Sentyabrın 20-də Azərbaycanın yeni tarixinin ən əlamətdar günlərindən birinin - "Əsrin müqaviləsi"nin imzalanmasının 10 ili tamam olur.
1994-cü il sentyabrın 20-də Bakının "Gülüstan" sarayında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında tarixi sənəd imzalandı.
Bu, Azərbaycan Respublikasının imza atdığı ilk beynəlxalq neft anlaşması idi və ilk gündən adı, tarixi önəmi və gələcəyə hesablanmış strateji mahiyyəti ilə müstəqillik salnaməmizdə ən layiqli yerini tutdu.
Bu müqavilə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın rifahlı sabahına işıq tutan neft strategiyasının əzəmətli səhifəsi idi. Bu layihəni əfsanə, xəyal adlandıranlar, onu əngəlləmək üçün dəridən-qabıqdan çıxanlar da yetərincə idi. Amma onun baş müəllifi hər şeyə rəğmən özünün qətiyyətli, uzaqgörən siyasətini addım-addım həyata keçirməyə başladı.
"Əsrin müqaviləsi" müstəqil Azərbaycan Respublikasının mövcudluğu barədə dünyaya verdiyi ilk praktik, əməli işə dayanan bəyanatı idi. "Biz bu müqaviləni imzalamaqla Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə sahib olduğunu dünyaya bir daha nümayiş etdirdik" - ümummilli liderimizin bu sözləri 1994-cü ilin 20 sentyabrından sonra dəfələrlə təsdiqini tapdı.
"Əsrin müqaviləsi"ndən ötən illər Azərbaycanın müstəqillik və dövlətçilik tarixidir. Bu illər isə rəvan olmayıb, Azərbaycanın müstəqillik yolunda saysız-hesabsız maneələr olub, dövlətçiliyimizə zərbə vurmağı hədəfləyən təxribatlar, qiyam və çevriliş cəhdləri həyata keçirilib. Və Azərbaycan özünün ümummilli liderinin müdrik siyasəti və qətiyyəti sayəsində bu əngəlləri birər-birər aşdı, sabitlik, inkişaf və rifah yoluna çıxdı. Eyni zamanda Heydər Əliyevin neft strategiyası da zamanın bütün sınaqlarından uğurla çıxaraq bu inkişaf və rifahın baş təminatçısına çevrildi.
1994-cü ilin 20 sentyabrından dərhal sonra Azərbaycanda baş verən hadisələr, dövlət çevrilişinə cəhd edilməsi (3-4 oktyabr 1994) həm də "Əsrin müqaviləsi"nin tarixi önəminin, bu layihədən nə qədər qüvvələrin əndişələndiyinin göstəricisi idi.