Qarabağ: kompromis axtarışı,
yoxsa siyasi imitasiya?
Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan real danışıqların tərəfdarıdır və
əgər müzakirələr bu məcradan çıxsa, onda prosesi dayandırmalı olacaq:
"Biz danışıq aparmaq görüntüsü yaratmaq fikrində deyilik. Çünki hər bir səbrin sonu olur.
Azərbaycanın da tam haqqı var ki, istənilən vasitədən istifadə edib ərazi bütövlüyünü bərpa eləsin"
Prezident İlham Əliyevin Birləşmiş Ştatlara işgüzar səfərinin yekunları Azərbaycanın bir nömrəli probleminin beynəlxalq müstəvidə inikası nöqteyi-nəzərindən əlamətdar nəticələr ortaya qoyur.
Azərbaycan rəhbərliyi növbəti dəfə həm BMT tribunasından, həm də Nyu-Yorkda keçirdiyi digər görüşlərdən istifadə edərək Qarabağ probleminin mahiyyətini və Ermənistanın təcavüzkar siyasətini dünya birliyinin diqqətinə çatdırdı. 1994-cü ilin sentyabrından, mərhum dövlət başçısı Heydər Əliyevin BMT Baş Assambleyasının 49-cu sessiyasındakı çıxışından bu yana ölkə rəhbərliyi bu gerçəkliyi dünyanın ən yüksək siyasi tribunasından dəfələrlə bəyan edib.
Eyni zamanda, ötən illər bir gerçəyi də təsdiqləyib ki, beynəlxalq təsisatlar çeşidli səbəblərdən Ermənistanın Azərbaycana təcavüzünə adekvat qiymət vermək istəyindən uzaqdır. Öz növbəsində Azərbaycan beynəlxalq siyasətdəki bu cür ikili standartları mütəmadi tənqid etməklə yanaşı, dünya birliyinin seyrçiliyi fonunda məruz qaldığı işğala öz gücü ilə son qoymaq əzmini də dəfələrlə ifadə edib. Prezident İ.Əliyevin BMT Baş Assambleyasındakı çıxışını da ilk növbədə bu aspektdən qiymətləndirmək lazımdır.
Azərbaycanın qlobal və regional təhlükəsizliyə öz töhfəsini verdiyini qeyd edən dövlət başçısı beynəlxalq birliyin nəzərinə çatdırıb ki, dünyada terrora rəvac verən silahlı münaqişələr bu və ya digər şəkildə bir-birinə bağlıdır və onları birgə əməkdaşlıq əsasında kompleks şəkildə aradan qaldırmaq lazımdır: "Bu işdə heç bir ikili standartlara yol vermək olmaz". İ.Əliyev vurğulayıb ki, Azərbaycan BMT-yə üzv olduğu ilk gündən beynəlxalq birliyin diqqətini Ermənistanın təcavüzünə yönəldib: "Ölkəmiz BMT-dən təcavüzkarı işğal olunmuş torpaqlardan geri çəkilməyə məcbur edəcəyini və beləliklə, öz yurdlarından qovulmuş Azərbaycan vətəndaşlarının daimi yaşayış yerlərinə qayıtması üçün imkan yaradılacağını gözləyirdi".
Lakin ötən müddət ərzində BMT bu məsələ ilə bağlı 4 formal qətnamə (1993-cü ildə Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələr) qəbul etməklə kifayətləndi, həmin sənədlərdəki tələblər də Ermənistan tərəfindən qulaqardına vurulur.
Prezident bəyan edib ki, BMT qətnamələrinə məhəl qoymayan, hərbi təcavüzünün nəticələrini möhkəmləndirməyə çalışan və bu hərəkətlərinə görə cəzasız qalan Ermənistan bu illərdə işğal olunmuş Azərbaycan ərazilərində öz əhalisinin kütləvi şəkildə qeyri-qanuni məskunlaşdırılması kimi qəddar siyasət həyata keçirib və bu, beynəlxalq hüququn, xüsusilə Müharibə Zamanı Mülki Şəxslərin Müdafiəsi üzrə 1949-cu ildə qəbul edilmiş 4-cü Cenevrə Konvensiyasının müddəalarının açıq şəkildə pozulmasıdır.
Dövlət başçısı Ermənistanın işğalçılıq siyasətinin digər cəhətinə də diqqəti cəlb edib: "Ermənistan və Dağlıq Qarabağ separatçıları xarici şirkətləri də qeyri-qanuni biznesə cəlb etməyə çalışaraq, işğal olunmuş Azərbaycan ərazilərində təbii sərvətləri də istismar edirlər. Mən üzv dövlətləri öz vətəndaşlarını və şirkətlərini beynəlxalq hüquq normalarına hörmət bəsləməyə məcbur etməyə və onların ölkəmizin ərazisində qeyri-qanuni fəaliyyət göstərməsinin qarşısını almağa çağırıram". İ.Əliyev bəyan edib ki, Azərbaycan suveren dövlətimizə məxsus olan təbii sərvətlərin mənimsənilməsində iştirak etdiklərinə görə bu şirkətlərin məsuliyyət daşıması üçün bütün lazımi hüquqi və praktiki tədbirləri həyata keçirəcək.
BMT və digər beynəlxalq təsisatların laqeydliyi fonunda Ermənistanın təcavüzün nəticələrini rəsmiləşdirməyə cəhd etdiyini deyən İ.Əliyev "Mən bu yüksək tribunadan vurğulamaq istəyirəm ki, münaqişə etnik təmizləmə və de-fakto suveren dövlətin ərazilərinin ilhaq olunması əsasında deyil, beynəlxalq hüquq və demokratiya normaları əsasında həll edilə bilər. Azərbaycan torpaqlarının işğalı, ərazi bütövlüyünün pozulması və etnik təmizləmənin nəticələri ilə heç zaman barışmayacaq" - deyə vurğulayıb.
İ.Əliyevin sentyabrın 24-də Nyu-Yorkun Kolumbiya Universitetində keçirdiyi görüşdə də Ermənistan-Azərbaycan münaqişəsi aparıcı mövzu olub. Qeyd edək ki, dövlət başçısına sual ünvanlayanlar arasında universitetin erməni əsilli tələbələri də vardı və onlar diskusiyaya girərək Ermənistanın təcavüzkarlığını ört-basdır etməyə çalışır, Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək uğrunda mübarizə apardıqlarını iddia edirdilər.
Prezident İ.Əliyev bu iddialara cavab olaraq nüfuzlu auditoriyanın və erməni tələbələrin diqqətinə çatdırıb ki, erməni xalqı artıq öz müqəddəratını təyin edib, Ermənistan dövləti var və o, beynəlxalq aləmin üzvüdür: "Ermənilərin yaşadığı hər bir yerdə öz müqəddəratlarını təyin etməyə başlayacaqları təqdirdə nəyin baş verə biləcəyini təsəvvür etmək çətindir".
Dövlət başçısı bir daha bəyan edib ki, münaqişənin həlli yalnız Azərbaycan ərazilərinin erməni işğalından azad olunması və beynəlxalq hüquq normalarının bərqərar edilməsi əsasında baş tuta bilər. "Çünki dünyada buna alternativ olan mexanizm yoxdur. Hər bir ölkə beynəlxalq hüquq normalarına, BMT-nin qətnamələrinə tabe olmalıdır. Əks təqdirdə, dünyada qanun-qayda olmaz" - deyə o bildirib.
Münaqişənin nizamlanması ilə bağlı danışıqların həddən artıq uzandığını və məhz Ermənistanın aqressiv mövqeyi üzündən nəticə vermədiyini qeyd edən İ.Əliyev "10 ildən artıq müddətdə danışıq aparmağımız bizim münaqişəni sülh yolu ilə həll etmək istəyimizi göstərir. Amma eyni zamanda, bir şeyi də açıqlamaq lazımdır ki, Azərbaycan öz suverenliyinin itirilməsi, özünə məxsus olan ərazilərin itirilməsi ilə heç zaman barışmayacaq. Bir şey də aydındır ki, danışıqlar həmişəlik davam edə bilməz. Hər bir səbrin sonu olur".
Prezidentin sözlərinə görə, hazırda danışıqlar konkret mövzular ətrafında gedir, amma nə vaxtsa danışıqlar həll axtarışına kömək etməyəcəksə, proses dayandırılacaq: "Çünki biz danışıq aparmaq görüntüsü yaratmaq fikrində deyilik. Sülh həllini tapmaq üçün real imkan varsa, biz sülh yolu ilə həllə sadiq olacağıq. Yoxdursa, dünyadakı hər hansı başqa ölkə kimi, Azərbaycanın da tam haqqı vardır ki, istənilən vasitədən istifadə edib ərazi bütövlüyünü bərpa eləsin".
Ermənistanın Dağlıq Qarabağdan kənarda işğal etdiyi ərazilərdə həyata keçirdiyi məskunlaşdırma siyasətinə toxunan dövlət başçısı qeyd edib ki, BMT Baş Assambleyasındakı çıxışında da bu məsələni qaldırıb: "Azərbaycan bu mövzunu daim qaldırır. Bu, beynəlxalq hüquq normalarının və 1949-cu il Cenevrə Konvensiyasının - işğal olunmuş ərazilərdə məskunlaşma haqqında olan Konvensiyanın müddəalarının pozulması deməkdir. Bunun çox təhlükəli sonluğu ola bilər. Bu, bir daha nəyi göstərir? Onu göstərir ki, Ermənistan beynəlxalq hüquq normalarını saya salmır, düşünür ki, istədiyi cür hərəkət edə bilər. Amma ən pis tərəfi odur ki, beynəlxalq aləm buna heç bir reaksiya vermir. BMT-nin, digər beynəlxalq təşkilatların adekvat reaksiyası olmayanda, bu, münaqişənin sülh yolu ilə həlli məsələsinə kömək etmir. Bu, Azərbaycan cəmiyyətində münaqişənin sülh yolu ilə həll olunması mexanizminə inamsızlıq yaradır".
Prezident birmənalı şəkildə bəyan edib ki, belə bir laqeydlik tamamilə yeni şəraitə gətirə bilər: "Elə şəraitə ki, Azərbaycan hökuməti, Azərbaycan xalqı daha münaqişənin sülh yolu ilə həllinə inanmaz. Sonra nə olacaq, bu, hamıya məlumdur: müharibə variantı. Biz müharibə istəmirik, sülh istəyirik. Amma Ermənistanın təcavüzkar siyasəti adekvat cavabını almalı və beynəlxalq ictimaiyyət müvafiq ölçülər götürməlidir".
Ermənistan dilinin bəlasına düşüb
İraqa 50 nəfərlik hərbi kontingent göndərmək barədə ABŞ-a vəd
verən rəsmi Yerevan indi sözündən geri durmaq üçün yollar arayır
Ermənistan Birləşmiş Ştatların rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasında iştirak görüntüsü yaratmaq üçün yeni spekulyasiyalara baş vurub. İraqa hərbi kontingent göndərmək barədə Vaşinqtona söz verən Yerevan bir ilə yaxındır ki, bu məsələ ətrafında manevr etməyə çalışırdı. Əvvəlcə İraqa sapyor (minaaxtaran) dəstəsi göndərməyə boyun olan Ermənistan sonradan kontingentin hərbi deyil, mülki olacağını və əsasən tibb mütəxəssislərindən ibarət olacağını bildirmişdi.
Nəhayət, ABŞ Ermənistanı, necə deyərlər, dilindən tutdu. Avqust ayında Birləşmiş Ştatların Ermənistana təyin olunmuş yeni səfiri Con Evansla görüşdə XİN başçısı Vardan Oskanyan yaxın vaxtlarda İraqa 50 nəfərlik hərbi həkim və sapyorlardan ibarət heyət göndəriləcəyini bəyan etmişdi.
Sözsüz ki, erməni rəsmisi bu bəyanatla ilk növbədə ABŞ-ın yanında yerini isti etmək məqsədi güdürdü. Əhalisinin sayına görə ABŞ-dan ən çox yardım alan ölkələrdən sayılan Ermənistan Amerikanın başçılıq etdiyi beynəlxalq antiterror kampaniyasında sonuncular sırasındadır. Yerevan ABŞ-ın Əfqanıstandakı əməliyyatına son anda (Azərbaycan və Gürcüstandan sonra), özü də, sadəcə, hava məkanını açmaqla dəstək verdi, İraq kampaniyasında isə hələlik heç bir təşəbbüsü ilə fərqlənməyib. Halbuki qonşu Azərbaycanın və Gürcüstanın hərbi kontingentləri (müvafiq olaraq 150 və 160 nəfər) bir ildən çoxdur ki, İraqda sülhyaratma əməliyyatında iştirak edir. Digər yandan, Yerevan və ABŞ Konqresindəki erməni lobbisi Vaşinqtonun Azərbaycana Ermənistandan çox hərbi yardım ayırması ilə bağlı xeyli vaxt idi ki, kampaniyaya başlamışdı. Bunu nəzərə alan ABŞ administrasiyası 2005-ci il üçün hər iki ölkəyə eyni miqdarda - 8,75 milyon dollar hərbi yardım paketi ayırdı. Necə deyərlər, Ermənistan bütün bunların müqabilində zəruri addımı atmalı idi. Vaşinqton da Oskanyanın bəyanatını "göydə tutdu" və sentyabrın 21-də Ermənistanın Müstəqillik günü ilə bağlı Koçaryana təbrik göndərən prezident Buş antiterror kampaniyasına dəstək məsələsinin tezliklə reallaşacağına ümidini ifadə edib.
İndi Ermənistan qalıb iki daş arasında: bir tərəfdən, ABŞ-a verilən sözün arxasından qaçmaqla onun qəzəbinə tuş gəlmək istəmir, digər yandan, İraqa heyət göndərməklə həm ərəb ölkələri (onların böyük əksəriyyəti ABŞ-ın İraqa müdaxiləsini işğal adlandırır) ilə isti münasibətlərinin korlanacağından və həm də İraqdakı 20 minlik erməni icmasının zərbə altında qalacağından ehtiyatlanır.
İndi Ermənistan hökuməti məsuliyyəti parlamentin üzərinə qoymaqla vəziyyətdən çıxmaq istəyir. Oskanyanın sözlərinə görə, İraqa kontingent göndərilməsində son söz deputatlarındır. Eyni zamanda, o da bəllidir ki, Ermənistan parlamentində 131 deputatdan ən azı 100-ü hakimiyyəti təmsil edir. Necə deyərlər, əsl erməni lətifəsidir...
|