Dövlət Tikinti və Arxitektura Komitəsi (DTAK) paytaxtda çoxmərtəbəli binaların tikintisinin məhdudlaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə birgə sənəd hazırlandığını bəyan edib. Bundan sonra tikiləcək yüksək mərtəbəli binaların arxitektura qaydalarına ciddi nəzarət olunacaq. Lakin mütəxəssislərin əksəriyyəti adıçəkilən qurumların bu qərarını gecikmiş addım kimi dəyərləndirirlər. Onlar hesab edirlər ki, artıq Bakıda yeni tikilmiş yöndəmsiz binaların sayı həddən artıq çoxdur və bundan sonra tikinti "bum"unun qarşısının alınması əlavə problemlər yarada bilər.
Yeni hazırlanmış Əsasnaməyə görə, bundan sonra Bakının mərkəzi hissəsində tikiləcək binaların hündürlüyü 12 mərtəbədən yuxarı olmayacaq. Daha yüksək mərtəbəli binalar isə ərazinin relyefindən asılı olaraq paytaxtın nisbətən ucqar rayonlarında inşa ediləcək.
"Bakıdövlət" Layihə İnstitutunun memarı və paytaxtın Baş Planının müəlliflərindən biri olan Feyzulla Quliyev isə bu cür məhdudiyyətlərin əleyhinədir. Onun sözlərinə görə, Bakıda hündür mərtəbəli binaların tikintisinə qoyulan məhdudiyyətlər yalnız ərazinin relyefinə, iqliminə, əhalinin sıxlığına, infrastruktura əsaslanmalıdır.
Müstəqil ekspert, paytaxtın keçmiş baş memarı Elbəy Qasımzadə isə bildirir ki, hələ sovet dövründə yüksək mərtəbəli binaların tikintisinə heç bir məhdudiyyət qoyulmurdu. Yalnız tikinti sahəsinin aparıldığı ərazilərin geoloji vəziyyətinə uyğun olaraq orada mərtəbələrin sayına və digər konstruksiyalara ciddi fikir verilirdi. Hazırda isə Azərbaycanın özünün tikinti qanunları var və şəhərsalmaya dair bütün prinsiplər həmin qanunlarda dəqiqliklə göstərilir.