəhreyn Krallığının, Şri-Lankanın, Koreya Respublikasının və Avstraliyanın ölkəmizdə yeni akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.

Fövqəladə vəziyyət hansı hallarda tətbiq oluna bilər?

Milli Məclisin dünənki iclasında deputatlar "Fövqəladə vəziyyət haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul ediblər. Layihəyə görə, təbii fəlakətlər, iğtişaşlar və ya ölkənin ərazi bütövlüyünə təhlükə yaranan məqamlarda fövqəladə vəziyyət tətbiq edilə bilər. MM-in təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov birinci oxunuş zamanı millət vəkillərinin söylədiyi irad və təkliflərin nəzərə alındığını bildirib. Bununla belə deputatlar layihəyə dair irad və təkliflərini bildiriblər. Millət vəkili Səyyad Salahlı bu sənədin ekstremal siyasi situasiyalar üçün yox, daha çox təbii fəlakət halları üçün nəzərdə tutulmasını vacib hesab edib. Millət vəkili Əliməmməd Nuriyev fövqəladə vəziyyət anlayışının qanunda dəqiq göstərilməsini, Qüdrət Həsənquliyev isə fövqəladə vəziyyətin prezidentin verəcəyi müvafiq fərmanın Milli Məclisdə təsdiqindən sonra tətbiq olunması məsələsində anlaşılmazlığı aradan qaldırmağı təklif edib.

Ermənistan müxalifəti Koçaryanın istefasını tələb edir

Dünən saat 16:00-da Yerevanın mərkəzində müxalifətin çoxminli mitinqi başlayıb. Milli Birlik Partiyası və Ədalət blokunun fəalları "Prezident, rədd ol!" və s. şüarlar səsləndirib. Müxtəlif məlumatlara görə, mitinqdə 30-50 min adam iştirak edib. Ədalət blokunun lideri S.Demirçyanın sözlərinə görə, hakimiyyətlə dialoqdan söhbət belə gedə bilməz. O, parlamenti Robert Koçaryana etimadla bağlı referendum keçirilməsi məsələsini gündəliyə daxil etməyə çağırıb. "Referendum Koçaryanın sivil yolla istefaya göndərilməsinə imkan verəcək"- deyə o bildirib.

Su anbarından meyit tapılıb

Şamaxı rayon sakini, 24 yaşlı Zamir İsmayılov itkin düşüb. Ailə üzvləri bu barədə rayon polis şöbəsinə məlumat veriblər. Əməliyyat tədbirləri nəticəsində Zamirin meyiti "Zaqalova" su anbarından tapılıb. İlkin məlumatlara görə, o, yaxınları ilə birlikdə Kür-Araz qəsəbəsi yaxınlığında təsərrüfat işlərilə məşğul olarkən kanala düşüb. Lakin yaxınları onun suya düşməsindən xəbər tuta bilməyiblər. Xilasedicilər cəsədi bir gündən sonra tapıblar. Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.

"Köhnə peşə"sini unutmayan qadın saxlandı

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini Qərənfil Nadir qızı Şirinovanı həbs ediblər. Əməliyyatçılar axtarışda olan Qərənfili Volqoqrad şəhərindəki həmkarları ilə birlikdə keçirdikləri əməliyyat tədbiri zamanı yaxalayıblar. Araşdırma nəticəsində Qərənfil Şirinovanın son 2 ildə Volqoqrad şəhərində saxta sənədlərlə yaşadığı məlum olub. Azərbaycanda dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu mənimsədiyi üçün ona qarşı CM-in 178-ci maddəsilə cinayət işi qaldırılıb. Q.Şirinova ötən müddətdə gizləndiyi şəhərdə də boş durmayıb. Onun Volqoqradda "köhnə peşəsini" unutmadığı və qadın alveri ilə məşğul olduğu müəyyən edilib. Q.Şirinovanın Azərbaycana təhvil verilməsi üçün lazımi tədbirlər görülür.

1 kiloqram narkotik maddə aşkar edilib

Nərimanov rayon 16-cı Polis Bölməsinin əməkdaşları Şəkidən paytaxta işləməyə gələn Zaur Bağırovu həbs ediblər. Səbəb Z.Bağırovun tez bir zamanda halal zəhmətə qatlaşmadan qazanc əldə etmək niyyətilə narkotik alverinə başlaması olub. Polis şübhəli şəxs qismində onun üzərinə baxış keçirərkən 1 kiloqram qurudulmuş marixuana aşkar edib. Z.Bağırov bu çəkidə narkotik maddəni sakini olduğu Qayabaşı kəndindəki meşəlikdən yığdığını bildirib. Hüquq-mühafizə orqanları qarşısı alınan cinayət əməlində Zaurun tək olmadığını ehtimal edir. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi qaldırılıb, istintaq gedir.

Əcnəbilərin "qənimi" yaxalanıb

Paytaxt ərazisində əcnəbi vətəndaşlara qarşı quldurluq edərək, onların pullarını ələ keçirən Yeni Yasamal sakini Baxşəli Abdullayev həbs olunub. Onu Səbayel rayon 8-ci Polis Bölməsinin əməkdaşları yaxalayıblar. İlkin məlumatlara əsasən, B.Abdullayev Səbayel rayonu, Netfçilər prospektindəki 94 saylı binada yaşayan Böyük Britaniya vətəndaşı Ceyms Henri Rventini qarət edib. O, ötən ilin yayında Şıx qəsəbəsində "1001 gecə" çimərliyində də analoji hadisə törədib. B.Abdullayev iki əcnəbidən 9 milyon manat ələ keçirib. O, altı aylıq "fəaliyyəti" dövründə 10-dan çox əcnəbini qarət edib. Faktla bağlı Səbayel Rayon Polis İdarəsində cinayət işi qaldırılıb, istintaq gedir.

Üzeyir Hacıbəyov haqqında film çəkiləcək

"Azərbaycantelefilm" Yaradıcılıq Birliyində yeni film istehsala buraxılıb. Şərti olaraq "Üzeyir Hacıbəyov" adlanan sənədli filmin ssenari müəllifi Kamil Şahverdi, quruluşçu rejissoru Elçin Musaoğlu, operatoru Elxan Nəbiyevdir. Filmdə dahi bəstəkarımızın həyat yolu və yaradıcılığı əks olunacaq. Eyni zamanda müxtəlif sənət adamlarının Ü.Hacıbəyov haqqında dedikləri fikirlər də ekran əsərində yer alacaq. Filmin çəkilişi Bakıda - bəstəkarın ev-muzeyində və respublikanın müxtəlif rayonlarında aparılacaq. Film ilin sonuna qədər təhvil veriləcək və dövlət televiziyası ilə nümayiş etdiriləcək.

"Arşın mal alan" festivalı ayın axırına qaldı

Azərbaycanda ilk dəfə olaraq R.Behbudov Fondunun təşəbbüsü ilə təşkil olunacaq "Arşın mal alan" festivalının aprelin sonunda keçirilməsi planlaşdırılır. Fonddan verilən məlumata görə, böyük bəstəkarımız Üzeyir Hacıbəyovun yazdığı "Arşın mal alan" əsərinin 90 illik yubileyi münasibətilə təşkil olunan festival çərçivəsində müxtəlif tədbirlər keçiriləcək, o cümlədən xarici ölkələrdəki afişalardan, fotoşəkillərdən ibarət sərgi açılacaq. "Arşın mal alan"ın internet saytının təqdimatı və R.Behbudovun xatirə lövhəsinin açılış mərasimi də bu tədbirlər sırasındadır. Festival bir həftə davam edəcək.

"Türk şerinin dünəni və bu günü"

Türkiyədəki Elagəz valiliyinin, Azərbaycan və Türkiyə mədəniyyət nazirliklərinin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Bakıda aprelin 8-dən başlayaraq 12-nə qədər "Türk şerinin dünəni və bu günü" devizi ilə XI uluslararası Xəzər şer axşamları keçirilir. Tədbirdə iştirak etmək üçün ölkəmizə Türkiyədən, Qazaxıstandan, Makedoniyadan, Şimali Kipr Türk Respublikasından 30-dan artıq şair gəlib. Ötən gün tədbir iştirakçıları ilə Azərbaycan Yazıçılar Birliyində görüş keçirilib. Birliyin sədri, yazıçı Anar çıxış edərək türk xalqlarının mədəni və ədəbi əlaqələrinin genişləndirilməsində belə tədbirlərin əhəmiyyətindən danışıb.

Əzizə Mustafazadə Türkiyədə konsert verib

İstanbulun Camal Rəşid bəy adına mədəniyyət mərkəzində tanınmış caz-vokal ifaçısı Əzizə Mustafazadənin solo konserti olub. Konserti böyük şəhər bələdiyyəsinin mədəniyyət departamenti təşkil edib. Musiqiçinin ifasında Vaqif Mustafazadənin caz-muğam improvizasiyaları, klassik əsərlərdən parçalar, xalq mahnılarımızın caz-vokal improvizasiyaları səsləndirilib.

"Haray" filminin təqdimat mərasimi olacaq

"Salnamə" studiyasında "Haray" sənədli filminin çəkilişi başa çatıb. 20 dəqiqəlik sənədli filmdə ermənilərin xalqımızın başına gətirdiyi faciə və müsibətlər arxiv materiallarına əsasən real süjetlər əsasında əks etdirilir. Filmin quruluşçu rejissorları Tofiq Məmmədov və Xamis Muradov, ssenari müəllifi Aydın Dadaşovdur. Yeni sənədli ekran əsərinin aprelin 20-də "Azərbaycan" kinoteatrında təqdimat mərasimi keçiriləcək.

Bir müəllifin üç şer kitabı

"Vahid" poeziya evində şair Əziz Musanın "Cəbrayıl qartalları", "Sevgi və göz yaşları" və "Dan ulduzu" adlı üç kitabının təqdimatı keçirilib. Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Tariyel Abbasov və başqaları təqdim edilən kitabların ədəbi-bədii məziyyətlərindən danışıblar. "Cəbrayıl qartalları" kitabına daxil edilən şer və poemalarda Cəbrayıl rayon polis əməkdaşlarının Qarabağ döyüşlərindəki qəhrəmanlıqlarından, "Dan ulduzu"nda tanınmış partiya xadimi Vahid İsmayılovun həyat və fəaliyyətindən, "Sevgi və göz yaşları" şerlər toplusunda isə şairin ürək həyəcanları poeziya dili ilə oxuculara çatdırılır.

Kinorejissorlar Gildiyasının yeni layihəsi

Cənubi Qafqazın Audiovizual Şəbəkəsinin regional strukturu - Azərbaycan Audiovizual Şəbəkəsi yaradılacaq. "Avrasiya" fondunun maliyyələşdirdiyi layihə üzərində dörd aydır iş gedir. Kinorejissorlar Gildiyasının yeni layihəsinin funksiyası filmlərimizlə bağlı hər cür informasiyaları sistemləşdirmək və onların vahid kommunikasiyasını yaratmaqdır. Bu, xaricdən Azərbaycana gələn bütün investorlar (prodüsserlər) üçün əvəzsiz yardım rolunu oynayacaq. Onlar şəbəkənin xidmətləri nəticəsində internet vasitəsilə Azərbaycan kinosu ilə bağlı bütün informasiyaları əldə edə biləcəklər.

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding