#39(1016) ARAŞDIRMA
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Siyasət

Aktual

Dünya

Tarix

Araşdırma

İş həftəsi

Kriminal

Ədəbiyyat

Sərbəst

Maraq

İdman

Arena

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

Bakıda göydələnlər olsun, yoxsa olmasın?
Paytaxtda şəhərsalma normalarının pozulması təkcə sakinləri deyil, bu sahə ilə məşğul olan mütəxəssisləri də narahat edir

Ötən həftə Dövlət Tikinti və Arxitektura Komitəsi (DTAK) paytaxtda çoxmərtəbəli binaların tikintisinin məhdudlaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə birgə sənəd hazırlandığını bəyan edib. Bundan sonra tikiləcək yüksək mərtəbəli binaların arxitektura qaydalarına ciddi nəzarət olunacaq. Lakin mütəxəssislərin əksəriyyəti adıçəkilən qurumların bu qərarını gecikmiş addım kimi dəyərləndirirlər. Onlar hesab edirlər ki, artıq Bakıda yeni tikilmiş yöndəmsiz binaların sayı həddən artıq çoxdur və bundan sonra tikinti "bum"unun qarşısının alınması əlavə problemlər yarada bilər.
Ümumiyyətlə, Bakıda şəhərsalma normaları necə qorunur? DTAK-ın hazırladığı yeni əsasnamədə hansı dəyişikliklər nəzərdə tutulur və bu sənəd tikinti sahəsindəki nöqsanları aradan qaldıra biləcəkmi?
Bu və ya digər suallara aydınlıq gətirmək üçün memarlıq və şəhərsalma təsərrüfatına yaxından bələd olan mütəxəssislərlə əlaqə saxladıq. DTAK-ın iqtisadiyyat və investisiya şöbəsinin rəisi Cahangir Qocayev "Bizim ƏSR"ə bildirib ki, binanın yöndəmsizliyi onun çoxmərtəbəli olması ilə ölçülmür. Çünki istər yüksək mərtəbəli binalar, istərsə də cəmi bir neçə mərtəbədən ibarət olan tikililər, hətta fərdi evlər də konkret plan əsasında inşa edilməlidir. Onun sözlərinə görə, yöndəmsiz bina onun tikintisinə qeyri-peşəkar yanaşmanın və tikinti layihəsinin bilərəkdən pozulmasının nəticəsidir. C.Qocayev vurğulayıb ki, DTAK bu yaxınlarda yeni tikilən çoxmərtəbəli binalarda norma və qaydaların yerinə yetirilməsi səviyyəsini öyrənmək üçün müvafiq yoxlamalar aparıb. BŞİH-in Memarlıq və Tikinti Nəzarəti Müfəttişliyi ilə birgə yoxlamalar nəticəsində məlum olub ki, bir sıra şirkətlərin tikdiyi binalarda layihədən kənaraçıxmalar var. Belə ki, tikinti şirkətlərindən biri onun üçün ayrılmış torpaq sahəsində iki bina əvəzinə, üç hündürmərtəbəli yaşayış evi inşa edib. Həmçinin binaya giriş-çıxış hissəsinin konstruksiya sxeminə bir sıra əlavələr olunub.
Yeni hazırlanmış əsasnamədə hansı dəyişikliklər nəzərdə tutulduğuna gəlincə, C.Qocayev deyib ki, həmin sənədə əsasən, bundan sonra Bakının mərkəzi hissəsində tikiləcək binaların hündürlüyü 12 mərtəbədən yuxarı olmayacaq. Daha yüksək mərtəbəli binalar isə ərazinin relyefindən asılı olaraq paytaxtın nisbətən ucqar rayonlarında inşa ediləcək.

Çoxmərtəbəli binanın bünövrəsi necə qoyulmalıdır?

"Bakıdövlət" Layihə İnstitutunun memarı və paytaxtın Baş Planının müəlliflərindən biri olan Feyzulla Quliyev isə bu cür məhdudiyyətlərin əleyhinədir. Onun sözlərinə görə, Bakıda hündür mərtəbəli binaların tikintisinə qoyulan məhdudiyyətlər yalnız ərazinin relyefinə, iqliminə, əhalinin sıxlığına, infrastruktura əsaslanmalıdır. Memar hesab edir ki, bu cür məhdudiyyətlər qoymaqdansa, tikintiyə nəzarətin gücləndirilməsi, təsdiq olunmuş layihələrin icrasının vaxtaşırı yoxlanılması daha məqsədəuyğundur: "Bakıda tikinti layihələrinin icrasına nəzarət olduqca aşağı səviyyədədir. Ona görə də şəhərsalma tələblərinin pozulması hesabına yöndəmsiz binaların sayı artır. Hətta tikinti zamanı texniki təhlükəsizlik qaydalarına da əməl olunmur". Onun sözlərinə görə, müvafiq qanunvericiliyə əsasən, layihənin baş memarı tikintiyə nəzarət edən baş mühəndislə birgə inşaat işlərinin bünövrəsi qoyulandan mənzil təchizatı başa çatanadək bütün proseslərdə iştirak etməli, sonra isə binanın istismara yararlılığına dair Dövlət Ekspertiza İdarəsindən rəy almalıdır: "Lakin yeni binalarda bu şərtlərin heç birinə əməl olunmur. Hətta elə şirkətlər var ki, onlar tikinti işlərini gecə saatlarında da davam etdirir və bir ay ərzində 4 mərtəbəni tikib başa vururlar. Halbuki şəhərsalma qaydalarına əsasən, binanın təkcə bünövrəsinin qoyulması üçün 28 sutka lazımdır. Yalnız bünövrə qoyulduqdan 28 gün keçdikdən sonra həmin bünövrənin üzərində tikintinin aparılmasına icazə verilir. Əks halda beton-divarlar arasında məsamələrdə yığılıb qalmış hava sonradan çatlar əmələ gətirir".
Müstəqil ekspert Elbəy Qasımzadə isə bildirib ki, hələ sovet dövründə yüksək mərtəbəli binaların tikintisinə heç bir məhdudiyyət qoyulmurdu. Yalnız tikinti sahəsinin aparıldığı ərazilərin geoloji vəziyyətinə uyğun olaraq orada mərtəbələrin sayına və digər konstruksiyalara ciddi fikir verilirdi. Hazırda isə Azərbaycanın özünün tikinti qanunları var və şəhərsalmaya dair bütün prinsiplər həmin qanunlarda dəqiqliklə göstərilir. Belə ki, 1998-ci ildə qüvvəyə minmiş "Şəhərsalmanın əsasları haqqında" və "Memarlıq fəaliyyəti haqqında" qanunlarda binaların tikintisi üçün ərazilərin müəyyənləşdirilməsi, qadağa və məhdudiyyətlər, layihə sənədlərinin hazırlanması kimi prinsipial məsələlər əks olunub. Onun sözlərinə görə, həmin qanunlar yeni binaların tikintisi üçün ən vacib şərtləri əhatə edir: "Təəssüf ki, hazırkı binalarda layihədən kənaraçıxma halları daha çox müşahidə edilir. Hətta Bakıda yüksək mərtəbəli yaşayış binalarının tikintisi üçün ayrılan sahələr düzgün seçilmir, onların çoxunda zəlzələyə davamlılıq nəzərə alınmır. Tikinti şirkətləri isə layihəni olduğu kimi yerinə yetirmir". E.Qasımzadə vurğulayıb ki, yeni tikililər üçün ayrılmış ərazilər düzgün seçilmədiyindən, binaların memarlıq üslubu da qarmaqarışıq və görkəmsiz görünür. Bu azmış kimi yeni yaşayış binalarının inşası üçün tikinti şirkətlərinə ayrılan torpaq sahələri Memarlıq və Planlaşdırma Baş İdarəsi, DTAK ilə razılaşdırılmadan həyata keçirilir. Hətta dövlət orqanlarının təsdiq etdiyi layihələrin əsas tələbləri də vaxtaşırı pozulur.

Baş Planın tələbləri pozulur

Xatırladaq ki, Bakıda yüksək mərtəbəli binaların yöndəmsiz inşa edilməsi bir neçə ay əvvəl meriyada keçirilən müşavirədə də əsas müzakirə obyekti olmuşdu. Sözügedən müşavirədə Bakı meri şəhərdə yöndəmsiz tikililərin çoxaldığını etiraf edərək, bunun məsuliyyətini yerli icra hakimiyyəti orqanlarının üzərinə atmışdı. Amma cözügedən məsələlər ətrafında olan müzakirələr göstərdi ki, heç də hər şey yerli icra hakimiyyəti orqanlarından asılı deyil. Əksinə, məhv edilmiş yaşıllıqların yerində yüksək mərtəbəli binaların tikintisi də, layihədən kənaraçıxmalar da məhz meriyanın razılığı əsasında həyata keçirilir. Ən əsası odur ki, Bakının Baş Planının tələbləri hamının gözü qarşısında kobud şəkildə pozulur. Həmsöhbət olduğumuz mütəxəssislərin fikrincə, 1987-ci ildə təsdiqlənmiş və şəhərin 20-25 illik əsas strateji inkişafını müəyyən edən Baş Planın cəmi 20 faizi yerinə yetirilib. Əvəzində isə şəhərin kompleks memarlıq üslubuna ciddi xələl gətirən yöndəmsiz, texniki təhlükəsizliyə cavab verməyən yeni binaların tikintisinə şərait yaradılıb. Halbuki Baş Plana əsasən, 20-25 il ərzində şəhərin yaşayış, sənaye, kommunal, istirahət və digər təsərrüfat zonalarının, habelə bütün növ nəqliyyat, kommunal xətləri və qurğularının, sosial xidmət mərkəzlərinin tikintisi başa çatdırılmalı idi.
Qeyd edək ki, hazırda qüvvədə olan Baş Plan Abşeron yarımadasının 219,2 min hektar ərazisini, o cümlədən, Bakı amfiteatrının 22,1 min hektar hissəsini təşkil edir. Həmçinin Baş Planda 20-25 ilə perspektiv demoqrafik artım nəzərə alınmaqla qeydiyyata götürüləcək əhalinin sayı 2 milyon 600 min nəfər, mənzil fondu isə 40,7 milyon kvadratmetr həcmində nəzərdə tutulub. Buna baxmayaraq, hazırda Bakıda rəsmi qeydiyyata alınmış əhalinin sayı 1 milyon 840 min 800 nəfər, mənzil fondu isə cəmi 26,1 milyon kvadratmetrdir. F.Quliyev bildirib ki, əslində bu gün Bakıda qeydiyyatsız yaşayanları, o cümlədən qaçqın və məcburi köçkünləri də nəzərə almaqla şəhərin əhalisi 3 milyondan artıqdır. Onun sözlərinə görə, paytaxtın memarlıq üslubuna xələl gətirən yeni binaların tikintisini məhz demoqrafik vəziyyət tələb edir: "Çünki hündür mərtəbəli binaların tikintisi zamanı həmin ərazinin infrastrukturu, əhalinin sayı, nəqliyyat sxemi, ekologiyası, geologiyası və digər məsələlər nəzərə alınmalıdır. Bəzən hansısa tikinti şirkəti 12 mərtəbəli binanın layihəsini hazırlayır. Müvafiq qurumlar da layihəyə baxıb, yerində araşdırma aparandan sonra onun tikintisinə razılıq verir. Amma layihə təsdiq olunandan sonra həmin bina 12 mərtəbədən 16 mərtəbəyə qalxır və bundan da heç kimin xəbəri olmur. Halbuki həmin layihəyə əsasən, binada quraşdırılan kanalizasiyanın gücü, elektrik enerjisi, qaz və su xətləri yalnız 12 mərtəbədə yerləşə biləcək əhalinin tələbatına uyğundur və təbii ki, həmin infrastrukturlar da 16 mərtəbəli binanın tələbatını ödəyə bilməz. Ona görə də normadan artıq yüklənmə infrastrukturların sıradan çıxması ilə nəticələnir".

Çıxış yolu varmı?

Apardığımız araşdırmalardan da məlum olur ki, Bakıda şəhərsalma normalarının pozulması təkcə paytaxt sakinlərini deyil, elə bu sahə ilə məşğul olan mütəxəssisləri də ciddi narahat edir. Amma qanunlardakı bəzi boşluqlar və vahid nəzarət sisteminin olmaması tikinti şirkətlərinin özbaşınalığına şərait yaradır. Həmsöhbət olduğumuz mütəxəssislər isə vəziyyətdən çıxış yolunun olduğunu bildirirlər. Məsələn, F.Quliyev tikinti sahəsinə nəzarət edən dövlət orqanları rəhbərlərinin vaxtaşırı mətbuat nümayəndələri ilə görüşünün keçirilməsini vacib sayır. O təklif edir ki, mətbuat nümayəndələrinin də iştirakı ilə tikinti idarələri birgə müzakirələr aparmalı və konkret vəzifələr müəyyənləşdirməlidir. Bir sözlə, şəhərdə tikinti işinə ictimai nəzarət olmalıdır. F.Quliyevin qənaətinə görə, belə nəzarət həyata keçirilsə və ortaya çıxan təkliflər müvafiq qaydada Milli Məclisə təqdim edilsə, tikinti sahəsindəki bir çox nöqsanları aradan qaldırmaq olar.

E.SALAHOV

Hotel və mehmanxanalar sertifikatlaşdırılır

Azərbaycanda hotel və mehmanxanaların sertifikatlaşdırılması prosesi 2006-cı ildə başa çatdırılacaq. Bu barədə gənclər, idman və turizm naziri Əbülfəs Qarayev sentyabrın 28-də "Azərbaycanda turizm-ekskursiya xidmətinin yaxşılaşdırılmasında mehmanxana və hotellərin sertifikatlaşdırılmasının rolu" mövzusunda konfransda çıxış edərkən məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan prezidentinin fərmanına əsasən, sentyabrın əvvəlindən nazirlik hotel və mehmanxanaların sertifikatlaşdırılması prosesinə başlayıb. Sertifikatlaşdırmanı müvafiq nazirlik və idarələrin mütəxəssislərindən ibarət ixtisaslaşdırılmış ekspert qrupu həyata keçirir. Hazırda "Qrand Avropa" otelinin sertifikatlaşdırılması başa çatdırılıb. İlin sonuna kimi 10 hotelin sertifikatlaşdırılmasının sona çatdırılması planlaşdırılır. Onların arasında "Hyatt Regency", "Park Hyatt", "Delfin otel", "Neapol", "Abşeron", "Kresent Biç" və s. var. 2005-ci ildə daha 200 otel sertifikasiya prosesi keçəcək.
Nazir hotellərdə hazırkı xidmət səviyyəsindən narazılığını bildirib. Ə.Qarayevin dediklərinə görə, onların əksəriyyətində xidmətlər mövcud qiymətlərə uyğun deyil. Nazir həm də qeyd edib ki, sertifikatlaşdırma icbari səciyyə daşıyır, bunu keçməyən hotellər barəsində ciddi tədbirlər görüləcək. Səfirliklərə və beynəlxalq təşkilatlara xəbərdarlıq ediləcək ki, bu hotellərin xidmət səviyyəsi onların göstərdikləri meyarlara ("beşulduz"lu, "dördulduz"lu və s.) uyğun deyil. Konfrans iştirakçıları, məşhur hotellərin menecerləri xidmətçi heyətin hazırlıq səviyyəsindən, bu sahədə kadr çatışmazlığından şikayətləniblər. Onlar konfransda müvafiq təkliflərlə çıxış ediblər.
Qeyd edək ki, ötən il mehmanxana və hotellərin fəaliyyətindən əldə edilən gəlir 208 milyard 214 milyon 400 min manat olub. Bu məbləğin 22 milyard 64 milyon 100 min manatı ƏDV, gəlir vergisi kimi dövlət büdcəsinə ödənilib. Yeri gəlmişkən, turizm şirkətlərinə lisenziyaların verilməsinə görə dövlət rüsumu 2002-ci il sentyabrın 2-dək 8 milyon manat təşkil etmişdisə, həmin tarixdən sonra bu rüsum azaldılaraq 2 milyon 750 min manat olub.

Maya MAHMUDOVA

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding