#14(991) ZƏRİFLİK
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Aktual

İç siyasət

Dünya

Müsahibə

İş həftəsi

Kriminal

Zəriflik

Mədəniyyət

Sərbəst

Təəssürat

Qiraət

Ədəbiyyat

Arena

İdman

Təqvim

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

Evimiz, sirrimiz
Müasir otaqlar necə qurulmalıdır?

Hər bir xanımın arzusu evində rahat, xudmani şərait yaratmaqdır. Bu şəraiti yaratmaq üçün xanımlarda bir qədər zövq olması və bu sahədəki müəyyən qayda-qanunu bilməsi vacibdir. Zövq xanımların öz ixtiyarında olsa da, qayda-qanun barədə onları məlumatlandıra bilərik. İlk növbədə mənzilinizdə otaqların təyinatını müəyyənləşdirin.
Mənzildə ən böyük otaq ümumi otaq üçün ayrılmalıdır. Adından da göründüyü kimi, ailənin bütün üzvləri gününün çoxunu bu otaqda keçirir, bəzən hətta yeməyi də burada yeyirlər.
Bu otaqda avadanlığın qoyulmasına böyük əhəmiyyət verilir. Müasir mənzildə bir əsas qanun gözlənilməlidir: mebel nə qədər az olsa, bir o qədər yaxşıdır. Mebellə doldurulmuş otaq darıxdırıcı təsir bağışlayır. Orada nəinki istirahət etmək, hətta bir yerdən başqa yerə keçmək də olmur. Hələ belə otaqda təmizlik yaratmağın nə qədər çətin olduğunu demirik. Ümumi otaqda xörək stolu ortaya yox, divarın yanına qoyulsa yaxşıdır. Belə olduqda otaq həm geniş görünər, həm də stol heç kimə mane olmaz. Stolun ətrafında söykənəcəyi alçaq olan stullar qoyulmalıdır, çünki söykənəcəyi hündür olan stullar otağı sanki kiçildir. Ümumiyyətlə, otaqda avadanlığın qoyulması üçün müxtəlif üsullar var. Lakin bir cəhətə fikir verilməlidir ki, iş yeri pəncərənin qarşısında, istirahət yeri otağın dərinliyində, yemək stolu isə mətbəxə yaxın, divarın yanında olmalıdır. Müasir mənzildə televizor böyük rol oynayır, ona görə də onu elə qoymaq lazımdır ki, otağın bir neçə yerindən görünsün və oturanlara çox yaxın olmasın. Televizora qaranlıqda və aydın gün işığında baxmaq olmaz. Gecə baxarkən otaqda balaca lampa yandırmalı, gündüz isə pərdələr çəkilməlidir. Şəkillər, incəsənət nümunələri, güldanlar praktik əhəmiyyət daşımasa da, mənzil haqqında ümumi təəssürat yaratmağa kömək edir. Amma bunların otaqda çox olması pis təsir bağışlayır, adamda biganəlik hissi yaradır və qiymətli əşya gözə çarpmır. Ona görə də əgər qiymətli şeyləriniz çoxdursa, onların hamısını birdən qoymayın, hər dəfə yır-yığış edərək dəyişin, beləliklə, siz mənzilinizə yenilik gətirərsiniz.

Yataq otağı


Bu otaq əsasən çarpayılar, tumbalar, paltar şkafı və güzgüdən ibarət olur. Yataq otağının havası yaxşı dəyişdirilməli, pəncərənin nəfəsliyi olmalıdır. Toz yığılmasın deyə, yataq otağının avadanlığı hamar səthli taxtadan olmalıdır. Çarpayıların döşəyi çırpılmaq üçün asan çıxarılmalıdır. Pal-paltarı saxlamaq üçün yataq otağında şkaf olur. Belə şkaflarda paltarı asmaq və yığmaq üçün yer və rəflər olmalıdır. Xırdavat şeyləri, adətən, güzgünün altındakı siyirmələrdə saxlayırlar. Güzgünün qarşısında oturmaq üçün kiçik, yumşaq səndəl olur.

Uşaq otağı

Uşaq otağı geniş və işıqlı olmalıdır. Burada o, həm yatmalı, həm kiçik ikən oynamalı, həm də məktəbə gedərkən dərsləri ilə məşğul olmalıdır. Ona görə də uşaq otağının avadanlığı bir neçə funksiya daşımalıdır. Otağa çarpayı əvəzinə taxt qoymaq olar. Uşaq burada gecə yatar, gündüz isə otura bilər. Şkaf əvəzinə sekreter almaq lazımdır ki, uşaq aşağı gözlərə oyuncaqları, yuxarı rəflərə isə kitabları yığa bilsin. Məktəbliyə düzgün əmək vərdişləri aşılamaq üçün ilk gündən onun iş yeri olmalıdır. Müxtəlif yerdə dərs oxuyan uşaq özünü toplayıb dərsə başlaya bilmir. Oturduğu stol və stul onun yaşına uyğun gəlməlidir. Uşaq otağının pərdələri asan yuyulan və göz oxşayan ucuz parçadan olmalıdır.

Mətbəx


Mənzillərimizdə mətbəx elə qurulub ki, burada qaz plitəsi və su kranı bir divarda yerləşir. Qarşıdakı divar isə boş qalır. Bura soyuducu və yemək stolu qoyulur. Qaz plitəsi ilə su kranının arasında mətbəx şkafı qoyulur. Divara xırda şkaflar vurmaq olar. Bura çay və xörək üçün işlədilən qab-qacaq, ədviyyat qabları və s. qoyulur. Bəzən evdar qadınlar fikirləşirlər ki, mətbəxdə qab-qacaq nə qədər çox olsa, xörək bişirmək bir o qədər asan olar. Bu, yanlış fikirdir. Artıq qab-qacaq nəinki lazım olan qabı götürməyə mane olur, həmçinin çox yer tutur və mətbəxdə qarma-qarışıqlıq yaradır. Ümumiyyətlə, hər evdar qadın özünün bişirmək qabiliyyətinə uyğun olaraq lazımi mətbəx avadanlığı alır. Fikir vermək lazımdır ki, mətbəx üçün alınan şeylər həm gərəkli, həm də yaraşıqlı olsun. Evdar qadının mətbəxdə ən yaxşı iş yeri qaz plitəsi ilə su kranın arasında qoyulan və qaz plitəsi ilə eyni hündürlükdə olan stoldur. Mətbəxdə mebel çox olduqda, qadının hərəkətinə mane olur və mətbəxin təmiz saxlanmasını çətinləşdirir. Yüngül, güllü parçadan dəblə tikilmiş pərdələr mətbəxə xüsusi gözəllik verir.

Vanna otağı


Vanna otağını da o biri otaqlar kimi sahmana salmaq lazımdır. Divarlarını ya yağlı boya ilə rəngləyir, ya da kafel vururlar. Divara kafeli yarıya qədər və 3/4 hissəsinə kimi vurmaq məsləhətdir. Qalan hissəsini isə emulsiya boyası, ya da yağlı boya ilə rəngləyirlər. Bəzi hallarda, buxarın yaxşı udulmasını istəyənlər divarın qalan hissəsini və tavanı əhənglə ağardırlar. Divardan asılmış böyük güzgü, güzgülü şkaflar və təmiz dəsmallar vanna otağına yaraşıq verir. Vanna otağında işıq güzgünün üstündən vurulmalıdır ki, qarşıda duranın üzünü yaxşı işıqlandırsın. Paltaryuyan maşını vanna otağında elə yerləşdirmək lazımdır ki, kiçik stola oxşasın və mane olmasın. Yaxşı olardı ki, vanna otağındakı avadanlıq eyni rəngdə olsun.

Dəhliz


Dəhlizdə üst paltarlarını asmaq üçün asılqan və yaxud xüsusi şkaf, güzgü qoyulmalıdır. Güzgünü ya asılqandan asmaq, ya da ayrıca vurmaq olar. Paltar şotkaları siyirmələrə qoyulur. Güzgünün hər iki tərəfində, yaxud yuxarısında divar lampası asılır.

Otaqların işıqlandırılması


Otağa təbii işıq pəncərədən düşür. Süni işıqdan isə hər kəs öz zövqünə görə istifadə edir. Televizora baxarkən otaq düzgün işıqlandırılmadıqda gözlərə pis təsir edir. Odur ki, otaqda zəif işıq yanmalıdır. Elə etmək lazımdır ki, işıq televizorun ekranına düşməsin. Yazı stolunda stolüstü lampa olmalıdır. Çertyoj stolu isə istiqamətlənən lampalarla işıqlandırılır. Yataq otağında ümumi çilçıraq, çarpayı yanındakı tumbalarda kiçik gecə lampaları olmalıdır. Bəzi hallarda hər iki çarpayı üçün divardan bir lampa asılır. Uşaq otağında iş yeri yaxşı işıqlandırılmalıdır. Mətbəx, adətən, tavandan asılan lampa ilə işıqlandırılır. Mətbəx böyük olduqda və bu işıq kifayət etmədikdə, onda stolun bir tərəfində divara başqa bir lampa vurmaq olar.

Pərdələr və dekorativ parçalar


Tül və dekorativ pərdələr otağa yaraşıq verir. Onlar otağa gözəllik verməkdən başqa, həm də evi soyuqdan, parlaq gün işığından qoruyur. Pərdələri asarkən elə etmək lazımdır ki, ev təbii işıqdan məhrum olmasın. Pərdələr həm də elə asılmalıdır ki, pəncərə və qapıların qüsuru görünməsin, otağa yeni görkəm verə bilsin. Məsələn, pəncərə geniş görünsün deyə, tül və dekorativ pərdələr pəncərənin hər iki tərəfindən elə asılmalıdır ki, yandakı divarlar pərdənin altında qalsın. Pəncərə çox geniş olduqda, pərdəni ancaq pəncərənin üstündən asmaq və döşəməyə qədər uzatmaq olar. Əgər pəncərədən həm tül, həm də dekorativ pərdə asılarsa, onlardan biri saya, gülsüz olmalıdır. Qeyd etmək lazımdır ki, parıldayan ipək və sintetik parçalardan olan pərdələr otağa yaraşıq verir, lakin otaqdakı mebellə uyuşmadıqda zövqsüz görünür. Qalın parçadan olan uzun dekorativ pərdələr qışda otağa səliqəli görkəm verirsə, kapron və neylondan olan büzməli pərdələr otağa xüsusi yaraşıq verir. Yay vaxtı çit parçadan olan dama-dama pərdələr otağa təravət və sərinlik gətirir. Çox vaxt pərdə ilə təkcə pəncərəni deyil, lazım gəldikdə bütün divarı da tuturlar.

Xalça və payəndazlar

Otaqda bütün döşəməni tutan iri xalçalar çox qəşəng görünür. Kiçik xalçalar divanın qabağına, stolun altına, kürsünün qabağına salınır. Saya rəngli divarları olan böyük otaqlara bər-bəzəkli iri xalçalar yaraşır. Döşəməyə bir-birinin rənginə uyuşmayan, naxışları müxtəlif olan bir neçə xalça, payəndaz saldıqda otaq zövqsüz görünür. Unutmayın ki, otağı bəzəyərkən xalça ona rahat və gözəl görkəm verdiyi kimi, tez tozlandığı və çirkləndiyi üçün çox qulluq tələb edir. Tozlu xalça həm də gigiyenik cəhətdən zərərlidir. Əgər xalçanı təmizləməyə vaxtınız yoxdursa, heç salmasanız daha yaxşı olar.

Şəkillər və bəzək əşyaları

Rəngkarlıq əsərləri saya divarlarda daha yaxşı görünür. Divarda şəkillərin sayı çox olmamalıdır. Yaxşı şəkli otağın ən işıqlı yerində asmaq lazımdır. Onun yanında ayrı bir şey asmaq olmaz. Bu, şəkli qiymətdən sala bilər.
Şəkillər otağa şuxluq gətirməli, mebel, güldanlar, stolüstü işıq və qeyri-avadanlıqla uyğun gəlməlidir.
Otaqlara ən çox yaraşıq verən güldür. Stol üstünə qoyulan təzə çiçəklər ən sadə otağı belə rövnəqləndirir. Gülləri saxlamaq qaydalarını bilsəniz, evinizdə həmişə təzə-təravətli gül olar.
Ümumiyyətlə, güllərin saplağını kəsmək lazımdır. Suyun içində qalan yarpaqlar kəsilməlidir.
Onu da yadda saxlayın ki, qızılgül və qərənfil bir-birini "sevmir", onları bir güldana qoyduqda tez solurlar.

Sevinc RƏHİMOVA

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding